Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Toy sənayesi”nin dayanması Azərbaycanda quşçuluğu da çökdürüb


Quş yemi və yem əlavələrinin bahalaşması, bir tərəfdən də pandemiya səbəbindən alıcılıq qabiliyyətinin zəifləməsi quşçuluq təsərrüfatlarını çətin vəziyyətə salıb. Belə ki,  yem idxalı bahalaşsa da, alver zəif olduğundan  quş ətinin qiyməti artırılmayıb, nəticədə təsərrüfatlar zərərlə üzləşiblər. 
Cenub.az xəbər verir ki, hazırda Bakı bazarlarında pərakəndə satışda quş ətinin kiloqramı 3 manat 80 qəpik-4 manatdır. Diri quş isə çəkisinə görə 5-9 manata təklif edilir. Satıcılar bildiriblər ki, ilin əvvəlindən quş ətinə təlabat qismən artıb. Hətta Novruz bayramından sonra da satış zəifləməyib. 

Bununla belə, təsərrüfatlar pandemiyanın uzanacağı təqdirdə zərərin artacağından narahatdılar. Çünki qiymətlər son aylar qismən artsa da bir il, il yarım əvvəlkinə nisbətən 70 qəpik-1 manat aşağıdır. Bu da quş yeminin bahalaşması və digər xərclərin artması fonunda sahibkarlar üçün xərcin borcu ödəməməsi deməkdir.
“İndiki halda yumurta istehsalı quş ətindən sərfəlidir”
Masallıda yerləşən  quşçuluq təsərrüfatının sahibi Sərimə Əhmədova bildirib ki, pandemiyadan əvvəl 6 min baş quş saxlayırdı.  Lakin toyların qadağan edilməsi ilə alıcıların bir hissəsini itirib. Üstəlik, yem də bahalaşıb, nəticədə  təsərrüfatı zərərlə işləyib. 

“Müəssisəmiz cənub bölgəsinin iri təsərrüfatlarından biridir, illik 200 min yumurta, 80 ton ətlik toyuq istehsalı gücünə malikdir. 10 ildən artıqdır bu sahə ilə məşğulam, ancaq ötən il ilk dəfə  zərərlə üzləşdik, təxminən 25 min manat ziyana etdik”,-Sərimə Əhmədova deyib.
Müsahibimizin  sözlərinə görə, alıcı olmadığından istehsal azalıb, işçilər arasında ixtisar aparmaq məcburiyyətində qalıb. “Hazırda əsas gücü damazlıq yumurta istehsalına yönəltmişik. Çünki indiki halda yumurta istehsalı quş ətindən sərfəlidir. Doğrudur, yanvar ayından vəziyyət yaxşılığa doğru dəyişir. Amma may ayını proqnozlaşdırmaq çətindir, infeksiyaya yoluxma artarsa, bazar bağlana, alver ölə bilər. Buna görə də kəsim və diri quş  saxlamağın sərf edib-etməyəcəyini bilmirəm”. 
Yem 49 manatdan 56 manatadək bahalaşıb
Fermer əlavə edib ki, quş əti istehsalında əsas xərc yemin üzərinə düşür. Yem və yem əlavələri isə xaricdən gətirilir: “Yem bahalaşandan sonra diri quşun 1 ədədini  4 manat 50 qəpikdən satmaq sərf etmir. Eləcə də bir neçə ay əvvələdək ətlik kəsimi 4 manata satanda sərf edirdi, amma indi xərci borcun ödəmir. Əvvəl 50 kiloluq yem kisəsini 49 manata alırdıq, indi 56 manata başa gəlir. Xüsusilə diri quş vaxtında satılmadığında maya dəyərinə təsir edir”.
S.Əhmədova deyib ki, pandemiyadan əvvəl diri quş satışında problem olmayıb: “Müxtəlif bölgələrdən gəlirdilər, iş adamları ilə çalışırdıq. İndi toy yoxdur, diri quşun saxlanılması isə hər satılmayan gün üçün əlavə xərcdir. Buna görə də alıcının istəyinə uyğun qiymətlə razılaşmaq məcburiyyətindəyik ki, ən azından zərər çox olmasın. Kənd təsərrüfatının digər sahələrindən fərqli olaraq quşçuluq əziyyət tələb edir, hər saat təsərrüfatda olub, nəzarət etmək lazımdır. Buna görə də çoxları bu sahə ilə məşğul olmaq istəmir. Amma indiki halda ya gərək zərərə baxmayaraq işə davam edəsən, ya da birdəfəlik təsərrüfatı bağlayasan. Biz işi davam etdiririk”.

