“Bu sahənin inkişafı üçün yalnız vergi güzəştlərinə deyil, uzunmüddətli və aşağı faizli kreditlərə də ehtiyac var”
Ailə biznesinin müəyyən üstünlükləri var - onun iştirakçıları hər şeyi yaxşı bilirlər və bir qayda olaraq bir-birilərinə etibar edirlər. Bundan əlavə, nadir hallarda işçilərə pul xərcləmək lazım gəlir ki, bu da bütün qazancın ailədə qalmasına səbəb olur. Bu, daha çox kiçik və orta sahibkarlıqdır və məhz ölkəmizdə dövlət son zamanlarda onun həvəsləndirilməsinə səy göstərir.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiylar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) nəzdində fəaliyyət göstərən və ailə biznesini dəstəkləyən Ailə Biznesinə Asan Dəstək (ABAD) yaradıldı. Rəsmi statistikaya görə, 2019-cu ildə ABAD iştirakçılarının sayı 30 faiz artaraq 421 ailəyə çatıb. İştirakçıların 96%-i fiziki (237 qadın və 166 kişi), 4%-i isə (18 nəfər) hüquqi şəxslərdən ibarətdir.
2019-cu ildə təşkilatın dövriyyəsi 70 faizdən çox artaraq 1,7 milyon manat təşkil edib. İki il ərzində ticarətin həcmi, təxminən 4,7 dəfə artıb və 2017-ci ildən 2019-cu ilə qədər iştirakçıların ümumi mənfəəti 2,2 milyon manat təşkil edib.
Ailə biznesinin inkişafı çox vacibdir. Çünki bu, özünə iş quranların sayının çoxalması, gələcəkdə dövlət büdcəsinə vergi daxilolmalarının həcminin artması deməkdir. Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“Lakin problem hökumətin məqsədli proqramının, bu məqsədlər üçün böyük vəsait ayrılmamasının və uzunmüddətli kreditlərin olmamasıdır. Avropa İttifaqının bir çox ölkəsində ailə biznesinin inkişafı üçün 2 il müddətinə faizsiz kreditlər verilir və bu, müsbət nəticə verir. Bizdə isə bu sahibkarlıq növünü dəstəkləmək üçün ABAD var, lakin onun xidmətlərinə müraciət edənlərin sayı azdır və indiki şəraitdə ailə biznesini inkişaf etdirmək istəyənlər də çox deyil”, - o bildirib.
Cəfərlinin sözlərinə görə, burada inteqrasiya olunmuş bir yanaşma lazımdır: “Yuxarıda dediyim kimi, yalnız vergi güzəştlərinə deyil, uzunmüddətli və aşağı faizli kreditlərə də ehtiyac var. Əgər bu, baş verməsə, Azərbaycanda sözügedən seqmentin inkişaf perspektivləri qeyri-müəyyən olaraq qalacaq”.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin (DİTM) sədri Nəriman Ağayevin şərhinə görə, ailə biznesi dulusçuluq, emalatxana kimi sahələrdə inkişaf edir: “İnsanlar təcrübələrini və bacarıqlarını qohumlarına ötürürlər. Mən Şamaxıda papaq hazırlayan bir adam tanıyıram, sonra oğlu da onun peşəsi ilə məşğul oldu. Mütəxəssis deyir ki, bunu etmək üçün “çox şeyə ehtiyacınız yoxdur - kiçik bir dəzgah və material”. Ailə biznesi qida istehsalı və yüngül sənayedə inkişaf edir. Ancaq insanlar özləri üçün perspektivləri görməlidirlər, onların nəyə sahib olmalarını bilməlidirlər”.
“Bu cür fəaliyyətini rəsmiləşdirməyən, qeyri-qanuni əsaslarla bunu edənlərin sayı da az deyil. Dövlət bu cür insanlarda maraq oyatmağa çalışmalıdır ki, onlar bizneslərini leqallaşdırsınlar. Dövlət onları dəstəkləməli və ilk növbədə hazır məhsullar bazarı axtarılmalıdır. Bu fəaliyyət üçün patent məsələsini də həll etmək lazımdır”, - Ağayev vurğulayıb.
“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov hesab edir ki, qeyd olunan 421 ailə cüzi göstəricidir. O, əməkdaşımızla söhbətində deyib ki, ölkədə ailə biznesinin inkişafı üçün çox iş görülməlidir: “Belə biznes daha çox kəndlərdə və fermer təsərrüfatlarında genişləndirilib. Əl sənəti ilə bağlı ailə biznesi, xüsusilə Şəki-Zaqatala zonasında və Lahıcda inkişaf edir. Sənətkarlıq ənənələri nəsildən-nəslə ötürülür. Ancaq çoxları rəsmi olaraq işləmir, sosial ödənişlər etmirlər. Bu barədə əhali ilə geniş məlumatlandırma proqramına ehtiyac var”.
“Paytaxta gəlincə, əvvəlcə fəaliyyət sahəsi müəyyənləşdirilməli, biznes planz olmalıdır. Növbəti kafe, restoran və ya şadlıq evlərinə ehtiyac olduğunu düşünmürəm. İstehsala daha çox diqqət yetirmək, boşluqların olduğu sahələri müəyyənləşdirmək lazımdır. Əgər ideya yeni və rasionaldırsa, onda maliyyələşdirməyin əhəmiyyəti də var. Perspektiv olaraq turistlərin ehtiyaclarına diqqət yetirmək, nə almaq istədikləri ilə maraqlanmaq lazımdır. Məhsullar istehlak malları deyil, eksklüziv, deyək ki, bəzi əl işləri olan qablar olmalıdır. Xidmət sektoru da perspektivlidir. Məsələn, mənzillərin, ofislərin təmizlənməsi, yüksək mərtəbəli binaların pəncərələrinin yuyulması və sair. Layihələr uzunmüddətli olmalı və dövlət onlar üçün pul ayırırsa, hər şey şəffaf həyata keçirilməlidir”, - İsmayılov əlavə edib.
ayna.az