Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yol polisləri niyə belə çoxalıb – DYP deyir ki…


Mövcud mənzərə vətəndaşın təəccüb və narazılığına səbəb olur, müvafiq qurumlar isə “xətası olan narahat olsun” deyir
 
Son zamanlar, istər paytaxt küçələrində, istər digər şəhər/rayonlar daxilində, istərsə də ölkədaxili magistrallarda xidmət edən Dövlət Yol Polisi (DYP) əməkdaşlarının sayı xeyli artıb. Bu artım özünü stasionar DYP postlarında da qabarıq büruzə verir.
 
 
Üstəlik, sürücüləri təəccübləndirən məqam ondan ibarətdir ki, bu cür kütləvi yoxlamalar (reyd) nəinki xüsusi karantin rejiminin sərt vaxtlarında, heç pandemiyanın meydana çıxmadığı zamanlarda da müşahidə olunmayıb.
 
Nə baş verir? Yol polislərinin sayı artırılıb, yoxsa başqa səbəb var ki, vətəndaşların təəccübünə (və narazılığına) səbəb olan mənzərə müşahidə olunur?

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevin dediyinə görə, yol polislərinin ştat sayında heç bir dəyişiklik yoxdur: “Polislər də əvvəlki polislərdir. Karantin rejimi yumşaldıqdan sonra hərəkət iştirakçılarının sayının artması və yollarda sıxlığın yaranması ilə əlaqədar olaraq əməkdaşlarımız həmin sıxlıqların sayının azalması ilə bağlı öz işlərini həyata keçirirlər. Ola bilər ki, onların sayı bəzilərinin gözünə çox dəyib. Ştat sayında heç bir artım yoxdur. Əvvəlcə nə qədər əməkdaşımız var idisə, həmin əməkdaşlar da yenidən xidmətə cəlb olunublar” .
Image result for Vaqif Əsədov
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da dəyişən bir şey olmadığını deyib: “Konkret ərazidə xidmət aparan əməkdaşlar öz funksional vəzifələrini yerinə yetirib, yetirir və yerinə yetirəcəklər. Əgər siz polis əməkdaşlarının sayca çox olduğunu düşünürsünüzsə, bəs, niyə bəzi vətəndaşlar “yollarda polis görsənmir” deyirlər? Kimsə 3 nəfər polis əməkdaşını görür və deyir ki, yollarda polis çoxdur, bu, o deməkdir ki, yollarda polis çoxdur?”.
 
“Siz bilirsiniz ki, polislər olmasa, hərəkətlə bağlı nələr baş verə bilər? Polis olmadan bəzi hərəkət iştirakçıları özləri öz hərəkətlərini tənzimləyə bilər? Vətəndaşlar özləri özlərinə hesabat verməyi bacaracaqlar? Kimlərsə düşünürsə ki, polis əməkdaşlarının sayı çoxalıb, həmin insanların çox güman ki, saysız inzibati xətaları var və cərimələrdən yayınmaq üçün polis əməkdaşlarının sayca çox olmasına bəhanə gətirərək sosial şəbəkələrdə çıxış etməyə çalışırlar”, - Əsədov bildirib.
 
BŞBPİ rəsmisinin sözlərinə görə, əhali mövcud durumdan razıdır: “Vətəndaşlar var ki, hər gün bizə zəng edir, polis əməkdaşlarının xidmətindən razılıqlarını bildirirlər. Təbii ki, nöqsan və qüsurlar da ola bilər. Bu nöqsan və qüsurları da birgə aradan qaldırmalıyıq. Və bu gün yol qəzalarının sayının azalması, vətəndaşların polis əməkdaşlarının xidmətindən razı olması, hər bir vətəndaşın məmnunluq hissi ilə bizə müraciəti və s. nəzərə alınmır?”.
Картинки по запросу
Yol-nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, ümumiyyətlə, DYP-nin gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi müsbət haldır: “Şəhərdə son vaxtlar hədsiz tıxaclar müşahidə edilir. Eyni zamanda, piyaların xaotik hərəkəti, avtobus dayanacaqlarındakı sıxlıq, digər tərəfdən də yol-nəqliyyat hadisələrinin sayının artması, ağır yol-nəqliyyat hadisələrinin baş verməsi halları var. Hətta, bir qəzada 3 nəfərin ölüm xəbərini bu yaxınlarda eşitdik. Bu baxımdan yol polislərinin gecləndirilmiş iş rejimində çalışması təbiidir. Əgər sürücülərə və ya digər hərəkət iştirakçılarına qarşı qanundankənar bir hal varsa, bunu deyə bilmərəm”.
 
Həmsöhbətimiz xatırladıb ki, polisin işi sırf təhlükəsizliyi təmin etməkdir: “Yollarda nəqliyyat axınını, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək – bunlar yol polislərinin işinin əsasını təşkil edir. Bilirsiniz ki, avtobus dayancaqları taksilər tərəfindən zəbt olunub. Avtobuslar dayanacaqdan kənar dayanır, avtobus gözləyən insanlar yolun hərəkətə hissəsinə çıxırlar, avtobuslar da ikinci cərgə dayanır ki, onlara da polislər nəzarət etməlidir. Pandemiyadan sonra bəzi sürücülər harda boşluq görürlərsə, kobud şəkildə qayda pozurlar, avtoxuliqanlıq edilər”.
 
“Kafelər, restoranlar açılıb, sərxoş sürücülərin sayı artıb. Əvvəlki, pandemiyanın sərt dövrünə nisbətən xeyli sərxoş sürücülər – sükan arxasında içkili vəziyyətdə maşın idarə edənlər aşkarlanır. Yəni, yol polisləri ümumi təhlükəsizliyə nəzarət edirlər. Hamısı təhlükəsizlik tədbirləridir. Əvvəl yollarda yol polisləri az görünürdülər, çünki postlarda xidmət aparırdılar. İndi isə postlar yoxdur, onlar da gündəlik iş prosesini həyata keçirirlər”, - deyə Muradlı fikrini yekunlaşdırıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10