Bunları Lent.az-a 14 yaşlı qəhrəmanımız İsgəndərli Səməd danışır. Yardımlı rayonun Sırıq kəndində yaşayır, Səməd. Rəssamlıq təhsili yoxdu. Amma adi karandaşlarla nələr yaradır, nələr...
Deyir, ən çox Vətən müharibəsinin qəhrəmanlarını çəkir.
- General Hikmət Mirzəyevin məşhur fotosu sosial şəbəkələrdə yayıldı. Onun o əzmli baxışlarını çəkmək istədim. Üzərimdə bir yük, məsuliyyət hiss etdim o an. Baxışlarında müharibənin əzablarını, çətinliklərini verməli idim.
Deyəsən verə bilib də. Generalın gerçək fotosu Səmədin çəkdiyi rəsmdən fərqlənmir.
- Polad Həşimovun da portretini çəkəndə eyni məsuliyyəti yaşadım. Rəsmi çəkən zaman onu gözlərindəki gülüşü, sifətindəki o təbəssüm mənə təsir etdi. Ümumiyyətlə, şəhidlərin gözlərindəki o məğrurluq insana təsirsiz ötüşmür.
Səmədin istedadı ilk dəfə illər öncə, necə deyərlər yaxın qohumu tərəfindən kəşf edilir. Evdə ara-sıra rəsmlər çəksə də, ailədə heç kim onun bu istedadının fərqinə varmırmış.
- Atam deyirdi ki, neynirsən şəkli. Anamın da xüsusi bir münasibəti yoxdu. Heç nə demir. Arada, “get dərsini oxu” söyləyir. Mən onsuz da dərsimi oxuyuram. Müəllimlərim isə paylaşanda görürlər rəsmlərimi.
Səməd heç bir rəssamlıq təhsili almadan, öz üzərində işləməklə, hə, bir də İnternetdə videolara baxmaqla bu səviyyəyə çatıb.
Ən böyük çətinliyi evdə rahat işləmək üçün şəraitin olmaması və rəsm avadanlıqlarını əldə etməkdi. 190-200 qramlıq kağızda çəkilməli olan portretləri, 80 qramlı A4 formatlı vərəqlərdə çəkir. Bu zaman isə kağızın əzilmə, cırılma ehtimalı daha çoxdu.
- Rəsmə aid çox ləvazimatlar var. Amma bahadır. İlk dəfə sadə qələmlə başladım. Elə ilk portretləri də o qələmlə çəkirdim. Hazırda işlətdiyim bu karandaşları mənə xaricdə yaşayan Sabir adlı şəxs təşkil edib. O, Bakıdan kimdənsən xahiş etdi, göndərdilər. Bundan sonra həvəsim daha da artdı. Çəkdikcə gördüm ki, əvvəlki şəkillərlə müqayisədə daha yaxşı işləmişəm. Yaxın çevrəmdən çoxu istəyir ki, portretlərini pulsuz çəkim. Çəkməyəndə də inciyirlər. Bacardığım qədər çəkməyə çalışıram ki, heç kim inciməsin.
Səməd həvəssiz, məcburi nəsə çəkə bilmədiyini deyir. Bir də evdə səs-küy olanda narahat olur, rahat işləyə bilmir. Bir otaqlı, aşağıdakı fotolarda da gördüyünüz kimi qəzalı vəziyyətdə olan bu evdə yaşayır və çalışır bu balaca istedad.
Qəhrəmanımız rəsmlərindən hələki gəlir əldə edə bilmir. Sosial şəbəkələrdə tanınmadığı üçün rəsmlərinə maraq olmadığını deyir. Sifarişlə çəkdiyi portret isə bir dəfə ünvan yanlışlığına görə, geri qayıdıb. Hazırda yeganə gəliri insanların rəsmlərinə baxandan sonra verdikləri dəyər, xoş sözlərdi...
Nigar Adil