Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hamı Onun axtarışındadır – Nizamidən yeni tərcümə - Mətn


Yazar-tərçüməçi Etimad Başkeçidin filoloji tərcüməsində dahi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının “Başlanğıc” hissəsini təqdim edirik.
«Bismillahi-r-rəhmani-r rəhim» – hikmət xəzinəsinin açarı budur.
Hər fikrin ibtidasında Allahın adı var, Onun adıyla qurtarar bütün söhbətlər, sən də hekayətini bu adla qurtar.
Əzəli və bəqa olan Odur, həmişə var olub, daim yaşayandır.
Bu əski dünyanın ulu sultanı – qələmi yazıya qovuşduran Odur.
Fələyin sirr pərdəsini aralayandır, amma hər sirdən xəbərdar olan aqillər üçün belə Özü həmişə sirr pərdəsi arxasındadır.
Səxavət çeşmələrini yaradan, bütün var olanları vücuda gətirən Odur.
Odur günəş qurşağına ləl düzən, torpağı süsləyən, sulara zinət verən.
Batini dünyasını pərvəriş edənlərə öyüd verən, ağıl öyrədəndir, Ruzi arxasınca düşənləri yeni günə çıxarandır.
İdrak mənzilində inciləri sapa düzəndir O, ağlın gözünü görə bilmədiklərinə açandır.
Alnı açıq bəndələrinin alnına öz möhürünü vuran, taxtda əyləşənləri taclandırandır.
İnsanların düşünüb-daşınıb, ərsəyə gətirdiyi nə varsa, Onun yanında qüsurludur, O isə bütün qüsurları bağışlayandır.
Çaxnaşmaya düşüb, bir-biriylə qovğa edənlərin işini nizama salan, onları hüzura qovuşdurandır, hikmət qaynağıdır ariflər üçün.
Həm varlığı, həm sifətləriylə əzəli və əbədi olandır, hər şeyi yaradan və yox edəndir.
İki aləmə sığmaz onun qüdrəti, ehtişamı, bizim əvvəlimiz-axırımzsa bircə an, bir göz qırpımıdır.
Bu möhnətli, geniş dünyada, Allahdan savayı, kimin hünəri var desin: «Bu mülk kimindir?»
Yuxarıda, aşağıda, böyük, kiçik hər nə varsa Onun qüdrətindən nazil olub, yenə qalan O olacaq, fənaya uğrayacaq hər şey.
Əzəldən elm öyrənənlər belə bu işin düyününü aça bilməmişlər.
Bir dərin dəryadır bu əzəli hikmət, əbədi və ucsuz-bucaqsız səhradır.
Əvvəli-axırı bilinmir Onun, ibtidasız əvvəldir əvvəli, axırı nəhayətsiz axırdır.
Ondandır vücud bağının səfası, nəgiz gözlərinin nuru Ondandır.
Allaha qul olmaq var bütün varlıqların, hər canlının siqlətində.
Bəqası yoxdur Ondan başqa var olanların, O, müqəddəsdir, çünki fənası yoxdur.
Dağın-daşın, yerin-göyün min ətək minnəti vardır Ona.
Nə qədər ki, Onun kəramətini nur pərdəsi örtmüşdü, şəkər qamışdan aralı düşmüşdü, tikan güldən.
Elə ki, səxavət əlini açdı, abad oldu Onun kəramətindən, varlıq yoxluğun buxovundan azad oldu.
Bu iki-üç xaraba kəndin* şövqüylə düyünə düşmüşdü fələyin işi.
Bu ağlı-fikri yandıran düyün açılana qədər, gündüzün əlindəydi gecənin zülfü
Elə ki, O, fələyin gövhərlərini sapa düzdü, gecənin zülfündən yoxluq tozunu darayıb təmizlədi.
Fələyə taxdığı çənbərlərdən yeddi düyün vurdu torpağın qurşağına.
Günəşə və Aya don biçdi ağdan, qaradan – birinə ağ əba geyindirdi, birinə qara cübbə.
Dənizin dərinliklərindən səfra buludlarını çıxardı, qüdrətindən Xızır bulağı, əbədi həyat çeşməsi çağladı yaşıllıqların arasında.
Səhərin dolu piyaləsini gecə rəngli qönçəyə tökdü, bir damcı da daşın ağzına damızdırdı** ondan.
Odla suyu qarışdırdı, onlardan dürr dənəsi və yaqut yaratdı.
Şiddətlə əsən külək torpağın qanını aparıb daşın ciyərinə saldı, yaqut doğuldu ordan ciyər kimi qan-qırmızı.
