Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yüz qırx yeddinci ilin xəcaləti...



İndi teatr və kino sənəti məhv olmasın, neyləsin?!

 

1873-cü il mart ayının 10-da Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası ilə Azərbaycanda peşəkar teatrın əsası qoyuldu. 147 illik bir dövrü əhatə edən cəmiyyətin bütün doğrularını və yalanlarını olduğu kimi göstərən bu sənət, bu illər ərzində nə qədər məşəqqətli və acınacaqlı tale yaşasa da, özünü ona həsr edən fədailərin sayəsində çətinliklə ayaqda qalmağı bacarıb. Hətta özünü bu sənətə həsr edənlərin arasında dünya səviyyəli, peşəkar və ən azından adını Azərbaycan mədəniyyət və incəsənətinin tarixinə qızıl hərflərlə yazdırmağı bacranlar da olub. Əbəs yerə deyilməyib ki: “İncəsənət qurban tələb edir”.

 

Lakin üzərindən bir əsr keçməsinə və saysız-hesabsız fəadilərin olmasına rəğmən, bu müqəddəs sənət illər keçdikcə nüfuzdan düşmüş və acınacaqlı vəziyyətin ağuşunda özünə yuva salmışdı. Təbii ki, sənətin metodikası, nəzəriyyəsi və ritmini bilməyən istedadsız, tanışlıq və rüşvət hesabına sənətin yaxasına zəli kimi yapışanlarla yanaşı, peşəkar və özlərini sənətə qurban verənlərin acınacaqlı durumu da teatrın məhvinə səbəb olan amillərdən olub və hələ də olmaqdadır.

 

Təbii ki, bu məlum problemlərin kökündə bir növ Mədəniyyət Nazirliyi və Azərpaşa Nemətovun sayəsində bataqlığa çevrilmiş Teatr Xadimləri İttiffaqının (TXİ) yarıtmaz siyasəti də dayanır. Heç vaxt teatr sənətinin inkişaf yolunu diqqət mərkəzində saxlamayan, teatr xadimlərinin sosial problemlərini işıqlandırmayan və bu problemlərin həllini aradan qaldırmaq üçün cəhd göstərməyən bu qurum tənqidlərdən də heç vaxt nəticə çıxarmayıb.

Yəqin ki, oxucuların yadına gələr. Yaxın keçmişdə Xalq artisti Afaq Bəşirqızı da Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini sərt tənqid etmiş və onun bu tənqidi böyük rezonas doğurmuşdu. Afaq Bəşirqızı aktyorların maddi durmundan söz açmış və bu problemlərin aradan qaldırılması üçün heç bir cəhd göstərməyən TXİ-ni sərt şəkildə günahlandırmışdı: “Aktyorların hamısının fəxri ad almaq imkanı yoxdur. Ona görə də həyat şəraitləri pisdir. Cənab Prezidentin qərarı nəticəsində onların aylıq əməkhaqları artırıldı. Lakin əməkhaqqı ilə sosial problemləri həll etmək mümkün deyil. Buna görə də Azərbaycan Teatr Xadimləri İttifaqı aktyorların problemləri ilə məşğul olmalıdır. Əvvəllər teatrda sənətkar sexləri var idi. İndi bunların heç biri qalmayıb. Biz tamaşalar üçün ayaqqabıları Gürcüstandan alıb gətiririk. Halbuki qabaqlar İttifaqın tərkibində sexlər fəaliyyət göstərirdi. Teatr Xadimləri İttifaqına istər Mədəniyyət Nazirliyi tərəfindən ayrılan vəsait, istərsə də icarəyə verdikləri “İstanbul” restoranından gələn gəlirlər hara gedir? Teatr Xadimləri İttifaqının rəhbəri adi aktyorların taleyini düşünməli, onların sosial problemlərini həll etməyə çalışmalıdır”.

 

Xalq artisti haqlıdır. Teatrlarda 200-250 manat maaşa fəaliyyət göstərən insan hansı sosial problemlərini həll edə bilər? Bu maaşla çalışan akyor sənəti düşünsün, yoxsa, dolanmağı? Məlum məsələdir ki, aktyor bu durumda ya toylarda tamadalıq etməli, ya cizgi film qəhrəmanlarının paltarlarını geyinib ad günlərində, kiçik toy məclislərində sənətdən anlayışı olmayan adamları əyləndirməldir, ya da Yeni il və Novruz bayramlarında Şaxta baba və Kosa-Keçəl paltarları geyinib uşaqların qarşısına çıxmalıdır.

 

Əlbəttə ki, bu vəziyyət aktrisalara da aiddir. Onlar da ya xınayaxdı məclislərində “haxışda” deyib pul qazanmalı, ya da bayramlarda Qar qız, Bahar qız obrazlarında uşaqları əyləndirməldirlər.

 

Hətta, sənətin acınacaqlı durumu elə həddə gəlib çatıb ki, bu gün seriallar və kinolarda da həmin peşəkar aktyorlara yer yoxdur. Çünki populyar kültürə və bazara xidmət edən rejissorlar çəkdikləri film və seriallara peşəkar aktyorları yox, öz dost-tanışlarını çəkirlər. Azərbaycanda müasir kino və serail sahəsinin bərbad durumda olmasının bir səbəbi də budur. Bu isə başqa mövzudur.

 

Əlbəttə, belə olan halda teatr və kino sənəti məhv olmasın, neyləsin? Yaxşı, bütün bu günahların və problemlərin səbəbkarı heç kim deyilsə, bəs kimdir?

 

Lakin teatrın problemləri bununla da bitmir. Repertuar qıtlığı, tamaşaçı azlığı, peşəkar rejissorların az sayda olması, aktyorların naçar halda sənətə yox, cibə xidmət etmələri teatrı uçuruma aparan amillərdəndir. Təbii ki, bu problemlərin başlıca səbəblərindən biri də sözügedən müəssisələrə cavabdeh olan şəxslərin səriştəsizliyidir.

Onu da qeyd edim ki, bu acınacaqlı durum azmış kimi, tetarlarda dierktorların diktaturası nəticəsində aşağılanan aktyor və rejissorlar da az deyil. Buna misal olaraq 20 ildir ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevi göstərmək olar. İftixar Piriyev özünü və ömrünü sənətə və bu teatra həsr etmiş sənətkarları zaman-zaman naməlum səbəblərdən teatrdan didərgin salıb. Hətta, cənab Piriyevin bu bacarığı bu günə qədər də davam edir. Belə ki, yaxın keçmişdə də bu teatr haqqında qalmaqallar səngimək bilmirdi və teatrın bir sıra aktyorları İftixar Piriyev tərəfindən haqsızlığa məruz qaldıqlarını bildirərək onu məhkəməyə vermişdilər. Lakin 20 ilin direktoru onları da amansızlıqla teatrdan uzaqlaşdırmış və aldıqları 150-200 manatı da onlara çox görmüşdü.

 

Təəsüf ki, bu durum təkcə İrəvan Dövlət Azərbaycan Dram Teatrında deyil, əksər teatrlar bu problemlərdən əziyyət çəkir. Günah isə kimdədirsə, vicadanı olan öz üzərinə götürsün və probelmlərin həllinə çalışsın!






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10