Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ustad şapalağı”, “qulaqburbası”, müəllim şagirdi döyə bilərmi? -Ekspertlər sualımızı cavablandırdı...



Vaxtilə uşaqlarını məktəbə yola salan valideynlər müəllimlərə, “nə edirsən et, övladımı oxut!” deyirdi. Hətta müəllim tərəfindən bizlərə “qulaqburbası” veriləndə evdə deməyə belə qorxurduq ki, hələ valideynlərimiz də müəllimin tərəfini saxlayıb bizi danlayacaq. Amma bu gün vəziyyət dəyişib. Beynəlxalq Uşaq Hüquqları Konvensiyasında, elə də ölkəmizdə qəbul olunmuş “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında da uşaqlara qarşı zorakılıq, ayrı-seçkilik, fiziki cəza yolverilməz hesab edilir. 

Bəs müəllimlər şagirdi döyə bilərmi?

Cenub.az xəbər verir ki, moderator.az suala cavab axtarmaq üçün ekspertlərə müraciət edib:

Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov bu məsələdə müəllimləri haqlı saydı və bildirdi ki, müəllimin uşağa “qulaqburması” verməsiylə heç nə olmaz:

“Çox təəsüf ki, reallıq budur. Özüm Teatr İnstitutunda müəllim işləmişəm və Fuad Poladov, Sabir Məmmədov, Əsgər Əsgərov və s. kimi insanlar kursumda oxuyublar. Mən bunu ürəkağrısıyla deyirəm ki, bu belə olmamalıdır. Müəllim elə bir müqəddəs şəxsdir ki, əgər yeddi yaşında uşaq cəmiyyətə ayaq basırsa, bütövlükdə onun şüuru, savadı, intellekti müəllimdən asılıdırsa, onda müəllimə müqəddəs şəxs kimi baxmaq lazımdır. Bir şərtlə ki, müəllim də özü o səviyyənin adamı olsun. Əllinci illərdə bizim hamımızın sevmlisi olan Məhərrəm adlı məüllimimiz var idi. Onun bir oğlu vardı və onun toyunda Məhərrəm müəllimi məcbur etdilər ki, oğlunun toyunda oynasın. İstəməsə də axır ki, ayağa qalxdı və oynadı. Təsəvvür edin ki, həmin hadisədən sonra Məhərrəm müəllim bizim gözümüzdə adiləşdi, çünki o vaxt hər toyda şuluq salan və oynamaq üstündə dava salan adamla var idi və elə bil bizim üçün Məhərrəm müəllim də həmin adamların səviyyəsinə düşdü. O, kişi çox ağıllı adam idi və sonra bir dəfə dərsdə oğlunun toyunda oynamağını bizə elə izah etdi ki, onunla razılaşdıq. 


 Bu gün şagirdlərin əksəriyyəti dərsdən sonra ayrıca müəllim yanında gedirlər. Görünür təhsil sistemində hansısa boşluq var və elmin, texnikanın inkişaf etdiyi indiki vaxtda insanlar istəyir ki, övladlarını daha savadlı yetişdirsinlər. Ona görə də bu işlər biz istəsək də, istəməsək müəyyən problemlər yaradır. Bunun qarşısının alınmasının konkret səbəbləri də var. Nəvələrim məktəbdə oxuyur və onların kitabları, məktəbə daşıdıqları ağır çantaları, müəllimlərin onlara yüklədiyi boş mövzular buna əsas verir ki, valideynlər belə düşünsün. Bizim klassik ustad-şagird məktəbimizdə qədim ənənə olub. Əvvəllər ustad yanında tərbiyə alan, oxuyan uşaqlara sənəd və ya diplom vermirdilər. Onda “ustad şapalağı” deyilən bir şey var idi, o “şapalaq” uşağın gələcək taleyində rol oynayan faktordan biri idi. Əgər ustad dərs dediyi şagirdi həqiqətən hazır hiss edirdisə, onda ona “ustad şapalağı” vururdu. Ona görə də uşağın döyülməyi, qulağının dartılmağı pis şey deyil. Qəribədir ki, müəllimə qarşı bunu o valideynlər edir ki, heç özlərinin statusu bəlli deyil”.

