Ekspert: “Ali məktəblərdə bəzi fakültələr birləşdiriləcək, yeni ixtisaslar yaranacaq”
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bakalavr səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb, bir çox ixtisaslarsa ləğv olunub. 2020-ci ildə ali təhsil müəssisələrinə bu yeni ixtisaslarla bağlı qəbul həyata keçiriləcək.
Yeniliyi şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, get-gedə əksər sahələr elektronlaşdığı və insan əməyinə tələbat azaldığı üçün bəzi addımlar atmağa ehtiyac yaranır: “Bunu nəzərə alaraq 2018-ci Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kimi yeni ixtisaslar yaradılıb. Etiraf edək ki, zaman çox sürətlə dəyişir. Qədimdə önəmli iki ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Məsələn, foto sənayesində “Kodak”, “Alfa” firmaları 150 il hegemon idi, lentli fotoaparatlar istehsal edirdilər. Amma hazırda telefonlardan fotoaparat kimi istifadə edə bilirik və fotoaparata çoxumuzun ehtiyacı yoxdur”.
“Bu prosesi izləyən biri kimi deyə bilərəm ki, 50 il bundan əvvəl ali təhsil almaq, yəni 5 il oxumaqla 25-35 il həmin savadla işləmək olurdu. İndi isə günümüzə uyğunlaşmaq üçün daha çox təhsil almalıyıq. Bu gün ali təhsil diplomu karyera qurmaq üçün kifayət etmir. “ASAN xidmət” Azərbaycanda çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiya yeniliklərinə dayanan yeni xidmətlər əmələ gəldikcə, hətta məmurlara da ehtiyac qalmayacaq. Amma burada yeni bir problem ortaya çıxacaq: Biz nəyi öyrənməliyik?”, - deyə ekspert əlavə edib.
Əsədovun fikrincə, gələcəkdə ixtisaslar sıradan çıxmayacaq, biri digərinə birləşəcək: “Məsələn, hazırda fizika və kimya fakültələri var, gələcəkdə fizkimya, biofizika fakültələri yarana bilər. Hətta dünyada ekonomfizika adlı yeni sahə yaranıb. Gələcəkdə Yer üzünün xilası və tərəqqisi ilə bağlı elmlər daha öndə olacaq. Ona görə fikir vermək lazımdır ki, NASA hansı problemlərlə məşğul olur. Deməli həmin sahələr bu gün dünyada öndə gedir. Onların məşğul olduğu istiqamətlər üzrə ölkədə elmi inkişaf etdirmək daha doğru yol olardı. Fəlsəfə, sosial elmlərin inkişafı ilə bağlı elmlər çox lazım olacaq”.
Təhsil eksperti Elçin Əfəndi də deyib ki, yaradılan yeni ixtisaslara tələbat vardı: “Bəzi ixtisaslar var ki, onlar birləşdirilib. Hansı ki, geologiya və geofizika ilə bağlıdır. Bundan əvvəl də yeni ixtisaslar açılmışdı. Əsasən o ixtisaslar informasiya yönümlü ixtisaslar idi. Düşünürəm ki, yaxın gələcəkdə, ümumiyyətlə bütün ixtisasların əsasında məhz informasiya texnologiyaları yönümlü ixtisaslar dayanacaq”.
“Bu gün ən bərbad vəziyyət III ixtisas qrupundadır. Demək olar ki, orada bir sıra ixtisaslara artıq tələbat yoxdur. O ixtisaslardansa müasir ixtisaslar yaradılsa, daha gözəl olar. Bununla bağlı yaxın vaxtlarda DİM və Təhsil Nazirliyinə müraciətim olacaq. III ixtisas qrupu üzrə kitabxanaçılıq və informasiya olduğu halda kitabşünaslığa ehtiyac yoxdur, bədii yaradıcılıq və ekran dramaturgiyasının əvəzinə yeni ixtisas olmalıdır. Məsələn, radioteleviziya meneceri, teatr və kino meneceri ixtisasları yaradılmalıdır. Bundan əlavə, mədəniyyət və turizm meneceri ixtisası olmalıdır. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunmasının əvəzinə mədəniyyət və turizm meneceri ixtisası açılmalıdır. Təhsildə sosial-psixoloji xidmət ixtisasına yeni ad verilməlidir. Məsələn təhsil meneceri”.
Qeyd edək ki, 2020-ci ildə ali təhsil müəssisələrində aşağıdakı yeni ixtisaslar üzrə də təhsil almaq mümkün olacaq:
I qrup
1. Biotexnologiya
2. Aerokosmik mühəndislik
3. Aviasiya təhlükəsizliyi mühəndisliyi
4. Elektrik və elektronika mühəndisliyi
5. Energetika mühəndisliyi
6. Hava nəqliyyatının hərəkətinin təşkili
7. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
8. Kommunikasiya sistemləri mühəndisliyi
9. Mədən mühəndisliyi
10. Meliorasiya mühəndisliyi
11. Mexatronika və robototexnika mühəndisliyi
12. Mühəndis fizikası
13. Radiotexnika və telekommunikasiya mühəndisliyi
14. Yerquruluşu və daşınmaz əmlakın kadastrı
15. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
16. Sərhəd təhlükəsizliyi və idarəetmə
17. Geologiya və geofizika mühəndisliyi
18. Geomatika və geodeziya mühəndisliyi
19. Zoomühəndislik
20. Hərbi rabitə vasitələri mühəndisliyi
II qrup
1. Beynəlxalq ticarət və logistika
2. Turizm bələdçiliyi
3. Mühasibat (uçotu və audit çıxarılıb)
4. Turizm işinin təşkili
III qrup
Kitabxanaçılıq və informasiya fəaliyyəti (“fəaliyyəti” əlavə olunub)
IV qrup
1. Baytarlıq təbabəti
2. Zoomühəndislik
3. Fizioterapiya və tibbi reabilitasiya
4. Tibb bacısı işi
5. Hərbi tibb
6. Tibb
7. İctimai səhiyyə
8. Biotexnologiya
9. Fizioterapiya və tibbi reabilitasiya
V qrup
1. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
2. Vokal sənəti (sahələr üzrə)
ayna.az