“Aygün Kazımova, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva ilə işləyən zamanlarda onlar heç tanınmış deyildilər”
“Vətən məni yetişdirib, bu ellərə yolladı,
Bu torpağa qurban deyib, Allaha ismarladı”
Özümüzü dərk edəndən bu marşı dinləyib, onun sədası ilə böyüyümüşük. İndi isə uşaqlığımızın xatirələrindən boylanan, sevərək dinləyimiz “Əsgər marşı”nı övladlarımıza öyrədirik. I Qarabağ döyüşlərindən sonra dilimizdən düşməyən bu marşın müəllifi, tanınmış bəstəkar Cavanşir Quliyev Moderator.az-ın suallarını cavablandırdı.
Hazırda Şimali Kipr Türk Cümhuriyyətində Yakın Doğu Universitetinin səhnə sənətləri fakültəsinin professoru vəzifəsini icra edən bəstəkar 70 yaşındadır. Onunla söhbətimizdə 70 yaşın qürbət qoxusundan bəhs etdik.
-Bir neçə gün bundan öncə sosial şəbəkədə Bakı üçün darıxdığınızı yazmışdınız. Ən çox nə üçün darıxmısınız?
- İnsanın psixoloji xəritəsi elədir ki, bir yer üçün darıxarkən, xiffət edərkən özü-özlüyündə nəyin xiffətini çəkdiyinin araşdırmır. Darıxmaq cəm halında olan bir hissdir. Hətta qürbətdə insan Bakının küləyi üçün belə darıxır. Bəziləri düşünə bilər ki, bunun nəyi yaxşıdır? Bu insanın quruluşu ilə bağlıdır. İnsan doğulandan, yaşlanana qədər ideal şəkildə yaşamır.
Mənim üçün vətən təkcə daşdan, divardan ibarət deyil. İnsan torpağının insani xatirələri üçün darıxır. Mən bu anlamda qeyd etmişdim. Açığı Bakıdakı həyatım, xatirələrim üçün darıxıram. Yaxşı xatirələri yenə yaşamaq istəyirəm.
-Bir neçə ay bundan öncə 70 illik yubileyiniz olsa da qeyd etmədiniz. Bu pandemiya ilə bağlı idi, yoxsa başqa səbəblər vardı?
- Bəstəkarın, yazıçının yaradıcı insanların yubileyini özü qeyd etməz. Televiziya kanalları mənimlə çalışmaqda ehtiyat edir. Xasiyyətim də elə deyil ki, qapılara düşüb müraciət edim. Bu zamana qədər mənimlə bağlı keçirilən tədbirlərin heç birinin təşəbbüskarı mən olmamaışam. Heç bir zaman özüm üçün kiməsə müraciət etməmişəm. İnsan özünü heç kimə sırımamalıdır. Ehtiyac olsa özləri axtarıb, müraciət edərlər.
Yubiley kütləvi, yəni həm konsert şəklində qeyd edilir, həm də mediada, televiziyada, qəzetlərdə silsilə materiallar çap olunur. Düzdür, doğum günümdə dostlarım, çevrəmdəki insanlar məni təbrik etdi, bir neçə ictimai təşkilat mükafata layiq gördü. Amma elə bir tədbir olmadı.
İnsanlar var ki, qapıları döyüb, bəzi şeylərə nail ola bilirlər. Mən isə elə bir niyyətim yoxdur, heç etmərəm də. Beləliklə, mənə də təklif gəlmədi, olsaydı təbii ki, hazır idim. Heç bir televiziya kanalı, media mənimlə maraqlanmadı. Pandemiyanın da təbii ki, burada təsiri var. Amma...
-Əvvəllər Azərbaycanın tanınmış sənətçiləri, xalq artistləri ilə, xüsusən də Aygün Kazımova ilə iş birliyiniz olurdu. Bəs indi hansı sənətçilərlər çalışırsınız?
