Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Zalımlar var ki, minlərlə ev yıxıblar- zərrədək CƏZALANDIRILMAYIBLAR- NİYƏ?..


Dinimiz insana ayıldıcı mesajlar göndərməklə, onu bihudə yaşamaqdan, bu günün işini sabaha qoymaqdan çəkindirir: «Allahın Rəsulundan nəql edirlər: «Agah olun! İndi siz elə bir gündə yaşayırsınız ki, burada əməl vardır və hesab-kitab isə yoxdur. Tezliklə elə bir günə çatacaqsınız ki, orada hər şeyin hesabı sorulacaq və əməl olmayacaqdır...».



Maraqlı məqamdır: insan gün ərzində sərf etdiyi enerjini və bunun müqabilində əldə etdiklərini hesablasa, çox qəribə vəziyyət alınar. Mənəvi, ruhani ləzzətləri kənara qoysaq, elə sırf maddi ləzzətləri nəzərə alsaq, görərik ki, bir neçə dəqiqəlik ləzzət üçün insan nə qədər enerji sərf edir. Nə qədər iş görür ki, bir neçə dəqiqəlik ləzzət alsın: ac ikən yeməkdən, susuz ikən içməkdən ləzzət alsın, nə isə estetik, bədii bir görüntülərdən həzz alsın və s.



Bir sözlə, insanın sərf etdiyi enerji, əldə etdiyi ləzzətə qətiyyən adekvat deyil. Bu nə deməkdir? Bu - ona dəlalət edir ki, bu dünyada enerji məsrəfi ilə ləzzət arasında ekvivalentlik (tam uyğunluq) yoxdur. Demək, bu məqamın haradasa realizə olunası digər məkan vardır.




Digər nöqtə odur ki, insan gördüyü yaxşılıqların və etdiyi pisliklərin bu dünyada çox az əvəzini görür. Zalımlar var ki, minlərlə ev yıxıblar, amma zərrədək əvəzini görməyiblər, cəzalandırılmayıblar. Yaxud, insanlar var ki, həyatlarını gözəl işlərə sərf ediblər, amma bir yaxşı gün görməyibələr. Bunun özü sübutdur ki, insanın öz əməllərinin müqabilini görəcək aləm vardır. Əks təqdirdə, tamamilə anlaşılmaz vəziyyət alınardı - İlahi ədalət pozulmuş olardı, yaradılışın harmoniyası alt-üst olardı.



Dinimiz anladır ki, bu dünyada cəza və mükafat yoxdur. Sadəcə, İlahi xəbərdarlıqlar var və təşviqatlar var. Bura mükələfiyyət və vəzifə dünyasıdır. İnsanın məsul olduğu bir aləmdir. Və o dünyada isə əməl yoxdur - artıq qatar getmişdir, heyfislənməyin mənası yoxdur, əməllərə görə cavab vermək məqamı yetişmişdir.




Buradan çıxarılacaq ən mühüm nəticə odur ki, insan öz hesab-kitabını bu dünyadaykən aparmalıdır ki, həşr günü peşmançılıq çəkməsin. Zira, o gün peşmançılıq fayda verməyəcəkdir. İmam Museyi-Kazımdan (ə) nəql edirlər: «Hər gün öz nəfsinin hesabına yetişməyən kəs - bizdən deyildir. Hər kəs baxsın, əgər yaxşı bir əməl edibsə, bundan çoxuna əməl etmək üçün Allahdan uğur diləsin və buna görə Allaha şükür etsin. Əgər pis bir iş görübsə, Allahdan bağışlanmasını istəsin və tövbə etsin».



"Dəyərlər"





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10