Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

YÜZ İLİN MÜHARİBƏSİ


Müəllif: Arif Əliyev
Ermənistanla Azərbaycan arasında 1980-ci illərin sonundan 1994-cü il atəşkəsinə qədər davam etmiş silahlı münaqışə Birinci, 2020-ci ilin sentyabr-noyabrında yenidən alovlanmış döyüşlər İkinci Qarabağ müharibəsi adlandırılır. Ancaq bu dövlətlər arasında Qarabağda ilk böyük toqquşma bir əsr bundan əvvəl – 1920-ci ilin mart-aprel aylarında olub və o savaşda heç də sonrakı müharibələrdən az şəhid verilməyib. Ermənistanın nizami hərbi hissələrindən və Qarabağ partizanlarından ibarət dəstələr Zəngəzura qədər qovulub. Ordumuzun Qarabağda döyüşməsindən istifadə edən Rusiya qoşunları aprelin 26-da şimaldan Azərbaycana soxulmasaydılar, ərazilərimizi, o cümlədən Qarabağı nəzarətə götürməsəydilər, orada erməniləri qanadları altına yığıb onlara müxtariyyət verməsəydilər, bu problem, yəqin, çoxdan həllini tapmışdı.
Həqiqətən, tarixi unudanlar onu təkrar yaşamağa məhkumdurlar.
Martın 23-də 101-ci ildönümü tamam olan Azərbaycanla Ermənistan arasında BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ haqqında tarixçəni sizə təqdim edirik. Material arxiv sənədləri və hadisələrin iştirakçılarının xatirələri əsasında hazırlanıb:
I. PARADDAN – CƏBHƏYƏ
Nazirlər Şurasının sədri N.Yusifbəyliyə.
Zəngəzur qəza rəisindən teleqram almışıq: …ermənilər güclü kəşfiyyat aparırlar, dəqiq məlumatlara görə, bütün cəbhə boyu hücuma hazırlaşırlar. Əsas məqsədləri Qarabağla birləşməkdir…
Qarabağın general-qubernatoru X.Sultanov, dəstə rəisi general T.Novruzov. 22 mart 1920-ci il”.
Martın 23-ü axşam 5-ci Bakı alayı Novruz bayramı münasibəti ilə banket təşkil etmişdi. Bayrama həsr olunmuş paradda iştirak edən hərbi hissələrin komandirləri ora dəvət almışdılar. Hərbiyyə nazirinin, Ümumi Qərargah rəisinin də gəlişi gözlənirdi. Nazir Səməd bəy Mehmandarov banketə çox gec – saat 10-a yaxın cəmi bir neçə dəqiqəliyə gələ bildi. O, zabitləri bayram münasibəti ilə təbrik etdi və Nazirlər Kabinetinin mühüm iclası olacağını deyib, getdi…
***
Şam yeməyi bitəndə, saat 12-yə yaxın Ümumi Qərargah rəisi, general Həbib bəy Səlimov Bakı alayının komandiri, polkovnik İsrafil bəy İsrafilovu qonşu otağa çağırdı:
– Sabah saat 11-də alayın Yevlax stansiyasına yola düşməlidir. Ermənilər Qarabağda qiyam qaldırıblar. Bayram şənliyindən sonra Şuşa və Xankəndi qarnizonlarının əsgərləri yatan vaxt hücuma keçiblər. Layiqli cavablarını alıblar, ancaq Əsgəran keçidini tuta biliblər. Keçidi qoruyan qalanın kiçik qarnizonu məhv edilib. Qarabağı Azərbaycanın qalan hissəsi ilə bağlayan yeganə yol kəsilib. Şuşa, Xankəndi faktiki mühasirədədir. Hökumət Qarabağa mənim rəhbərliyim altında üç qoşun növündən ibarət dəstə göndərməyi qərara alıb. Dəstəyə 5-ci Bakı alayı, 8-ci Ağdam alayı, 1-ci Tatar süvari alayı, 4-cü Quba alayının batalyonu, parlament mühafizəçilərinin iki eskadronu, 2-ci artilleriya briqadası, yüngül artilleriya divizionu daxildir…
 
Martın 24-ü səhər saat 10-da 5-ci Bakı alayı Səlyan kazarmasından çıxdı. Hərbi hissələr dəmir yolu vağzalında görüşdülər və bütün silahlar vaqonlara yükləndikdən sonra Yevlaxa yollandılar.
II. BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ BELƏ BAŞLANDI (23-24 mart)
N.Y.Yusifbəyliyə. Ağdam, 23 mart 1920-ci il.
Şuşa və Xankəndi ilə əlaqə kəsilib. Heç cür məlumat ötürmək olmur. Əskəranın o tərəfindən artilleriya atəşləri eşidilir. Hər yanda döyüş gedir… Döyüş yerindən qayıdıram, vəziyyət kirtikdir.
Parlament üzvü Qarabəy Əliverdiyev
Fevralın axırında Şuşa ermənilərinin rəhbərlərindən biri – Məlik-Şahnəzərovun evində gizli müşavirə keçirildi. Silahlı üsyan planı müzakirə olundu. Ermənilərin yaratdıqları “Dağlıq Qarabağ müvəqqəti hökuməti”nin hərbi şura üzvləri, Zəngəzurdan gəlmiş dəstə başçıları bura toplaşmışdılar. Ermənistan hökuməti iclasa öz səlahiyyətli nümayəndəsini göndərmişdi. Arsen adlı bu nümayəndə hökumətin planını təqdim etdi:
“Üsyana Xankəndi və Əskəran üzərinə, eyni zamanda Gəncə istiqamətində hücumla başlamaq lazımdır. Şuşaya hücuma ehtiyac yoxdur, Əskəran alınan kimi, burada türklər özləri təslim olacaqlar”.
