![](/uploads/posts/2020-06/medium/1593089777_290600.jpg)
“Dalğa”dan bir müddət sonra “Çay dəstgahı” verilişi efirə çıxdı və bu veriliş də yetərincə reytinq qazanmağa başladı (bu verilişin məşhurlaşmasında mərhum jurnalist Cavanşir Cahangirovun xidmətləri çox idi).
Elə ilk dövrlərdən “Çay dəstgahı” üçün maraqlı mövzular axtarmağa başladım. Eşitdim ki, milyonçu H.Z.Tağıyevin qızı Sara xanım sağdır. Böyük çətinliklə onun yaşadığı ünvanı tapıb oraya getdim (Sara xanım indiki Statistika İdarəsinin arxasındakı binada bir otaqlı mənzildə yaşayırdı).
Qapını döydüm. İçəridən rus dilində “idu” (“gəlirəm”) sözünü eşitdim. Qapını açan qadın qısa sorğu-sualdan və mənim jurnalist, araşdırmaçı olaraq N.Z.Tağıyevlə maraqlandığımı bildikdən sonra içəri dəvət etdi. Diqqət etdim ki, 90 –na yaşı olan Sara xanım ayaqlarını çətinliklə hərəkət etdirir və onun qapını gec gəlib açması indi məlum oldu.
Çox kasıb bir evdə yaşayan, gözləri uzaq məsafəni görməyən, qulaqları ağır eşidən bu xanımın görüntüsü məni çox ağrıtdı.
Eşitmişdim ki, hərdən Hüseyn Cavidin qızı Turan xanım və Səməd Vurğunun qızı Aybəniz xanım onun yanına gəlib diqqət edirlər.
Əslində diqqətsiz yaşayan bu xanımın yanına sonradan bir neçə dəfə də getdim və hər dəfə onun çətin durumda yaşadığını görürdüm. Və bir dəfə yemək gətirəndə “yaxşı ki, “marqarin” yağı ilə yeməyi bişirtdirmirsən, yoxsa yeyə bilmirəm, mədəmi ağrıdır” − demişdi.
Sara xanımı televiziyaya çəkəndən və veriliş efirə gedəndən sonra ona qarşı böyük maraq yarandı. O zaman onun yaşadığı evin yaxınlığında Energetika texnikumu yerləşirdi. Birbaşa direktorun yanına gedib, burdan ona yemək göndərilməsini, hər iki-üç gündən bir iki tələbənin ona kömək üçün yanına getməsinə icazə verməsini xahiş etdim.
Texnikumun direktoru Arif müəllim (o, deyəsən sonralar icra başçısı da işlədi) bu işlərdə yardımçı oldu və Sara xanım dünyadan köçənə qədər bu xeyirxahlığını davam etdirdi...
Sara xanımla söhbət edirəm. Televiziyaya qəti olaraq çəkilmək istəmir. Sonradan öyrənirəm ki, “Dalğa” verilişindən (deyəsən Nadejda xanım olub) də gəlib çəkmək istəyiblər, lakin Sara xanım razılaşmayıb.
Sara xanım danışır: “Atam xeyirxah və maarifpərvər olub. Çoxlu məktəblər açıb, insanlar oxudub. 1918-ci ilin Mart hadisələrində Şaumyan atamı da həbs etmişdi. Lakin Nərimanov gəldi və Şaumyana dedi ki, Hacı azad olunmalıdır”.
Sara xanım atası haqqında xoş xatirələr danışır və qeyd edir ki, bütün həyatını atasının müdafiəsinə həsr edib və bu “müdafiə” onun bütün həyatını ağır zərbələr altında qoyub.
İlk həyat yoldaşından ayrıldıqdan sonra Rusiyaya − Leninqrada (Sankt-Peterburqa) gedir. 1934-cü ildə onu S.M.Kirovun ölümü ilə bağlı şübhəli şəxs kimi həbs edirlər. Sara xanım bir müddət həbsxanada qalır.
Həbsxanadan çıxdıqdan sonra yaşamağa yeri olmadığından elə parkın içində skamyaların üstündə yatıb gecələyir.
Sonra Leninqradda ikinci dəfə ailə həyatı qurur. Sara xanım 1953-cü ildə Stalin öldükdən sonra Bakıya qayıdır. Bakıda ilk olaraq doğulub böyüdüyü evlərinə gedir. Lakin onu içəri buraxmırlar.
