Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Mircəfər Bağırov bizim evə gedib-gələn adam olub, hətta anamın xörəklərini tərifləyərdi..."


"Süleyman Rəhimov atamın üzünə durub ki, guya atam terrorçu imiş, hakimiyyət çevrilişi etmək istəyirmiş"


"Mədəniyyət Nazirliyində muzeylərlərlə bağlı şöbə bu vaxta kimi bir dəfə gəlib maraqlanmayıb ki..."

Görkəmli ictimai xadim, Miniatür kitab muzeyinin direktoru Zərifə Salahovanın bu gün doğum günüdür. “Şöhrət” ordenli müsahibimiz Moderator.az-ın suallarını cavablandırıb.

- Zərifə xanım, doğum gününüz münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Necəsiz?

- Çox təşəkkür edirəm! Siz yaxşı olun, 89 yaşa qədəm qoydum. 90-a bir şey qalmayıb. Allah hamıya sağlıqlı can versin.

- Zərifə xanım, muzeylərə giriş bərpa edilib. Miniatür kitab muzeyinə gələnlər var?

- Bəli, muzeylərə giriş bərpa edilib, amma mən muzeyi mart ayının 2-də açacam. Çünki muzeyimdə eksponatlara baxan işçim xəstədir, yeni işçi götürməliyəm. Muzeyə hər insanı götürə bilmərəm. Ona görə də mart ayından muzeysevərlər buyurub gələ bilərlər. 

- Muzeyinizin seyrçiləri yerli sakinlərdir, yoxsa əcnəbilər?

- Daha çox əcnəbilər  gəlir. Məsələn biz 2019-cu ildə qeydiyyat aparmışdıq, yerli insanlardan 12 min gələn olmuşdu, amma əcnəbilərdən 76 min. Fərqi görürsüz? Xüsusi olaraq bu  muzeyi görmək üçün xarici ölkələrdən Azərbaycana uçanlar olur. Hədiyyələr, kitablar da göndərirlər. Bir dəfə də hədiyyənin üstündə 20 dollar pul qoymuşdular (gülür).

- Miniatür kitab muzeyinin yaradılmasında ulu öndər Heydər Əliyev də sizə çox dəstək olub.

- Ümummilli lider Heydər Əliyevin andiçmə mərasimində söylədiyi nitq miniatür kitab kimi nəşr edildikdən sonra onun 1995-ci il iyunun 3- də Milli Kitabxanada təqdimat mərasimi keçirildi. Tədbirdə kolleksiyamdan 2000 miniatür kitabın sərgisini təşkil etmişdim. Heydər Əliyev sərgiyə baxarkən dedi: “Zərifə, bu kitabların hamısı sənindir?” Dedim ki, bəli, amma hamısı deyil, burada 2000 kitab düzmüşük, kolleksiyamda isə 4000 kitab var. Sərgidə Erix Honekkerin 10 cilddən ibarət kitabı da var idi. O zaman artıq Almaniya Demokratik Respublikası yox idi. Bildirdim ki, cənab prezident, bu gün Almaniya Demokratik Respublikası yoxdur, amma kitablar indiyədək qalıb. Ulu Öndər mənə baxdı və dedi: “Bəli, kitablar qalır”.

- Bəs muzey üçün yerin seçilməsi necə təyin olundu?

- Ulu öndər Heydər Əliyevə dedim ki, əgər şəhərdə mənə yer versəydilər Miniatür kitab muzeyi yaradardım və kitabları şəhərə bağışlayardım. 5 aydan sonra mənə zəng edib dedilər ki, bizə tapşırıblar ki, İçərişəhəri sizinlə birgə gəzək, hansı yeri seçsəniz oranı sizə verəcəyik. Gəldik bir müdirin yanına, dedi ki, yer yoxdur. 3 gündən sonra onu işdən çıxardılar. Hara əlimi atırdımsa deyirdilər ki, bu onundur, o biri bunundur. Şirvanşahların yanı boş idi, bura gələndə qorxdular desinlər ki, bu kimindir, dedilər ki, bura sizindir (gülür). Seçdiyimiz yeri bizə vermədilər, bir müddət sonra məlum oldu ki, Elbay Qasımzadə həmin yeri özü üçün saxlayıbmış. Amma nəhayət ki, məsələ həllini tapdı.

- Muzey özü-özünü maliyyələşdirir?

