Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Haitini cəhənnəmə çevirən “cadugər prezident”in qəddarlıq “səlnamə”si… - FOTOLAR


O, hakimiyyəti qeyri-adi üsulla idarə edib, dövləti cadugərlərin və cinayətkar dəstələrin ixtiyarına verib, şəxsi büdcəsini zənginləşdirərək ölkəsini müflis vəziyyətə salıb. Elə buna görə də Fransua Dyuvalyenin Haitidə hakimiyyətdə olduğu dövrü ölkənin cəhənnəm dövrü adlandırıblar.
Fransua Dyuvalye 1907-ci ildə Haitidə, Portau Prins şəhərində anadan olub. Müəllim və jurnalist olan valideynləri onun həkim olmaq arzusunu alqışlayıblar. Dyuvalye 1934-cü ildə Haiti Ali Tibb məktəbini bitirib. O, ali təhsilli həkim kimi öz peşəsini sevib, bir müddət kənd həkimi kimi işlədikdən sonra Haitidə olan ABŞ hərbçilərinin yanında sanitar kimi fəaliyyət göstərib. Bu əlaqələrdən istifadə edən Dyuvalye Miçiqan Universitetində təhsilini davam etdirməyə nail olub.
1946-cı ildə qaradərili Dyumarse Estime Haitidə prezident seçiləndə artıq tanınmış həkimlərdən biri sayılan Fransua Dyuvalyeni öz komandasına cəlb edib, əvvəlcə onu əmək nazirinin müavini, sonra isə səhiyyə naziri təyin edib.
18c7561b1691921c2ee57df07837a7db.jpg (206 KB)
Heç vaxt siyasi ambisiyası olmayan, hakimiyyətə can atmayan Dyuvalye, məhz nazir kürsüsünə əyləşdikdən sonra ciddi şəkildə siyasi mübarizələrə qoşulub.
1956-cı ildə özünə kifayət qədər tərəfdar toplayan Dyuvalye prezident olmaq iddiasını bəyan edib və 1957-ci ildə seçkilərə qatılıb. Çoxları onun namizədliyini ciddi qəbul etməyib. Digər namizədlərin - riyaziyyat müəllimi olan Daniel Finyolenin və hüquqşünas vəkil Kleman Jyumelin siyasi populyarlıqları fonunda Dyuvalyenin prezident seçilmək şansı çox az olub. 
Gözləntilər özünü doğruldub, Daniel Finyole səs çoxluğu ilə prezident seçilib. Məğlubiyyəti ilə barışmayan Dyuvalye bütün vasitələrə əl ataraq ölkədə ixtişaşlar yaratmağa cəhd edib, sabitliyi pozmaq üçün kriminal dəstələrdən istifadə olunub. Yeni seçilmiş prezidentin ilk atdığı səhv addım isə kadr siyasəti ilə bağlı olub. O, ölkədə kifayət qədər nüfuz sahibi olan general Kebronu ordunun Baş Qərargah rəisi təyin edib. Daniel Finyole bu təyinata imza atarkən Kebronun Dyuvalye ilə yaxın münasibətlərini nəzərə almayıb. 
1761459_original.jpg (116 KB)
Beləliklə, Dyuvalye generalla danışıqlara gedib, aralarında razılaşma əldə olunub. Sövdələşməyə görə, plan belə qurulub: Kebro yeni prezidenti devirməli, ölkədə yenidən prezident seçkiləri keçirilməli, Dyuvalye hakimiyyətə gəlməli və Kebronun səlahiyyətlərini artırmalıdır.
Daniel Finyolenin prezidentliyinin 19-cu günü hökumətin iclasında, birbaşa zalda general Kebro Finyoleni həbs edib. Elə həmin gün də o, ailəsi ilə birlikdə təyyarəylə ölkədən çıxrılıb. 
Bu hadisə Haitidə böyük çaxnaşmaya səbəb olub. Finyolenin tərəfdarları küçələrə çıxıblar, etiraz dalğası bütün ölkəni bürüyüb. Ancaq bu, uzun sürməyib. Kebro etirazçıları ordu ilə qarşılayıb, qarşıdurma zamanı min nəfərdən artıq insan həlak olub.
pic_69ddf3ef286b77803758af2febb52670.jpg (132 KB)
Bu hadisədən sonra prezident seçkilərinə hazırlıq başlanıb, 1957-ci ilin oktyabrında keçirilən seçkilərdə Fransua Dyuvalye prezident seçilib.
Dyuvalye generalla sövdəlləşmənin şərtinə əməl edərək, Kebronu iki müddətə ordunun Ali Baş Komandanı təyin edib. Amma şərtini bir ildən sonra pozub. Kebronun nüfuzuna və gücünə bələd olan Dyuvalye mövqelərini möhkəmlətdikdən sonra generalı Haitidən uzaqlaşdıraraq Vatikana səfir göndərib. 
