Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Düşmənlər və dostlar arasında ləyaqətli ömür


Onun məzar daşında çəkilmiş kitabın üstündə “Vəfalı” yazılıb. Amma belə adda kitab yoxdur. Onun öz sağlığında işıq üzü görmüş birinci kitabı “Düşmənlər və dostlar arasında”, ikincisi “Yol ayrıcında” adlanır. “Vəfalı” isə onun xalqına ailəsinə və ideallarına həsr olunmuş ömür kitabıdır.
Yaxşılar bu dünyadan tez köçürlər. Müasir Azərbaycan dövlətinin qurulmasında Vəfa Mirzəağa oğlu Quluzadənin xidmətləri 2015-ci il mayın 1-də onun vaxtsız vəfatından sonra daha aydın görsənir.
Şərqşünas, ərəbşünas, diplomat, politoloq, Azərbaycan Respublikasının xarici əlaqələr üzrə keçmiş dövlət müşaviri, daha sonra Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti Vəfa Quluzadə 22 dekabr 1940-cı ildə Bakıda görkəmli şəxsiyyətlərin ailəsində dünyaya gəlib. Atası – Mirzəağa Quluzadə akademik, ədəbiyyatşünas, şərqşünas idi. Kiçik Vəfa atasının kitabxanasındakı nadir nəşrləri oxuyurdu, sonradan rus ədəbiyyatı və fəlsəfə sahəsində dərin bilikləri ilə ətrafdakıları valeh edirdi. Anası – Yaqut Dilbazi yazıçı idi, Azərbaycan və Türkiyə ədəbiyyatını yaxşı bilirdi. Məşhur şairə Mirvarid Dilbazi onun bacısı idi.
V.Quluzadə 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsində təhsilini başa vurduqdan sonra Bakı radiosunun ərəb dilində proqramlarının redaktoru və aparıcısı işləyib. Doğma dilindən başqa, rus, ərəb, ingilis, türk dillərini yaxşı bilib, fars dilində danışıb. SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda fəlsəfə elmləri namizədi elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.
Heydər Əliyevdən tost və konyak
1970-ci ildən onun diplomatik karyerası başlayıb. 1973-cü ilə qədər Misirdə SSRİ səfirliyində işləyib, attaşedən səfirliyin ikinci katibinə qədər yol qət edib. Ərəb ölkəsinə rəsmi səfərə gəlmiş o vaxtkı sovet rəhbərlərindən biri Heydər Əliyevlə tanış olub. Sovet səfirliyində həmyerlisini görmək Əliyev üçün də xoş və maraqlı idi.
“Heydər Əliyevin nitqinin bütün incəliklərini, yumorlarını tərcümə edirdim. Ərəblər mənə etibar edirdilər. Səfərin yekunlarına həsr olunmuş banketdə H.Əliyev mənim şərəfimə tost qaldırdı, “Pobeda” saatı və içərisində konyak və kürü olan bir neçə qutu hədiyyə etdi – birini mənim üçün, digərlərini isə mənə kömək edənlər üçün”, – V.Quluzadə belə xatırlayırdı.
1973-1987-ci illərdə o, Azərbaycan Kommunist Partiyasının MK-də işləyib, mədəniyyət şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.
1987-ci ildə diplomatiyaya qayıdıb və üç il SSRİ-nin Əlcəzairdəki səfirliyində müşavir işləyib. Bu, Quluzadənin XİN xətti ilə sonuncu diplomatik vəzifəsi idi. Onun SSRİ XİN-dəki dosyesində belə yazılıb: “həddindən artıq ünsiyyətcildir, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qura bilir”.
1990-cı ildə Vəfa Quluzadə Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsini tutmaq təklifini qəbul edib. O, ölkənin iki sonrakı prezidentinin – Əbülfəz Elçibəyin və Heydər Əliyevin dövründə də bu vəzifədə qalıb. Heydər Əliyev gənc və bacarıqlı diplomatı Misirdəki görüşdən xatırlayırdı.
V.Quluzadə siyasi baxışları arasındakı fərqlər bəlli olan üç prezidentlə işləmiş və hər üçü tərəfindən hörmət bəslənilmiş azsaylı insanlardan idi. Qiyamçı Sürət Hüseynov qoşunlarını Bakıya yeritdikdə, V.Quluzadə Elçibəyə Çilidə olduğu kimi son ana qədər savaşmaq üçün Prezident Aparatında hamını silahlandırmağı təklif edib. “Səhər işə gəldim, mənə belə dedilər: Bəs nə oldu, prezidentin hanı?”.
1999-cu ildə V.Quluzadə dövlət qulluğunu tərk edib. Onda çoxları deyirdilər ki, o, gedişi ilə siyasi etirazını ifadə edib, Qarabağın Ermənistana verilməsi planına müqavimət göstərib. Amma keçmiş dövlət müşaviri heç bir müsahibəsində və şəxsi söhbətində bu versiyanı təsdiqləməyib. V.Quluzadənin o vaxt dərc olunmuş öz sözləri əsasında vəzifədən getməsinin əsl səbəbini yalnız təxmin etmək olar: “8 oktyabr 1999-cu il mən öz təşəbbüsümlə dövlət qulluğu ilə vidalaşdım…”.