- Muzeyi özümüz yaratmışıq, özümüz saxlayırıq, giriş də pulsuzdur. Üstəlik, işçilərin də maaşını veririk. Mədəniyyət Nazirliyində muzeylərlər bağlı o boyda şöbə var, bu vaxta kimi, 18 ildir muzey fəaliyyətə başlayıb, biri də bir dəfə gəlib baş çəkməyib, maraqlanmayıb. Bəlkə mən burada ölkənin əleyhinə bir iş aparıram?

- İstərdim atanızdan danışasız. Müsahibələrinizin birində bildirmisiz ki, Mircəfər Bağırov onu güllələtdirib.

- Atam həbs olunmamışdan qabaq Laçın rayonunun birinci katibi olub. Azərbaycan SSR KP MK-nın I katibi Mircəfər Bağırov 1937-ci ilin əvvəlində atamı işdən azad edib, Azərbaycan Meyvə-Tərəvəz Komitəsinə sədr müavini qoydu. Bir neçə aydan sonra onu Kommunist Partiyasından da çıxardılar. Bundan sonra atam partiyadan qanunsuz çıxarılması ilə bağlı dövlət məmurlarına, Bağırova ərizələr yazmağa başladı. Qeyd edim ki, Bağırov bizim evə gedib-gələn adam olub, hətta anamın xörəklərini tərifləyərdi. Amma atamın ərizələrinə cavab gəlmir. Atam Filarmoniya ilə üzbəüz binada yaşayan Bağırovu işə gedəndə saxlayıb deyir ki, “sən bilmirsən, mən necə firqəçiyəm, əgər partiya biletimi qaytarmasan, səni özüm güllələyəcəm”. Bundan sonra atamı tutdular. Amma biz Mircəfər Bağırovla atamın arasındakı dialoqu illər sonra bildik. Atamla birlikdə Laçında təbliğat şöbəsinin müdiri işləmiş Süleyman Rəhimovu da həbs etmişdilər. Süleyman Rəhimov atamın üzünə durub ki, guya atam terrorçu imiş, hakimiyyət çevrilişi etmək istəyirmiş. Məhkəmə 15 dəqiqə çəkib və atama 10 il iş veriblər. Sonra mənə dedilər ki, atanı güllələyiblər. Hətta Tahiri də Əzim Əzimzadədən çıxartmışdılar. Anam Mircəfər Bağırova yalvarandan sonra onu yenidən məktəbə qaytarmışdılar.

- Zərifə xanım, sizin qardaşınız dünya şöhrətli rəssam Tahir Salahovdur. Tez-tez görüşə bilirsinizmi qardaşınızla?

- Tahir mənim təklifimlə Rəssamlar Akademiyasının konsultantıdır və orada dövlət komissiyasının imtahanlarla bağlı sədridir. 1971-ci ildə Nardaranda ona yer verdilər, onun üçün orada bağ tikdirdilər. Onun imkanı da var idi ki, harada istəyir gedib istirahət etsin, amma o həmişə Nardarana gəlib dincəlir. O hər il iyun ayının 15-dən sentyabr ayının ortasına kimi Bakıya, Nardarandakı bağ evinə gəlir. Bundan başqa Bakıda ulu öndər ona ev də bağışlayıb.

- Deyilənə görə qardaşınızla münasibətiniz yoxdur. Bu deyilənlər həqiqətdirmi?

- Bəli!

- Bunun səbəbini bilmək olarmı?

- Tahir 3-cü kursda oxuyanda özündən bir kurs yuxarıda oxuyan Vansetta Qarayaqubova ilə ailə həyatı qurdu. Vansetta tanınmış özbəkistanlı rəqqasə Tamara Petrosyanın qızıdır. Bunlar evlənəndən sonra köhnə univermağın yanındakı evdə yaşayırdılar. Tahirə orada 4 otaqlı ev vermişdilər. Elə olur ki, Tahir bir müddətdən sonra xaricə gedir. Bir gün həyat yoldaşımın qohumu mənə dedi ki, Zərifə xanım, 33 yaşında bir oğlan var, məndən xahiş edib ki, Bilgəhdəki bağ evinin açarını versin. Sən demə, o həmin bağda Tahirin arvadı Vensetta ilə görüşürmüş. Hətta şəkillərini də mənə vermişdilər. Tahirə açıq-aydın xəyanət edirdi. Vensetta biləndəki biz bundan xəbər tutmuşuq,  hər şeyi, pulu, var dövləti, çamadanları yığıb Daşkəndə gedir. O zaman iki uşaqları var idi. Vensetta böyük qızını göndərir Tahirin yanına Moskvaya. Tahirə xəbər çatdırırlar ki, Zərifə bizi qovub! Bir müddətdən sonra Tahir mənə zəng etdi. Ona dedim ki, sən əgər Vensetta ilə barışsan...! Mən Tahirlə görüşüb, ona həmin şəkilləri göstərdim. Tahirə bıçaq vursaydın, qan çıxmazdı. Ona dedim ki, vaxt gələcək, sən mənə çox sağ ol deyəcəksən ki onu qovaladın! Sən demə, Tahir Vensettanın görüşdüyü oğlanı Moskvadakı tədbirlərdən birində öz xanımının yanında görmüşdü, elə bilib ki, dostdurlar. Çox keçmədi ki, Tahir Vensetta ilə yollarını ayırdı.