Prezidentliyinin ilk illərində Dyuvalye ona qarşı çıxanlara ən ağır cəzalar tətbiq edib. Ümumilikdə Dyuvalye 50 mindən artıq insanın həyatına son qoyub. 10 minlərlə insan məcbur olaraq ölkəni tərk edib. 
Dyuvalyenin əsas silahlı qüvvəsi əsasən cinayətkarlardan ibarət olan “Tonton Makoutlar” dəstəsi olub. Bu dəstənin üzvləri prezidentə təmənnasız, yəni dövlətdən pul almadan xidmət ediblər. Bunun əvəzində isə onların əməllərinə dövlət göz yumub, quldurluqla və soyğunçuluqla ələ keçirdikləri pulların haqq-hesabını çəkən olmayıb.
59ea11be370f2c26298b4567.jpg (148 KB)
Dyuvalye şəxsi büdcəsini zənginləşdirmək üçün bütün vasitələrə əl atıb. Tamah o səviyyədə olub ki, prezident ölkəsinin vətəndaşlarından qan alaraq xarici ölkələrə satıb. Hər il Haitidən 2-3 min litr qan xaricə çıxarılıb. 
Qaradərili cadugərlər, sehrbazlar ölkədə təbliğat və ideologiya işlərinə cəlb olunublar. Yosulluq, aclıq içində yaşayan yerli əhalini susdurmaq məhz onlara həvalə olunub. Vəziyyət o qədər acınacaqlı olub ki, insanlar öz uşaqlarını satıblar ki, heç olmasa, satıldıqları yerdə onlara bir parça çörək versinlər. 
Dyuvalye ABŞ-ın maddi yardımlarını son qəpiyinədək xarici banklardakı şəxsi hesabına yerləşdirib. Haitidə heç kim ondan bu pulların hesabatını soruşmaq ixtiyarında olmayıb. Heç kimlə hesablaşmayan prezident yaratdığı diktatura rejimi ilə insanları qorxu və xof içində saxlayıb. Hər gün bədənləri bir neçə yerə parçalanan insanlar əhaliyə nümayiş etdirilib. 
1761735_original.jpg (173 KB)
Dyuvalye yeni həbsxanalar tikdirib. Ən qatı düşmənləri üçün isə Prezident iqamətganın zirzəmisində xüsusi həbsxana yaradıb. Onun ən böyük əyləncəsi cəlladlarına kəsdirdiyi bədəndən ayrılmış başla söhbət etmək olub.
Haitinin vətəndaşları öz prezidentlərini həm də cadugər kimi qəbul ediblər. 1963-cü ildə baş verən hadisə isə Dyuvalyenin cadugərliyinin həqiqiliyini “sübut” edib. 
Belə ki, Con Kennedi hakimiyyətə gəldikdən sonra Haitiyə ayrılan yardımları kəsib. Danışıqlar heç bir nəticə verməyib. Dyuvalye Kennedinin kuklasını düzəltdirib, ona müxtəlif iynələr vurub, üzünə üfürüb, bir sözlə bütün cadugər əməlləri həmin kuklanın üstündə tətbiq edib. Və o, bütün bunları çoxsaylı insanlara nümayiş etdirib. Bu cadugərlik şousundan bir neçə gün sonra Kennedi qətlə yetiriləndə haitililər Dyuvalyenin cadugərlik “qüdrətinə” daha çox inanmağa başlayıblar.
brodude.ru_25.06.2015_kod76zwaju80c.jpg (217 KB)
Hakimiyyət hərisi olan Dyuvalye 1964-cü ildə özünü ömürlük prezident elan edib və daha 7 il qəddarlıqla talançılığını davam etdirib.
1971-ci ildə diabet və ürək xəstəliyindən əziyyət çəkən Fransua Dyuvalye vəfat edib. Vəfatından qabaq o, oğlunun hakimiyyətə gəlməsi üçün bütün zəruri tədbirləri həyata keçirib. 
Beləliklə də 1971-ci ildə 19 yaşı Jan-Klod Dyuvalye Haitini növbəti prezidenti seçilib. Atasının dəsti-xətti ilə ölkəni idarə edən oğul Dyuvalye 1986-cı ildə prezidentlik kürsüsündən devrilib. O, ölkə büdcəsinə məxsus olan 1 milyard dollara qədər pulu götürərək Fransaya qaçmağa nail olub.
Dyuvalyelər Haitidə lənətlə xatırlanırlar. Təxminən 30 illik ata-oğul hakimiyyəti dövründə bu ölkədə heç bir xoş hadisə yada düşmür.
İlham Cəmiloğlu,
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10