Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ömrün ən həssas seçimi: İfrat azadlıqla şiddətin arasında


“Uşaqlar heyvan əhliləşdirilirmiş kimi öyrədilməz. Heyvanlara itaət etmək öyrədilir. Uşaqlar seçim etməyi, məsuliyyət götürməyi öyrənməlidirlər”.
Türkiyəli psixoloq, akademik Doğan Cüceloğlu
 
Fevralın 21-də baş verən, 21 yaşlı Sevil Atakişiyevanın intihar səbəbi günlərdir müzakirə edilir, çünki intiharından sonra sosial şəbəkədə yazışmaları ortaya çıxdı. Ona aid olduğu iddia edilən mesajlarda Sevil atasının təzyiqindən, evdə onu çox sıxdıqlarından bezdiyini, başqa ölkəyə qaçmaq istədiyini yazıb. Atası isə jurnalistlərə müsahibəsində qızına qarşı pis ata olmadığını deyib: “Mən qızımı oxutdurmuşam. 11 il məktəbə gedib-gəlib. Mən şiddətli biri olsaydım, onu oxutdurmazdım. Onu anası kimi 1-2 il oxutdurub, çıxarıb oturdardım evdə. İstəyirdim, qızım savadlı olsun”.
 
Ata qızına qarşı şiddət göstərib-göstərməməsi ilə bağlı sualı belə cavablayıb: “Nə edəydim, buraxaydım, “çöl qızı” olaydı? Təpinmək olmalıdır, mənə də evdə təpiniblər. İnanmıram, elə uşaq olsun ki, valideyni onu danlamasın. Rəfiqələri ilə görüşdüyünü dediyi saatda evə gəlməyəndə əsəbləşirdim. Deyirdim ki, niyə gec gəlmisən? Bir zəng edib, mənə deyərdin ki, yarım saat gec gələcəyəm”.

Bundan sonra isə “Valideyn övladından haradan gəlir, hara gedir, kimlərlərlə görüşür soruşa bilməzmi? Soruşursa, təzyiq göstərən, pis valideynmi olur?” sualları ətrafında müzakirələr başlayıb. Kimi öz həyatından nümunə gətirərək, daim valideynlərinin nəzarətini hiss etdiyini, bunun sevgidən və normal olduğunu deyərkən, kimi də qəti şəkildə razılaşmayaraq, gənclərə tamamilə sərbəstlik verməyin tərəfdarı olduğunu söyləyib.
 
“Valideyn övladına sərbəstlik verməlidir, yoxsa daim nəzarət etmək lazımdır? Balansı qorumaq necə mümkündür?”
 
“Mən hər şeyi yaxşı bilirəm” zehniyyəti
 
Psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov valideynlərin gənclərlə münasibətdə onlara sərbəstlik vermələrinin doğru olduğunu düşünüraçıb: “Valideynlərimizin gənclərimizə yanaşması dostluq münasibətləri formasında olmalıdır. Gənclərin dialoqa, anlayışa, müzakirəyə ehtiyacı var. Bunu cəmiyyətlə edə bilməyəndə valideynlə etməlidir, çünki bir gəncin həyatında valideyni həm dostudur, həm də onun üçün cəmiyyətdir. Cəmiyyət birinci növbədə ailədir. Təbii ki, gənclərə sərbəstlik, azadlıq vermək lazımdır. Azadlıq verirsən ki, o, çoxlu seçimlərlə qarşılaşsın, doğruyu seçməyi öyrənsin. Bizim valideynlərimiz övladlarının səhv etməsindən narahat olurlar, amma insan səhvləri ilə böyüyür. Səhv anlayışı bir təcrübədir. Səhv etməsək, təcrübə də qazana bilmərik. Biz çoxlu səhvlər etməklə öz həqiqətimizi tapmış oluruq. Həqiqətimizi isə özümüz tapdığımızda bizim olur. Başqalarına görə yaşamaq, onların fikirlərini önəmsəməklə biz, sadəcə ömrümüzü mənasızlaşdırmış oluruq. Gənclər də təbii olaraq bununla razılaşmırlar”.