- O zaman Tahir Salahovun neçə övladı var idi?

- İki qızı var idi. Alagöz və Aydan Salahova. İkinci qızı, yəni Aydan Tahirdən yox, Toğrul Nərimanbəyovdandır. 1980-ci ildə isə əslən gürcü olan Varvara ilə tanış olur. Onu Praqada kiçik bacım Tahirlə tanış edir, daha sonra Tahir o bacımı da danışdırmır. Varvara rəqs ansamblının solisti idi. Anamın Varvaranı görən gözü yox idi, hətta Tahirə demişdi ki, onunla ailə həyatı qurma! Anama deyirdim ki, sən qarışma, özləri bilərlər. Bunlar evləndilər. Varvaranın da birinci həyat yoldaşından İvan adlı oğlu var idi. Bu uşağı da qızın anası saxlayırdı. Onu da qardaşımın oğlu kimi qeyd etdirib. Qardaşım Tahir Salahovun 80 illik yubileyinə miniatür kitab nəşr etdirdim. Amma o 80 illik yubileyində özünü elə aparırdı ki, elə bil bizi tanımır! Hər şeyi oğlum təşkil etmişdi, qonaqlar da çox idi. Yeməyindən əyləncəsinə kimi o təşkil etmişdi. Amma bu bizi yenə də tanımır. Deyirdik ki, əşşi cəhənnəmə ki, eybi yox! Tahir yubileyini keçirəndən sonra təcili Almaniyaya xəstəxanaya yola düşdü. Oğlum da onunla birgə getdi. Arvadı da gecələr gəlirdi, gündə içib sərxoş olurdu. 25 gündən sonra Tahiri reabilitasiyaya göndərəndə oğlum vətənə qayıdır. Tahir sağalandan sonra biz onunla Moskvaya uçuruq ki, çünki Moskvada onun sərgisi keçiriləcəkdi. Moskvada olanda onun bağına getdik, həyat yoldaşı Varvara özünü elə aparırdı ki, siz kimsiz bura gəlmisiz? Amma Tahir deyirdi ki, getməyin, qalın! Aydan Salahova məni guya tanımırdı. Sərgidən sonra Rusiya səfirliyində banket oldu. Şəkil çəkdirəndə gəlib qardaşımın qolundan yapışdım, bizdən də başqa orada çox məşhurlar var idi. Varvara gəlib məni itələyib, Tahirin yanında dayandı. İnciyib çıxıb getdim, şəkil də çəkdirmədim. Bir müddətdən sonra Tahir yenə Bakıya gəldi və mən  oğlumla birgə onunla görüşdüm. Mənə əsəbi halda dedi ki: “Məni birinci arvadımla ayırdın, indi məqsədin nədir? Varvaradan da ayırmaq istəyirsən?”. Onun birinci arvadı Vensetta şəhərdə adam qalmamışdı ki, görüşməsin! O gərək mənə sağ ol deyərdi!  Bu Aydanın sözləri idi, onun sözləri deyildi! Cibimdən "Quran" kitabı çıxarıb, and içdim, ki, yalan demirəm! Dedim ki, əgər yalan deyirəmsə cəzamı çəkməyə hazıram! Mən həmişə deyirəm ki, DNT analizi edəcəm! (gülür). Mən Bakıda olmasaydım heç kim Tahiri paxıllıqdan yada salmazdı. Bu kitabları cənab prezidentə verməsəydim Tahirin heç 80 illiyini də keçirməzdilər.

- Tahir Salahovun həyat yoldaşı Varvara xanım dünyasını dəyişib. Baş sağlığı vermisiz qardaşınıza?

- Xeyr, mən niyə baş sağlığı verməliyəm? 

- Hal-hazırda qardaşınızla münasibətiniz yoxdur?

- Xeyr, yoxdur! Özü gərək zəng etsin. Həmişə mən onun üçün nələrsə etmişəm.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10