“Cənub.az”dan xatırlatma: Masallı Təhsil Fondunun və millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və təşkilati dəstəyi ilə həmyerlimiz yazıçı - jurnalist Nurəddin Ədiloğlu Vətən müharibəsində şəhid olmuş masallıların döyüş yolundan bəhs edən “Vətənpərvərlik manifesti” adlı xatirə kitabı nəşrə hazırlayır. Kitaba ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan şəhidlər haqqında məqalələr də daxil ediləcək. “Cənub.az” saytı müəllifin bu qəbildən olan sayca 5-ci yazısını oxuculara təqdim edir.
Masallılı “Axilles”in Vətən eşqi
Şaiq Namiq oğlu Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə gedib . 2007-ci ildə təhsilini 319 saylı tam orta məкtəbdə davam etdirib. 2012-ci ildə orta məktəbi uğurla bitirib, Bakı Sosial-İqtisadi Kollecinə daxil olub. 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Yaralı, şəhid hərbçilərimizi döyüş meydanından çıxarılmasında və Lələtəpə strateji yüksəkliyinin işğaldan azad edilməsi zamanı fərqlənib. Müharibədə aldığı xəsarətə görə uzun müddət müalicə olunsa da 2020 - ci ilin sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə öz istəyi ilə qatılıb. Oktyabrın 15-də Füzuli-Ağdərə istiqamətində gedən döyüşlərdə əsgər yoldaşını xilas edərkən dabanından ağır yaralanaraq şəhid olub. Sahil qəsəbəsində böyük izdihamla dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
İsgəndərli Musarza kişinin nəvəsi
...Masallının mərkəzi ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan küçəni birləşdirən körpüyə el arasında İsgəndərli körpüsü deyilir. Qədim Viləş çayının sahilində yeləşən İsgəndərli kəndi 8 il il əvvəl Masallı şəhərinə qatılmışdır. Vaxtı ilə “Meşə idarəsi” yerləşən məhəllədə yaşayan Məşhədi Musarza kişi Bakı şəhərində dünyaya gələn ikinci nəvəsinin adını Şaiq qoymuşdu. Şaiq sözü klassik ədəbiyyatda bir şeyə böyük şövqü, həvəsi, meyli, ilhamı olan mənalarda işlənmişdir. Hələ Şaiq uşaq ikən Məşədi Musarza kişi onu Masallıda bir müddət özü ilə saxlayanda deyərmiş: “Uşaq qoy dağ havası alsın, möhkəmlənsin, mətinləşsin!..”
Şaiq mənəvi ucalığı və dəyanəti Yanardağdan, şövqlə coşmağı Viləş çayından almışdı. Uşaq çağılarından cənnət Masallının saf havasını hər dəfə ciyərlərinə çəkəndə Vətən sevgisi qanına-canına hopmuşdu. Namaz qılmağı, ibadət etməyi, xeyirxahlığı da dağlar oğlu Musarza babasından öyrənmişdi. Babasının ona qoyduğu adın məna çalarlarını öz əməllərində Şaiqin necə təccəssüm etdirdiyinə Sahil qəsəbəsində anası Səkinə xanım, atası Namiq və bacısı Hökümə xanlmla həmsöhbət olanda şahid oldum. Qardaşı olmayan bacılara qardaş, oğlu olmayan analara oğul olan Şaiqə Allah tükənməz enerji və istedad vermişdi. Uşaqlıqdan vətənpərvərliyi ilə yaşıdlarından seçilirdi. Yeniyetmə yaşlarından qurub – yaratmaq həvəsi, insana və təbiətə olan münasibəti Şaiqi hamının sevimlisinə çevirmişdi.
On barmağında on bacarığı olan gənc
Müəllimi Nargilə Əhmədova deyir ki, Şaiq məktəbin bütün ictimai işlərində fəal iştirak edirdi. “Hətta məzun olandan sonra onu tez-tez məktəbdə təşkil olunan tədbirlərin bədii tərtibatını hazırlamağa dəvət edirdik...” Bakı Dövlət Sosial-İqtisadi Kollecində (Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec) təhsilini başa vurandan sonra dizayn işlərindən tutmuş rəssamlığı, heykəltaraşlığı və zövqlə gördüyü digər əl işləri Şaiqi "On barmağında on bacarığı olan gənc” kimi məşhurlaşdırmışdı. Bir neçə dəfə ATV kanalının moda verilişində iştirak etmişdi.
