Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əcəb işə düşmüşük


Heç də bütün yeniliklər inkişafa aparmır
 
Yeni növ koronavirus meydana zamandan bəri insanlar yeni qaydalara, məhdudiyyətlərə öyrəşməli olublar. Yeniliklərin, məhdudiyyətlərin bir qismi qəbul edilən olsa da, digər qismi əhalinin psixologiyasına, yaşam tərzinə, iş həyatlarına ciddi təsir edib. İnsanlar yeni qaydalar və yaşam tərzləri ilə uyğunlaşmağa çalışsalar da, bəzi məsələlər var ki, hələ də dəyişən tendensiya ilə davam edir.
 
Bu da insanların yaşamına, iş əmsalına ciddi dərəcədə təsir edir. Məlumdur ki, bəzi iş sahələri fəaliyyətlərini onlayn rejimdə, yaxud da növbəlilik prinsipi ilə davam etdirir. Bu da əhalinin psixologiyasına, iş sahəsindəki fəaliyyətinə müəyyən mənada təsir göstərir.
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitunun fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənovun dediyinə görə, pandemiya dövrünün gətirdiyi bir sıra yeniliklər var ki, o yeniliklər məcburiyyətdən irəli gəlir: “Müxtəlif ölkələr karantin rejimi tətbiq etdi. Bu karantin rejimində belə demək olarsa, cəmiyyətin sosial institutlarının üzərinə düşən yük balansı da pozuldu. Tutaq ki, təhsil sistemində təhsillə bağlı ciddi dəyişikliklər baş verdi. Yəni məktəbin, təhsil sisteminin yükü ailə sosial institutunun üzərinə düşdü, bir növ balans pozuldu”.
 
“Belə bir dövrdə ailədə insanlar da heç zaman vərdiş etmədiyi situasiya ilə üzləşdilər. Bu situasiya da bundan ibarətdir ki, artıq şagirdlər, tələbələr məktəblərdə, universitetlərdə keçirməli olduqları vaxtı, tədris prosesini məcburən evdən həyata keçirməli olurlar. Bu cür dəyişikliklər insanların davranışlarında, iş həyatında, sosial-psixoloji durumunda bir çox neqativ təsirlər buraxır. Tutaq ki, ailədə olan şagird, tələbə dərs prosesi ilə məşğul olur, lakin ailədə digər üzvlər də var - məsələn, daha kiçik yaşda olan övladlar, valideynlər. Evdə kiminsə dərs prosesi ilə məşğul olması kiminsə iş planları üçün problemlər yarada bilər. Tutaq ki, evdə azyaşlı uşaq varsa, bu zaman o, öz asudə vaxtını dəyərləndirə bilmir, ya da valideynin ev şəraitində görməli olduğu işlərə mane olur. Belə olan hallarda həm ailə daxilində olan münasibətlər pozulur, həm də iş, təhsil məsələlərində geriləmə hiss olunur”, - həmsöhbətimiz bildirib.
 
Həsənovun sözlərinə görə, münasibətlərin pozulması zorakılıq, ailə münaqişələrinin çoxalması, münasibətlərdə gərginlik yaradır və gərginlik artdıqca bu da ailə münaqişələrinə çevrilir: “Dəqiq statistik araşdırma aparsaq, biz, hətta boşanmaların artma səbəbləri arasında da bu amilləri görə bilərik. Bir sözlə, pandemiya dövrünün insanların fəaliyyətində etdiyi bir çox dəyişikliklər müəyyən mənada, bəlkə də, müsbət tərəfə də yozula bilər”.
 
“Fəaliyyətlərdə, davranışlarda, xeyir-şər məclislərinin keçirilməsi üçün gələcəkdə bizə müsbət töhfə verəcək məqamları da görə bilərik. Lakin ümumi olaraq götürsək, pandemiya psixoloji gərginliklərə, iş tempinin azalmasına səbəb oldu. Ona görə də pandemiya dövrünün işsizlik, sosial-iqtisadi, sosial-rifahla bağlı olan məqamları ki var, bunlar elmi tədqiqatçılar tərəfindən də araşdırılır. Pandemiya insanların sosial psixologiyasına təsir etdi və düşünürəm ki, hər bir insan pandemiyanın mənfi təsirlərini istər öz şəxsi həyatında, istərsə də iş həyatında hiss etmiş oldu”, - deyə sosioloq vurğulayıb.
 
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə deyib ki, pandemiyanın səbəb olduğu yeniliklərin iş əmsalına ciddi təsiri yoxdur: “Biz öz işimizə həmişəki kimi davam edirik. Qısamüddətli qapanmalar, vəziyyətin lap kritik olan vaxtları, metro olmayan zamanlarda uzaqda yaşayan bəzi əməkdaşlarımız müəyyən fasilələrlə işə gəlirdilər. Məsələn, Sumqayıtda, Bakıxanovda, Hövsanda yaşayan əməkdaşlarımızın işə gəlməsində bir az çətinliklər var idi”.
 
“Onlar isə hər gün yox, günaşırı evdən işləmək şərti ilə işə davam etdilər. Bu hal isə əməkdaşlarımızın cəmi 30%-də oldu. Əməkdaşlarımızın böyük əksəriyyəti isə ciddi karantin dönəmində də, indi də işdədirlər”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10