“Gənclik insan həyatının fərqlilik, yenilik axtaran dövrüdür. Bu dövrdə insan zehniyyəti psixoloji olaraq bütün fərqliliklərə, yeniliklərə açıq olur. Bəzən fərqlilik və yeniliklər istəyi bizi çoxlu alternativlərlə üz-üzə qoyur. Bu halda biz yeni həyatlarla tanış oluruq və bəzən öz həyatımızla müqayisə apardıqda nələrinsə doğru olmadığını görürük. Əgər həyatımızda nələrsə qaydasında deyilsə, bu müqayisə nəticəsində özümüzlə dialoqa başlayırıq. Bu, təfəkkür anlayışıdır. Təfəkkürün əsas qaydası özünə sual vermək və özünü axtarmaqdır. İnsan özünü axtaranda psixoloji gərginliklər yaranır, həyatın mənasız olduğunu, ona heç bir şans vermədiyini düşünür və bu, patoloji hala keçəndə intihar baş verir”, - deyə psixoloq bildirib.
 
Onun sözlərinə görə, bəzən valideynlər övladlarının həyatında hər şeyə nəzarət edə biləcəklərini düşünür, onlara çox müdaxilə edirlər: “Lakin valideynlər bilməlidirlər ki, daim onların nəzarəti altında olan övladları gələcəkdə real həyat imtahanları ilə üz-üzə qaldıqda, psixoloji olaraq həyata məğlub olacaqlar”.
 
Psixoloq insan həyatını çərçivəyə salmağın doğru bir tərbiyə metodu olmadığına diqqət çəkib: “Valideynlər övladları ilə dialoq qurmalı, səhv seçim etsə belə, onun yanında olmalıdırlar ki, bu təcrübədən sonra o, doğrunu tapa bilsin. Yoxsa bir insanın həyatını çərçivəyə salmaqla tərbiyələndirmək olmur. Tərbiyə anlayışı təhsil və mədəniyyətdən ibarətdir. Təhsil və mədəniyyətin də şərtləri bundan ibarətdir ki, insan oxumalı, öyrənməli və yaşamalıdır. Yaşamaq bir peşədir və bunun peşəkarı olmaq üçün mütləq səhvlər etməliyik. Səhvlərimizi müzakirə edəcəyimiz doğmalarımız olmalıdır. Nə olursa-olsun, anlayış göstərməliyik. Bizim valideynlərdə çox təəssüf ki, empatiya hissi yoxdur. Valideynlər övladlarına “mən hər şeyi yaxşı bilirəm” zehniyyəti ilə yaxınlaşırlar. Bəzən isə bunun nəticəsi heç yaxşı olmur. Övladlarını itirəndə dərk edirlər ki, övladlarının kim olmaq, harada olmaq istədiyi ilə heç vaxt maraqlanmayıblar”.
 
Nəcəfov qadağaların münasibətdəki səmimiyyəti aradan götürdüyünü deyib: “Övladla valideyn arasında dialoq olmalı, valideyn övladının verdiyi qərarları dəstəkləməlidir ki, arada səmimiyyət olsun. Hər şeyə qadağa qoyanda övlad heç nəyi valideynlə bölüşmür, nəyisə soruşanda da yalan və bəhanlər olur. Əgər valideynlər övladları ilə dialoq qura bilmir, hanısa müzakirə apara bilmirlərsə, mütləqdir ki, psixoloqla görüşsünlər. Övladlarında gərginlik müşahidə etdiklərində özləri də, övladları da psixoloqla görüşməlidirlər. Uşaqlarının psixoloji dəstək alması onun suallarına özü cavab tapmasına təkan, kömək olacaq”.
 
“Biz görmüşük ki, valideynlər çıxılmaz vəziyyətə düşər, yollar axtarar...”
 
İki övlad anası Sevinc Qarayeva uşaqlara sərbəstlik verməklə yanaşı,  daim nəzərət etməyin vacib olduğu qənaətindədir:  “Əvvəla, deyim ki, mən iki övlad anası olaraq gənclərin intihar xəbərlərindən narahat olmağa başlamışam. Bu vəziyyət məni də həddindən artıq düşündürür, narahat edir. Görəsən, niyə gənclər belə addım atır? Biz görmüşük ki, valideynlər çıxılmaz vəziyyətə düşər, vəziyyətdən çıxmaq üçün yollar axtarar. Övlad isə oxuyar, savadlı olmaq üçün çalışar. Valideyn də övladına baxar sevinər, çətinlikləri də unudar”.
 
