Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənnəti Cəhənnəmə çevirməyə and içmişik, nədir - FOTOLAR


İndi başa düşürəm ki, keçmiş hökumət başçısı nə demək istəyirmiş
 
Kür çayına qovuşan Türyançay, əsasən Qəbələ, Ucar, Ağdaş və Zərdab rayonları ərazisindən keçir və bu rayonların əkin sahələrinin suvarılmasında onun suyu əsas rol oynayır. Mən daha çox Türyançayın Ağdaşın Yuxarı Ləki kəndindən keçən qolundan bəhs etmək istəyirəm.
 
Elə bu məqsədlə dostlarla görüşüb Ləki təbiətinin ən gözəl guşəsi olan Türyançayın sahilinə yola düşdüm. Təxminən, 4 saata yaxın çəkən səfərimiz gözəl və maraqlı sərgüzəştlərə yadda qaldığı qədər, üzücü mənzərlərlə də ovqatımızı təlx etdi.
 
Hələlik Türyançayın təbiəti barədə
 
Əraziyə girər-girməz möhtəşəm hava kefimizi açıb bizi, sanki “sehirli xalat”la başqa aləmə göndərdi. Möhtəşəm təbiət mənzərəsi, çayın üzərindəki kiçik ada, müxtəlif xəstəliklərin dərmanı olan yulğun meşələri, nəğmə oxuyan quşlar və düzülüşünün səliqəsinə görə, az qala biri-biri ilə yarışa girən ağcalar gözəllik mücəssəməsi yaratmışdı.
 
Birinci dayandığımız yer Ləkinin və Azərbaycanın mərkəzi idi. Yəni ki, həmin ərazidən ölkənin dörd bir cəhətinə (Şimal, Cənub, Şərq, Qərb) getmək mümkündür. Bütün istiqamətlərə məsafə isə 250-270 kilometr arasında dəyişir. Türyançayın sahilindən bəyaz qarla örtülmüş Böyük Qafqaz Sıra Dağları bizə baxıb köks ötürürüdü. Kim bilir, ötürdüyü köksündə nə sirlər gizlədirdi.
 
Onu da qeyd edim ki, Türyançay ölkənin ən iti axan çaylarından biridir. Türyançayın özünə məxsus balıq ehtiyyatı, müxtəlif canlıları var. Florası isə bir başqa gözəllikdir. Floranın başında yulğun meşələri dayanır. Digər tərəfdən, qovaq, söyüd, tut, qarağac və digər ağaclarlar da zəngindir.
 
Onu da deyim ki, bir neçə günə yulğunun çiçəklənmə dövrü başlayacaq və ətrafı möhtəşəm rayihə bürüyəcək. Yulğun meşələrinin ürəyə yatan ətri isə nəinki Ləkiyə, hətta, ətraf kəndlərə belə, axşamın sərin mehi vasitəsilə qonaq gedir. Yulğun meşələri qırmızı kitaba da düşüb. Səbəb də odur ki, yulğun astma xəstəliyinin əsas dərmanıdır. Hətta kəndimizdəki astma və ürək xəstələri həkimlərin tövsiyələri ilə buraya gəlir və təbii müalicədən nəsiblərini alırlar. Demək olar ki, bura qeyri-rəsmi sanatoriya kimi fəaliyyət göstərir. Hətta bəzi xəstələr sağalsalar belə, yenə də buraya gəlir və öz xilaskarlarına xəyanət etmirlər.
 
Diqqətimi çəkən başqa mənəzərə isə hər keçən gün artan yaşıllıq oldu. Çünki ərazidə yaşayan insanlar çayın suyundan istifadə edib bağçılıqla məşğul olduqları üçün, bu yaşıllığın artmasına təkan veriblər. Həm də Türyançayın özündən doğan təbiəti də bu funksiyasını kifayət qədər müsbət yerinə yetirə bilir. Yəni bu ərazilər insanlar tərəfindən qorunsa, hətta, aidiyyatı qurumlar bura xərc çəkməsə belə, buranın yaşıllaşmasının qarşısını almaq mümkün olmaz. Çünki təbiət özünə elə mexanizm yaradıb ki, özü-özündən inkişaf edə bilir.
 
Yaxın keçmişdə, “Nəsimi ili” ilə əlaqədar olaraq 650 min ədəd ağacdan ibarət ağacəkmə kampaniyası keçirildi. Ki, ən azından hər 10 ağacdan biri bitsin və ekologiyaya müsbət təsir göstərsin. Bunun üçün bəlkə də yüzminlərlə vəsait xərcləndi. Amma Türyançayın təbiəti bu yaşıllığı təmənnasız bəxş edir. Sadəcə nəzarət etmək və qorumaq lazımdır. Axı, Türyançay da Azərbaycanındır!
 