Amma çoxluq Məlik-Şahnəzərovun və dilicanlı Seryoja Dəli Qazarın tərəfini saxlayırdı:
“Şuşadan başlayaq, Xankəndini tutaq, sonra Əskərana yeriyək. Əvvəldən əsas gücümüzü Əskərana versək, Şuşa müdafiəsiz qalar”.
Arsen təzyiq göstərirdi:
“Bizə ilk növbədə Əskəran lazımdır ki, Müsavat ordusunun Dağlıq Qarabağa yolunu kəsək”.
Mübahisənin sonunda Dəli Qazar əsəbiləşib ayağa qalxdı:
“Yaxşı, mən sizin göstərişinizə əməl edəcəyəm, Əskəranı götürəcəyəm. Amma bilin – Şuşada türklər ayağa qalxacaqlar, erməni məhəlləsinə od vuracaqlar. Sözümü yadınızda saxlayın”.
Seryoja gedəndən sonra qalanlar yenə Arseni dilə tutmağa çalışdılar. Ancaq o, “hökumətin qərarı belədir” deyib durdu. Məcburən hamı Ermənistandan göndərilmiş rəsmi nümayəndənin planı ilə razılaşdı. Hücüm üçün ən münasib vaxt martin 22-dən 23-nə keçən gecə, müsəlmanların Novruz şənliklərindən sonra arxayın yuxuladıqları vaxt seçildi, hücumdan əvvəl bütün teleqraf-telefon xətlərini kəsmək qərara alındı.
Xankəndi, martın 23-nə keçən gecə
Qarnizonun əsgərləri gecəyarı atəş səslərinə oyandılar. Həyəcan siqnalı verildi. Ermənilər gözlənilmədən qarnizonun topları yerləşən məntəqəyə hücum etmişdilər. Cəmi bir neçə saat əvvəl bütün şəhər Novruzu birgə qeyd edirdi, papas Xankəndinin hörmətli ermənilərini başına yığıb qarnizon rəisi Əmənulla xan Qacarı təbrikə gəlmişdi, dostluqdan-qardaşlıqdan dəm vururdu…
Düşmənə ələ keçirdiyi mövqedə möhkəmlənməyə, topların ağzını kazarmalara tərəf çevirməyə imkan vermək olmazdı. Qarnizonun süvariləri bir həmlə ilə itirilmiş mövqeni geri aldılar. Amma hərbi hissədən kənarda qalmaq təhlükəli idi – bir yandan qaranlıq, o biri yandan qatı duman ermənilərin manevrlərini görməyə imkan vermirdi. Azərbaycan topçuları öldürülmüşdülər. Ermənilərin artilleriyadan istifadə edə bilməməsi üçün süvarilər topların açarlarını çıxarıb, özləri ilə götürdülər və kazarmalara çəkildilər, burada general-mayor Qacarın əmri ilə piyadaların cinahlarında müdafiədə dayandılar.
Yarım saat keçməmiş ermənilərin üç tərəfdən hücumu başladı. Düşmən sayca üstün idi, qarnizonun əsgərlərini kazarmalara doğru sıxışdırırdı. Yavaş-yavaş səhər açılır, duman çəkilirdi. Kazarmaların ətrafında qarışıqlıq yaranmışdı. Bu qarışıqlıqda kimin harada olduğunu müəyyənləşdirmək çətin idi. Patronu qurtaranlar süngülərini taxırdılar, əksər yerlərdə əlbəyaxa döyüş gedird. Belə şəraitdə üstünlük süvarilərdə olur, erməni atlıları isə sayca çox idilər. Növbəti həmlədə onlar qarnizonun kazarmalarından birini ələ keçirə bildilər. Atdan düşənlər içəri soxulub, üç silahsız əsgəri darta-darta bayıra çıxardılar. Onları divara dirədilər. Erməni komandiri də atdan endi, qılıncını çəkib irəli yeridi, ona nəsə deyənlərə əhəmiyyət vermədən iki əsgəri doğradı, üçüncünü də çapmaq istəyəndə özü azərbaycanlıların gülləsinə tuş gəldi. Ermənilər “Aleksan spanum” (”Aleksan öldürüldü”), “Komandir spanum” deyə  qışqırışdılar.
Düşmən sıralarına çaxnaşma düşməsindən istifadə edən qarnizon əsgərləri hücuma keçdilər. Ermənilər komandirin meyitini götürüb, tələsik geri çəkildilər. Gecə 2-də başlayan döyüş səhər 6-da bitdi. Bu döyüşdə Xankəndi qarnizonu heyətinin yarısını itirdi. Ermənilərin itkiləri daha böyük idi.
Xankəndinin taleyi tükdən asılı idi. Hər şeyi kimə –  Zəngəzur tərəfdən ermənilərə, yoxsa Ağdam tərəfdən azərbaycanlılara birinci kömək yetişəcəyi həll edirdi.
