Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Atamı, əmim oğlunun 8 nəfərlik ailəsini, 41 nəfər qonşumuzu öldürdülər” - Xocalı Rabitə Qovşağının sabiq rəisi...


Bir neçə gün sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq. Moderator.az-ın bir müddətdir ki, faciə şahidləri ilə silsilə müsahibələri təqdim edirik. 
Bu günki müsahibimiz Xocalı sakini, Xocalı Rabitə Qovşağının rəisi vəzifəsində çalışan Cavid Əliyevdir. O, həmin qanlı günləri Moderator.az-a belə nəql edib:
“1988-ci ildən ermənilər Xocalıya hücumlar edirdilər. Onlar tez-tez yığıncaqlar keçirib Xocalını işğal etməyi planlaşdırırdılar. Azərbaycanlıları isə iclasa buraxmırdılar. Bu isə bizi çox narahat edirdi. 1988-ci ilin avqust ayında Xalq şairi Xəlil Rza Ulutürk Xocalıya gəldi və insanların qarşısında çıxış etdi. O, dedi ki, “sizə hökumət tərəfindən heç bir kömək yoxdur. Özünüz evinizi-eşiyinizi müdafiə edin, düşmənlə döyüşün”. Orda bizə şəkillər göstərib dedi ki, “sizin evlərinizi ermənilər yandırıb bu cür xarabalığa çevirəcəklər”. 
“İnsanlar ov tüfəngi almaq üçün mal-heyvanını satırdı...”
“1988-ci ilin sentyabr ayının 18-də ermənilər Xocalıya hücum etdilər. Həmin vaxt əhali evində olan ov tüfəngləri ilə onların qarşısına çıxdı. Hər iki tərəfdən yaralananlar oldu. Ermənilər azərbaycanlı olduğunu düşünüb bir kişini öldürmüşdülər. Daha sonra isə onun erməni olduğunu biləndə dedilər ki, bunu azərbaycanlılar öldürüb. Onda Mərkəzi Komitədən Xocalıya nümayəndə gəldi. Onlar əhalini yığıb Gülablıya, sanatoriyalara apardılar ki, guya ermənilər üç gündən sonra yenidən Xocalıya hücum edəcəklər. Əhali gördü ki, onları aldadırlar və yenidən öz ev-eşiklərinə qayıtdılar. 1992-ci ilə qədər Xocalı Özünümüdafiə batalyonu yaradıldı. Bundan sonra könüllülərdən ibarət döyüşçülər postlarda keşik çəkməyə başladılar. Xocalı artıq hər tərəfdən mühasirəyə alınmışdı və şəhərdən çıxmaq mümkün deyildi. Şuşaya və ya Ağdama getmək üçün ermənilərin yaşadığı ərazilərdən keçməli olurduq. Bu zaman isə ermənilər bizim camaatı daşa basırdı, maşınların pəncərələrini sındırırdılar. İnsanlar ov tüfəngi almaq üçün mal-heyvanını satırdı. Daha sonra Xocalını mühasirəyə alan rus hərbçiləri azərbaycanlılardan silahları yığdılar”. 
“Bununla da Xocalının elektrik enerjisi kəsildi...”
“Biz 1992-ci ilə kimi bu vəziyyətdə yaşamışıq. Hər gecə ermənilərlə atışma olurdu. Xocalı faciəsindən 3 ay əvvəl Əsgəranla Ağdam arasındakı yüksək gərginlikli elektrik xəttini topla partlatdılar. Bununla da Xocalının elektrik enerjisi kəsildi. İdarələrdə generator işlədirdik. 1992-ci il fevralın 25-də axşam saatlarında bizə məlumat daxil oldu ki, Mərkəzi Komitə ilə danışıqlar aparılıb, yollar açılıb və guya Xocalıya yardım gətirilir. Sonradan məlum oldu ki, bu yalandır. Artıq silahlarımız da yox idi. Fevralın 25-dən 26-na keçən gecə gördük ki, ermənilər  Xocalını BMP-lərlə mühasirəyə aldılar. Keçmiş icra başçısı Elman Məmmədov, Milli Qəhrəman Əlif Hacıyev də rabitə vasitəsilə vəziyyətlə bağlı Bakıya məlumat verdi. Dəfələrlə bizə kömək lazım olduğunu desək də, hər dəfə söz verirdilər, amma kömək yox idi”.