- Heç zaman əməkdaşlıq etmək üçün tanınmış sənətkar axtarışına çıxmamışam. Əsərimi sanballı şəkildə oxuya bilcək sənətçilərə üstünlük vermişəm. Adını qeyd etdiyiniz və hətta etmədiyiniz elə sənətçilər- Aygün Kazımova, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva ilə işləyən zamanlarda onlar heç tanınmış deyildilər. Onlar bizim mahnıları oxuyaraq tanındılar. Ona görə də yaradıclığımı tanınmış və tanınmamış sənətçilər istiqamətində qurmuram. Ən önəmlisi odur ki, müğənni yazdığım əsərləri kifayət qədər yüksək, keyfiyyətli şəkildə dinləyiciyə çatdıra bilsin.
Aygün Kazımova ilə isə iş birliyimiz dayanmadı, yəni, hələ də davam edir. Və əlbəttə ki, əvvəlki kimi intensiv deyil.
-Səbəb nədir?
-Çünki mən Bakıdan uzaqdayam. Azərbaycana gələndə Aygünlə müəyyən işlər görürük. Məsələn, son işimiz “Şairim” adında mahnı olub. İntensiv olmamasının səbəbi isə mənim Bakıda yaşamamamğımdır. Digər səbəbi isə insanın yaşadıqca təcrübə toplaması və bəzi şeylərə başqa cür baxmasıdır.
Bir dəfə oturub, hesabladım ki, bu zamana qədər 1000-ə yaxın mahnı yazmışam. Ona görə də ömrünün müəyyən dönəmindən insan mahnı yaradıclığına başqa cür yanaşmağa başlayır. Əgər araşdırsanız görəcəksiniz ki, mahnı yazan hansısa bəstəkar təcrübə topladıqdan sonra ömrünün orta yaşında say baxımından çox az mahnılar yazır, əvəzində keyfiyyət baxımından başqa əsərlər ortaya çıxır Bu tək mənim deyil, Tofiq Quliyev, Cahangir Cahangirov, Hacı Xanməmmədov, Ramiz Mirişlinin də yaradıclığında belədir. Bunun cavabı odur ki, insan təcrübəli olandan sonra işlərini daha çox analiz edir. Bəzi işlərdən imtina edir və bir çox şeyləri təkrar etməyin mənasız olduğunu düşünür.
-Biz sizin bəstəniz olan “Əsgər marşı”-nı dinləyərək böyüyən nəsilik. Bu marşdan sonra çox sayda bu tip marşlar yazılsa da heç biri onun qədər sevilmədi. Sizcə bunun səbəbi nə idi?
-Hər hansı əsərin bədii keyfiyyətli olması üçün bir çox amillər lazımdır. Öncə o əsəri yaradan adamın son dərəcə səmimi olması vacibdir. Əsərin müəllifi onu yazmağı çox arzulamalıdır. Bəzən yarı zarafatla müqayisə edirəm ki, ana bətnində uşaq 8-9 aylıq olduqda ana bu uşağı tez zamanda dünyaya gətirmək istəyir. Həm nəslini davam etdirmək, həm də canını o əzabdan qurtarmağa çalışır. Yaradıcı insan da təxminən buna bənzər hisslər keçirir. İçinə düşən əsəri tez bir zamanda üzə çıxarmaq, o əsərdən xilas olmağı arzulaylr. Bu ona sakitlik, rahatlıq vermir. Bu o deməkdir ki, sözügedən mövzu onu çox maraqlındırır.
Səmimi olduqda dünyaya gətirdiyin bir məhsul sənin övladın kimi sənə dəyərli olacaq. I Qarabağ döyüşlərində Şuşada, Laçında mən yeni yaranan Azərbaycan orusudusunu görmüşdüm və bu məni heyrətləndirmişdi. Biz əsgərlərimizi hərbi texnikanın üstündə görməyə alışmamışdıq, o mundirin üstündə Azərbaycan orusunun işarəsini görməmişdik. Həmin döyüşlərdə əsgərlərimizi görəndən sonra ürəyim coşdu. Həmin vaxt müstəqlliyi yeni əldə etmişdik və eyni zamanda müstəqilliyimiz təhlükədə idi. O an içimdən belə bir coşqu keçid. Heç kim başımın üstündə durub məndən bu marşı tələb etmirdi.
