Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tüpürə-tüpürə gəzənlər və yaxud - Bakı küçələrində koranovirus qədər təhlükəli olanlar gəzir


Ekspert: “Küçədə tüpürə-tüpürə gəzən kişilərin, gənc oğlanların sayı-hesabı yoxdur...”

Koronavirus  pandemiyası ilə bağlı dünyadakı gərgin vəziyyət davam edir. Havalar isindikcə insanları evdə saxlamaq da çətinləşir. Buna görə də bir sıra ölkələrdə karantin qaydaları getdikcə yumşaldılır. Lakin karantin yumşaldılsa da, əhali maskada gəzir, sosial məsafəni qoruyur. Buna məhəl qoymayanları isə bir sıra ölkələrdə cərimələr gözləyir.

Azərbaycanda da karantin rejimi yumşaldılıb. Lakin bəzi insanlar çağırışlara, maarifləndirici açıqlamalara məhəl qoymayıb, maskasız gəzir, bir-biriləri ilə yaxın təmas saxlayırlar. Ekspertlər istisna etmirlər ki, son günlərdə artan yoluxma sayı da məhz qaydalara əməl edilmədiyinin nəticəsidir. Bildirilir ki, bu gedişlə ikinci dalğa yaşana və bu, daha da mürəkkəb vəziyyətə gətirə bilər.

Qəribəsi odur ki, sorğular zamanı müşahidə edirik ki, insanların bir çoxu hələ də koronavirusa inanmadıqlarını söyləyirlər. Təkliflər səsləndirilir ki, bu cür insanları koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanalara aparmaq lazımdır. Onu da bildirək ki, TƏBİB tərəfindən jurnalistlərin koronaviruslu xəstələri çəkməsinə yasaq qoyulub. 

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar artıq bir çox ölkələrdə sosial məsafə və karantin rejimində yumşalma tətbiq edilsə də, Asiyada virusun ikinci dalğası özünü göstərməyə başlayıb.

Belə ki, Çinin Rusiya və Cənubi Koreya ilə sərhəd əyaləti olan Jilində ötən günlərdə 11 nəfərdə koronavirus aşkarlanıb. Bu səbəbdən əyalət yenidən karantin altına alınıb.  Uhanda isə 6 nəfər virusa yoluxub, onların hamısı xəstəxanadadır.

Ölkənin Şulan şəhərində isə ötən həftə sonundan etibarən ailədən yalnız bir nəfərin qida və digər ehtiyaclar üçün evdən çölə çıxmasına icazə verilir.

Biz bu materialı hazırlayan zaman dünyada 4 milyon 444 min 267 koronavirusa yoluxan, 298 min 401 nəfər bu virusdan ölən qeydə alınıb.

 “Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ölkədə koronavirusla bağlı yaranmış vəziyyət əhalinin və məmurların bir sıra zəif cəhətlərini üzə çıxardı: “Küçəyə baxıram ki, insanlar heç nəyə məhəl qoymurlar. Baxırsan ki, gənclər, yaşlılar sağa-sola tüpürə-tüpürə gəzirlər və sanki bundan ləzzət alırlar. Öskürəndə insanlar sanki billərəkdən möhkəm öskürməyə çalışırlar. Bakının mərkəzində bu mənzərəni hər kəs görür. Dəfələrlə bunu müsahibələrdə desəm də, bir daha təkrar etmək məcburiyyətindəyəm ki, ən mühüm işlərimizdən biri də bütün TV kanallarında əhalini maarifləndirmək, onlara vəziyyətin necə ciddi olduğunu, gigiyenik qaydalara necə əməl etməyi, öz immunitetini qaldırmağın yollarını ətraflı şəkildə, çox maraqlı verilişlər təşkil etməklə öyrətmək lazımdır. Təəssüf ki, bu sahədə zəruri işlər görülmür. Baxın, camaatın əksəriyyəti şayiələrə, bəlkə də düşmən texnologiyasına inanıb deyirlər: ”Əşi yalandır, xəstəlik, filan yoxdur". Ya da deyirlər: “Allah Kərimdir, məni Allah qoruyacaq”. Küçədə sağa-sola tüpürə-tüpürə gəzən kişilərin, gənc oğlanların sayı-hesabı yoxdur. İnsanların bir çoxu növbədə, mağazada bir-biri ilə nəfəs-nəfəsə söhbət edir. Öpüşür, əl verir. Sanki qadağalara, xəbərdarlığa etinasızlığı qəhrəmanlıq hesab edirlər. Ona görə son günlər yoluxmaların sayı artmaqdadır.  Belə bir davranışla qadağaları yumşaltmaq çox təhlükəlidir. Bu insanlara izah etmək lazımdır ki, təhlükə çox ciddidir. Allah heç kimə deməyib ki, sən özünü qoruma! Lazım gələrsə, məsələn, küçəyə tüpürmələr kimi hallara qarşı inzibati tədbirlərdən, cərimələrdən də istifadə etmək lazımdır. Camaatı evdə saxlamaq yox, onlara müasir dövrün tələb etdiyi davranış mədəniyyətini öyrətmək lazımdır".

Ekspert bildirib ki, bizdə yerinə yetirilməsi vacib olan bir sıra məsələ var: “Bir nömrəli işimiz əhalinin davranışına təsir etməkdir. İnsanlardan soruşuram ki, niyə yaxın təmasda olursuz? Cavab verirlər ki, koronavirusa inanırsan? Dünyanın yarısı bu virusdan əziyyət çəkir, sual verirlər ki, inanırsan? Mənim Moskvada yaşayan idmançı bir tanışım var o, koronavirus tutub və bu dəqiqə müalicə alır. Bütün bunları televiziyada göstərmək lazımdır. Xəstələrin qohumlarını danışdırmaq lazımdır. Qohumları danışmalıdır ki, camaat bu məsələyə inansın, məsələnin ciddiliyini anlasınlar. Televiziyaya baxırsan ki, ancaq mənasız kliplər, verilişlər verirlər. Biz ”ehtiyatlı ol" rejimini həyata keçirməliyik. Ehtiyatlı olmayanı cərimələmək lazımdır. Çünki bu, elə bir virusdur ki, bir nəfərin tutması hər kəsə təhlükə yaradır. Buna görə də virusdan qorunmağa heç kim şəxsi işi kimi yanaşmasın. İndiki şərait olduqca acınacaqlıdır və ciddi nəticələrə gətirib çıxara bilər".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10