Səxavət bağının qapısını açdı göylər, quşa dil verdi, fələyə qədər ucaltdı səsini.
Şirin meyvələr verdi dilin ağacına – qulağa xoş gələn sözlər verdi, qulaq sədəfi verdi dildən qopan mirvari üçün.
Pərdə çəkdi yuxunun sirrinin önündə, sudan xəlq etdiyi bədənə can verdi.
Dünyanın çiyinlərinə dağıtdı Yerin zülfünü, Adəmin üzünə itaətsizlik və üsyan nişanəsi qoydu.
Qızılı təmizlədi, tozunu aldı, bahar yağışlarıyla yudu qonçəni.
Səmanın üzündəki ləkəni ulduzlarla sildi, gül qoxusuyla təravətləndirdi, can verdi səhər yelinə.
Fışqıran qanla doldurdu torpağın ciyərlərini, ağlın döyüntülərini qoydu ürəyin vurduğu yerə.
Dərd-qəmi dağıtmaq üçün, Onun hökmüylə, dodağa gülüş qondu, gecələr Zöhrənin nəğməsi səsləndi göylərdə.
Gecəyarısı – onun çərçisidir, müşk-ənbər satandır, təzə Ay isə qulağı sırğalı köləsidir.
Söz nə qədər uzaq getsə, nə qədər yuksəyə qalxsa da yenə, Onun dərgahındakı döşəmə daşına çata bilməz.
Çox yollar dolaşdı ayaqdan yüngül vəhm, amma Onun qapısından əliboş qayıtdı.
Çox yollar dolaşdı, çox yerlər gəzdi, yenə də sirrindən agah olmadı; gözləri aradı, axtardı, amma bənzərini tapmadı.
Ağıl çıxdı ortaya, «Mən vəhmi çağırdım, ədəbsizliyinə görə onu tənbeh elədim» – dedi.
Pərgarının ucundan çıxan kim varsa – yaratdıqlarının hamısı, bizim kimi, Onun axtarışındadır.
Sidrdə əyləşənlər Ona sarı can atır, Ona tərəf qanad çalırlar, Onun qapısını döyürlər Ərşi-əlada gəzənlər.
Çərxi-fələyin ən uca zirvəsinə yüksələn hər varlığın boynunda onun minnəti var, ən aşağıda, torpağın qoynunda olanların vücudu da onun şövqüylə doludur.
Təkdir, Onun adıyla canlanır, intişar tapır hər şey; tayı, bərabəri yoxdur, hökmranlığı əbədidir Onun.
Yolda yorulanlar Onun qüdrətindən güc alır, əl-ayağı bağlı olanlar Onun carçısının səsini eşidən kimi ayaq açıb yeriməyə başlayır.
Cismdən, bədəndən özünü pak bilən can belə Onun dərgahında, qapısının önündə torpaq olmaq istəyir.
Onun qapısının torpağına düşən toxumdan elə güllər açır ki, İrəm bağı onun yanında boş əfsanədir, nağıldır.
Nizaminin torpağı da Onun tövhid dənəsindən intişar tapmış tarladır.
Tövhid və minacat
Ey bütün varlığı xəlq edən, sənin qüdrətindən güc aldı, dirçəldi torpaq.
Sənin bayrağın altında oturub külli-kainat, bizim varlığımız Səndən, Səninsə varlığın öz zatındandır.
Sənin varlığının surəti yox, oxşarı yox, heç kimə bənzəmirsən Sən, kimsə Sənə bənzəməz.
Heç vaxt dəyişməyən, dəyişilməyən Sənsən, ölməzsən, heç zaman ölməyəcəksən.
Biz hamımız ölümlüyük, faniyik, uca məmləkət, müqəddəs səltənət yalnız Sənindir.
Sənin hökmünlə qərar tutub, hüzur tapıb yerlər, mavi göy qübbəsini sütunsuz, dirəksiz saxlayan Sənsən.
Kim əyə bilərdi səmanı çövkan kimi, cismin qazanına can duzunu kim tökərdi Səndən savayı?

* Ortaçağ şərhlərinə görə, Nizami «İki-üç xaraba kənd» dedikdə alleqorik olaraq insanların məskunlaşdığı bütün torpaqları nəzərdə tutur.
** Birinci misrada gül qönçəsinin içindəki şeh damcısına işarə edilir. İkinci misrada isə daş sədəfi (bətnində mirvari bəsləyən dəniz heyvanı) və su udumu isə yağış deməkdir. Qədim inanca görə, yağış yağanda sədəflər suyun üzünə gələrək ağzını açır və bir damcı yağış onun ağzına düşür, həmin bir damcı yağış sonra mirvariyə çevrilir.
Sətri tərcümə və şərhlər Əli Şükrünündür





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10