Əskəran, martın 23-nə keçən gecə
Dəli Qazarın Əskərana hücumu o qədər gözlənilməz oldu ki, 50 nəfərlik qala qarnizonunun əsgərlərindən çoxu heç yuxudan oyanmağa macal tapmadı. Sağ qalanlar döyüşə-döyüşə qala istehkamına çəkildilər. Əsgərlər mərdliklə vuruşurdular, ancaq çox az idilər. Təxminən bir saat intensiv atışmadan sonra müqavimət kəsildi. Ermənilər qalanın həyətində tüfənglərdən havaya üç dəfə yaylım atəşi açdılar. Bu, ətraf ərazilərdə pusquda durmuş silahlı dəstələrə siqnal idi. Sonra Dəli Qazar bürclərdə sağ qalmış müsəlman olub-olmadığını yoxlamaq göstərişi verdi. Praporşik Saqatelyan ikimərtəbəli qala bürcünün girişinə yaxınlaşanda qəflətən onun qarşısına azərbaycanlı zabit çıxdı. İkisinin də gülləsi eyni anda açıldı və hər iki zabit həlak oldu. Ermənilər bürclərə doluşdular.
Tərtər, 23-24 mart
Tərtərdə ermənilər istədiklərini əldə edə bilmədilər. Martın 24-ü səhər saat 6-dan başlanmış hücum nəticəsində onlar bir qədər irəlilədilər və Tərtər şəhəri yaxınlığında iki kiçik kəndi ələ keçirdilər. Ancaq podpolkovnik Tonqiyevin 3-cü süvari Şəki alayı axşama doğru itirilmiş kəndləri geri aldı. Artilleriya zərbələri erməniləri dağlara çəkilməyə məcbur etdi.
Şuşa, 23-24 mart
Xankəndi və Əskəranda əməliyyatın başlaması Şuşa erməniləri üçün də işarə oldu. Onlar şəhər qarnizonunun erməni məhəlləsində yerləşən kazarmalarını mühasirəyə aldılar. Şuşakənd istiqamətindən azərbaycanlıların məhəllələri top atəşinə tutulmağa başladı. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov Şuşada üsyanı yatırmağa, eyni zamanda şəhərdə qırğına yol verməməyə çalışırdı. Onun tapşırığı ilə martın 24-ü Ağdamdan daxili işlər naziri Mustafa bəy Vəkilova göndərilmiş teleqramda (Şuşada teleqraf xətti kəsilmişdi) bildirilirdi ki, qəzəblənmiş müsəlman əhalisi nəzarətdən çıxır. Xankəndi və Əskərandan həyəcanlı xəbərlər, heç yandan kömək gəlməməsi azərbaycanlıların hövsələsini tükəndirdi. Onlar erməni məhəlləsinə hücuma keçdilər. Nəticədə qarnizon mühasirədən çıxarıldı, şəhərə tam nəzarət bərpa olundu. Toqquşmalarda xeyli erməni öldürüldü, evlər yandırıldı.
III. ƏSKƏRAN YOLUNUN AÇILMASI UĞRUNDA DÖYÜŞƏ HAZIRLIQ
(24 mart – 2 aprel)

Daxili işlər naziri M.Vəkilova.
…Qoşunun ləng irəliləməsindən narahatıq, bu, Xankəndi və Şuşa üçün faciə ilə nəticələnə bilər… Zəngəzur və Qarabağ erməniləri artıq birləşiblər. Bircə gün gecikən kömək artıq kömək olmayacaq…
Qarabağın general-qubernatoru X.Sultanov, parlament üzvü Q.Əliverdiyev. 31 mart 1920-ci il”.
Bakıdan göndərilmiş hərbi hissələrə Yevlax stansiyasında Gəncədən əlavə qüvvələr qoşuldu. Dəstə Ağdama üz tutdu. Təxminən 90 kilometrlik yol iki günə keçildi. Martın 26-da general Səlimovun qərargahı da Ağdama yetişdi.
Martın 27-nə keçən gecə başlanan yağış iki gün kəsmədi. Digər cəbhələrdən yaxşı xəbərlər gəlirdi: podpolkovnik Tonqiyevin Şəki süvariləri və praporşik Seyidzadənin topçuları erməni qüvvələrini Tərtər ətrafında Marağalı, Marquşevan, Çaylı və Bruc kəndlərindən uzaqlaşdırmışdılar. Podpolkovnik Qasımbəyovun rəhbərliyi altında vuruşan Gəncə piyada alayının taboru Göranboyda Yenikəndi, Qaraçinarı, Xarxapurtu götürmüşdü. Cəbrayıl qəzasında polkovnik şahzadə Xosrov Mirzə Qacarın bölükləri Ermənistandan gələn qüvvələrin qarşısını kəsmişdi. Amma Gorusda polkovnik Qazarovun rəhbərliyi altında erməni nizami alayı, Zəngəzurda general Dronun (Drastamat Kanayan), onun küməkçiləri Njde və Qij-Manukun 7 min nəfərlik partizan dəstələri hücuma hazırlaşırdılar. Ağdam istiqamətindən isə hərəkət yox idi – Əskəranı azad etmək üçün general Səlimov yağışın dayanmasından çox, Şimal sərhədlərindən göndərilmiş əlavə qüvvələrin yetişməsini gözləyirdi. Hələlik isə o, Əskəran yolunun kəşfiyyatını aparırdı. Dəqiqləşdirmişdi ki, qalanın ətrafında bütün yüksəklikləri ermənilər ələ keçiriblər, pulemyotlar qoyublar, ancaq topları yoxdur. Düşmən Əskəranın qarşısında Daşbaşıdan tutmuş Naxçıvanikə qədər, 15 verst uzunluğunda güclü müdafiə xətti qurmuşdu. Səlimov hərbi nazirdən xahiş etmişdi ki, zirehli avtomobillərdən birini təcili Ağdama göndərsin – artilleriya təhlükəsi olmadığı şəraitdə zirehli avtomobil çox kömək edə bilərdi.
