İrəvan və Qarabağdakı qondarma rejimin qalıqları Azərbaycanda cəza çəkən terrorçuları xilas üçün hərəkətə keçib; Ekspert hesab edir ki, ermənilər bu məsələni bilərəkdən gündəmdə saxlayır-məkrli niyyət; politoloq: “Bu məsələdə son sözü təbii ki, Azərbaycan deməlidir”
Ermənistanın gündəmində bu gün əsas mövzu, ermənilərin təbirincə desək, hərbi əsirlərlə bağlıdır. Söhbət Azərbaycanda saxlanılan 62 terrorçudan gedir, hansı ki, onlar 10 noyabr üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistanın Şirak vilayətindən Azərbaycan ərazisinə terror aktları törətmək üçün göndərilmişdilər. Məlum olduğu kimi, noyabrın sonlarında və dekabrın əvvəllərində törədilən terror aktları nəticəsində Azərbaycan vətəndaşları, həmçinin hərbçilər həlak olub və yaralanıb. Bu mənada erməni terrorçuların layiqli cəzasını alacağı şübhə doğurmur. Ermənilərin ən böyük gözləntisi 11 yanvarda Moskvada keçirilən üçtərəfli görüşlə bağlı idi. Onlar hesab edirdilər ki, Rusiyanın dəstəyi ilə baş nazir Nikol Paşinyan “hərbi əsirlər” adlandırdıqları terrorçuların azadlığına nail olacaq. Ancaq bu arzuları reallaşmayandan sonra Paşinyana qarşı hücumlar intensivləşib.
Yanvarın 20-də Ermənistan parlamentindəki “hökumət saatı”nda da N.Paşinyan məhz “hərbi əsirlər”i xilas edə bilmədiyi üçün “top”a tutulub. Paşinyan isə “İşıqlı Ermənistan” partiyasının parlament fraksiyasının katibi Gevorq Qorqisyanın ittihamlarına cavab verərkən deyib ki, indiyədək Ermənistana onun hakimiyyətdə olduğu vaxtdakı qədər əsirlər qaytarılmayıb. N.Paşinyan xatırladıb ki, ötən illərdə də Azərbaycanın əsirliyində ermənilər olub, ancaq bu məsələ heç vaxt parlament müzakirələrinin predmetinə çevrilməyib. Baş nazir deyib ki, bu gün müxalifət ittihamları ilə “hərbi əsirlər” məsələsinin həllinə kömək etmir, əksinə, məsələni mürəkkəbləşdirir. Paşinyan etiraf edib ki, əsirlərin qaytarılması ətrafında beş cəbhədə mübarizə aparmaq çətindir.
Yanvarın 19-da isə Xankəndindən BMT və Avropa Şurasına, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə Dağlıq Qarabağda qanunsuz erməni hakimiyyətinin qondarma “xarici işlər naziri” adlanan David Babayan tərəfindən məktub göndərilib. Məktubda bildirilir ki, Azərbaycan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozaraq, həmin ilin dekabrında “Qarabağın Hadrut rayonunun Xsaberd və XİN Taqer kəndlərinə hücum edib və onları işğal edib, respublika müdafiə ordusunun 64 hərbçisini əsir götürüb”.
Qarabağda silahlı ermənilərin əsir götürülməsinin dekabrın 15-də, yəni müharibənin başa çatmasından və sülh bəyanatının imzalanmasından (noyabrın 9-da, Moskvada-red.) bir ay sonra baş verdiyinə diqqət çəkməyən Babayan onları “hərbi əsirlər” adlandırır.
Azərbaycan XİN-in bəyanatında isə saxlanılmış, Ermənistanın Şirak vilayətindən Qarabağa göndərilmiş silahlı ermənilər iki ölkə arasında sülh şəraitində əsir götürüldüklərinə görə təxribatçılar adlandırılıb. Azərbaycanın BMT-dəki nümayəndəsi təşkilatın baş katibinə məktub göndərərək bildirib ki, əsirlikdə qalan 62 erməni hərbi qulluqçu təxribatçı sayılır və onların barəsində cinayət işi qaldırılıb. Bakıda hesab edirlər ki, hərbi əsirlər haqqında Cenevrə Konvensiyası dinc vaxtda Azərbaycana silahla keçənlərə şamil edilmir. 11 yanvar üçtərəfli görüşdə də Paşinyanın terrorçularla bağlı məsələ qaldırdığı, amma rədd cavabı aldığı deyilir. Diqqətçəkən məqam budur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “hərbi əsir” anlayışından istifadə etmir və həmin adamların sayı ilə bağlı ermənilər arasında fikir ayrılıqları olduğunu bildirir. Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib bu məsələ ilə bağlı fikirlərini aydın şəkildə ifadə etdi.
