Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

AMEA-da nələr olur? - İlham Əliyevin Azıx mağarasını ziyarət etməsi hansı mətləbləri üzə çıxardı


“Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb… Bu, dünyanın ən qədim insanın yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur. Bizim tarixi sərvətimizdir”
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Son 60-70 il ərzində Azərbaycan tarixinin tədqiqi və təbliği istiqamətində olduqca ciddi uğurlar əldə olunub. Təsəvvür edin, ötən əsrin 50-ci illərinədək Azərbaycan ərazisində erkən insan məskənlərinin ən çoxu 4-5 min il yaşı olduğu ehtimal edilirdi. Başqa sözlə, Azərbaycan ərazisində daş dövrünə aid insan düşərgələrinin olmadığı və bu qəbildən olan qalıqların izlərinin axtarılmasının elmi cəhətdən heç bir perspektivi olmadığı bildirilirdi. Lakin bütün bunlara rəğmən ötən əsrin 60-cı illərində istedadlı arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azərbaycanın qərb bölgəsində və Kiçik Qafqaz ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində yaşı 2-2,5 milyon ilə çatan insan düşərgələri aşkar olundu. Bu heyrətamiz elmi kəşf o zaman bütün dünya alimləri tərəfindən çox ciddi sensasiya kimi dəyərləndirildi.
1960-cı ildə Xocavənd rayonu ərazisində, Quruçay vadisində aşkar olunmuş Azıx mağara düşərgəsi Avropanın ən qədim insan məskəni kimi qeydə alındı. Amma o zaman Azərbaycan aliminin bu kəşfini həzm edə bilməyən dairələr də oldu. Onların başında duran isə o dönəmdə sovet arxeoloqları içərisində Daş dövrü abidələrinin tədqiqi üzrə aparıcı mütəxəssislərdən hesab edilən Vasili Prokofyeviç Lyubin idi. Xatırladım ki, ermənilərin əhatəsində və təsir dairəsində olan, bu səbəbdən də ifrat ermənipərəst mövqeyi ilə tanınan V.P.Lyubin o illərdə SSRİ Elmlər Akademiyası Leninqrad bölməsində Daş dövrü arxeologiyası şöbəsinə başçılıq edirdi. Sonralar o, bir müddət hətta Rusiya EA Sankt-Peterburq bölməsi Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru da oldu. Hansı ki, həmin illərdə Sankt-Peterburqla elmi təmasda olan azərbaycanlı arxeoloqlar V.Lyübinin nə dərəcədə ermənipərəst olduğunu çox qabarıq şəkildə hiss ediblər. Görünür, davamlı olaraq erməni təbliğatı təsiri altında olduğundan onda Azərbaycan alimlərinin elmi nəticələrinə etiraz immuniteti formalaşmışdı.
Məlumat üçün onu da deyim ki, sovet dövründə Ermənistanda Daş dövrü üzrə mütəxəssis olmadığına görə ermənilər V.Lyubinin ətəyindən möhkəm yapışmışdılar. Onu demək olar ki, hər il Ermənistan ərazisindəki Daş dövrü abidələrinin tədqiqinə rəhbərliyə cəlb edirdilər. O, hətta Sankt-Peterburqdan kənara çıxa bilmədiyi illərdə belə formal olaraq Ermənistanda ekspedisiya rəhbəri olub.
1985-ci ildə mən Kiyevdə – Ukrayna Arxeologiya İnstitutunda namizədlik dissertasiyası müdafiə etdim. Mənim ardımca rəhmətlik Məmmədəli Hüseynovun doktorluq dissertasiyasını müdafiəyə buraxdılar və onu aparıcı müəssisə kimi Leninqrada rəyə göndərdilər. Müdafiəsinə bir neçə gün qalmış Məmmədəli müəllim həyəcanla mənə dedi ki, görürsən bu….. Lyubin mənim işimə mənfi rəy yazıb. Özü də, M.Hüseynovun dediyinə görə bu məsələdə Bakıdakı “sapı özümüzdən olan baltalar” ona “pas” verib. Təbii ki, bu məqamda həyəcan keçirməyə dəyərdi. Odur ki, Məmmədəli müəllimin təkidi ilə mən Ukrayna Arxeologiya İnstitutunda əsas söz sahibi olan akademik P.P.Toloçkaya zəng edib vəziyyəti ona bildirdim. O isə çox əminliklə belə dedi: “Mamed Muradoviçə çatdır ki, heç nə üçün narahat olmasın. Onun dissertasiyası çox lazımlı və samballı bir elmi işdir. Nə olsun ki, V.P.Lyubin mənfi rəy yazıb, biz hamılıqla onu müdafiə edəcəyik. Elə o cür də oldu. M.Hüseynov Azıx mağara düşərgəsinin materialları əsasında işləmiş olduğu “Azərbaycanın qədim Paleoliti” adlı doktorluq dissertasiyasını uğurla müdafiə etdi və qısa zaman ərzində də təsdiqini aldı. Bu, təkcə M.Hüseynovun deyil, bütövlükdə Azərbaycan arxeologiya elminin çox böyük uğuru idi. Təbiidir ki, bu xəbər Leninqrad, Yerevan və bəzi digər daiərələr üçün sanki bir matəm xəbəri oldu.