Əskəran qalasını təbrübəli komandir Dəli Qazarın 4 min nəfərlik dəstəsi qoruyurdu. Bu qala geri alınmasaydı, Azərbaycan ordusu Dağlıq Qarabağa girə bilməyəcəkdi. Şuşa, Xankəndi, digər şəhər və kəndlərin çoxundan martın 24-dən bəri xəbər tutmaq olmurdu. Qarabağda nüfuz sahibi Salah bəyin topladığı Ağdam partizanları Əskəran yolunu açmağa bir neçə dəfə cəhd göstərmişdilər, amma gücləri çatmamışdı.
***
Martın 28-də Azərbaycan ordusunun korneti cəbhə xəttini gizlin keçib, general-qubernator Sultanovdan və general-mayor Novruzovdan məktub gətirdi. Onlar yazırdılar ki, Bağırbəyli istiqamətində müsəlman kəndləri itirildikdən sonra Zəngəzur və Dağlıq Qarabağ ermənilərinin birləşməsinə heç nə mane olmur, hər an hücum gözlənilir. Bu baş versə, Şuşa ilə Xankəndi kritik vəziyyətə düşəcək. Şəraiti dəyərləndirən general Səlimov Ağdamdakı hərbi hissələrin komandirlərini yığdı və qarşıdakı çətin vəzifənin məsuliyyətini onlara izah etdi. Hücum hazırlıqları hələ yekunlaşmamışdı, ancaq hərəkətə gəlmək lazım idi. Səlimov:
“Sabah biz hücuma keçməklə təkcə Şuşada, Xankəndidə kömək gözləyənləri deyil, bütün Qarabağı qoruyacağıq”, – dedi.
***
Martın 29-dakı hücum birbaşa Əskəranın alınması uğrunda döyüş deyil, düşmənin diqqətini Şuşadan və Xankəndidən yayındırmaq üçün manevr idi. Əməliyyat saat 7-də Əskəran cəbhəsinin şimal-şərqindən başladı. Qoşunların qarşısına düşməni Xanabadadək ərazilərdən vurub çıxarmaq vəzifəsi qoyulmuşdu. Döyüşə partizan dəstələri də cəlb edilmişdi. Hücum planında Xramort və Fərrux kəndlərini, mühüm 3360 və Daşbaşı yüksəkliklərini ələ keçirmək nəzərdə tutulmuşdu. Saat 11-də parlament mühafizə dəstəsi Xramortu aldı və günotra 3360 yüksəkliyinə yaxınlaşdı. Partizanlar isə Xanabadın girişində vuruşurdular. Bakı alayının əsgərləri sıldırım qayalarla Daşbaşı yüksəkliyinə qalxa bilmişdilər. Tatar alayının süvariləri Fərrux kəndini tutmuşdular. Günortadan sonra vəziyyət pisləşdi. Artilleriya komandiri, podpolkovnik Nəbibəyov qaçan erməniləri təqib etməyə aludə olub, batareyaların yerini dəyişdi. Onun Daşbaşıya doğru irəliləyən qüvvələri dəstəksiz qoymasından istifadə edən düşmən əl qumbaraları ilə bakılıları geri oturtdu. Əskərandan kömək və iki pulemyot almış ermənilər sol cinahdan zərbə ilə partizanları Xanabad ətrafından, parlament mühafizəçilərini tutduqları yüksəklikdən çəkilməyə məcbur etdilər. General Səlimov özü bir süvari bölüyü ilə onların köməyinə yetməli oldu. Nəticədə həmin gün qarşıya qoyulan vəzifə yalnız qismən yerinə yetirildi: Xramort, Daşbaşı yüksəkliyi, Fərrux azad edildi, 3360 yüksəkliyi və Xanabad ermənilərdə qaldı. Ümumilikdə isə qoşun Əskərana təxminən 2 verst yaxınlaşdı. Döyüşlərdə 23 əsgər və Bakı alayının praporşiki Nəcəfəliyev öldürüldü. Aralarında üç zabit – podporuçik Parmen Dauşvili, praporşiklər Əskərov və Ərəbov olan yaralıların sayı isə bundan iki dəfə çox idi. Ermənilər daha böyük itkilər vermişdilər,  təkcə Xramortda onlar 60 meyit qoyub qaçmışdılar.