-O bizim ilk sevilən və dillər əzbəri olan marşımız oldu.
- Həmin vaxta qədər əsgərlərimiz daha çox rus marşları oxuyurdular. Azərbaycan marşları yox idi. Mən də çox istəyirdim ki, Azərbaycan ordusunun əsgəri, marşı olsun.
-Siz getdikdən sonra haqqınızda deyildi ki, ölkəni küsüb tərk etmisiniz. Yayılan xəbərlər nə qədər doğrudur?
-Hər zaman yarı zarafat, yarı gerçək dostlarıma deyirəm ki, mən heç kimdən küsmürəm, nəticə çıxarıram. Mənim yaşımda olan müəyyən yaşa çatmış insan küsməməlidir, həyatın gedişatına dorğu nəticələr çıxarmalıdır. Azərbaycandan getməyim nəticə çıxartmağım demək idi.
-Çıxardığınız nəticə nə oldu?
-İctimai-siyasi müsahibələrimə, bir vətəndaş kimi mövqeyimə görə ittiham olundum. Qeyd edim ki, dediyim sözlərə görə, etdiyim hərəkətlərə görə demirəm, Azərbaycanda insanları sözlərinə görə cəzalandırırlar, hərəkətlərinə görə yox. Cinayət Məcəlləsində sözə görə cəza yoxdur. Bu münasibətimə görə məni cəzalandırmaq qərarına gəldilər.
- Sizi necə cəzalandırdılar?
-Bəstəkara ən böyük cəza onun əsərlərinin səsləndirilməsinə qadağa olunması, televiziyalarda, radiolarda səsləndirməsini dayandırmaqdır. Bu bəsətkar üçün ölümdən də betərdir. Çünki onun peşəsini, sənətini əlindən alırsan. Bəstəkarın peşəsi kütləvi peşədir, insanlarla bağlıdır, o musiqini çatdıran KİV-lərlə bağlıdır. Təsəsvvür edin ki, şairin şeirini çap etməyə icazə vermirsən. Bu o deməkdir ki, həmin şairə ehtiyac yoxdur. Orta əsrlər deyil ki, əldən ələ şeirlər gəzsin. Bax mənə belə bir cəza kəsdilər. İşdən də çıxartdılar, çörək pulunu da əlimdən aldılar. Bakının küçələrində boş-boş gəzirdim. Kimsə maraqlanmadı ki, necə yaşayırsan, bu vaxta qədər niyə ölməmisən. Başıma çarə axtardım. İnternet vasitəsi ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Ali təhsil ocaqlarına müraciət etdim. Kiprdən dəvət gəldi, mən də çantamı götürüb gəldim.
Azərbaycandan küsməmişəm. Bu yanlış fikirdir. Ölkədən küsmək mümkün deyil. Ölkədən də küsərlərmi? Hakimiyyətin mənə qarşı tutduğu mövqedən qaçdım. Mənim oksigenimi bağladılar. Bu yolla məni cəzalandırdılar. Müğənnilərə mədəni surətdə deyilirdi ki, siz onun mahnılarını bizim efirə gətirsəniz o mahnılar təhlükə altına düşər. Uzun illər işlədiyim müğənnilər məndən uzaqlaşmağa başaldılar.
3 balet yazdım Mədəniyyət Nazirliyinə apardım, Azərbaycan Dövlət Opera və Balet teatrına müraciət etdim. Hamısı üzümə gülürdü. Ancaq nəticədə baxardım ki, məndən sonra yazılan əsələr ifa olunur, mənimki isə yox.
-Vətənə dönməyi düşünürsünüzmü?
- Sabah Bakıdan təklif gəlsə bir saniyə belə burda qalmaram.