Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Avropada yeni qapanmalar var: bəs, bizi nə gözləyir?


Dünyada pandemiya fonunda maraqlı bir mənzərini müşahidə edirik. Karantin qaydaları bəzi ölkələrdə, o cümlədən Azərbaycanda yumşaldılır, bəzi yerlərdə, xüsusən Avropada isə yeni məhdudiyyətlər tətbiq olunur. Dünya üzrə vaksinasiya prosesində də ləngimə müşahidə edilir. Hələ ki heç bir Avropa ölkəsi əhalisinin 5 faizindən çoxunu peyvənd edə bilməyib.
Azərbaycanda virusa yoluxanların sayı getdikcə azalır. Bir tərəfdən də vaksinasiya prosesi başlayıb. Paralel olaraq, karantin rejimi yumşaldılır. Bu, nə qədər doğrudur və mərhələli yumşalmalarda nələr nəzərə alınmalıdır?
Professor Adil Qeybulla deyir ki, ayrı-ayrı ölkələrdə karantin şərtlərində yumşaldılmalar müxtəlifdir. Bu, epidemioloji mənzərinin müxtəlifliyi ilə izah olunur. “Məsələn, İngiltərədə tamamilə başqa bir epidemioloji situasiyadır. Azərbaycanda bir başqa, Almaniya, Amerikada isə fərqli vəziyyətdir. Biz qeyd etmişdik ki, keçmiş sovetlər məkanında epidemioloji mənzərə Qərb ölkələrindən müəyyən qədər fərqlənir. Post-pandemik araşdırmalardan sonra səbəblər tam aydınlaşdırılacaq. Amma indiki dövrdə biz birinci növbədə Azərbaycanın taleyini düşünməliyik”, – deyə həkim söylədi.
A.Qeybulla hesab edir ki, vaksinasiyanın başlanması infeksiya zəncirinin qırılması, onun sonrakı inkişafının qarşısının alınması və ən əsası, kollektiv immunitetə gedən yolun yaxınlaşması istiqamətində mühüm addım olacaq:
“Bizim ölkəyə çox da böyük miqdarda vaksin lazım deyil. Amma müəyyən ehtiyatlar indidən toplanmalıdır. Çünki dünyanın 7 milyarddan çox əhalisinə qısa müddətdə bu qədər vaksinin çatdırılması və peyvəndləmənin həyata keçirilməsi real görünmür. Bu, zaman tələb edəcək”.
“Yoluxma sayı yenidən artsa, karantin rejimi bir daha sərtləşdirilə bilərmi” sualına həkim belə cavab verdi:
“Bildiyimiz kimi, bizim ölkədə vəziyyət bir qədər spesifik oldu. Yəni biz özümüzdən asılı olmayan səbəblərdən Vətən müharibəsinə qoşulası olduq. Proses nə vaxtsa baş verməli idi, bu da pandemiya dövrünə təsadüf etdi.  Bunun özü də xeyli infeksiya potensialı yaratdı. Artmaya səbəb olan amillərdən biri də bu oldu. Ondan sonra soyuqlar düşdü. İnsanlar soyuq vaxtı evlərə daha çox toplaşdı və ailədaxili yoluxmalar üstünük təşkil etdi. Bu gün Abşeron yarımadasında demək olar ki, pandemiyanın döymədiyi qapı qalmayıb. Ailədaxili yoluxmalar kollektiv immunitetə gedən yolu azaltdı. Əslində bu yoluxmalar, ardınca da sərt lokdaunlar azalmaya müəyyən qədər start verdi və bu dinamika hələ də davam edir. Hesab edirəm ki, əgər ciddi və xüsusi qayda pozuntuları olmazsa, dinamika enən xətt üzrə davam edəcək. Və yaxın aylarda biz real nəticələrə nail olacağıq”.
Həkimin fikrincə, vaksinasiya illüziyasına qapılmamalıyıq. Yəni peyvənd gəldi və hər şey bitdi deyə düşünməməliyik:
“Vaksinasiya pandemiyanın sonu demək deyil. Bu yolda, pandemiya ilə mübarizə işində mühüm bir komponentdir. Vaksinasiyanın yaxın və uzaq nəticələri haqqında hələ ki konkret nəyisə deyə bilmərik. Ancaq elmin seçdiyi ən uğurlu yol vaksinasiyadır və buna gedilməlidir”.
Bütün bu prosesin perspektivinə gəldikdə isə həkim hesab edir ki, koronavirus infeksiyasının daim mutasiyaya məruz qalması, ardınca dalğaların baş verməsi, vaksinasiya prosesinin həyata keçirilməsi nəticəsində koronavirus uzun müddət yaşaya bilməz:
“Dünya üzrə azalma tendensiyasının başlaması və virusun tədricən yoxa çıxması gözlənilir. Üçüncü dalğanın olacağı, prosesin illərlə davam edəcəyi ilə bağlı verilən proqnozlar real görünmür. Koronavirusun insan orqanizmində lövbər salıb qalması mexanizmi yoxdur. Bu virusun strukturu da buna imkan vermir”.

pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10