Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Oba” marketlərdəki işçilərin fırıldağı… – və ya kassirlərin “marketinqi”


Marketlərin vergidən və digər orqanlardan gizlədib qabağa düşmək istədikləri məbləğləri elə öz satıcıları, kassirləri onlardan oğurlayır. Həm də elə ustalıqla oğurlayırlar ki, heç mağaza sahibinin, menecerin ruhu da incimir. Necə?
İki gün əvvəl meyvə almaq üçün “Oba” marketə daxil oldum. Adətən, oradan ancaq vaxtım az olanda meyvə, tərəvəz alıram. Digər məhsullarının keyfiyyətinə güvənmirəm. Meyvələri tərəzidə çəkdirib kassaya yaxınlaşdım. Kassir xanım ədəb-ərkanla məhsulları sistemə daxil etdi və mənə 6 manat ödəməli olduğumu bildirdi. Aldığım məhsulların qiymətini və çəkisini bildiyimdən təxmini bu qədər olacağını düşündüm. Ancaq çek verməsini istədim. Mərəkə də bundna sonra başladı. Xanım əvvəlcə kassada qəpikləri qurdaladı və mənə 60 qəpik qalıq qaytardı. Halbuki, əvvəldən 6 manat istəmişdi və mən də həmin məbləği vermişdim. Qəpikləri qaytaranda duruxduğumu hiss elədi və məndən öncə dilləndi:
– Çekdə əlavə 2 məhsul vurulub. Yanlışlıq olub. Ona görə həmin məhsulların pulunu sizə geri qaytardım. Heç bir problem yoxdur. Arxayın ola bilərsiz.
Dəqiqləşdirmək üçün kassa çekinə baxdım. Aldığım 2 məhsuldan əlavə daha 2 məhsulun da çekdə qeyd olunduğunu və təbii ki, buna görə qiymət hesablandığını gördüm. Səbəbini soruşanda sadəcə yanlışlıq olubmuş kimi yola verdi. Aldığım 5 manat 40 qəpiklik məhsula görə mənə 6 manat 12 qəpik məbləğ hesablanmışdı. Ən pisi və gülməlisi də odur ki, çekdə heç vaxt istifadə etmədiyim məhsullar əlavə edilmişdi. Və bu, ilk dəfə deyildi. Yəqin ki, son da olmayacaq. Belə hallara digər marketlərdə də rast gəlmişəm. Ətrafımdakı insanlardan da bu barədə tez-tez eşidirəm. Bütün hallarda isə itirən ancaq marketlərdir. Bir dəfə aldadılan müştəri bir daha həmin marketə və ya dükana daxil olmaz.
Marketlərdə kassir və ya satıcılar hər alıcıya ən azı 70 qəpik, 1 manat əlavə məhsul vururlar. Bununla nahar yeməklərini, günlük xərclərini təmin etdiklərini düşünürəm. Təsəvvür edin, gün ərzində hər 3-cü müştəridən 50 qəpik, 70 qəpik, 1 manat əlavə pul alan kassir günün sonunda nə qədər “vırıçka” “qazanır”. Halbuki, orada 1 manat belə xərci yoxdur. Başqasının malını satır və əvəzində əməkhaqqı alır. Deyə bilərsiz ki, maaşı azdır deyə, bu yolla əvəzini çıxır. Ola bilər, ancaq maaşın az olması heç kəsə başqasının cibinə girməyə haqq qazandırmır. Hələ həmin şəxs sənin gündəlik müştərindirsə. Eləcə də başqasının əmlakı üzərindən qazanc götürmək ən yumşaq halda əxlaqsızlıqdır, ən pis halda cinayətdir.
Market sahibləri bəzi hallarda bundan duyuq düşüb kassiri, satıcını dəyişir. Ancaq “ənənə” dəyişmir. Xatırlayıram ki, hələ tələbə vaxtı mənimlə bir yerdə kirayədə qalan 2 qız marketdə satıcı-kassir işləyirdi. Onlar hər axşam işdən gələndə gün ərzində neçə müştərini bu yolla aldadıb “qazanc” əldə etdiklərini həvəslə danışırdılar. Təsəvvür edin, bu “ənənə” 20 ildən artıqdır davam edir. Və texnologiyanın bu qədər inkişaf etdiyi 21-ci əsrdə bir market sahibi öz işçisinə, öz mallarına nəzarət edə bilmir. Çünki başları özgəsindən nəyi necə oğurlamağa qarışıb. Halbuki, öz mallarına sahib çıxıb nəzarət etsələr, başqa heç nəyə ehtiyacları olmaz. Üstəlik, halal işlədikləri üçün müştəriləri də bol olar, Allah da ruzisini bol edər.

P.S. “Oğrudan oğruya halaldır” deməyin. Məbləğindən asılı olmayaraq oğurluq heç vaxt bərəkətli ola bilməz. Bərəkəti qazandıran halallığa söykənən əxlaqdır. Marketlərin itkilərini bir kənara qoyuram, gənclərin belə “iş təcrübəsi” məni daha çox narahat edir.mediapress.az

Analoq.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10