Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bütün Azərbaycan məndən danışacaq deyən 20 yaşlı şəhidin ÜRƏKDAĞLAYAN HƏYATI - VİDEO




xxx
20 yaşında Vətənin şərəfini qoruyan, qanı ilə millətin tarixini yazan və müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalan Əliyev Adəm İlqar oğlu bu gün davamçıları üçün ən əziz, ən müqəddəs nümunədir. Bu gənc o qəhrəmanlardandır ki, müharibənin ilk saatlarından böyük bir hünərlə döyüşün ən qaynar nöqtələrinə atılıb, amansız düşmənin cəzasını verməyə tələsib. Adəmi fərqləndirən əsas xüsusiyyət o idi ki, o, nə ölümdən, nə də ən təhlükəli və riskli yollara ayaq basmaqdan qorxurdu. Bilirdi ki, getdiyi yoldan dönməyə bilər, bilirdi ki, həyatı ən fərəhli yaşında tərk edə bilər, bilirdi ki, ailəsini Adəmsiz qoya bilər, amma onu da bilirdi ki, onu bu yoldan heç bir qüvvə ayıra bilməz...
Adəm Əliyev 19 noyabr 2000-ci ildə Ağdamın Üçoğlan kəndində doğulub. 2002-ci ildə Kürdəmirə köçüb. Məktəbi bitirdikdən sonra Adəm Bakıda əczaçılıq kursuna yazılıb. 2019-cu ildə kursu bitirib və hərbi xidmətə yollanıb. 3 ay Gəncədə N saylı hissədə xidmətdə olub. Aprel ayında isə Daşkəsən rayonu Xoşbulaq kəndində N saylı hərbi hissədə ön cəhbədə qulluq edib, həm də müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi işə başlayıb.

Publika.az-a 20 yaşlı oğlunun qəhrəmanlıqlarından, mərdliyindən və şücaətindən danışan anası Akifə Ağayeva bildirib ki, arzuları yarımçıq qalan övladının itkisini dilə gətirmək onun üçün qəbul etmək istəmədiyi acı bir həqiqətdir. 7 yaşından övladlarını təkbaşına böyüdən qəhrəman şəhidin anası deyir ki, Adəm çox güclü, fədakar və istiqanlı uşaq olub:
“Uşaq vaxtı tez-tez xəstələnərdi. 4 yaşı olanda kirayə qaldığımız evin həyətində 2 metrlik lilli su quyusuna düşmüşdü, daha doğrusu qonşu uşağı itələyib qaçmışdı. O quyudan özü pilləkənləri tapıb birtəhər sağ-salamat çıxmışdı. O vaxtı ev sahibi dedi ki, bala, daha sənə ölüm yoxdur. Mən bu sözə o qədər inanmışdım ki, heç vaxt ağlıma gəlməzdi körpəmin ömrü belə yarım qalacaq. Adəmin elə gözəl arzuları vardı ki...
İki oğlum var, uşaq yaşlarından onları təkbaşına böyüdüb başa çatdırmışam. İki qardaş ağılları kəsəndən əzab-əziyyətlər görüb. Adəm 15 yaşından səhər məktəbə gedirdi, günortadan sonra işləyib pul qazanırdı ki, mənə kömək olsun. Kənd həyatını çox sevirdi. Mən baytar olacam deyirdi, gülüb cavab verirdim ki, etiraz etmirəm”.

Şəhidin anası qeyd edib ki, Aprel döyüşlərində həmyerlisi, Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbu Bəkir İsmayılovun şəhid olması Adəmi çox sarsıdıb:

“Bir gün dedi ki, ana, Abubəkirə şeir yazmışam. Körpəmin ürəyindəki Vətən sevgisi məni təəccübləndirmişdi. Sonra hey eşidirdim ki, Adəm rep deyir. Saçı çeçenka oldu, geyimi dəyişdi. Acığım tuturdu, hərdən deyirdim ki, bala, hamı sənin geyimindən, saçından danışır. O dəqiqə qucaqlayıb könlümü alırdı, ana, darıxma bir gün də məşhurluğumdan danışacaqlar deyirdi. O, repi nəzərdə tuturdu, amma şəhadəti ilə məşhur oldu, əbədiyyətə qovuşdu...
2016-cı ildə dostu Əvəz əsgər gedəndə onun üçün rep yazmışdı. Nə yaxşı ki, onda balamın arzusuna qarşı çıxmadım. Həmişə arxasında durdum. Çox sevirdi rep deməyi. “Son zəng”i üçün də rep yazmışdı, Bakıya gəlib studiyada həvəslə aranjeman etdirmişdi. Amma “Son zəng” günü məktəbin direktoru repi oxumağa icazə vermədi. Mən də orda idim. Adəm çox pis olmuşdu, evə gələndə gördüm ki, yazdıqlarını yandırır. O gün yadıma düşəndə ürəyim parçalanır. Qucaqlayıb öpdüm ki, ana qurban pis olma. Elə onda Adəm söz vermişdi ki, adını tarixə yazdıracaq. “Yolumu kəsənlərin acığına elə məşhur olacam ki, bütün Azərbaycan məndən danışacaq” dedi. Adəm bu sözü çox yana-yana dedi, sözündə də durdu balam. Çox bacarıqlı uşaq idi, eyni vaxtda həm qarmon, həm nağara, həm də musiqi məktəbinə gedib, eyni vaxtda kikboksinqlə məşğul olub. 10 yaşından məscidə gedib, namaz qılırdı, ərəb dilini mükəmməl öyrənmişdi”.