  • 1993-cü ildə professor Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azıxda aparılmış kompleks tədqiqatların nəticələrinə həsr olunmuş “Azıx – SSRİ ərazisində ən qədim Paleolit düşərgəsi” adlı monoqrafiya hazır oldu. Rus dilində olan bu monoqrafiya professor M.Hüseynov, SSRİ EA-nın akademiki A.Veliçko, akademiyanın müxbir üzvləri Ə.Məmmədov, D.Hacıyev, habelə tanınmış alimlərdən N.Şirinov, S.Əliyev, Ə.Cəfərov və M.Süleymanovun müştərək işi olaraq tamamlanmışdı. Lakin 1994-cü ildə professor Məmmədəli Hüseynovun qəflətən vəfat etməsi ilə nəşr üçün tam hazır olan bu sanballı monoqrafiyanı çapa təqdim edən olmadı. Bu əsərin qaranlıq taleyi ilə bağlı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda zaman-zaman şaiyələr dolaşdı. Gah dedilər ki, əsəri oğurlayıblar, gah da onun albomunun yoxa çıxması xəbərləri yayıldı. İnstitut Elmi Şurasında bununla bağlı  bir neçə dəfə söhbət açılsa da, məsələni sona qədər araşdırıb nöqtə qoyan olmadı. Beləcə 28 il ötüb keçsə də, həmin əsəri üzə çıxarıb nəşr etdirən tapılmadı. Hansı ki, bu müddətdə ermənilər Qarabağı işğal etdilər, Azıxda lövbər saldılar, Britaniya, İspaniya və digər ölkələrdən “mütəxəssislər” dəvət etməklə orada qanunsuz “tədqiqat” apardılar, “Azıx – transqafqaz dəhlizi” adlı əsər nəşr edərək bütün dünyaya yaydılar. Özü də 28 il əvvəl professor M.Hüseynovun rəhbərliyi ilə hazırlanan əsər ermənilərin sifarişi il ərsəyə gələn həmin “əsər”dən qat-qat daha sanballı elmi əsər idi. Əminliklə deyə bilərəm ki, M.Hüseynovun rəhbərliyi ilə Azıxda aparılmış olan kompleks tədqiqatlara aid bu sanballı əsər əgər zamanında nəşr edilmiş olsaydı, onda heç bir ingilis və ya ispan “mütəxəssis” ermənilərin dəvətinə uyub nə Azıxa gələrdi, nə də onun barəsində yazmağa cəsarət edərdi.
Nə yazıq ki, professor Məmmədəli Hüseynovun uzun illər rəhbəri olduğu “Daş dövrü arxeologiyası” şöbəsi, onun təmsil olunduğu Arxeologiya və Etnoqrafiya İnstitutu və nəhayət, əlindən tutaraq yol göstərdiyi, mütəxəssis kimi yetişmələrində xidmətləri olan davamçıları bunu etmədilər. Əfsuslar olsun ki, məsələnin nə yerdə olduğundan hali olan Akademiya rəhbərliyi və onların fəaliyyətini kurasiya edən daha yüksək çinli məmurlar da, hətta, Qarabağ probleminin alovlandığı illərdə belə bu ürəkağrıdıcı fakta münasibət bildirmədilər.
Dəhşətə bir baxın, yadlar Məmmədəli Hüseynovun müdafiəsinə mane ola bilmədilər, amma özümüzünkülər onun rəhbərliyi ilə hazırlanmış, özü də tariximiz və elmimiz üçün son dərəcə əhəmiyyətli olan belə bir vacib əsərin işıq üzü görməsinə mane oldular.
