Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu ilin açar sözləri: Qarabağ, sülhməramlılar, bərpa, virus…


2020-ci il bütün dünyada çox ağır, gərgin və mürəkkəb il kimi insanların yaddaşında iz qoyub, tarixə çevrildi. Azərbaycanda da kifayət qədər çətinliklər oldu, amma bununla yanaşı, Vətən müharibəsində qazanılan qələbə, 27-28 il işğalda qalmış ərazilərin azad edilməsi 2020-ci ili uğurlu il kimi dəyərləndirməyə imkan verir.
Bəs, 2021-ci ildən gözləntilər nədən ibarətdir? Bu ildən nələr gözləməliyik? “Press Klub” bir neçə sahənin ekspertinin bununla bağlı fikirlərini öyrənib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli:
“2020-ci il Azərbaycan tarixində ən şərəfli dövr – Zəfər ili kimi qalacaq. 2021-ci ildən də gözləntilər böyükdür. 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də bir sıra qlobal qeyri-müəyyənlilklər və şoklar gözlənilir. Koronavirus pandemiyasına qarşı mübarizə 2020-ci ildə olduğu qədər olmasa da, 2021-ci ildə də davam edəcək. İqtisadi sahədə isə qarşıda 2020-ci ilin resessiyasından artım trayektoriyasına keçid vəzifəsi durur. Azərbaycan iqtisadiyyatı üçün mühüm olan neftin qiymətində kəskin enmələr və kəskin artım gözlənilmir, 40-50 dollar arasında, ortalama 44-47 dollar olması ehtimalı daha böyükdür. Əgər bu il də gözlənilən qlobal qeyri-müəyyənlilklər və şoklar şəraitində hökumətin proqnozlaşdırdığı kimi, ÜDM-in 3,4 faiz artmı, inflyasiyanın 3 faiz, manatın dollara nisbətdə məzənnəsinin 1,7 manat şəraitində reallaşdırılması mümkün olsa, belə bir nəticə 2021-ci ildən sonrakı növbəti bir neçə il il üçün açar rolunu oynayacaq. Orta perspektivdə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının saxlanılması şəraitində dayanıqlı artıma nail olub, iqtisadi artım templərimizin orta dünya göstəricisindən yüksəyə qaldırılması üçün münbit şərait yaranacaq.
2021-ci ilin büdcəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi – şəhər və kəndlərin bərpası və yenidən qurulması, yol, işıq, su, qaz, rabitə və digər zəruri infrastrukturun, eləcə də təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, yaşayış evlərinin tikintisi və mədəni-tarixi abidələrin bərpası kimi məsələlərin həllinə 2,2 milyard manat vəsait ayrılıb. Büdcə xərcləmələrində, xüsusən də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadədə şəffaflığın, nəzarətin və hesabatlılığın gücləndirilməsi, nəticəliliyin artırılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 2,2 milyard vəsaitin multiplikativ effektini artırmaqdan ötrü dövlət-cəmiyyət-özəl sektorun fəaliyyətinin effektiv kombinasıyasına nail olunması mühüm əhəmiyyət kəsb edir. Yəni işğaldan azad olunmuş ərazilərin bərpasına təkcə hökumətin 2,2 milyard manat vəsait ayırması ilə iş bitmir. Həmin işlər yüksək keyfiyyətdə həyata keçirilməli, özəl sektorun bu sahəyə cəlb olunmasına şərait yaradılmalıdır. Bu iş yüksək keyfiyyətlə həyata keçirilsə, beynəlxalq təşkilatlar da quruculuq işlərinə qoşulacaq. Eyni zamanda, özəl sektor, həm yerli, həm də xarici investorlar Qarabağa sərmayə qoymağa başlayacaq və həmin vəsaitin məbləği dövlət sərmayələri ilə məhdudlaşmayb, 2,2 milyard manatdan çox olacaq.
2021-ci ildə şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının dövlət qayğısı ilə əhatə olunması, sosial problemlərinin həll edilməsi və onların layiqli həyat şərtlərinin təmin edilməsi dövlətin əsas prioritetlərindən biri kimi ön planda olacaq. Koronavirusa qarşı vaksinlərin kəşf olunması imkan verəcək ki, 2021-ci ilin əvvəllərindən başlayaraq peyvənd işləri həyata keçirilsin. Bu tədbirin genişlənməsi 2021-ci ildə pandemiyadan qurtulmaq ümidlərini artıracaq. 2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan sosial layihələr içərisində əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditlərinin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Hazırda bunun mexanizmi hazırlanır. Təhsil kreditləri probleminin həlli təhsil haqqını ödəyə bilmədiyinə görə universitetləri tərk edən gənclər kimi çox kəskin bir probemi həll etmiş olar, həm də aztəminatlı ailələr təhsilə sərf etməli pul vəsaitini başqa problemlərin həllinə yönəltmək imkanı qazanarlar”.
Siyasi şərhçi Nəzakət Məmmədova:
“Əsas gözləntim – Dağlıq Qarabağda Azərbaycan bayrağının dalğalanması; Rusiya sülhməramlılarının öz səlahiyyətləri çərçivəsindən kənara çıxmaması; Türkiyənin bölgədə nüfuzunun daha da artması; Azərbaycan-Türkiyə əməkdaşlığının hərbi cəhətdən daha da genişlənməsi; Bayden administrasiyasının Rusiya ilə münasibətləri gərginləşərsə, Azərbaycanın bundan zərər görməməsidir. Əsas gözləntilərim bundan ibarətdir”.
Həkim-farmakoloq Müşfiq Hüseynov:
“Hamının yeni ilini təbrik edir və can sağlığı arzu edirəm. 2021-ci ildə hökümətdən ilk gözləntim təbii ki, sürətlə və kütləvi şəkildə COVİD-19-a qarşı peyvəndlənmənin başlamasıdır. Üçüncü dalğanın başlanmasına qədər olan vaxtdan maksimum yararlanmaq lazımdır. Xüsusi risk qruplarına, həkimlərə, polislərə və 65 yaş üzəri əhaliyə ilk növbədə peyvənd vurulmalıdır. Əgər marta kimi ölkədəki müəllimlər də peyvəndlənsə, təhsilə davam etmək olar.
İkinci gözləntim ölkə üzrə icbari tibbi sığortanın tətbiqidir. Bu, çox vacib və lazımlı qərardır, nə qədər tez həyata keçirilsə, o qədər yaxşıdır. TƏBİB-dən gözləntim xüsusi SMS rejimini yanvarın 19-da bitirib, yaz aylarına qədər ehtimal olunan üçüncü dalğaya hazırlaşmasıdır.
Səhiyyə Nazirliyindən heç bir gözləntim yoxdur. O nazirliyi aparatı ilə birlikdə istefaya göndərib, yeni, daha enerjili və böhranı idarə edə bilən gənc kadrları irəli çəkməyi arzu edirəm. Belə kadrlar kifayət qədər var”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10