“Geri qayıdanda gördüm ki, idarəmizin qarşısına “snaryad” düşüb...”
“Ermənilər Xocalını atəşə tutmağa başladılar. Onda idarədən çıxıb vəziyyəti öyrənmək üçün meşəyə tərəf getdim. Gördüm ki, artıq yolları da tutublar və ancaq Qarqar çayından keçib meşəylə Ağdama gedə bilərik. Geri qayıdanda gördüm ki, idarəmizin qarşısına “snaryad” düşüb. Artıq idarədə də heç kim yox idi, rabitəylə Ağdamla, Şuşayla əlaqə saxlamaq istəsəm də cavab verən olmadı. Generatoru söndürüb işçim Elxan Hüseynova dedim ki, get anamgili, uşaqları yığ gətir şəhərdən çıxaq. Biz ailəmizlə birlikdə meşə yoluyla üzü Ağdama tərəf yola düşdük”. 
“Gözlərimi açanda gördüm ki, qalxmağa taqətim yoxdu...”
“Ermənilər hələ də arxamızca atəş açırdılar. Orda Elman Məmmədovu, Əlif Hacıyevi gördük. Min nəfərdən çox əhali var idi, hansı tərəfə getdiksə, kolluğa gedib çıxdıq. Ona görə qərara gəldik ki, Şuşa istiqamətində çəkilən qaz kəməri boyunca irəliləyək. Səhər saatlarında Əsgəran-Naxçıvanik-Ağdam yolunda meşənin yanına çatdıq. Artıq Əsgəranın içi ilə gedən adamları görürdük və onlar da bizi görürdülər. Burda düşmənin  olduğu ağlımıza da gəlmirdi. Naxçıvanilə Əsgəran arasında bir ferma var idi, ordan bizi qəfil atəşə tutdular. İnsanlarımızın çoxunu orda qətlə yetirdilər. Qorunmaq üçün enişə düşdük. BTR üstümə gəldi və yenidən bizi atəşə tutumağa başladılar. Mən təpədən yuvarlanıb kolun dibinə düşdüm. Gözlərimi açanda gördüm ki, qalxmağa taqətim yoxdu. Güllələr yağış kimi üstümüzə yağırdı. Yanımda Nazim adlı bir yoldaş da var idi. Gördüm ki, ermənilər meyitlərin arasında gəzib diri qalanları axtarırlar və kim tərpənirsə, güllələyirdilər. Ara sakitləşəndən sonra Şelli istiqaməti tərəfə getdik və xilas olduq”. 
“Helikopterdən xeyli meyit və yaralı götürdük...”
“Sağ qalan adamlarımız isə Dəhrəzə tərəf getmişdilər. Vəli adında bir erməni meyitləri yığanda bizimkilərə deyib ki, atam Daşbulaqda iki ermənini vurub, başqa bir erməni də atamı vurub öldürüb. Atamgili axtarmaq üçün səhəri gün geri qayıtdım. Xocalılar da öz yaxınlarının meyitlərini axtarmaq üçün Qarqar çayının o tərəfində dayanmışdılar. Bir də gördük ki, vertolyot gəldi. Çingiz Mustafayev həmin anları kameraya çəkib. Helikopterdən xeyli meyit və yaralı götürdük. Bu vaxt yenidən bir erməni BMP-si peyda oldu və bizə atəş açmağa başladı. 23 gün orda insanlar meyitlərini qarşıladılar. Mən də atamın meyitini tapdım. Anamgili isə girovluqdan azad etmişdilər. Atam və qayınım isə şəhid oldu. Əmim oğlunun səkkiz nəfərlik ailəsi, yoldaşı, 3 uşağı, qardaşı, bacısı ermənilər tərəfindən öldürüldü. Təkcə bizim qonşuluqda 41 nəfər şəhid oldu”.
Vasif Əlihüseyn





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10