Moskva, Sankt-Peterburq, Paris, Tehran və digər mərkəzlərdə kök salmış erməni və ermənipərəst lyubaların, lyubinlərin Azərbaycana, Azərbaycan elminə və nəhayət, Azərbaycan aliminin uğurlarına qısqanclıq etdiklərini hardasa başa düşmək olar. Bəs özümüzünkülərin bu cür həssas, taleyüklü və prinsipial məsələlərə münasibətdə sərgilədikləri biganəlik və qısqanclığa necə haqq qazandırasan?! Doğrusu, bu yerdə şərh üçün ölməz şairimiz Mirzə Ələkbər Sabirin “kim nə deyər, bizdə olan qeyrətə” misrasından daha təsirli söz tapa bilmədim.
44 gün davam edən İkinci Qarabağ müharibəsinin gedişində insanlar cəbhədəki vəziyyəti öyrənmək, diqqətdə saxlamaq naminə az qala bütün sutka ərzində yatmayaraq səbirsizliklə ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin isti-isti tvitterlərini və televiziya ilə çıxışlarını gözləyirdi. Hər dəfə 30 il işğal altında olan kəndlərimizin, şəhərlərimizin, strateji yüksəkliklərin bir-birinin ardınca azad edildiyi barədə xəbərləri Ali Baş Komandanın dilindən eşitdikcə ürəyimiz dağa dönürdü. İnanın səmimiyyətimə, bəlkə də bütün ömrüm boyu üst-üstə o 44 gündəki qədər kövrəlməmişdim, sevinc göz yaşları tökməmişdim. Sanki Şuşanın İsa bulağı, Kəlbəcərin mineral çeşmələri məcrasını dəyişərək Qarabağ sevdası ilə yaşayan soydaşlarımızın və dostlarımızın gözlərindən axırdı. Bütöv Azərbaycan bu hissləri yaşayırdı. Bütün Türk dünyası sevinc və həyəcan içərisində idi.

Müharibənin son akkordları vurulmaq ərəfəsində Ali Baş Komandanın Xocavənd rayonunun Azıx kəndinin də işğaldan azad edildiyi barədə tvitterini oxuyanda isə bir anlığa elə bildim ki, bütün dünyanı mənə bəxş etdilər. Bu, 2,5 milyon illik tariximizin maddi qaynağı olan Azıx mağara düşərgəsinin də azad olunması demək idi. Deməli, bundan belə Azıxda da, Qarabağın digər abidələrində də daha ermənilər və onların havadarları deyil, bizim öz alimlərimiz tədqiqat aparacaqlar. Düşünürəm ki, Azıx erməni işğalından azad olunubsa, deməli, onun ilk tədqiqatçısı olan çox görkəmli Azərbaycan arxeoloqu, professor Məmmədəli Hüseynovun rəhbərliyi ilə 28 il öncə hazırlanmış “Azıx – SSRİ ərazisində ən qədim Paleolit düşərgəsi” adlı sanballı elmi əsərin əlyazması da bu günədək elə özümüzünkülər tərəfindən müəmmalı şəkildə saxlanıldığı seyflərdən çıxarılaraq gec də olsa, nəşr olunacaqdır.
P.S. Budur, cənab Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində martın 15-də Azıx mağarasında da oldular. Nə qədər təəccüblü olsa belə, deməliyəm ki, 1960-cı ildən bu günədək Azərbaycan rəsmlərindən heç kəsin Azıx mağarasına ayağı dəyməmişdi. Hesab edirəm ki, Prezidentimizin öz ailə üzvləri ilə birlikdə, özü də indiki məqamda Azıxda olması bütün səviyyələrdən olan rəsmilər üçün həyat və fəaliyyət dərsi olmağa layiq bir nümunədir. Düşünürəm ki, Azıx mağarasının tariximizdəki yeri və əhəmiyyəti, onun aşkar olunaraq tədqiq edilməsində professor Məmmədəli Hüseynovun xidmətləri barədə, habelə yaxın gələcəkdə orada aparılacaq tədqiqatlarla bağlı cənab Prezidentin dedikləri Azərbaycanın tarixçi və arxeoloq alimləri üçün çağrış olacaqdır. Baxaq görək bu vaxtadək Azıx haqqında olan sanballı bir elmi əsəri 28 il ərzində orda-burda gizlədənlər indi başlarını və əməllərini harda və necə gizlədəcəklər?!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10