Sara xanım bir gün dözməyib və atasının tikdirdiyi, özünün də təhsil aldığı Qızlar Gimnaziyasının binasına − Əlyazmalar İnstitutu yerləşən yerə getdi. Bura onun üçün çox doğma idi və burada onun çoxlu xatirələri vardı. Pilləkənlərlə bir qədər qalxmışdı ki, qəfildən direktorla üzləşdi. Direktor onu görən kimi polisi çağırıb Sara xanımı buradan qovmağı tələb etdi. Direktorun onun ünvanına dediyi sözlər də çox kobud idi. O isə atası dünyadan köçəndən və həyatlarıtam dəyişəndən sonra çox belə təhqiramiz sözlər eşitmişdi.
1956-cı ildən N.S.Xruşşovun elan etdiyi “reabilitasiya”dan sonra Sara xanım atasına aid sənədləri və özünün şikayət məktublarını bir “mantaya” yığıb qapıları döyməyə başlayır. Onun bu davranışları və tələbləri “yuxarıda” əyləşənlərin xoşuna gəlmir. Onların “qəzəb”indən sonra Sara xanıma həkimlər “şizofreniya”, “psixoz” diaqnozıarını qoyurlar. Sovet dövründə haqqı, ədaləti tələb edənləri “psixoz” kimi hökumət və “KQB” əməkdaşları öz üsulları ilə cəmiyyətə “təqdim” edirdilər.
Yadımdadır ki, Sara xanımla ilk görüşə gələndə camaat arasında onun sağlamlığında problemlər olduğunu söyləyirdilər. Lakin gördüklərim tamamilə əksinə idi.
Mən onun nəvəsi yaşında olmağıma baxmayaraq, divana əyləşən kimi, oturuşunu nizamlayır, əllərini dizlərinin üstünə qoyur, başındakı yaylığını sahmana salırdı. Bu, şübhəsiz onun yüksək ailə tərbiyə almağının və geniş təhsilinin göstəricisi idi. Qeyd edim ki, Sara xanım atasının açdığı Qızlar Məktəbində də oxumuşdu və H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Abayevadan dərs almışdı.Bundan əlavə o, Sankt Peterburq da da ali təhsil almışdı.
Uzun söhbətimizdən, mənim də Leninqradda təhsil almağımı bildikdən sonra qısa televiziya çəkilişinə razı oldu. Və öyrəndim ki, televiziyadan imtina etməyinin səbəbi − milyonçu H.Z.Tağıyevin qızının bu görkəmdə insanlara görünmək istəməməsi idi.
Çəkilişdən sonra müəyyən çətinliklərlə rastlaşsaq da, verilişin efirə getməsi mümkün oldu. Qeyd edim ki, bu verilişimiz cəmiyyətdə böyük maraq yaratdı. Küçədə, avtobusda, metroda hara gedirdimsə, məni göstərib “H.Z.Tağıyevin qızı ilə danışan odur” − deyirdilər.
“Çay dəstgahı” verilişinin növbəti həftə təkrarı olurdu. Əksər tamaşaçılar “Tağıyevin qızı”na bir də baxmaq istəyirdilər. Lakin ciddi problem yarandı. Veriliş haqqında məlumat alan Azərbaycan KP MK-nın məsul işçilərindən biri televiziyanın sədri Elşad Quliyevə zəng edib ağır ittihamla demişdi: “O bayquşun səsini televiziyada kəsin”.
![](https://moderator.az/fotobaza/orta/290601.jpg)
Göstərilən cəhdlərə baxmayaraq, təkrar verilişdə Sara xanımın mənimlə olan müsahibəsi “qayçılanıb” çıxarıldı və efirə buraxılmadı.
Açığı bu, mənə və eləcə də televiziyada çalışan digər dostlarımıza pis təsir etdi.
Sara xanım 1991-cı ildə vəfat etdi(o,1889-cu ildə anadan olmuşdu). Onun tabutu ata evindən − bu gün Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi binadan Mərdəkana dəfnə aparıldı.
Mən isə kənardan bu acı mənzərəyə baxırdım: sağlığında onu bu evin qapılarından qovurdular, indi isə tabutunu evə buraxırlar.
Tabutun içindəki adamın Sara xanım olduğunu düşündükcə, sanki onun bütün ömrü boyu, sovet rejiminə qarşı apardığı mübarizəni təsdiqləyən və mənə televiziya müsahibəsində dediyi sözlərini eşidirdim: “Mən sübut edəcəyəm ki, atam Hacı xeyirxah, millətini sevən, maarifpərvər insan olub!”
Nəsiman Yaqublu, Tarix elmləri doktoru