Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Prezident olmağa həvəslənənlər və Əliyevin qayğıları…


Azərbaycan prezidenti İlham Əliyevi başa düşmək çətin deyil. İqtisadiyyat naziri ilə dünənki görüşünə diqqətlə baxanlar təsdiq edə bilər: bu, ənənəvi qəbul deyildi. Bu səbəbdən xalqa verilən müsbət mesajlara baxmayaraq, şəxsən mən Prezidenti xeyli qayğılı gördüm.
Niyə də qayğılanmayasan? Azərbaycanın iqtisadiyyatı son illər stabilləşmiş, qeyri-neft sektoru dirçəlmiş, əhalinin gəlirləri artmış, neftin bir müddət sabit davam edən qiyməti də ölkəyə gələn valyutanın həcmini xeyli artırmışdı.

İqtisadiyyatı dayanıqlı olan böyük ölkələrin rəhbərləri belə indi vəziyyətdən çıxış yolları axtarmaqdadır. Azərbaycan nə sənaye Almaniyası, nə enerji sərvətləri ilə zəngin Rusiya, nə yüksək texnologiyası ilə önə çıxmış Cənubi Koreya deyil. «Neftdən gələr gəlirlə ölkənin yollarını qızılla örtmək olar» kimi romantikaya inanmaq dövrü çoxdan arxada qalıb. Hələ neft dünya iqtisadiyyatında ağırlığını itirməyə başlayanda, Prezident Əliyev bir çox ölkə rəhbərindən sayıq tərpənərək qeyri-neft sektorunun inkişafına başladı və bu səbəbdən ölkə, məsələn, neftlə zəngin olan Venesuallanın taleyini yaşamadı, sosial təlatümlərdən böyük ölçüdə yan keçdi, stabil iqtisadiyyat siyasi stabilliklə sıx bağlandı. İlham Əliyevin siyasətində əsas xətt budur və bu qırılma, hər hansı çatlağa dərhal verilən reaksiya əsas olaraq Azərbaycanın stabilliyinə hesablanıb. Bu siyasətə bağlı iqtisadi stabillik nəzəriyyəsi Azərbaycanın uğur modelidir. Sirr deyil ki, Azərbaycan xaricdəki bəzi dairələrin gözləntilərinə rəğmən dünyadakı iqtisadi böhrandan itkisiz, sosial təlatümlər yaşamadan çıxdı. Azərbaycan borc götürən yox, borc verən ölkə oldu. İndi ağlaşma qurmağa da xüsusi səbəb yoxdu. Yaşlı və orta nəsil Azərbaycanda çox çətinliklər görüb. Kasıblıq, qıtlıq, çörək növbələri, işsizlik, müharibə və sairə. Təsəvvür edin ki, bir evi zəhmət və ağıl hesabına tikib qurursan, şəraitini düzəldirsən, işlərini sahmana salırsan, günlərin birində isə bunların hamısı dayanır, ailədə işləyən işə gedə bilmir, gəlirlər azalır və sairə. Azərbaycan aşağı-yuxarı bu misal çəkdiyimiz ailə vəziyyətindədir. Ölkənin yerli ürətimi -istehsalı dayanmayıb, amma iqtisadiyyatda böyük zərərlər var. İnsanlar evdə oturmaq zorundadırlar, vergi verən iri ticarət mərkəzləri, iaşə obyektləri bağlıdır, ən ciddi problem günəmuzd işləyən əhalidir. Onların pulunu vermək üçün heç olmasa, dükanı açıb su satmalısan. Bütün ticarət münasibətləri iflic durumdadır. Hələ bu durumun neçə ay davam edəcəyini kimsə də bilmir. Rəngləri daha da qaraltmağa ehtiyac yoxdur, amma «qara qızıl» da su qiymətinə düşübsə dövlət baba- Prezident əlbəttə ki, qayğılanır. Bu böyük bir məsuliyyətdir, ağır bir işdir. Bunu başa düşməyə nə var?
İlham Əliyev yenidən MOK-un prezidenti
Prezident olmağa həvəslənənlər arada bu kimi çətinlikləri də göz önünə alsınlar- analoji durumda nə edərdilər, ölkənin taleyüklü problemlərinin həlli üçün nə variant düşünərdilər? Şübhə etmirəm ki, indi bəziləri çox böyük maraqla Prezident Əliyevin bu situasiyadakı «antivirus» addımlarını diqqətlə izləməkdədirlər. Demirəm, içi biz qarışıq, dünyanın düşdüyü bu duruma görə sevinirlər. Deyirəm ki, izləyirlər - İlham Əliyev Azərbaycanı bu durumdan necə çıxaracaq deyə…

Bəlkə başqa pis niyyətli adamlar da ola bilər, amma indi hamının üzü maska altında görünmədiyi kimi, ürəyini heç bilmək olmaz… Hər halda, Azərbaycanı sevən hər kəs bu durumun tezliklə həm millətimiz, həm dünyamız üçün arxada qalmasını arzu edər.

Koronavirus dünyanı yıxmaqdadır. Çindən sonra Avropa insanlıq dramının mərkəzinə çevrilib və 20 gündür ki, ölüm sayı durmadan artır. Adamın inanmağı gəlmir ki, xərçəng xəstəsinin ömrünü belə aylarla uzadan tibb bir qatil virusla baş edə bilmir, insanlar yaşından asılı olmayaraq günlərlə can verir və ölür. Heç nə insan həyatından üstün deyil, amma ölkələrin iqtisadiyyatları da silkələnib, reanimasiyada təcili nəfəsə ehtiyacı var. Çünki ölənlər istənilən ölkə üçün əvəzedilməz itkiləridir, amma xəstəliklə mübarizəni də, sağ qalanları da düşünmək lazımdır.

Yenə o fikrimdə qalıram ki, dövlət çox varlı sahibkarların dərdini çəkməyi düşünməməlidir. Ən azı indilikdə. Restoran müdirləri tanıyıram ki, hələ indən sonra 50 il işləməsə yeməyə kababları, xaricdə xərcləməyə pulları olar. Bəli, sahibkarı olmayan məmləkət kasıb olar. Amma bütün krizisizlərdən məhz onlar qazanclı çıxmalıdır? Bunlar əllərini cibinə salıb yardım etməklə işlərini bitmiş hesab edirlər, sonra da gözləyirlər ki, görək dövlət bizə neçə kompensasiya verəcək. İstəməyin də. Bir də belə çətin vəziyyət bəlkə Qarabağ müharibəsində olacaq. Günəmuzd işləyənlərə, bu bəladan zərərçəkən hər bir imkansız adama dövlət yardım etməlidir, bunu da etmək istəyirlər. Nə olar, o varlı sahibkardan biri də desin ki, bir ay bütün əməkhaqları cibimdən verəcəm. Canı çıxmaz, pulu çıxar, onu da virus qurtaran kimi üç aya artıqlaması ilə qazanacaq…

Nazim SABİROĞLU,
Musavat.com
Bizimkilər - Nazim Sabiroğlu: “Qardaşım mənim qəzetdə işləməyimi ...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10