Axşam Səlimov döyüş barədə general Mehmandarova telefonla məlumat verdi. O söylədi ki, ermənilər nəyin bahasına olursa-olsun, Əskəranı saxlamağa çalışırlar. Dəli Qazarın Dilicandan gətirdiyi gözəl təlim görmüş dəstə yaxşı vuruşur, Azərbaycan qoşununda çoxluq təşkil edən partizanlara isə bel bağlamaq olmur: onlar patronları boş-boşuna sərf edir, əmrləri dəqiq yerinə yetirmirlər. “Nizami ordumuzun əsgərləri əla döyüşürlər, amma sayca düşməndən dəfələrlə azdırlar”, deyə Səlimov irəliyə atılan hər addıma artilleriya atəşi ilə dəstək vermək lazım gəldiyini, buna da mərmi çatdırmağın mümkün olmadığını bildirdi.
Ertəsi gün hərbiyyə naziri Mehmandarov Səlimova teleqramında yazırdı:
“Dünən axşam sizinlə birbaşa xəttlə danışığımızda səs olduqca pis eşidilirdi. Dediklərinizdən onu başa düşdüm ki, mövcud qüvvələrlə… Əskəranın alınması mümkün deyil”.
Qarabağ ermənilərinin üsyanı artıq Azərbaycanla Ermənistan arasında tammiqyaslı müharibəyə çevrilmişdi. Cəbhə xətti Qazaxdan Araz çayına qədər uzanırdı. Buna baxmayaraq, müharibənin taleyi məhz Əskəran keçidində həll olunurdu. Səlimov israrla nazirlikdən buraya əlavə batalyonlar, süvari-dağ batareyası, zirehli maşın, patron, mərmi və əl qumbaraları göndərməyi tələb edirdi. Hərbi nazir Mehmandarov cəbhəyə daha yaxın olmaq üçün Gəncəyə gəlmişdi, Ağdama eşelonlar göndərilməsinə nəzarət edirdi. Nazir müavini Əliağa Şıxlinski hücuma hazırlığı Bakıdan sürətləndirməyə çalışırdı. Amma məhdud imkanlar, silah, sürsat və paltar çatışmazlığı buna mane olurdu. Alaylarda hər üç piyadaya iki tüfəng, hər üç süvariyə iki at, hər üç ata bir yəhər düşürdü. Səlimov deyirdi: “Başqa dövlətlər tankla-topla müharibə edirlər, biz qapı-qapı düşüb patron axtarmalıyıq: hər tərəfdən məndən patron istəyirlər”. Bəzi komandirlərin səhlənkarlığı da hazırlığı ləngidirdi.
Bütün çatışmazlıqları aradan qaldırmağa günlər tələb olunurdu. Hələliksə ermənilərin başını qatmaq, onları Şuşa və Xankəndi üzərinə hücuma keçməyə qoymamaq üçün martın 30-31-də Əsgəran istiqamətində döyüşlər davam etdirildi. Cavad-Cəbrayıl qəzalarından General Dronun qoşununun cənub cinahına təzyiq gücləndirildi. Lokal döyüşlər Bakıdan, Qusardan, Şəkidən, Zaqataladan göndərilmiş əlavə hissələrin Ağdama çatması və qruplaşdırılması üçün vaxt udmağa imkan verdi. Martın 31-dən aprelin 1-nə keçən gecə başlamış və bütün günü dayanmayan yağış da Tanrıdan Səlimova hədiyyə oldu. Nəhayət, aprelin 2-də hazırlıq işləri yekunlaşdırıldı. Müdafiə naziri özü döyüş bölgəsinə gəldi. Onun konkret yeri dəqiq deyilmirdi, amma bu xəbər orduya ruh verirdi.
IV. ƏSKƏRAN QALASININ AZAD OLUNMASI VƏ
DAĞLIQ QARABAĞA YOLUN AÇILMASI (3 aprel)

“Kürd-Xanabad kəndində, böyük dairəvi səngərdə özünü “Qarabağ qoşunlarının ali komandanı” adlandıran Dəli Qazar öldürüldü. Bu, görünür, ermənilərin dəyanətini sındırdı.
General Səlimov. Ağdam, 5 aprel 1920-ci il”.
Əskərana həlledici hücum aprelin 3-ü səhər saat dördün yarısı başlandı. Qatı duman artilleriya hazırlığı keçirməyə imkan vermədi, amma piyadaların düşməni duyuq salmadan irəliləməsinə şərait yaratdı. Bakı alayının əsgərləri Əskəranın şərqindəki yüksəkliyin ətəyində ermənilərin gecə qurduqları gözətçi məntəqəsinə rast gəldilər və döyüş başladı.
Döyüşü Səlimov idarə edirdi. Polkovnik İsrafilovun Bakı alayına Əskəran ətrafındakı yüksəklikləri tutmaq, polkovnik Əfəndiyevin rəhbərliyi ilə Ağdaş alayından, parlamentin mühafizə dəstəsindən və Quba batalyonundan ibarət qüvvəyə qalanı ələ keçirmək tapşırılmışdı. Zaqatala və Şirvan alaylarının hissələri Əskəranın cənubundan, Naxçıvanik kəndi tərəfdən cəbhəni yarmalıydılar. Tatar süvari alayı ehtiyatda saxlanılmışdı.
Əsgərlər cəsarətlə vuruşurdular, amma təpələrdən yağan güllə yağışı altında irəliyə hər addım cuddu itkilər hesabına başa gəlirdi. Səhər saat 6-ya yaxın duman seyrəldi. Toplar işə düşdü. Podpolkovik Nəbibəyovun artilleriya divizionu düşmənin müdafiə məntəqələrini dağıdır, piyadalar onları ələ keçirirdilər.
