Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əhalinin sayı niyə azalır?


Azərbaycanda əhalinin təbii artım tempi aşağı düşür. Bu haqda statistik təhlili Bakı Araşdırmalar İnstitutu (BAİ) Dövlət Statistika Komitəsinin rəsmi məlumatına və rəqəmlərinə istinadən aparıb.
Ölkəmizdə son 30 ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 2 dəfə azalıb, ölüm sayı 24,6 faiz artıb, təbii artım təxminən 4 dəfə azalıb. 1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğum və ölüm səviyyəsinin statistikasını araşdıran zaman BAİ-yə məlum olub ki, 1955-ci ildən sonra demoqrafik baxımdan ən pis vəziyyət 2020-ci ildə qeydə alınıb. Ötən il hər min nəfərə düşən təbii artım 5,1 nəfər olmaqla, son 75 ilin ən aşağı göstəricisidir. Hər 1000 nəfərə düşən doğulanların sayı 12,7 nəfər olmaqla, son 76 ilin ən aşağı, ölənlərin sayı 7,6 nəfər olmaqla, son 65 ilin ən yüksək göstəricisidir.
Rəsmi statistikaya görə, 2020-ci ildə doğulanların sayı 126571 nəfər, ölənlərin sayı 75647 nəfər olub, təbii artım 50924 nəfər təşkil edib.
Dövlət Statistika Komitəsinin Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev “Press Klub”a açıqlamasında əvvəlcə qeyd olunan göstəricilərin Komitəyə məxsus olduğunu xatırlatdı:
“Bu göstəricilərin hamısı rəsmi məlumatlardır. Bakı Araşdırmalar İnstitutu isə rəsmi məlumata istinadən araşdırma aparıb. Rəqəmlər hamısı doğrudur və Dövlət Statistika Komitəsinin rəqəmləridir”.
Qurumun rəsmisinin sözlərinə görə, əhalinin təbii artımında nisbətən azalma baş verib:
“Bu göstəriciyə həm COVİD-19-dan ölənlər, həm də müharibədə şəhid olanlar təsir edib. Doğum sayındakı azalma isə onunla əlaqədardır ki, 18-20 il bundan əvvəl doğulanların sayı az olub və o vaxt doğulan qız uşaqları indi ana olma yaşına çatıblar. Yəni analıq yaşına çatan qadınların sayının azalması buna təsir edib. Amma bir neçə ildən sonra bu tendensiya artmağa başlayacaq. Doğumlar artdıqca, artım da müşahidə edilməyə başlanacaq. 2000-ci illərdən sonra doğum nisbətən artmağa başladı, 176 minə qədər yüksəldi, sonra tədricən azalma başladı. Həmin say yenidən qalxaraq 141-142 minə qədər yüksəldi. Yəni təbii təsir özünü göstərəcək və doğumda yüksəlmə olacaq. Göstəricilərdə demoqrafik geriləmə və qorxunc rəqəmlər yoxdur. Burada narahatlığa səbəb olacaq bir amil də yoxdur”.
Sosioloq Əhməd Qəşəmoğlu düşünür ki, son illərdə yeni doğulan uşaqların sayının azalması, bunun da nəticəsində təbii artımın aşağı düşməsi müəyyən müddət sonra ciddi nəticələrə gətirib çıxara bilər:
“Ölkədə əhali get-gedə azaldıqda həmin ölkəyə miqrantlar axın edirlər. Ölkəyə miqrantlar gəldikdə etnik tərkib dəyişir. Etnik tərkib dəyişdikdə isə xeyli problemlər ortaya çıxır. Biz bu problemləri Avropada müşahidə edə bilirik. Fransaya gedirsən, elə bilirsən ərəb ölkəsidir. Almaniya getdikdə elə bilirsən ki, Türkiyədəsən. Skandinaviya ölkələrinə getdikdə çinlilərin üstünlük təşkil etdiyini görərik. Biz erməniləri torpaqlarımıza buraxdıq, indi də öhdəsindən gələ bilmirik”.
Sosioloq hesab edir ki, biz ölkəmizdə hər ailədə 3 uşağın olmasına çalışmalıyıq:
“Azərbaycan bu modeli həyata keçirməlidir. Çünki hər ailədə bir uşaq olanda əhalinin artımı sürətlə aşağı düşür, valideynlər dünyadan köçüb getdikdə onların yerində bir adam qalır. Eyni zamanda, həmin bir uşağın xarakteri arzuolunan şəkildə formalaşmır, eqoist böyüyür. Onun evdə tayı-tuşu yalnız ata, ana, nənə, babadır. Evdə uşaq mühiti olmur. Ailədə iki uşaq olanda əhali yenə də artmır. Mənəvi tərəfinə gəldikdə isə həmin iki uşaq bir-biri ilə mübahisə edir və münaşiqə şəraitində böyüyür. Üç uşaq olduqda isə ailədə gözəl uşaq mühiti yaranır. İki uşaq dalaşanda üçüncüsü onları barışdırır. Üçü bir yerdə çox gözəl anlaşırlar. Bu zaman ölkədə əhali artımı da normal səviyyədə olur. Biz uşaqpulunu elə formada tənzimləməliyik ki, ailələrdə artıma həvəs yaransın”.