Qəhrəman anasının sözlərinə görə, Adəm Kərbəla şəhidi olacağını gündəliyinə qeyd edib:
“Şəhid olandan sonra gündəliyini tapdım, nədənsə məzuniyyətə gələndə evdə qoymuşdu. Adəmin başqa bir dostu 2018-ci ildə şəhid olmuşdu. Daşkəsənə xidmətə gedəndən sonra zəng vurub dedi ki, ana, bilirsən hara gəlmişəm, Fuadın şəhid olduğu yerə... Çox ağladım, dedi narahat olma, buranın yolunu düzəldiblər. Fuad uçquna düşmüşdü. 3 gün sonra tapmışdılar. Dedi ki, Fuad tapılanda sağ olub, yollar yaxşı olmadığı üçün çatdıra bilməyiblər. Gündəliyində Fuad haqqında yazmışdı ki, sağ olsaydın indi bir yerdə xidmət edirdik. Nə bilmək olar, bəlkə mən də sənin kimi şəhid oldum. İndi məzarları düz Fuadla yanaşıdır. Məni aldatdı, özünü də hospitala çatdıra bilmədilər, yolda şəhid olub balam. Adəm heç vaxt xidmətdəki çətinlikdən danışmayıb. Yanına getməyə də qoymazdı. Gündəliyini oxuyandan sonra bilmişəm ki, balam odun-alovun içində olub. Buna baxmayaraq, təyinatı gələndə sevindiyindən qanaq açıb uçurdu. Əslində o müharibənin olacağını bilirdi. Zəng edəndə deyirdi ki, sən özündən muğayət ol, mən də yaxşı olum. Görüntülü danışırdıq, yatana kimi söhbət edirdi ki, darıxmayım”.
Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirən Adəmin adı gələndə indi hamı ruhuna baş əyir, sayğı duruşunda dayanır. Övladı ilə fəxr etdiyini deyən şəhid anası Adəmin həm özünün, həm ailəsinin, həm də xalqının başını uca etdiyini bildirib:
“Son dəfə 25-i görüntülü danışmışdım. 26-sı yazdı ki, ana, yuxarı qalxırıq, imkan olanda yığacam. Özündən muğayət ol deyib telefonu söndürdü. 27-si müharibə başladı. Cəbhəyə gedən gündən güclü təlimlər keçirdilər. Oğlum müharibənin ilk səhifələrində qanı ilə tarix yazdı. 27-si silahdaşları ilə birlikdə Kəlbəcər istiqamətində döyüşə yollanıb. Çox şiddətli döyüşlər nəticəsində 5-6 post almağa müvəffəq olublar. 28-i isə axşam oğlumun şəhid xəbəri gəldi. Həmin gün ürəyimə daş asılmışdı, oğlum Arif elə hey sakitləşdirməyə çalışsa da, özümə gələ bilmirdim. Saat 8-də həyatımızı qaraldan zəng gəldi. Adəmim arzusuna çatdı, şəhid oldu... Dünya başıma uçdu, altında qaldım, nəfəsimi, dayağımı itirdim”.

Hələ sağlığında bir çox mükafatlarla təltif edilən Adəm Əliyev ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülür. Direktorun “Son zəng”də yazdığı mahnını oxumağa qoymadığı Adəm şəhadəti ilə böyük qəhrəmana çevrilir, bütün Azərbaycana qəhrəmanlıq dərsi keçir. Yazdığı repləri ilə məşhur olmaq istəyən 20 yaşlı gənc şəhidlik zirvəsinə ucalmaqla adını ölümsüzləşdirir.
Aytən Məftun


















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10