Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Alternativ enerji: Niyyət var, qanunverici baza yoxdur


Rəsul Süleymanov: “Bu sektorun yalnız dövlət sərmayəsi hesabına inkişafı səmərəli deyil”
 
Bu ilin birinci yarısında “Azərbaycan Respublikasının enerji sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncama əsasən hazırlanan “Bərpa olunan enerji mənbələrindən istifadə edilməsi haqqında” qanun layihəsi müvafiq strukturlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib. Energetika Nazirliyindən verilən məlumata görə, eyni zamanda, digər normativ hüquqi aktların layihələri də hazırlanıb.
 
Qeyd edək ki, Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə "Üzən günəş paneli sisteminin inkişafı üzrə texniki dəstək və bilik mübadiləsi" pilot layihəsi üzərində iş davam edir. Layihə Böyükşor gölünün səthində 800 m2 ərazidə günəş panellərinin quraşdırılmasını nəzərdə tutur. Bundan əlavə, ölkədə günəş fotovoltaik sistemlərinin ümumi potensialının hesablanması və qeyd olunan su anbarında daha böyük tutumlu üzən günəş fotoelektrik stansiyası üçün texniki-iqtisadi əsaslandırma işlənib hazırlanması planlaşdırılır.
 
Eyni zamanda, Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq çərçivəsində "Azərbaycanda bərpa olunan enerji üçün hərracların keçirilməsinə dəstək" layihəsinin icrası davam edir. Bununla əlaqədar Azərbaycanda kiçik su elektrik stansiyalarının istismarının yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə əlaqədar aparılan tədqiqatların nəticələrinə dair “SNC-Lavalin'ın Atkins” şirkətinin son hesabatı da Energetika Nazirliyinə təqdim edilib.
 
Artıq 11 şirkət beynəlxalq bizneslə əməkdaşlıq əlaqələri qurmaq çərçivəsində anlaşma memorandumu imzalayıb. Bunlar “Tekfen İnşaat” (Türkiyə), “Avelar Solar” (Rusiya), “Masdar” (BƏƏ), “Equinor AS” (Norveç), “Total Eren” (Fransa), BP (Böyük Britaniya), “ACWA Power” (Səudiyyə Ərəbistanı), “Mitsui & CO” (Yaponiya), “Lucia Holding” (Fransa), “Ansaldo Energia” (İtaliya) və “Əl-Maktub” (BƏƏ) şirkətləridir.
 
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi və enerji sektorunda bərpa olunan enerji mənbələrinin payının mərhələli şəkildə artırılması üçün optimal variantların müəyyənləşdirilməsi ilə əlaqədar Almaniyanın VPC şirkəti ilə müvafiq təkliflərin hazırlanmasına başlanılıb. Hazırlanmış təkliflər arasına elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-ə çatdırılması imkanları, pilot layihələrin şəbəkəyə qoşulması üçün texniki məsləhət xidmətləri göstərilməsi daxildir. Təkliflərin yaxın vaxtlarda Energetika Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilməsi planlaşdırılır.
 
Azərbaycan Enerji Mütəxəssisləri Birliyinin (AEMB) direktoru Rəsul Süleymanovun dediyinə görə, alternativ enerji sektorunun özəl investisiyalara ehtiyacı var: “Çünki bu sektorun yalnız dövlət sərmayəsi hesabına inkişafı o qədər də səmərəli deyil. Bu baxımdan buraya özəl investisiyaların cəlb edilməsi ciddi maraq doğurur. Ancaq bu mövzuda illərlə davam edən müzakirələrə baxmayaraq, özəl sektorun cəlb edilməsi üçün qanunvericilik bazası hələ də hazır deyil. Bu baxımdan, xüsusi qanunvericiliyin hazırlanması vacibdir”.
 
“Uzun müddətdir deyilir ki, özəl sektorun fəaliyyət göstərməsi üçün ümumi paylama şəbəkəsindəki özəl elektrik stansiyalarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması vacibdir. Yəni bir özəl şirkət, deyək ki, bu gün dəbdə olan günəş panelləri və ya külək turbinlərini satın alaraq, elektrik stansiyası qursa, istehsal məhsulunu satmaq üçün onun bazarı yoxdur. Tariflər qəbul edilməyib, son məhsulun satış mexanizmi də qəbul edilməyib. Bununla yanaşı, tənzimləyici normativ-hüquqi bazanın yaradılacağını bilən və gözləyən investorlar öz layihələrini həyata keçirməyə və Azərbaycanda alternativ enerji sahəsinə indidən investisiya qoymağa hazırdır”, - ekspert bildirib.
 
Yeri gəlmişkən, bir müddət əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Cəmil Məlikov alternativ enerji mənbələri üzərində fəaliyyət göstərən stansiyaların yaradılmasının faydaları barədə danışarkən deyib ki, stansiyalar son istehlakçıya elektrik enerjisinin verilməsində mövcud problemlərin qarşısını almaq ehtiyacı nəzərə alınmaqla tikilir: “Ən əsası, istehlakçılar istehsal olunan artıq elektrik enerjisini eyni enerji sisteminə satmaq və çatışmayan həcmləri də elə həmin sistemdən əldə etmək imkanı qazanacaqlar”.
 
O, həmçinin alternativ enerjinin inkişafı üçün qanunvericilik və tənzimləyici bazanın hazırlanması işinin sürətlə davam etdiyini vurğulayıb: “Alternativ enerji mənbələrindən istifadə ilə bağlı qanun layihəsi hazırdır. Bununla yanaşı, hərracların keçirilməsi üçün şərtlər də hazırdır. Bu hərraclar vasitəsi ilə alternativ enerji sahəsində layihələr həyata keçirməkdə maraqlı olan layihə icraçıları və investorları seçiləcək”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10