Ə.Qəşəmoğlunun fikrincə, hökumət əhalinin təbii artım səviyyəsinin aşağı düşməsinin qarışısını almaq üçün mütləq dövlət proqramları hazırlayıb, həyata keçirməlidir.
REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli demoqrafik azalmanın təxminən 2014-2015-ci illərdən sonra başladığını söylədi:
“İqtisadi problemlərin artması, devalvasiyanın olması, işsizlik, dolanışıqla bağlı çətinliklərin yaranması ailə planlamasına da mənfi təsir göstərdi. Əhali artımı ilə yanaşı, miqrasiya da çox geniş yayılıb. Əvvəl Rusiyaya gedənlərin sayı çox olurdusa, indi yeni nəsil, daha savadlı və təhsilli insanlar Avropaya, Amerikaya üz tutur. Düzdür, qonşularımıza nisbətən faciəli bir vəziyyət deyil. Ermənistan, Gürcüstan, Rusiya və Ukraynada vəziyyət daha pisdir. Yəni ətraf ölkələrdə də bu trend mövcuddur, amma Azərbaycanda hələ ki təhlükəli həddə deyil”.
Ekspert hökumətin görəcəyi işləri də sadaladı:
“Bu işlərə ən əvvəl sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması , gənc ailələrə dəstək verilməsi daxildir. Gənc ailələrin mənzilə çıxış imkanları çox məhduddur. Bu, ailə planlaşdırılmasında çox ciddi məsələdir. Uşaqpulu ilə bağlı neçə illərdir müzakirələr gedir. Onun işlək bir mexanizminin tapılması lazımdır. Mən anlayıram ki, çətin məsələdir, böyük vəsaitlər tələb olunur. Amma ən azından ilk mərhələdə heç olmasa, 3 və ya 5 yaşına qədər olan uşaqlara müəyyən maddi yardımın edilməsi gündəmə gələ bilər”.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri RəşadBayramov Azərbaycanın əhalinin təbii artım səviyyəsinə görə orta yerlərdə olduğunu vurğuladı:
“Ölkəmizdə təbii artım səviyyəsi bir çox ölkələrlə müqayisədə daha yüksəkdir. Azərbaycan bu anlamda həm Cənubi Qafqazda, həm də regionda bir çox dövlətləri qabaqlamaqdadır. Buna baxmayaraq, açıqlanan son statistika göstərir ki, təbii artım əmsalları ilbəil aşağı düşməkdədir. Bunun səbəblərini araşdırarkən bir sıra amillər nəzərə alınmalıdır”.
Ekspertin sözlərinə görə, bu məsələdə önə çıxarılmalı amillər sosial, iqtisadi və psixoloji amillərdir:
“Xüsusən də, qeyd etdiyim ilk iki amil. Azərbaycan bir sıra sosial və iqtisadi göstəricilər üzrə müsbət nəticələr əldə etsə də, xüsusən orta və aşağı təbəqə çətinliklər yaşayır. Gəlirlərin sabit, xərclərin isə dəyişkən və artan istiqamətdə hərəkəti ailə həyatına müəyyən təsirlərini göstərməkdədir. Günümüzdə yeni doğulan bir körpənin müəyyən yaşa qədər olan xərcləri ilə bağlı demək olar ki, hər kəs məlumata sahibdir. Bir ailədə bir neçə uşaq üçün hesabalanarsa, xərclərin həcmi daha da böyüyəcək. Bir çox gənc cütlüklər bu amilləri göz önünə gətirərək çoxuşaqlılığa yox, bir və ya iki uşağa üstünlük verirlər”.
R.Bayramov qeyd etdi ki, digər bir qrupun aztərkibli ailəyə üstünlük verməsinin səbəbi psixoloji amillərdir:
“Aparılan sorğular, əldə olunan nəticələr göstərir ki, istər bizdə, istərsə də başqa ölkələrdə ailə həyatı qurmaq və uşaq dünyaya gətirməkdən çəkinən yetərincə insan var. Təbii ki, səbəblər hər bir ölkə və insanlar üçün bir-birindən fərqlidir, ancaq ümumi nəticə ona əsas verir ki, əhalinin doğum əmsalı və təbii artım səviyyəsi aşağı düşür. Sonuncu qeyd edilməli və bütün dünyanı əhatə edən məsələ isə “ikinci keçid dövrü”dür. Belə ki, bu nəzəriyyə ötən əsrin ikinci yarısında formalaşıb və müasir dövrdə də diqqət edilməli bir neçə nüansı əhatə edir. Əsas məğzi ondan ibarətdir ki, insanlar “qızıl doğum” dövründən təkuşaqlı sistemə keçid edir, universallıq prinsipini əsas kimi qəbul edərək doğumların qarşısını alır, müasir dövrün tələblərinə uyğun davranmağa cəhd edirlər. Demoqrafik proqnozlara əsasən qeyd edə bilərik ki, növbəti onilliklərdə də təbii artım səviyyəsi ümumən aşağı olacaq”.

pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10