Ordu Əskərana yalnız günün ikinci yarısında girdi. Yuxarı qala istehkamının həyətinə çəkilmiş düşmən burada da inadla müqavimət göstərirdi. İstehkamın dörd bürcündən birini top dağıtmışdı, ermənilərı qalan bürclərdən də vurub çıxarmaq üçün polkovnik Əfəndiyev Ağdaş alayına həlledici hücum əmri verdi. Sonra qaçan düşməni qovmaq üçün ehtiyatda saxlanılan Tatar süvari alayı irəli yeridildi. Həmin gün tək Əskəran deyil, sol cinahda Xocalı, Kətik, Aranzəmin, Naxçıvanik də azad olundu, ordu Malıbəyliyə yaxınlaşdı. Sağ cinahda, Xanabad ətrafında top atəşi ilə dağıdılmış dairəvi səngərdə komandir Dəli Qazar məhv edildi.
***
General Səlimovla Qarabağ dəstəsinin qərargah rəisi, polkovnik Zeynalzadə Əskərana gələndə hava qaralmışdı. General sıraya düzülmüş ordu hissələrini salamladı:
– Bu gün siz Qarabağ müharibəsində düşmən üzərində ən parlaq qələbənizi qazanmısınız, ona sarsıdıcı zərbə vurmusunuz. Düşmən qaçır. Onu axırıncı sığınacağına qədər qovacağıq. Sabah Xankəndinə üz tutacağıq.  
Sonra polkovnik Zeynalzadə hərbiyyə naziri Mehmandarovun sözlərini çatdırdı:
– Nazir Bakıya yola düşməzdən əvvəl dedi: “Şadam ki, ömrümün son illərini doğma xalqıma həsr edirəm. Gənc ordu mənim ümidlərimi doğrultdu. Qarşısına qoyulmuş vəzifəni böyük uğurla yerinə yetirdi. Bütün zabitlərə mənim minnətdarlığımı, igid əsgərlərə salamımı çatdırın!”
Ağdamdakı şənlikdə çalınan milli marşların sədaları Əskərana çatırdı. Xankəndinə isə hələ təxminən 15, Şuşaya 20 verstdən çox məsafə qalırdı.
V. XANKƏNDİ VƏ ŞUŞANIN MÜHASİRƏDƏN ÇIXARILMASI, KEŞİŞKƏND ƏMƏLİYYATI (4-14 aprel)
Hərbiyyə naziri əvəzi Ə.Şıxlinskiyə.
…Keşişkənd əməliyyatı ən çətini oldu, belə ki, ermənilər təbii şəraitdən istifadə edirdilər və 1918-ci ildə türklərin bu rayonda məğlubiyyətə uğradıqlarını nəzərə alıb… böyük qüvvə toplamışdılar.
Qarabağ dəstəsinin rəisi H.Səlimov. 14 aprel 1920-ci il”.
Ertəsi gün Azərbaycan ordusu ətraf kəndlərdə düşmənin zəif müqavimətini qırıb, gündüz saat 4-ə yaxın döyüşsüz Xankəndinə daxil oldu.
Aprelin 5-i səhər saat 10-da qoşun Şuşaya doğru hərəkətə başladı. Yol atəş altında idi. Əskərandan çəkilən ermənilər Malıbəyli-Daşkənd-Şuşakənd xətti üzrə yüksəkliklərdə 3 dağ topu, iki pulemyot qoymuş, iki min əsgər yerləşdirmişdilər. Onların planı Şuşaya gedən Azərbaycan qüvvələrini şossedə qırmaq idi. Amma Səlimov ağla çətin gələn gediş etdi. Tatar süvari alayını sağ cinahdan, Bakı alayını sol cinahdan başqa yolla düşmənin arxasına göndərdi. Quba piyada alayının bölmələrini isə mərkəzdə saxladı.
Üç kolon eyni vaxtda cinahlardan və mərkəzdən düşmənin pusquda durduğu yüksəkliklərə hücuma keçdi. Nəbibəyovun batareyası erməniləri göz açmağa qoymadı. Ən çətin mövqedə olan Quba piyadaları Daşkənd yüksəkliyini ilk həmlədən ələ keçirdilər. Günorta Səlimov ehtiyat qüvvələri də döyüşə yeritdi. Mühasirədə qalmamaq üçün ermənilər ağır silahlarını atıb, Keşişkəndə qaçdılar. Axşam saat 8-də Azərbaycan qoşunu təntənəli şəkildə Şuşaya daxil oldu.
Əməliyyat haqqında nazirliyə raportunda general Səlimov Quba piyadalarını və Nəbibəyovun topçularını “döyüşün qəhrəmanları” adlandırırdı.
Həmin günlərdə Tərtər istiqamətində Levonarx və Talış kəndləri düşməndən təmizləndi. Cəbrayil tərəfdən ermənilər Zabux çayına qədər sıxışdırıldılar. Qazaxda Tatlı, Yaradulla, Əskipara, Kəmərli kəndləri uğrunda, Gəncə istiqamətində Hacıkənd yaxınlığında aşırımda döyüşlər gedirdi. Bununla belə, əsas hadisələr Şuşa ətrafında cərəyan edirdi. Ağır döyüşlərdən sonra yorulmuş bölmələrə Şuşada istirahət verildi.