Türyançay həm də nadir “Şampiyon” göbələklərinin məskənidir. İldə iki dəfə - payız və yaz yağışlarından sonra ətraf bu göbələklərin məskəninə çevrilir. Göründüyü kimi, Türyançayın həddindən artıq zəngin təbiəti var.
 
Gələk mətləbə
 
Bütün bunları ona görə qeyd etdim ki, danışamq isədiyim əsas məsələnin mahiyyətini anlamaq daha rahat olsun. Çünki hazırda bu zəngin təbiət ekosidə (təbiətin soyqrımı) məruz qalmaq üzrədir.
 
Belə ki, kanalların çirkab sularının, palçığının çayın kənarına boşaldılması artıq torpağın funksiyasını dəyişməyə başlayıb. Lalələrdən ibarət çəmənliklər, yeməli bitkilər, meyvə ağacları yandırılıb, torpağı məhvə məhkum qoyub.
 
Digər tərəfdən, çayın torpağı sakinlər tərəfindən daşınılır və yerinə tikinti obyektlərinin qalıqları, məişət tullantıları və digər zibillər tökülür. Bunu isə hansı prinsipə əsasən edirlər, məlum deyil. Bütün bunlar azmış kimi, ərazi günü-gündən zibilliklərin məskəninə çevrilməyə başlayıb və böyük bir zibbillik şəbəkəsi meydana çıxıb.
 
Bu minvalla, təxminən beş kilometrdən çox ərazini gəzdik və hər bir sahədə belə xoşagəlməz mənzərələrin şahidi olduq. Çayın sahilinə tökülən uşaq pampersləri, böyük supermarketlərin və sakinlərin gündəlik məişət tullantıları çayın sahilinə və meşəyə tökülür.
 
Dərd odur ki, bu faciə son bir neçə ildə geniş vüsət almağa başlayıb. Artıq Türyançayın sahili qeyri-rəsmi olaraq zibillik elan edilib. Belə ki, qonşu kəndlərin sakinləri də zibilliklərini Türynaçayın sahilinə atmaqla məşğuldurlar.
 
Bəs, ərazi üzrə icra qurumları, bələdiyyələr hara baxır? Necə ola bilər ki, Ağdaşın kəndləri arasında ən gözəl ərazi belə bir soyqırıma məruz qalsın? Kimdir bu kənddən qisas almaq istəyən? Necə ola bilər ki, zibillər yük maşınları vasitəsilə bu əraziyə boşaldılır?
 
Hələ bir də od qoyurlar...
 
Adətən, istirahət zonalarında, təbiətin ağuşunda gəzəndə insan müxtəlif mənzələrdən zövq alır və meyxoş olur. Amma mən bütün bunların əvəzinə, addımbaşı qarşıma çıxan zibillərdən dəhşətə gəlmişdim. Karantin dövrü olmasına baxmayaraq, çayın kənarında hər gün qonaqlıq edən insanların ərazini zibillərə məruz qoyması da diqqətimdən yayınmadı.
 
Digər ürəkağrıdan mənzərə isə kənd camaatının heyvanlarını rahat otarması üçün böyük bir ərazidə ağacları yandırmasıdır. Elə bunun nəticəsidir ki, ərazidə tez-tez yanğınlar meydana çıxır, ağaclar yanaraq məhv olur. 
 
Bu yanğınların baş verməsi ərazidə məskunlaşmış heyvanların məhvinə də səbəb olur. Buna misal olaraq, yanmış ərazilərdən qaçmağa çalışan, özlərinə yeni yurd-yuva axtaran nadir çay tısbağalarını misal çəkə bilərəm. Öz yuvalarından didərgin düşmüş digər heyvanlar kimi, onlar da özlərinə yer tapmaqda çətinlik çəkir. Bu da floranın məhvi kimi faunanın da məhvi deməkdir. Təbii ki, bütün bunlar da atmosferin korlanması və havanın çirklənməsi ilə nəticələnir. Artıq axşamlar bu ərazilərdən yulğun meşələrinin yox, zibillərin ətri gəlir.
Mərahim Nəsib. "Ayna.az"

 
Bütün bu mənzərələrin fonunda isə final bir səhnə ilə qarşılaşdım - meşənin tən ortasında qadın alt paltarı... Keçmiş Baş Nazir Novruz Məmmədovun sözünü xatırladım: “Meşələrə kamera qoyub camaatı izləmək lazımdır”. İndi başa düşürəm ki, keçmiş hökumət başçısı nə demək istəyirmiş.
 
Əlqərəz, mənim danışdıqlarım yalnız fəlakətin başlanğıcıdır və başlanğıc olmasına rəğmən, belə acınacaqlı durum yaranıb. Ümid edirəm ki, aidiyyəti qurumlar nə vaxtsa bu problemdən narahat olmağa başlayacaq...

Mərahim Nəsib. Ayna.az
















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10