Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dəhşətlər məkanı olan həbsxana – Karandiru qiyamında 112 məhbus güllələnib


Braziliyanın ən böyük şəhərlərindən biri olan San-Paulu həm də eyniadlı ştatın paytaxtıdır. 12 milyondan artıq əhalisi olan San-Paulu qədim arxitektur binaları, müasir tikililəri, kilsələri, muzeyləri ilə bütövlükdə Cənubi Amerikada ən gözəl şəhərlərdən biri sayılır . Amma şəhərin məşhurluğu təkcə bu gözəlliklərlə bağlı deyil. San-Paulu həm də Karandiru həbsxanası ilə məşhurdur, təkcə Braziliyada yox, bütün dünyada...

Karandiru həbsxanası 1920-ci ildə tikilib, türmə üç min nəfərin saxlanılması üçün nəzərdə tutulub. Dözülməz saxlanılma şəraiti olan Karandiruda fəaliyyət göstərdiyi 82 ildə (1920-2002) cəzaçəkmə müəssisələri üçün nəzərdə tutulan normalara heç vaxt əməl olunmayıb. Həbsxanada saxlanılanların sayı normadan üç dəfə artıq olaraq 8-10 min, bəzi dövrlərdə isə 12-14 min nəfərə çatıb. 82 il ərzində həbsxana bir dəfə də təmir olunmayıb.

Bu sıxlıq dustaqlar arasında ölümlə nəticələnən mübahisələrə səbəb olub. Güclülər həbsxana çarpayısında, zəiflər isə heç bir yataq ləvazimatı olmadan beton döşəmədə yatıblar.

Məhbusların bir-birini öldürməsi Karandiru həbsxanasında adi hal sayılıb. Əksər hallarda buna görə növbəti cinayəti törədən məhbus cəzalandırılmayıb, ona yeni cinayət işi açılmayıb.

Karandiru həbsxanasında dustaqlara nəzarət etmək üçün min nəfər nəzarətçi işləyib. Nəzatərçilər 4 növbədə çalışıblar. Hər növbədə təxminən 10 min nəfərə 250 nəfər həbsxana əməkdaşı nəzarət edib. Təbii ki, bu nisbətin nəticəsi olaraq nəzarətçilər dustaqları tam nəzarətdə saxlaya bilməyiblər. Türmədə həbsxananın daxili rejim qaydaları deyil, dustaqların öz qanunları hökm sürüb.

1980-ci illərin ortalarından başlayaraq Karandiru həbsxanasında saxlanılanların hər beş nəfərindən biri QİÇS xəstəsi olub. Bu xəstələr ayrıca kameralarda deyil, elə ümumi kameralarda saxlanılıblar. Ümumiyyətlə, həbsxanada yoluxucu xəstəliklərin baş alıb getməsi adi hala çevrilib.

Karandiru türməsində dustaqlara tibbi xidmət, tibbi yardım anlayışı ən dəhşətli işgəncə kimi qəbul edilib. Hər hansı bir məhbusun tibbi yardım almaq xahişi həbsxananın tibb işçilərini qıcıqlandırıb. Onlar tibbi yardım əvəzinə məhbuslara işgəncə veriblər. Bu işgəncələrin arasında heç bir keyidici vasitə olmadan kiçik əməliyyatlar aparmaq və məhbusların sidiklərini müalicəvi məhlul kimi bir-birlərinə içirtmək daha populyar olub.

Braziliyanın pentensiar xidmətinin rəhbərləri Karandiru həbsxanasında qayda-qanun yaratmaqda aciz olublar. Onlar təkcə dustaqları yox, həbsxana əməkdaşlarını da islah edə bilməyiblər. Türmə nəzarətçilərinin özbaşınalıqlarının son həddə çatmasının, bütün növbə ərzində sərxoş olmalarının, mövcud həbsxana qaydalarını pozmalarının, türmədə narkotik vasitələr satmalarının, həbsxanaya imkanlı məhbuslar üçün fahişə gətirilməsinin qarşısını almaq mümkün olmayıb.