***
Erməni hərbi hissələri və partizanları Keşişkəndə yığışırdılar, onlar buraya Zəngəzur tərəfdən iki nizami tabor da gətirmişdilər. Kəşfiyyat məlumatlarına görə, düşmən kəndin ətrafında 2 topa və 8 pulemyota malik 3 mindən artıq canlı qüvvə toplamışdı. Keşişkəndi isə təbiət özü qala yaratmış, sıldırım qayalarla əhatə etmişdi.
Aprelin 8-də ermənilərin Şuşakəndə və Daşkəndə hücumu ilə döyüşlər yenidən qızışdı. Bakı alayı nəinki düşməni geri oturtdu, yaxınlıqdakı bütün hakim yüksəklikləri və Daşaltını da ondan aldı. Keşişkənd qruplaşmasına təslim olmaq və silahları təhvil vermək haqqında ultimatum göndərildi.
Təyin olunan saata, aprelin 9-u gündüz 12-yə qədər ultimatuma cavab gəlmədi. General Səlimov dağ relyefinin xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış mərhələli hücum planının icrasına başladı. İlk növbədə ətraf yüksəkliklər ələ keçirildi. Cəmi bir yüksəklik qaldı, amma onu da almadan Keşişkəndə girmək olmazdı. Aprelin 10-da bu işi görmək Quba alayının taboruna tapşırıldı. Tabor zirvəyə elə sürətlə qalxdı ki, burada qalıb möhkəmlənmək haqqında göstərişi unutdu, düşməni təqib etmək həvəsinə düşdü. Arxa ilə əlaqəsi kəsilən hərbi hissə cinahlardan hücuma məruz qaldı və itkilər verə-verə geri çəkilməyə məcbur oldu. Səlimov meydana əlavə qüvvələr yeritməklə taboru xilas etdi. Beləliklə, həmin gün döyüş nəticəsiz bitdi.
Aprelin 11-də Cavanşir alayının təlim komandası qubalıların səhvini düzəltdi, Keşişkənd ətrafında sonuncu yüksəkliyi də tutdu və səngərdə 10 min patron, pulemyot daraqları ələ keçirdi.
Səlimov son döyüşün gərgin olacağını bilirdi və əmin olmaq istəyirdi ki, ətraf kəndlərin erməniləri Keşişkəndin üzərinə yeridilən qüvvələrə cinahlardan, ya arxadan zərbə endirməyəcəklər. Bu məqsədlə Tatar alayının süvariləri ilə Nuxa partizanları Keşişkənddən də o tərəfə yaşayış məntəqələrini və mühüm 5325 yüksəkliyinı nəzarətə götürməyə göndərildilər. Ağdaş alayı və Ağdam partizanlarına isə Əskəran tərəfdən büyün yolları kəsmək tapşırıldı.
Aprelin 12-də Cavanşir, Quba və Bakı alaylarının hissələri artilleriya hazırlığından sonra Keşişkənd üzərinə yerimək əmri alanda artıq gün xeyli qalxmışdı. Həbib Səlimov həmin əməliyyat haqqında general Şıxlinskiyə məlumatında yazırdı:
“Bu, ən qanlı və inadlı döyüş oldu. İçkili ermənilər möhkəm dirəniş göstərirdilər. Bununla belə, mənim Keşişkəndi götürməkdə israrlı olmağım, qoşunların yüksək rəşadəti, qərargah rəisi, polkovnik Zeynalovun ən ön mövqelərdə döyüşçüləri tez-tez ruhlandırması bəhrəsini verdi və saat 18-ə yaxın ordu Keşişkəndə girdi, bu zaman Quba alayının kəşfiyyatçıları və Cavanşir alayının 9-cu taqımı birinci oldular. Günün qəhrəmanı isə müdrik komandir, əlində revolver hamıdan qabağa düşüb, taborunu şəxsən hücuma aparan polkovnik Levestam oldu. Bu fəal sahəyə bütünlüklə podpolkovnik Rəfibəyov rəhbərlik edirdi. Bilavasitə hücuma keçən hissələri müşayiət edən artilleriya möhtəşəm işləyirdi.”
Ermənilər kəndin evlərinə od vurub qaçırdılar. Azərbaycan ordusu onları şimal-şərqə qovurdu, bilirdi ki, orada düşməni Tatar alayının süvariləri qarşılayacaqlar…
Dörd günlük qanlı döyüşlərdə əldən düşmüş hərbi hissələri aprelin 13-ü səhər Şuşa qalasına qaytardılar. Səlimovun göstərişi ilə onlara üç günlük istirahət verdilər…
VI. YARİMÇIQ QALMIŞ MÜHARİBƏ (15 aprel 1920 – 23 mart 2021)
Qoşun bölmələri döyüşlərdə ciddi itkilər verərək seyrəlmişdi. Aprelin 15-də Səlimov nazir əvəzi Şıxlinskiyə yazırdı:
“Dəstədə hərbi hissələrdən quru ad qalıb: Bakı alayında – 300 döyüşçü, Cavanşirdə – 1200, Tatarda – 380 süvari, Qarabağda – 250 süvari, Gəncədə – 400-ə qədər süngü, Şəkidə – 200-ə qədər qılınc”.