...2014 - cü ildə hərbi xidmətdə başlayarkən şəxsi işindəki rəssamlıqla bağlı məlumat hissə komandanlığının diqqətini cəlb etsə də, Şaiq öz arzusu ilə kəşfiyyatçı hazırlığı kursu keçmişdi. Nümunəvi xidmətinə görə “N” saylı hərbi hissənin komandiri Əflatun Nurəliyev valideynlərinə məktub yollamışdı. Təşəkkürnamələrin birində belə yazılmışdır: “Şaiq Kəlbiyev döyüş və ictimai-siyasi işlərdə hazırlıqla əldə etdiyi keyfiyyətlətə görə təltif olunur.”
Kontuziya alan əsgərin qüruru
...Şaiqin Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən olan Aprel döyüşlərində iştirakından valideynləri 25 gündən sonra xəbər tutmuşdular. Yaralı silahdaşlarını döyüş meydanından çıxaranda mina partlayışı nəticəsində ağır kontuziya almışdı. Hərbi xidmətdən tərxis olunandan bir müddət sonra nə çarpayıda, nə də divanda yata bilirdi. 4-5 günlük müharibənin sağlamlığına vurduğu psixoloji zədədən aylarla əziyyət çəkdi. Müalicə olunmaq üçün hətta İrana gedib-gəldi. Bakıda 6 ay psixoterapevt həkim onun sağlamlığını bərpa etməyə çalışdı. Kəlbiyevlər ailəsinin yaxın tanış-bilişləri deyirdilər ki, müharibədə iştirak etmiş şəxsin hər dəqiqəsi ölüm-itim deməkdir. “İstər əsgər olsun, istərsə də zabit ehtiyata buraxılanda onun müharibədə yaralanması, psixoloji baxımdan aldığı zədə dövlətimiz tərəfindən nəzərə alınır.” Buna baxmayaraq “ulduz” olmaq həvəsi ili yaşayan Şaiq müalicəsini davam etirdi, müharibə veteranı statusu və əlillik vəsiqəsi almaqdan imtina etdi...
“Ölüm aşağıdır Vətən eşqindən”
Şaiq mütaliə etməyi çox sevərdi. Orxan Pamukun “Qar”, Mark Levinin fransız dilindən tərcümə edilmiş “Yenidən başlamaq mümkün olsaydı” və başqa götkəmli yazıçıların romanlarını oxumuşdu. Universal gənc olaraq fərqli sahələrdə fəaliyyətinə və uğurlarına görə təkcə 2018-ci ildə ona BMT başda olmaqla bir çox nüfuzlu qurumların sertifikatları verilmişdi. 25 yaşlı gəncin istedadı Vətən sevgisi gəzdirdiyi köksünə sanki darlıq edirdi. O, heç vaxt sinəsinə döyüb "Mən Vətənimi sevirəm" deməzdi. Amma Vətən sevgisini əməli işi ilə təsdiq edirdi. Tövuz hadisələrindən sonra valideynlərindən xəbərsiz, könüllü əsgər getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə müraciət edəndə müalicə olunduğu xəstəliyə aid bütün sənədləri gizlətmişdi. Sentyabr ayının 27-si yüzlərlə cəsur oğullar kimi Şaiq də tarix yazmaq üçün yenidən silaha sarılaraq düşmənlə savaşa yollandı. Anası Səkinə xanım deyir ki, Şaiqin vidalaşmaqdan xoşu gəlməzdi. “Mən onu heç əməlli-başlı yola sala bilmədim. Bir də onda ayıldım ki, Şaiq quş kimi uçub döyüş bölgəsinə gedib...”
