Əməkdar idman ustası: “Restoranlar, karaoke klublar işləyir, idman zallarının fəaliyyətini isə qadağan ediblər – məntiqsizlikdir”
Azərbaycan idmançıları həyəcan təbili çalır. Bu gün idman zallarının işi bərpa olunmazsa, sabah dövlət işsizliyin artması, gənclər, İkinci Qarabağ müharibəsi iştirakçıları və əlilləri arasında intiharlar və Azərbaycanın idman ölkəsi imicinin itirilməsi kimi bir sıra ciddi problemlərlə üzləşəcək.
Pauerliftinq üzrə milli komandanın üzvü, Əməkdar idman ustası Ramil Əhmədovun dediyinə görə, restoranların açıq olduğu müddətdə ölkənin idman zallarının və fitness salonlarının uzun müddət qapalı qalması heç bir məntiqə söykənmir: “Üstəlik, sağlam həyat tərzinin qorunması koronavirusla mübarizəni daha təsirli edir. Azərbaycanda karantin rejimi elan olunduğu gündən bəri fitness sahəsi, idman zalları və hovuzlar bağlandı. TƏBİB-də heç kim idman zallarını bağlayaraq insanları idmanla məşğul olmaq və sağlamlıqlarını bərpa etmək imkanından məhrum etməklə yanaşı, məşqçiləri və xidmət işçilərini də işsiz qoyacaqlarını düşünmür. Məşqçilərin başqa gəlir mənbəyi yoxdur və ailələrini dolandırmaq üçün ya şəxsi taksi xidməti göstərməli, ya da kuryer və ya mühafizəçi kimi işləyərək, əlavə pul qazanmalıdırlar”.
“Hətta, Gənclər və İdman Nazirliyinin İdman İdarəsinin rəisi Fərid Mansurov bir idmançının dünya arenasında tanınmasının uzun illər davam edən məşqlərin nəticəsi olduğunu vurğulamışdı. Və uzanan karantin rejimi bütün zəhmətlərimizi boşa çıxardı. Bu məsələni mütəxəssislərlə çox uzun müddət müzakirə etdik, TƏBİB-ə idman salonlarının açılması üçün tövsiyələr verdik, lakin cavab olaraq yalnız susqunluqla qarşılaşdır”, - həmsöhbətimiz bildirib.
Peşəkar idmançının sözlərinə görə, Azərbaycanın qonşu olduğu və COVID-19 infeksiyasının geniş yayıldığı ölkələrdə yalnız idman zalları deyil, həm də SPA mərkəzləri və su parkları fəaliyyət göstərir: “İdmançıların yarışlarda iştirak etməsi idman salonlarının açılmasının vacibliyinin tək səbəbi deyil. Qarabağdakı Vətən müharibəsindən sonra, ölkə iştirakçıların fiziki və mənəvi sağlamlığını bərpa etmək problemi ilə qarşılaşdıqda, idman mərkəzlərinin və idman salonlarının açılması məsələsi hər zamankindən daha aktual oldu”.
Ramil Əhmədov inanır ki, müharibə əlilləri idmanla məşğul olmağa başlayacaqları təqdirdə öz imkanlarına və cəmiyyətə faydalılıqlarına yenidən inanacaqlar: “Çünki bu sahədə özlərini sübut edə biləcəklər və dövlət üçün də Vətən uğrunda vuruşan qəhrəmanlara göstərilən bu qayğı böyük bir addımdır. Qürurumuz, 100 və daha çox kiloqram çəki dərəcəsində mübarizə aparan Paralimpiya cüdoçusu İlham Zəkiyev Birinci Qarabağ müharibəsi zamanı başından yaralandı və nəticədə gözlərini itirdi. Dəfələrlə çempion adını qazandı, dünya miqyasında layiqli bir idmançı oldu”.
“Müharibə veteranlarını tam həyata qaytarmalıyıq, bunun üçün onlara maddi fayda vermək kifayət deyil, idman salonlarının işini də bərpa etməliyik. Bir şəxs idman salonunun astanasını aşan kimi gün ərzində yığılan bütün mənfi enerji yox olur. Salonların açılması müharibə veteranlarının tam həyata qayıtması məsələsini həll etməklə yanaşı, gəncləri zərərli və ziyanlı vərdişlərdən qorumağa da kömək edəcək. Ölkədə son vaxtlar yeniyetmələr arasında intihar hallarının artmasını nəzərə alsaq, bu problem ən qısa müddətdə həll edilməlidir. Əks təqdirdə sonradan çox peşman olacağıq”, - deyə idman ustası vurğulayıb.
Onun dediyinə görə, yerli idmançılar dəfələrlə TƏBİB qarşısında bu problemi qaldırıblar, ancaq səslərini bu qurumun səlahiyyətlilərinə çatdıra bilmirlər: “İdmançılar zalları bağlamaq qərarının tam məntiqsiz olduğuna əmindirlər. Karaoke klubları və restoranlar açıqdır. 8 Martda bu müəssisələrdə nə baş verdiyinə baxın. Hansı sosial məsafədən danışmaq olar? Məntiq haradadır? Avtobuslarda sıxlıqdır, amma metro işləmir. Bütün dünyada Azərbaycan idman ölkəsi kimi tanınır. Hətta, ümummilli lider Heydər Əliyev idmanın Azərbaycanda geniş miqyaslı bir xarakter qazanmasının lazım olduğunu söyləmişdi. TƏBİB-i idman zallarını açmağa inandırmaq üçün başqa hansı arqumentləri gətirmək olar?”.
Öz növbəsində cüdoçu, paralimpiyaçı İlham Zəkiyev də açıqlamasında qeyd edib ki, hazırda Qarabağ müharibəsi veteranlarının, ilk növbədə, psixoloji daxil olmaqla, maddi və tibbi yardıma ehtiyacı var: “Əlil qazilərimiz reabilitasiya keçdikdən sonra onları Milli Paralimpiya Komitəsində gözləyirik. Onlar bizim qürurumuzdur. Onların sayəsində Qarabağda Azərbaycan bayrağı dalğalanır və həmin bayrağı idman arenasında da yüksəldəcəklərinə şübhə etmirik”.
ayna.az