Bununla belə, general müharibədə son nöqtəni qoymaq üçün qüvvələri yenidən qruplaşdırır, Zəngəzura hücuma hazırlaşırdı:
“Düşünürəm ki, hücum bu ayın üçüncü ongünlüyündə baş tutacaq… Rəqib, demək olar, hər yerdə Zabux çayından o tərəfə qovulub… Hesab edirəm, yaxın günlərdə ermənilərin hücumundan əvvəlki vəziyyət bərpa olunacaq”.
“Əvvəlki vəziyyət” deyəndə, gərargah rəisi Zəngəzurun sərhədlərini nəzərdə tuturdu.
Səlimov nazirlikdən silah-sursat, təlim görmüş əsgərlər, ilk növbədə təcrübəli zabitlər istəyirdi. Ancaq hökumət daha Qarabağa qüvvə yollaya bilmirdi. O özü cəbhədən çıxarıb, şimala göndərmək üçün hərbi hissə axtarırdı – Rusiya fəal sürətdə Azərbaycanla sərhəddə qoşun yığırdı. Aprelin 16-da Şıxlinskinin bu barədə müraciətinə cavab olaraq Səlimov yazırdı ki, ermənilər müharibəni kiçik dəstələrlə davam etdirirlər, hər dəfə bir yerdə peyda olurlar, buna görə Qarabağ cəbhəsini zəiflətmək olmaz:
“Siyasi vəziyyət, şübhəsiz, Sizə daha aydındır, amma cəsarət edib fikrimi bildirirəm ki, biz iki cəbhədə mübarizə apara bilmərik, nəticəsi faciəvi olar. Qəti hücuma keçmək üçün əksinə, mən kömək göndərilməsini xahiş etmək istəyirdim, belə halda hissələrin zəiflədilməsi məni daim dönüb arxaya baxmağa məcbur edir…”
Şimal sərhəddində vəziyyət gərginləşdikcə, Qarabağda və Zəngəzurda silahlı erməni dəstələri fəallığı artırırdılar. Açıq savaşda məğlub olmuş düşmən taktikasını dəyişmişdi. Ermənilər kiçik qruplarla əsgər postlarına hücum edir, gecələr kəndlərə girib onları yandırır və dağlara çəkilirdilər. Əsasən də Şuşakənd, Keşişkənd və Qızıl yüksəklikləri, Abdal və Gülablı kəndləri, Zəngəzur istiqamətində Müsəlmanlar, Qaladərə, Bağırbəyli, Abdallar, Dığ rayonları ətrafında döyüşlər olurdu. Aprelin 20-də Səlimov bölgədən çıxarılmış Tatar alayını təcili geri qaytarmağı və Cəbrayıl qəzasına göndərməyi təklif edir, Şuşa qəzasında isə 30 yaşınadək kişilər arasında səfərbərlik barədə əmr verdiyini bildirirdi. Aprelin 27-də o, Hərbiyyə Nazirliyindən Zəngəzur istiqamətində hərəkəti davam etdirməli, yoxsa yerində möhkəmlənib Qarabağı qorumalı olduğunu soruşurdu.
Ancaq general sualının cavabını nazirlikdən yox, yeni bolşevik hökumətindən aldı. Milli ordunun Qarabağda ermənilərlə müharibədə olmasından istifadə edən sovet qoşunu aprelin 27-nə keçən gecə böyük qüvvələrlə şimal sərhədlərimizi pozdu, sürətlə irəliləyərək axşama Bakıya çatdı. Rus süngüsü üzərində hakimiyyətə gəlmiş bolşeviklər dərhal – aprelin 28-də Aərbaycan ordusuna Qarabağda və Zəngəzurda hücumu dayandıraraq müdafiəyə keçmək əmri verdilər…
***
Sonrası bəllidir:
1920-ci ilin may ayında Rusiya ordusu Gəncəni, ardınca Qarabağı da nəzarətə götürdü. İyunda Milli Ordu hissələrinin Gəncə və Qarabağ üsyanları amasızlıqla yatırıldı. Noyabrın 30-da – Ermənistanda sovet hakimiyyəti qurulmasından 1 gün sonra – Azərbacan KP MK-nın iclasında Zəngəzurun 2 yerə bölünməsi və çoxunun Ermənistana verilməsi barədə qərar çıxarıldı. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı, avqustun 10-da Xankəndinin adı dəyişdirilib, Stepanakert qoyuldu…
1990-cı illərin əvvəlində, SSRİ-nin dağılması ərəfəsində 2-ci Qarabağ müharibəsi başlandı və 1994-cü ildə Azərbaycan üçün ağır nəticələrlə atəşkəs sazişi imzalandı…
2020-ci ilin oktyabr-noyabr aylarında 3-cü Qarabağ müharibəsində Azərbaycan itirdiyi rayonların böyük əksəriyyəti üzərində tam suverenliyini bərpa etdi. Ancaq keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin 3000 kvadrat kilometrə yaxın ərazisi Azərbaycana növbəti atəşkəs sənədi imzalatmış Rusiyanın 5 illik nəzarətinə keçdi. Rus qoşununun Qarabağa qayıtmasından istifadə edən erməni revanşistləri yeni ordu qurmağa cəhd edir və artıq 4-cü Qarabağ müharibəsinin qaçılmaz olduğu barədə bəyanatlar verirlər…

pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10