Karandiru həbsxanasında insan şüuruna sığışmayan əməllər adi hala çevrilib. Kannibalizm faktları sürətlə çoxalıb. İnsan ətinə meyllik bəzi məhbuslar üçün adi qida rasionu sayılıb.

Türmədə narkotik vasitələrdən istifadə o qədər geniş yayılıb ki, nəzarətçilər bunu cinayət əməli saymayıblar. Əksinə, narkotik vasitələrdən daha çox istifadə həbsxana əməkdaşları üçün gəlir mənbəyi olub.

Karandiru həbsxanasının ən dəhşətli səhnələrindən biri də könüllü, yaxud da məcburi olaraq kişilərin zorlanması səhnəsi olub. Hədsxanalarda nikah mərasimləri də keçirilib, bu mərasimlər üçün “kişi gəlin”lər də tapılıb.

1990-cı illərdə Braziliyada cinayətkarlığın sayının kəskin şəkildə artması Karandiru həbsxanasına da öz təsirini göstərib. Belə ki, yeni məhbusların gətirilməsi ilə həbsxanada növbəti sıxlıq yaşanıb, türmədə cinayət tərkibi və əyalətlərlə bağlı qruplaşmalar yaranıb.

2 oktybar 1992-ci ildə isə dünyanın həbsxana qiyamlarının tarixinə yeni bai qiyam əlavə olunub – Karandiru qiyamı.

Qiyam türmənin 2069 dustaq saxlanıldığı 9-cu seksiyasında iki məhbusun davası ilə başlanıb. Məhbusların “döyüşünə” qruplaşmalar müdaxilə edib. Nəzarətçilər qayda-qanun yaratmağa müvəffəq ola bilməyiblər. Onlar növbəti dəfə dustaqları sakitləşdirməyə cəhd edəndə dava edən qruplar birləşərək həbsxana əməkdaşlarına hücum ediblər. Çıxış yolu tapmayan nəzarətçilər ölümdən qurtularaq seksiyadan uzaqlaşıblar. Artıq digər məhbuslar da 9-cu seksiyanın məhbuslarına qoşulublar. 
Həbsxananın rəisi Joze İsmaelin məhbuslarla danışığa getmək cəhdi də nəticəsiz qalıb. Hadisə ilə bağlı San-Paulunun polis rəisi polkovnik Ubiratan Qimaraynsa məruzə edilib. Polis rəisi Braziliyanın dövlət rəhbərliyindən konkret tapşırıq alıb: “İstənilən vasitə ilə qiyamın qarşısı alınsın...”

40 dəqiqədən sonra Karandiru həbsxanasına hücum əməliyyatı hazırlanıb. Əməliyyata 347 nəfər xüsusi təyinatlı cəlb olunub. 15.00-da əməliyyat başlanıb. Yarım saat davam edən əməliyyatda qiyam yatırılıb. Əməliyyat zamanı 112 nəfər məhbus öldürülüb. Məhbuslar təslim olduqlarını bildirsələr də, polkovnik atəşi dayandırmamağı əmr edib.

Sonralar bu əməliyyatla bağlı beynəlxalq təşkilatlar Braziliya rəhbərliyini sərt tənqid ediblər, bu qanlı hadisəni insan hüquqlarının pozulması kimi qiymətləndiriblər.

Karandiru həbsxanasının heç vaxt normal məcraya düşməyəcəyini dərk edən Braziliya rəhbərliyi 2002-ci ildə bu cəzaçəkmə müəssisəni yerli-dibli söküblər. Həbsxananın yalnız bir korpusu saxlanılıb ki, o da hazırda muzey kimi fəaliyyət göstərir. Qalan ərazidə isə park salınıb.

Qeyd edək ki, Karandiru həbsxanasının dəhşətləri ilə bağlı rejissor Ektora Babenkonun çəkdiyi “Karandiru” filmi bir neçə mötəbər kinofestivallarda ən yaxşı film kimi fərqlənib.

İlham Cəmiloğlu, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10