Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məni də keçirə bilərsiniz...?


Vətəndaşlar “BakıKart” sıxıntısı çəkirlər, müvafiq qurum isə “yanılırsınız” deyir
 
Mövcud pandemiya şəraiti ilə əlaqədar tətbiq olunan qaydalar ölkədə olan bir çox problemləri, çatışmazlıqları da önə çıxarıb. Artıq uzun müddətdir metronun fəaliyyətinin dayandırılması ölkədə mövcud olan terminal qıtlığını, nəqliyyatdakı sıxlıq problemini daha da aktuallaşdırıb.
 
Hazırda sərnişinlərin ən çox şikayətçi olduğu məsələlərdən biri ictimai nəqliyyatın çatışmazlığı, sıxlıqdırsa, digər mühüm məsələ həmin nəqliyyat vasitələrindən istifadə etmək üçün “BakıKart”ın balansını doldurmaqdır. Belə ki, ölkə ərazisində N sayıda dayanacaq olsa da, kartın balansını artırmaq üçün şərt olan terminalların sayı çox məhduddur, olanların əksəriyyəti də işlək vəziyyətdə deyil.
 
Bu kimi hallar həm nəqliyyatdan istifadə edən təbəqəni yorur, həm də sərnişin-sürücü münasibətlərini korlayır. Kartının balansında məbləğ olmayan vətəndaş məcbur olur ki, ödənişi sürücüyə birbaşa təklif etsin. Bu zaman da heç şübhəsiz, sərnişin tək bir cavab eşidir: “Kamera nəzarətidir, belə hallara yol vermək olmaz”.
 
Yaxud adam digər sərnişinlərə üz tutur ki, “bu pulu götürüb, məni öz kartınla keçirə bilərsiniz?”. Belə halda cavablar hər zaman müsbət olmur və cəmiyyətdə vətəndaşların bir-birilərinə qarşı münasibət sistemi zədələnir.
 
Digər maraqlı nüanslardan biri də budur ki, bir çox hallarda vətəndaşlar ödənişlərini onlayn, yaxud bank tətbiqləri vasitəsilə edə bilirlər. Lakin “BakıKart”da belə hal mövcud deyil.
  
“BakıKart”ın müştəri xidmətləri üzrə əməkdaşı Hamlet Nəzərov iddia edib ki, dayanacaqlara sərnişinlər üçün kifayət qədər “BakıKart” yükləmə terminalı ilə yanaşı “Milliön” aparatları da yerləşdirilib və vətəndaşlar onlar vasitəsilə yükləmələrini həyata keçirə bilərlər: “Ölkə ərazisində kifayət qədər “BakıKart” yükləmə terminalları var. Hətta, yalnız “BakıKart” terminallarından deyil, “Milliön” aparatlarından da kartın balansını artırmaq olur. Dayanacaqlarda olan “Milliön” aparatları vasitəsi ilə də sərnişinlər kartlarına yükləmə edə bilərlər və hətta edirlər. Dayanacaqlarda olan “Milliön” aparatlarının işlək vəziyyətdə olub-olmaması isə artıq bizim səlahiyyətlərimizə daxil deyil”.
 
“Həmçinin bəzi mağazalarda da bizim kiçik yükləmə aparatlarımız yerləşdirilib ki, sərnişinlər o aparatlar vaitəsilə yükləmələrini edə bilsinlər. Şəhərin mərkəzi küçələrinin əksəriyyətində demək olar ki, “BakıKart” yükləmə terminalları, həmçinin yükləmə üçün istifadə edilə biləcək “Milliön” aparatları yerləşdirilib”, - deyə müştəri xidmətlərinin əməkdaşı fikrini yekunlaşdırıb.
 
Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə, həqiqətən “BakıKart” terminalları ilə bağlı problemin olduğunu deyib: “Düşünürəm ki, bu vəziyyətdən bir neçə çıxış yolu var. Aidiyyəti qurumlar, məsələn, Bakı Nəqliyyat Agentliyi (BNA) “BakıKart” ilə birlikdə mobil tətbiq də hazırlamalıdır. İnsanlar üçün müxtəlif seçim şansları olmalıdır. İnternet üzərindən, bank kartları vasitəsilə ödəniş imkanları yaradılmalıdır. Bir neçə şirkətin ödəmə terminallarında da bu sistem olmalıdır. İnsanlar təkcə dayanacaqlarda dayanıb karta pul yükləməklə kifayətlənməməlidir. Seçim imkanları geniş olmalıdır”.
Картинки по запросу
“Həm də bəzi vətəndaşlar elə düşünürlər ki, sanki bütün dayanacaqlarda terminal olmalıdır. Necə ki, bəzi vətəndaşlar evdən yola haradan çıxırsa, tələb edir ki, elə dayanacaq da burada olsun - evimin yanında. Eyni hal kart yükləmə zamanı da müşahidə edilir. Bəzi vətəndaşlar düşünürlər ki, mən hansı dayanacaqdayamsa, ödəmə terminalı da o dayanacaqda olmalıdır. Bu da mümkün deyil. Çünki o aparatlar kifayət qədər bahalıdır və onları hara gəldisə, qoymaq olmur. Aparatların yerləşdiriliyi dayanacaqlara kameralar vasitəsilə nəzarət mexanizmi quraşdırlımalıdır və s. Bu səbəbdən də bütün dayanacaqlara ödəmə terminallarını qoymaq mümkün deyil”, - deyə həmsöhbətimiz bildirib.
 
Bununla yanaşı, Muradlı hesab edir ki, “BakıKart” ödəmə terminallarının sayını artırmaq lazımdır: “Bəzi dayanacaqlarda olan terminallar bəzən işləmir. Həmin terminallara vətəndaşlar tərəfindən də müəyyən müdaxilələr olur. Məsələn, bəzi vətəndaşlar terminalın pul ödənən hissəsinə siqaret kötüyü, kibrit salır, ya da xarici ölkələrin valyutası olan qəpikləri terminala daxil edərək onu xarab edirlər. Bu barədə düşünürəm ki, ciddi götür-qoy etmək lazımdır”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10