Rusiyanın baş diplomatı ona ünvanlanan sualın cavabında bildirdi ki, hərbi əsirlərin mübadiləsi məsələsi 9 noyabrdan 10 noyabra keçən gecə imzalanan bəyanatın tərkib hissəsidir. “Bu məsələ Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında müzakirə olunub. Bu məsələ mənim Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışıqlarımda müzakirə olunub. Hərbi əsirlərin dəyişdirilməsi olduqca uzun davam edən 11 yanvar Moskva görüşündə də müzakirə olunub”. Erməni jurnalistin sualına cavab olaraq rusiyalı diplomat bildirdi ki, əgər ətraflı desək, həqiqətən də Ermənistan tərəfində daha çox problemlər olub. “Gərək hər iki tərəf əsirlərin siyahısını verərdi. Azərbaycan tərəfi həmin siyahını verib. Bu siyahı böyük deyildi. Həmin əsirlər dəyişdirildi. Əsir, itkin düşmüşlərlə bağlı daha Azərbaycan tərəfindən məsələ qaldırılmadı. Ermənistan tərəfindən isə bu siyahı dərhal və tam təqdim olunmadı. 9 noyabra kimi əsir düşənlərin mübadiləsi oldu. İndi isə söhbət dekabrın əvvəlində yaranan məsələdən gedir. Böyük erməni çağırışçıları noyabrın sonunda Hadruta göndəriliblər. Onlar bir həftə, 10 gün sonra, dekabrın əvvəlində 62 nəfər orada əsir düşüblər. Azərbaycan tərəfi həmin mərhələdə bəyan etdi ki, əsir düşənlər hərbi əməliyyatların dayandırılmasından sonra həmin ərazilərə göndəriliblər, ona görə də həmin məsələyə 9 noyabr üçtərəfli bəyanatı çərçivəsində deyil, ayrıca baxmaq lazımdır. Rusiya əsirlərin ”Hamının hamıya" prinsipi əsasında dəyişdirilməsinin tərəfdarıdır. Mən erməni həmkarımla danışdım. Məlum oldu ki, siyahıda 62 nəfərdən çox əsir var. Bildirim ki, bu mövzu mövcuddur. Əgər bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək çətin olardı", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Prinsipcə, S.Lavrov rəsmi Bakının mövqeyinə zidd mövqe sərgiləməyib və açıq mətnlə həm 10 noyabr bəyanatının imzalanmasından sonra Qarabağa hərbçi göndərdiyinə, həm də əsirlərin siyahısını vaxtında, tam şəkildə Moskvaya təqdim etmədiyinə görə, rəsmi İrəvanı günahlandırıb.
Rəsmi Bakı isə qəti və şəkildə bildirib ki, terrorçuları təhvil vermir və onların mühakiməsində maraqlıdır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti barədə məlumat verib. Nazir Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığını qeyd edib. Lakin Ermənistan tərəf rəsmi Bakının əsaslandırılmış müraciətini həyasızcasına təkzib etməyə cəhdlər göstərir. Bəs yaranmış vəziyyət nə vəd edir? Azərbaycan cəmiyyətində belə fikir yayılıb ki, əsir götürülmüş ermənilərin azad edilməsi yalnız İrəvanın Qarabağ münaqişəsinin hərbi yolla həllindən imtina edərək Azərbaycanın beynəlxalq sərhədlərini tanımaq öhdəliyilə Böyük Sülh Sazişi imzalamasından sonra mümkün ola bilər. Yenidən xortlamış “dqr”in “xarici işlər nazirinə” və erməni həyasızlığına necə cavab verməli? Erməni silahlılarının Qarabağdan tam çıxarılması şərti ilə onların təhvil verilməsi mümkündürmü?