Fermer: “78 min manat zərərə düşdüm”
Digər quşçuluq təsərrüfatının sahibi Ceyhun Nəzərova isə bildirib ki, ötən ilin martından dekabradək quşları maya dəyərindən aşağı satıblar. Nəticədə zərərə düşüblər. “Yemin qiyməti artdı, digər tərəfdən, bazarda alıcılıq qabiliyyəti zəiflədi, satış gecikdi. Ətliq diri quş vaxtında satılmalıdır, çünki hər keçən gün çəki artır, quş tələf olur. Satışın gecikməsi maya dəyərini də artırır. Xüsusilə yayda çətinlik oldu, 78 min manat dəyərində quş tələf oldu”. 
C.Nəzərov deyib ki, pandemiyadan əvvəl ona məxsus iki fermada müəyyən intervalla 50 min baş quş yetişdiririb. Amma indi maddi imkan zəifləyib, həmin intervalla işləyə bilmir. O da işçilər arasında ixtisarlar aparmaq məcburiyyətində qalıb.

Təsərrüfat sahibi qeyd edib ki, damazlıq yumurtadan çıxan cücəni 85-90 qəpiyə alırlar: “Cücəyə çəkilən xərc isə 1 manat 20 qəpik edir. Pandemiya dövründə diri quşun kiloqramını 1 manat 80 -1 manat 90 qəpikdən sata bilirdik, halbuki maya dəyəri 2 manat 20 qəpiyə başa gəlirdi. Əgər 2 manat 50 qəpikdən satılsaydı, sərf edərdi. Nəzərə alın ki, bunun xəstəliyi, quşların kütləvi tələf olması var”.
C.Nəzərov bildirib ki, alıcıları arasında broyler şirkətləri də var. Lakin şirkətlər bazar qiymətindən aşağı məbləğ təklif edirlər. “Yem bahalaşandan sonra satış şirkətinə borcum yaranıb. Çünki hər təsərrüfatda maya dəyəri 2-3 min manat arası artıb”.

Aydın quşçuluqda yem xaricdən alınır. Pandemiya alıcılıq qabiliyyətinə təsir etdi, amma quşçuluq təsərrüfatlarının problemi yalnız pandemiya ilə əlaqələndirilə bilməz. Dünya bazarında yemin qiyməti qalxıb.    
Əsas məsələ yemdir
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə deyib ki, pandemiya dövründə alıcılıq qabiliyyəti azalıb, amma əsas problem dünya bazarında yemin bahalaşmasıdır. 
“Yemin əsas hissəsi xaricdən gəlir, buna görə də quşçuluq təsərrüfatlarının işinə təsir edir. Amma buna baxmayaraq quş ətinin topdansatış qiyməti artmayıb”,-A.Vəliyev deyib.
Broyler şirkətləri isə zərərlə bağlı sualları cavablandırmaq istəməyiblər. Şirkətlərdən birindən deyiblər ki, adlarının çəkilməsini istəmirlər, bununla belə gəlirlərinin azaldığını söyləyə bilərlər: “Pandemiya dövründə iş dayanmasa da, satış zəiflədi. Buna görə də istehsalı da azaltmaq məcburiyyətində qaldııq”.
Şirkətdən əlavə ediblər ki, quş ətinin bazar qiyməti ilə hazırki vəziyyəti şərh etmək düzgün deyil. Çünki ət mağazalara gedib çatanadək əlavə xərclər üstünə gəlir. Hazırda satış var, tək istəkləri pandemiyanın tez bir zamanda bitməsidir. 
 
Ü.Xudiyeva
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10