2016-cı ilin “Aprel döyüşləri”ndən sonra bir qrup cəbrayıllı Lələtəpə istiqamətinə səfər etdi. Mən də orda idim. Dağılmış, viran qalmış Cocuq Mərcanlıdakı xarabaya çevrilmiş evlərin üstünə, hündür yerə dırmaşıb qabağa, irəliyə baxmağa çalışırdım.
Razim müəllim o zaman əlini bəlli istiqamətə uzadıb belə dedi: “Bax burdan, təxminən, 5 kilometr o yana Böyük Mərcanlıdır, sizin kəndiniz”.
Razim müəllimin göstərdiyi səmtə nə qədər baxsam da, heç nə görə bilməmişdim. Bu, məhz həmin anların şəklidir.
Böyük Mərcanlıda yaydan-yaya tətildə gedərdim, qonaq kimi. O zamanlar mənə elə gəlirdi ki, kənddə hər yer bir-birinə oxşayır, evləri, hasarları ayırd etmək mümkün deyil.
Bugünlərdə sosial şəbəkədə Böyük Mərcanlıdan bir neçə dəqiqəlik videogörüntü paylaşılmışdı. Təbii ki, darmadağın, viranə evlər, xarabalıqlar... Amma qəribədir ki, görüntünün kəndin harasından olduğunu ayırd etdim. Bir salamat tikili belə olmadan görünən yolun hara apardığını tanıdım. İnsan yaşlaşdıqca, sanki uzaq keçmişi daha yaxşı xatırlamağa başlayır, nəinki yaxın zamanı...
Vətən müharibəsinin ilk günü Böyük Mərcanlı azad edildi. Həmin gün çox qarışıq hisslər yaşadım. İş başında olduğumdan, zatən, ayırd etməyə də vaxt yox idi. Böyük Mərcanlı mənim üçün Atam idi...
Atam kənddən gənc yaşlarında şəhərə köçmüşdü. Burada ev-eşik olmuşdu. Həyatında baş verənlərin, demək olar, hamısı məkan olaraq Bakı ilə bağlı idi. İnsultdan sonra onun yaddaşı tədricən itməyə başladı. Həyatının son illərində isə hətta məni belə tanımırdı. Bu, çox kədərli idi. Nə qədər xatırlatmağa çalışırdın, mümkün olmurdu. Dəniz mavisi rəngində olan gözlərilə məsum uşaq kimi mənə baxıb gülümsəyirdi. Bu o demək idi ki, heç nə və heç kim yadında deyil. Tək bir həqiqətdən başqa: Böyük Mərcanlı.
Son nəfəsinədək bircə istəyi oldu: məni Mincivan qatarına mindirib göndərin Böyük Mərcanlıya. Böyük Mərcanlının işğalda olduğuna inandıra bilmədik onu. Nə yaxşı ki inanmadı da...
Böyük mənada zamana, tarixə, həyatın qanunauyğunluğuna, ahənginə, nizamına minnətdaram. Tarixin məhz bu parçasında yaşadığıma görə, bu zamanın müasiri olduğuma görə özümü şanslı sayıram. Daşlar yerinə oturduqca, ağrılı xatirələr yavaş-yavaş yerini gözəl hadisələrə verir. Yarıda qırılan ömürlərə sonsuzadək, iliyimədək dərin ehtiram hissilə irəliyə baxmağa çalışıram. Yerə, göyə, gec-tez qarışacağımız torpağa, oda, atəşə və nəhayət, müqəddəs ruhlara and içək ki, zamanı bizim xeyrimizə dəyişən kəsləri bu əməllərinə peşiman etməyəcəyik. Amin!
Nüşabə Hüseynli
modern.az