Elə həmin il o, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunu yaradıb. Bu Fondun Sədrlər Şurasına bütün dünyada məşhur olan amerikalı siyasətçilər Henri Kissincer, Zbiqnev Bjezinski və Ceyms Beyker daxil idilər. İctimai xadim olduqdan sonra da V.Quluzadə müstəqil və güclü Azərbaycan uğrunda çalışmalarını davam etdirib. Dünyanın ən məşhur KİV-ləri ekspert rəyi almaq üçün ona müraciət ediblər. V.Quluzadə istefada olarkən çoxsaylı müsahibələrində fəaliyyətini davam etdirən diplomatlardan da artıq iş görüb. O, siyasətdə təbliğatın əhəmiyyətini çoxlarından yaxşı başa düşürdü və yəqin ki, buna görə jurnalistlərlə dostluq edir, bu peşədə həqiqəti yazmaq iqtidarında olanları seçirdi.
Dövlət qulluğundan ayrıldı və Azərbaycan uğrunda müharibəsini davam etdirdi
“Düşmənlər və dostlar arasında” kitabının (bu məqalənin müəllifi həmin kitab üzərində işləyib və onun adını qoyub) müqəddiməsində V.Quluzadə yazırdı:

– …1994-cü ilin mayında biz atəşkəs sazişi imzalamağa hazırlaşarkən, Rusiya prezidentinin Qarabağ nizamlanması üzrə xüsusi nümayəndəsi, səfir Vladimir Kazimirov Heydər Əliyevin kabinetində hər iki tərəfin – ermənilərin və azərbaycanlıların atəşkəslə razılaşmasını, bir-birinə qarşı təbliğata son qoymasını təklif etdi. Onda mən bu təklifin qəti əleyhinə çıxdım, Kazimirovu təcavüzkarın – Ermənistanın maraqlarının müdafiəsində ittiham etdim. Hesab edirəm ki, təbliğat müharibəsində Azərbaycan, güclərin qeyri-bərabər olmasına baxmayaraq, böyük uğurlar əldə edə bilib. Və bu, Ermənistan tərəfinin Rusiyanın, eləcə də bütün dünyada erməni lobbisinin təkcə hərbi dəstəyindən deyil, həm də təbliğat dəstəyindən istifadə etməsinə baxmayaraq baş verib. Ümid edirəm ki, bu qələbədə mənim iştirakımın da rolu var.
2015-ci ildə ABŞ və Azərbaycan arasında münasibətlər soyumuşdu. V.Quluzadə “Azadlıq Radiosu”na müsahibəsində rəsmi Bakının Amerikanın xoşuna gəlməyən addımlarının səbəbini geniş və aydın şəkildə izah etmiş və ABŞ-a Azərbaycanın yanında olmağı məsləhət görmüşdü. O, ölkə rəhbərlərinin və XİN-in deyə bilmədiklərini deyirdi:
– Amerika Birləşmiş Ştatları bizim vəziyyətimizi çox yaxşı bilir, bizim nəyə qadir olduğumuzu, nəyə və niyə qadir olmadığımızı da bilir. Buna görə sual yaranır: son dövrdə Azərbaycana qarşı tələblər niyə sərtləşdirilib? Tələblərin ədalətsiz olduğunu demirəm, amma, bununla belə, bu tələblər hakimiyyətimizin xarakterinə uyğun olmalıdır. Əsas ziddiyyət də bundadır. Amerika Birləşmiş Ştatları və Avropa strateji tərəfdaşlarımızdır, bəzən biz Rusiyanı qıcıqlandırmamaq üçün onlardan bir qədər uzaq durmağa çalışırıq, çünki onun da Azərbaycanda öz maraqları var… Buna görə hesab edirəm ki, Azərbaycan-Amerika münasibətləri bərpa edilməlidir – bu, Azərbaycan xalqının maraqlarına, bizim öz hakimiyyətimizin maraqlarına uyğundur, amma bizim hakimiyyətimiz istəyir ki, Avropa və Amerika Birləşmiş Ştatları dövlətimizin xarakterini dəyişdirməyə çalışmasın. Məsələnin bütün mahiyyəti bundan ibarətdir. Münasibətlərimizin tənzimlənəcəyinə və müsbət məcrada inkişaf edəcəyinə ümid edirəm.
Son illər
Cəmiyyətdə məşhur diplomat olan Vəfa Quluzadə həyat yoldaşına – musiqi müəlliməsi Leyla Əhmədovaya çox böyük şəfqətlə yanaşırdı.
2010-cu ildə onun çox sevdiyi oğlu Murad 36 yaşında ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Bu itkidən sonra V.Quluzadə köhnə tanışlarından tədricən uzaqlaşmağa başladı, özünə qapanır, uzun müddət cəmiyyət içinə çıxmırdı. 2015-ci il aprelin sonlarında onun vəziyyəti pisləşdi. V.Quluzadə paytaxtdakı klinikalardan birinə aparıldı, orada təcili ürək əməliyyatı keçirildi. Əməliyyat uğurla qurtardı, onu palataya köçürdülər. Amma Vəfa bəyin ürəyi artıq yaşamaq istəmirdi…
Ailədə həyat yoldaşından başqa qızı, bir oğlan və üç qız nəvəsi – məşhur nəslin davamçıları qalıb.
2016-cı ilin aprelində Azərbaycan ordusu Qarabağın kiçik hissəsini azad etdi, dörd il sonra, 2020-ci ilin noyabrında isə əksər hissəsini geri qaytardı. Uzun müddət davam edən bu siyasi və hərbi əməliyyatda Azərbaycanın xarici siyasətinin çoxistiqamətliliyi konsepsiyası mühüm rol oynayıb. Prezident Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın ikiqütblü dünya ilə münasibətlər sistemi öz işini görüb və düşmənin planlarını neytrallaşdırıb. Xalq öz torpaqlarına qayıdır, millət başını uca tutur. Təəssüf ki, ümumi qələbəmizin memarlarından biri olan Vəfa Quluzadə bu günləri görmədi.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10