“Sərbəstlik və ya nəzarətdə saxlamaq məsələsində isə, hesab edirəm ki, balansı qorumaq şərtdir. Həyat çətindir. Övladınla dost olmağı bacarmalısan ki, nəsə bir problemi olanda səninlə bölüşə bilsin. Lazım olduğunda, sən də böyük olaraq düz yol göstərə, məsləhət verə biləsən”, - müsahibimiz bildirib.
 
“Səhvinlə, düzünlə sən mənim övladımsan, səni təmənnasız, qarşılıqsız sevirəm”
 
Sosial media hesabından tez-tez “Övladın üçün oxu” deyə səslənən, oğul atası Sərxan Rüstəmovun fikrincə, uşaqlarla valideyn arasındakı münasibət qarşılıqlı hörmət və anlayışa söykənməlidir: “Təbii ki, uşağın hansı yaşda olması önəmlidir. Valideynin yanaşması da buna görə dəyişir. Ümumi baxdığımızda isə, istənilən məsələdə olduğu kimi, burada da balansı gözləmək lazımdır. Nə uşağı çox sıxışdırmaq, nə də özbaşına buraxmaq doğrudur. Əsas məsələ övladla valideyn arasında qarşılıqlı güvən, hörmətin olmasıdır”.

Həmsöhbətimiz hesab edir ki, bunun da təməli uşağın kiçik yaşlarından qoyulur: “Həmin dönəmdə valideyn övladına güvəndiyini hiss etdirir, onu anlayışla qarşılayırsa, bu bağlar qüvvətlənməyə başlayır. Məsələn, uşaq yolda gəzərkən yıxıldığında, valideyn ona qışqırmırsa, əlindən yerə düşüb sınan stəkan üçün onu danlamırsa, o, gələcəkdə hansısa səhvi olduğunda başqalarına yox, valideyninə üz tutacaq, çünki o, vaxtilə valideynindən anlayışlı münasibət görüb, indi də onu anlayışla qarşılayacağından əmindir. Həmçinin, düşünürəm ki, valideynlər daim övladlarına “Sən mənim üçün dəyərlisən. Səhvinlə, düzünlə sən mənim övladımsan, səni təmənnasız, qarşılıqsız sevirəm” mesajını verməli, bunu hiss etdirməlidirlər”.
 
“Öz valideyninə sözünü deyə bilməyən, ağzına vurulan uşaq sabah cəmiyyətdə öz haqqını da tələb edə bilməyəcək”
 
Pedaqoq Aytac Bəhramzadənin sözlərinə görə, dövrümüzün şərtləri nəzərə alınaraq, uşaqlara valideyn nəzarəti altında sərbsətlik verilməlidir: “Valideyn övladına sərbəstlik verməlidir. Seçimlərini, işlərini özünün etməsinə şərait yaratmalıdır. Yalnız bu halda başına gələn problemlərdə çıxış yolu tapmağı bacaran, mübarizə apara bilən övlad yetişdirmək mümkündür”.
 
Mütəxəssis valideynin nəzarəti olmasını mühüm sayır, amma: “Daim “bunu belə et, onu elə et” deməklə böyüdülən uşaq avam olur, cəmiyyətdə özünə yer tuta bilmir. Həyatın bizə sabah hansı sürprizlər hazırladığını bilmirik. Buna görə də elə şərait yaratmaq lazımdır ki, uşaqlarımız həyatı yaxşısı-pisi ilə dərk edib özləri qərar verməyi bacarsınlar. Valideynindən çəkinməsin, nəsə problemi olanda ona üz tuta bilsinlər”.
 
“Yoxsa öz valideyninə sözünü deyə bilməyən, ağzına vurulan uşaq sabah cəmiyyətdə də öz haqqını tələb edə bilməyəcək. Atalar yaxşı deyib: “Ər atanı el atar, ər tutanı el tutar”. Yəni evində hörmət edilən uşağa kənarda da hörmət ediləcək. İnsan həyata bir dəfə gəlir, nəyə görə başqalarının istəyinə, arzusuna uyğun hərəkət etməlidir? Sərbəst qərar vermək, seçim azadlığını təmin etmək lazımdır ki, qoy, xoşbəxt də olsa, öz seçimi ilə olsun, bədbəxt də”, - deyə A.Bəhramzadə vurğulayıb.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10