Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Gəl, ay müştəri!...” - əməkdaşlarımız Lənkəranın çəltik sahələrindən yazır


Çəltikəkən maşınlar olsa da, Şıxəkəranda kəndçilərin çörəyi dədə-baba qaydası ilə çəltik əkməkdən çıxır - əməkdaşlarımızın gördükləri...

Cənub zonasına getdinsə, yerli düyüdən hazırlanan plovdan dadmadınsa, geri qayıtma. İnan ki, dadı damağından getməyəcək. Əlini düyü dolu boşqaba uzatdınsa, qab boş qalacaq... 
Bu xeyirli məhsulun ərsəyə gəlməsi də bir başqa aləmdir. Əzab-əziyyəti də, qazancı da çoxdur. Çəltik əkini dizə qədər suyun içində baş tutur. Hazırda çəltik əkini mövsümüdür. Lənkəranın Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkəran, Mamusta, Separadi və digər kəndlərdə işin qızğın vaxtıdır.
 
Cheltik ekini (3).jpg (88 KB)
Biz rayonda olarkən Şıxəkəran kəndində çəltik əkən zəhmətkeş insanlarla görüşdük, çətin işlərinə şahidlik etdik. Çəltik əkənlər deyirlər ki, qatlaşdıqları zəhmətli iş bərəkətli məhsula zəmanətdir. Qazancları da pis deyil. Onların sözlərinə görə, çəltik sahəsinin əkinə hazırlanmasından birbaşa əkinə qədər 2 aya qədər vaxt gedir. Bu müddət ərzində 1 hektara yaxın sahədə çəltik əkininə 50-yə yaxın işçi cəlb olunur.
Şıxəkəranda söhbətləşdiyimiz əkinçilər deyirlər ki, onlar günəmuzd çalışırlar. Aylıq 450-600 manat civarında məvacib alan kəndçilər dizə qədər suyun içində çəltik əkirlər. Deyirlər ki, artıq dünyada çəltiyin əkin forması dəyişməkdədir. Yeni texnologiya ilə əkin həm də məhsuldarlığı artırır. İndi Yaponiya və Cənubi Koreya istehsalı olan çəltikəkən maşınlar işçiləri əvəzləyir. Di gəl ki, hələlik bu maşınlardan istifadə edən sahibkarlar o qədər də çox deyil. Odur ki, dədə-baba qaydası ilə çəltik əkilir - dizə qədər suyun içində şitillər torpağa əmanət olunur.  
“Əkinə qədər istixanalarda çəltik şitilləri yetişdirilir. Sonradan həmin şitillər sahəyə çatdırılır və bizlər əkinə başlayırıq. İş hər gün saat 9-da başlayır, 5-6-da bitir. Düz iki ay belə davam edir. Bir də məhsul yığımı sentyabrda olanda, yenə də bizləri çağıracaqlar, gəlib hazır məhsulu - düyünü yığacağıq”, - deyə çəltik əkənlər deyir.
Ümumiyyətlə, son illər yerli düyüyə tələbat artıb. Qiymətlərin digər kənd təsərrüfatı məhsullarına nisbətən yüksək olması bu sahənin inkişafına yol açır. Lənkəran hələ qədimdən çəltikçiliyi ilə məşhurdur. Hazırda Girdəni düyüsü Bakıya qədər ayaq açıb. Lənkəranda kilosu 2 manata olan bu düyünü siz paytaxtın bəzi dükanlarından kilosu 2, 40 manatdan tapa bilərsiniz.
Cheltik ekini (1).jpg (75 KB)
“Həşimi” düyüsü isə kilosu 4 manatdan aşağı tapılmır. Bu, ən yaxşı düyülərdən biri hesab edilir. Ancaq bu düyüdən plov bişirəndə gərək çox dəm alsın. Əks halda, həcmi az olur və evdə hamıya çatmaya bilər. “Haşimi” “zəif” sözündən götürülüb. Sortun gövdəsi incə olduğundan torpaqdan az qida qəbul edir. Bu səbəblərdən kimyəvi gübrə istifadə etmədən torpağı beş il istismar edə bilərik. Digər düyü sortlarında isə vəziyyət başqadır. Məsələn, onları iki il əkmək olur. Bu müddətdə torpağın bütün mineral gübrələri tükənir. Artıq növbəli təkrar əkinə ehtiyac yaranır", - deyə çəltik əkənlər danışırlar.
Paralel surətdə İrandan gələn düyü məhsulları bazarda böyük alıcılıq qabiliyyətinə malikdir. Əsasən xeyir-şər məclislərində qiymətinin ucuzluğuna görə İrandan gələn düyüdən yeməklər bişirilir.
“Lənkəran düyüsü yüz illərlə yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. ”Haşimi", “Həsəni”, “Akulə”, “Sədri”, “Ənbərbu” çəltik növlərindən olan düyü məhsullarının öz ətri, dadı və bərəkəti var. Əvvəllər çəltiyə maraq az olub. Son illərdə isə çox adam çəltik əkir. Bizim kimi işsiz-gücsüz adamlar da gəlib günəmuzd işləyirik, mövsümdə əlimizə bir az da olsa babat pul gəlir" - əkinçilərdən biri belə deyir.

Onların bildirdiyinə görə, çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürülür. İş adamları deyir ki, maya dəyərindən 10-15 dəfə bahasına satılır. Ümumilikdə bazarlarda yerli düyünün qiyməti 5-7 manat arasında dəyişir. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat da böyükdür. Odur ki, tələbə uyğun olaraq bu sahə də inkişafdadır. Bu il Lənkəranda 1000 hektar sahədə çəltik əkini nəzərdə tutulub. Amma yerli bazarda İrandan gələn düyülər də böyük alıcılıq qabiliyyətinə malikdir.
Əkinçilər bildirirlər ki, çəltiyin cücərməsindən kollamaya qədər olan dövründə torpaqda yüksək rütubətə nail olub, əkin suya basdırılmalıdır. Sonra çalışmaq lazımdır ki, su qatı 5-10 sm-dən qalın olmasın. Onların dediyinə görə, bu il yenə də ənənəvi “Haşimi” və “Apollo” düyü sortlarına üstünlük veriblər. Çünki bu sortlar daha məhsuldardır.
Cheltik ekini (4).jpg (79 KB)
Çəltik - yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Respublika çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Birinci Lənkəran-Masallı zonası, ikinci Şəki-Zaqatala zonası, üçüncü isə Quba-Xaçmaz zonasıdır.
Aparılan araşdırmalar göstərib ki, gündə yarım stəkan bişmiş yağsız düyü yemək orqanizm üçün çox faydalıdır. Düyü bədənin gündəlik Fol turşusu və B vitamini ehtiyacının 23 faizini qarşılayır. Bu sayədə hüceyrələrin yenilənməsinə yardım edir. Həmçinin ürək-damar sağlamlığı və anadangəlmə ürək narahatlıqlarının müalicəsi üçün effektli olduğu üzə çıxıb. Düyü bədənin sağlam şəkildə qocalmasını dəstəkləyir.
Cheltik ekini.jpg (101 KB)
“Yeni Müsavat”ın Reportyor Qrupu
Lənkəran-Şıxəkəran





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10