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a deyib ki, erməni tərəfi əsirlər məsələsini bilərəkdən qabardır: “Bu məsələni bilərəkdən gündəliyin önünə gətirib çıxarır ki, həm özünün revanşist ruhunu gücləndirsin, digər tərəfdən də məğlubiyyət fonunda özü üçün bir qədər əlverişli görünə biləcək motiv və məqam yaratsın. Bu məsələdə son sözü təbii ki, Azərbaycan deməlidir. Çünki həm qalib tərəfik, digər tərəfdən, cinayətkarı yerindəcə yaxalamışıq. Burada söhbət terrorçulardan gedir. İpə-sapa yatmayan, ümumi ab-havanı duya bilməyən qüvvələri ”iki daşın arasında" Azərbaycan ərazisində yerləşdirməyə çalışdılar ki, onlar təxribat törədərək vəziyyəti gərginləşdirsinlər. Bunlar terrorçulardır, biz onları adı ilə çağırırıq. Burada heç bir güzəştdən söhbət gedə bilməz. Bizim iki vətəndaşımızı neçə ilə saxladılar, özü də Qarabağın qondarma “hakimiyyəti”, üstəlik, “terrorçuluqda” ittiham edərək. Hansı ki, onlar öz torpaqlarında dünyasını dəyişən böyüklərinin məzarlarını ziyarətə getmişdilər. Biz həmişə erməni tərəfinin riyakarlığının, yalançılığının şahidi oluruq. Gördük ki, onlar məsələni nə dərəcədə şişirtdilər, böyütdülər. Hətta onlar çalışdılar onu beynəlxalq gündəliyin məsələsinə çevirsinlər. Ancaq alınmadı. Məsələ elə nəticələndi ki, onlar tərk-silah olundular və artıq o iki nəfəri bizə təhvil verdilər". T.Abbasov İrəvanın “hərbi əsirlər” mövzusunu qabartmasını təəccüblü saymadı və qeyd etdi ki, bu, tam fərqli məsələdir: “Biz gərək yaddan çıxartmayaq ki, yekun sülh müqaviləsinə hələ çox qalıb. Rusiyanın iştirakı, həmçinin gələcəkdə Türkiyənin də qatılması şəraitində hər iki tərəf bu istiqamətdə işlər görməlidir, amma hələ həllini gözləyən çoxsaylı məsələlər var. Ermənilər bu məsələni ona görə şişirdir, qabardırlar ki, özləri üçün əlverişli mövqe formalaşdırsınlar. Ancaq bu, alınan iş deyil. Biz Azərbaycan Prezidentinin Şuşadan verdiyi bəyanatlardan da gördük ki, bəli, ermənilərin yalançı təbliğatının son mərhələsini yaşayırıq. Ermənilər anlamırlar ki, bu məğlubiyyət gələcəkdə ola bilsin hətta onların məğlubiyyətinə işləyəcək. Bunlar o, dağıdıcı siyasətdən, ideologiyadan əl çəksələr, bir o qədər özləri üçün yaxşı olar”. Politoloq qeyd etdi ki, ermənilərin “portfel”ində başqa məsələ olmadığı üçün əsirlər məsələsini qabardırlar: “Ermənilərin ən yaxşı bacardığı cığallıqdır. Ancaq bunun sonu yoxdur, çünki Azərbaycan bu kimi təxribatlara heç vaxt getməyəcək. Çünki bu, bizim haqqımızdır. Siz bizim torpağımızdasınız, bizim qanunlara hörmət göstərmək əvəzinə, dağıdıcılıqla, terrorizmlə məşğulsunuz, müxtəlif oyunbazlıqlara getməklə bizim fikrimizi yayındırmağa, öz mənfur planlarınızı həyata keçirməyə çalışırsınız. Amma Azərbaycan əvvəlki Azərbaycan deyil, biz vəziyyəti öz nəzarətimizə götürmüşük. Rusiya sülhməramlıları bəzi hallarda çərçivədən çıxırlar və ermənilər, İrəvanın Azərbaycan torpaqlarında olan ”beşinci kolon"u bundan sui-istifadə edirlər. Amma bu proseslər tədricən məhdudlaşacaq. Bizim nəzarət mexanizmlərimiz get-gedə güclənəcək və heç bir boşluqlara yol verməyəcəyik. Boşluqlar olsa, ermənilər onlardan sui-istifadə edə bilərlər. Ancaq hamısını məhv edəcəyik".
Bu arada Ermənistanın təhlükəsizlik şurasının sabiq direktoru David Şahnazaryan isə iddia edib ki, hazırda 171 hərbi əsir və 64 “terrorçu” Azərbaycanın əlindədir. Beləliklə, onun iddiasına görə, Azərbaycanda 235 (!) “əsir” var və onlar Qobustanda saxlanılır. Ermənistanın döyüşlərdə 6 min itki verdiyini deyən Şahnazaryanın əsirlər məsələsində çox irəli getməsi maraqlıdır. Heç şübhəsiz o, Paşinyan əleyhdarlarını hərəkətə gətirmək istəyir. Amma ümumilikdə ermənilərin cəmiyyət olaraq Azərbaycan ərazilərinə soxulmuş silahlıları, terrorçuları xilas üçün necə dəridən-qabıqdan çıxması göz önündədir.