“Axillesin dabanı”
Silah yoldaşları “Saşa” deyə xitab edikləri Şaiqin Aprel döyüşlərində qazandığı kəşfiyyatçı təcrübəsindən çox istifadə edirdilər... Öz istəyilə cəbhəyə gələn cəsur döyüşçü 17 gün fasiləsiz düşmənlərlə savaşdı. Neçə-neçə gənc əsgər yoldaşının itkisi onun qəlbinə dağ çəkirdi. Vətən oğullarının intiqamını almaq hissi bir an da onu tərk etmirdi... Səngərdən səngərə atılırdı. Öndə gedirdi. Füzuli şəhərinin alınması uğrunda gedən döyüşlərdə ayağından çox ağır yaralandı. Düşmənin atdığı mərmidən qopan qəlpələrdən biri onun daban vətərini bıçaq kimi kəsmişdi. Kim bilir, bəlkə o anda Şaiq Troya müharibəsinin qəhrəmanı, məğlubedilməz, qorxu bilməz Axillesin düşmənin atdığı oxla sol dabanından vurularaq öldürüldüyünü xatırladı. Axı insanın ayaq dabanındakı baldır əzələlərinin dabana bağlı olan vətərə "Axilles vətəri" adı verilmişdir.
...Ruhu qələbəyə köklənən igidimizin dabanından axan isti qanı düşmən işğalından azad etdidiyi Vətən torpağına qarışırdı. Əbəs yerə deməyiblər: “Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar.” Öz qanı ilə torpağı Vətənə çevirən Şaiqin 26 illik ömrünə sığmayan tərcümeyi-halı şəhidlik zivəsində tamamlandı.
“Şaiq, sən bizim qürurumuzsan...”
...Sahil qəsəbəsində minlərlə insan şəhid Şaiqi son mənzilə yola salmaq üçün küçələrə axışırdı. Şaiq Kəlbiyevin Azərbaycan bayrağına bürünmüş nəşi “Şəhidlər ölməz, Vətən bölünməz“, “Şaiq, sən bizim qürurumuzsan”, “Allahu Əkbər” və Əhli-beytə həsr olunan mərsiyə sədaları altında torpağa tapşırıldı. Dünyada ən böyük nemət olan ömrünü Vətən naminə qurban verən Şaiqin valideynlərin yaşadığı binanın girişində vurulan mərmər lövhədən boylanan olduqca nikbin, nurlu və təbəssüm dolu baxışları bura gələnləri qarşılayır.
...9-cu mərtəbədəki mənzillərin birində səliqə-sahmanla yaratdılmış “Şəhid güşəsi”ndə diqqətimi Şaiqə aid təsbeh, “Ayətül kürsü” duası, Fəxri diplomlar, təşəkkürnamələr, sertifikatlar, uşaq bağçasında və məktəbdə çəkilmiş xatirə şəkillərinin kitabçaları (“vinetkalar”) və başqa əşylar cəlb edir. İstər-istəməz ölməz ruhu ilə üzü Allaha doğru gedən Şaiqin Vətən sevgisində babası – dağlar oğlu məşhədi Musarzanın payı olduğunu düşünürsən!..
Şaiqin müstəcəb olan duası
...On yaşında Şaiq namaz üstə həmişə dua edəndə deyərmiş ki, bacım olsun, adını Hökümə xanım qoyacağam. Allah onun duasını eşidib. İndi ailənin sonbeşiyi olan həmin qız qardaşı haqqında xatirə danışanda gözləri dolur: “Mən qardaşımla həyatda olanda da, fəxr etmişəm, indi də fəxr edirəm” deyir. Sahil qəsəbəsindəki “Optimal Market”də çalışan həmkarlarının, 319 saylı məktəbdə müəllimlərinin, döyüş yoldaşlarının, qardaşı Orxan Kəlbiyevin və başqalarının Şaiqlə bağlı o qədər xatirələri var ki... Şəhid oğlundan danışa-danışa şair olduğunu söyləyən Səkinə xanımın “mənim üçün Şaiq ölməyib, sağdır” sözləri, atası Namiqin qürurlu duruşu Şaiqin qısa, lakin Vətən savaşında gələcək nəsillərə örnək ola biləcək şəhidlikdən qəhrəmanlığa ucalan vətənpərvər Azərbaycan gəncinin şərəfli ömür yoluna işıq saçır. Bəli, Şaiq kimi oğullar qərinələrin yaddaşında qəhrəman kimi yaşayacaqlar. Bu, hər kəsə nəsib olmayan əbədiyaşarlıqdır.
Nurəddin ƏDİLOĞLU