Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Arif Əliyev amerikalı jurnalistə Gəncə olayları haqda hansı video-lenti göstərmək istəyib?..


"Surət Hüseynovun gəncəli qadın və uşaqlardan canlı sipər kimi yararlanması epizodu olub..."



Məlum olduğu kimi,   ötən həftədən bəri saytımızda  4 İyun Gəncə olaylarının növbəti ildönümü ilə bağlı tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası”(yaxud “gündəliyi”) adlı sənədli əsərindən bəzi diqqətəlayiq epizodları oxucuların diqqətinə çatdırırıq._ Dünən –iyunun 12-də təqdim etdiyimiz parçada əcnəbi həmkarımız  1993-cü ilin iyununun təxminən 6-7-də Bakıda –Prezident Aparatında sözügedən olaylara həsr olunmuş mətbuat konfransından sonra  tədbirin aparıcısı,  Prezidentin o vaxtkı mətbuat xidmətinin rəhbəri Arif Əliyevlə aralarında yaranmış mübahisədən bəhs edir(bax:https://www.moderator.az/news/329904.html ). 

Söhbət zamanı  T. Qolts iddia edib ki,  Əbülfəz Elçibəyin mətbuat katibinin Gəncədəki olaylar barədə verdiyi məlumatlar yanlışdır. Məsələn, onun dediyi kimi, Surət Hüseynov hökumət qoşunlarının qarşısına uşaq və qadınlardan ibarət canlı sipər çıxarmayıb. Arif Əliyev isə ona cavab verir ki, inanmırsa, video-lentə baxa bilər... Bəs söhbət hansı video-lentdən gedir? Həmin video-lentdə  4 iyun olaylarının hansı epizodu təsvir olunub.

Bu və ya digər suallarla bağlı müraciət etdiyimiz  Prezidentin mətbuat xidmətinin keçmiş  rəhbəri,  "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri Arif Əliyev
Moderator.az-a açıqlamasında bunları deyib: 

“Açığı, aradan artıq 27 il keçdiyindən  hörmətli həmkarımız Tomas Qoltsla aramızdakı o söhbət və ona hansı video-lenti göstərmək istədiyim yadımda  qalmayıb. O vaxtlar müxtəlif siyasi, hərbi hadisələrə, o  cümlədən  4 iyun Gəncə olaylarına aid  belə materiallar, audio və video-lentlər çox idi.  Və bilirsiz ki,  o günlər  biz kabinetlərimizdən  bir daha geri qayıtmadan çıxa bildik. Və bəhs edilən materiallardan heç biri məndə qalmayıb. Heç qala da bilməzdi, çünki  onlar Prezident Aparatının mətbuat xidmətində  və  ya dövlət arxivlərində saxlanılmalıdır.  Və amerikalı həmkarımız Tomas Qoltsa da konkret hansı lenti təqdim etmək istədiyim dəqiq yadımda deyil...”

“Amerikalı jurnalistin mövzu ilə bağlı haqlı olduğu məqamlar varmı?” sualına cavabında isə 1992-1993-cü illərdə Prezidentin mətbuat xidmətinin rəhbəri olmuş tanınmış jurnalist belə deyib:

“Tomas Qolts bildiyimə görə,  4 iyun olaylarının bilavasitə başladığı gündə Gəncədə olmayıb, ertəsi gün gedib. Odur ki, onun  bəhs etdiyi faktlar da dəqiq olmaya bilər.  Konkret  Surət Hüseynovun  həmin olaylar zamanı  gəncəli qadın və uşaqlardan canlı sipər kimi yararlanmasına gəldikdə,  belə bir epizod olub. Bu yaxınlarda Gəncə hadisələrinin iştirakçılarının birinin müsahibəsində də oxudum ki,  Surət məhz bunun hesabına həbsdən qurtara bilib. Yoxsa onu evindən çıxarkən hökumət qüvvələri həbs edəcəkmiş...  Sadəcə, bunu sübut etmək üçün, təəssüf ki, bəhs etdiyimiz arxiv materiallarına əlimiz çatmır...

Bundan əlavə,  1993-cü il iyunun 4-də T.Qoltsun dediyi kimi, mən Londonda yox, İcevanda Ermənistanla Qarabağla bağlı danışıqlarda idim... Səhv etmirəmsə, Asim Mollazadə ilə birgə... Mən ümumiyyətlə, Prezident Aparatında işlədiyim dövrdə Londonda, yaxud Parisdə, Nyu-Yorkda-filanda olmamışam...

Biz  iyunun 4-də  gündüz saatlarında Ermənistdan qayıdıb Gəncədən keçəndə bizim avtomobilləri saxladılar. Sürücümüz düşdü maşından- o özü də gəncəli idi. Geri qayıdanda dedi ki, deyirlər, nəsə Gəncədə bir hadisə baş verib. Biz də belə zənn etdik ki, yəqin, kriminal hadisə-filan olub. Hadisələrin gerçək mahiyyətini biz artıq axşam Bakıya çatanda bildik...”

“Ümumiyyətlə, Tomas Qoltsu doğrudan da obyektiv, tərəfsiz, müstəqil jurnalist kimi tanımısız, yoxsa?..” sualını həmsöhbətimiz belə cavablandırıb:

“Tomas Qoltsu təcrübəli və güclü jurnalist kimi tanımışam. Ancaq  bir qədər amibisiyalı, hadisə və proseslərdə öz rolunu şişirdərək özünü qəhrəman kimi qələmə verən xeyli emosional və çılğın bir insandır.  Bəzən o, jurnalistə xas olmayan tələblər qoyurdu ortalığa... Bizim  Tomas Qoltsla belə bir az gərgin, mübahisə deməzdim, müzakirələrimiz çox olub.  Müxtəlif siyasi olaylar, cəhbədəki əməliyyatlar, dövlət tədbirlərinin işıqlandırılması  və s. ilə bağlı. O cümlədən Kəlbəcərin işğalı zamanı... Yaxud bəzən dövlət tədbirlərində protokol qaydasıyla jurnalistlərin iştirak edib sual verə bilməyəcəyi qapalı danışıqların əsas mərhələsinə də qatılmağa cəhd göstərirdi...  Tomasın sərbəstliyi yəqin ki, həm də ondan irəli gəlirdi ki, o, bir neçə nüfuzlu beynəlxalq agentlik və nəşrlərlə çalışsa da, konkret bir media orqanına bağlı deyildi və heç bir öhdəçiliyi-filanı yox idi. Odur ki, özünü  daha müstəqil hiss edirdi...” - Arif Əiyev belə deyib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10