Professor, təhsil eksperti Şahlar Əsgərov isə dövr dəyişdiyi üçün indiki müəllimin şagirdə qarşı bu cür davranışının yolverilməz olduğunu bildirdi:

“Biz artıq iyirmi birinci əsrdə yaşayırıq və keçmiş təhsil, tədris metodları indi işləmir. Təcrübədən elə misallar göstərə bilərik ki, hətta müəllimlər şahları belə döyüblər. Onda şahlar da müəllimi cəza əvəzinə, mükafatlandırıb. Belə nümunələr çoxdur, amma indi zaman dəyişib və bununla yanaşı, dünyagörüşü də dəyişməlidir. Əgər keçmiş dövrdə totalitar düşüncə var idisə, indi demokratik düşüncə var. Demokratik düşüncə onu göstərir ki, müəllim şagirdi döyməli deyil, onu öyrətməlidir. Onu başa salmalı, məsələni direktor və valideynlə müzakirə etməlidir. Bu cür tədqiqatlar aparılmalıdır. İndiki şagirdi qulağından çəkməklə öyrətmək olmaz. Bu istiqamətdə yeni metodlardan istifadə etməlidir”.



Tanınmış gənc tarix müəllimi Həbib Əlizadə isə müəllimlərə müasir variantları tövsiyə etdi: 

“Birmənalı olaraq hər bir təhsilli, dünyagörüşlü adamın qəbul etdiyi və istifadə etdiyi yanaşma odur ki, müəllim və valideyn şagirdləri vura bilməz. Əslində zorakı hərəkətlər fiziki zorakılıqla məhdudlaşmır və bura sözlə deyilən ifadələr də daxildir. Burda bir çox səbəblər var və ona görə uşağı döymək olmaz ki, şagird onda azad fikrini deyə bilmir. Tərbiyədə bir çox metodlar var və zorakılıq edib onun qarşısını almaq düzgün deyil. Zorakılıq ediləndə uşaq qul və kölə psixologiyası ilə böyüyür və başqasına qarşı o da zorakılıq edir. Suallardan biri də odur ki, “müəllim nə üçün uşağı döymək istəyir?” Müəllim şagirdi ona görə döymək istəyir ki, sinifdə idarəetməni itirdiyini düşünür və bunu bərpa etmək üçün hansısa uşağı vurur və bu isə müvəqqəti bir şeydir. Nəticədə isə problem böyüyür. Sonrakı günlərdə şagird müəllimə qarşı daha sərt çıxış edə bilər, dərsinə girməz və s. Sovet vaxtında uşaqların döyülməsi adi hal kimi qarşılansa da, onda qapalı sistem idi, indiki kimi elm, texnika bu qədər inkişaf etməmişdi deyə məsələ gündəmə çıxmırdı. Belə olanda da sovet təbliğatını aparan müəllim üçün heç bir maneə yox idi. İndi isə müasir pedaqoqları dinləyəndən sonra öyrəndik ki, uşaqları döymək doğru deyil. Bu cür məsələlərdə müəllimlər şagirdlərlə dost olmaq variantından istifadə etsinlər, valideyn və şagirdlərlə görüşsünlər”.


Psixoloq Vəfa Əkbər bildirdi ki, müəllimin bu cür davranışı onun psixoloji problemi olduğundan xəbər verir:

“Ümumiyyətlə, bütün dövrlərdə müəllim şagirdi döyməməlidir, onun funksiyası uşağı öyrətməkdir. Hətta öyrətmə prosesində şagirdi tərbiyə etməkdir. İşgəncə və fiziki zorakılıq həmin insanın nə qədər qeyri-peşəkar və özüylə bacarmadığını göstərir. Enşteyn deyir ki, “əgər bir alim öz teoriyasını dörd yaşında uşağa izah edib onu başa sala bilirsə, demək özü də başa düşüb”. Əgər bir müəllim şagirdə materialı izah edə bilmirsə, şagirdə onun dərs izah etməsi maraqsız gəlirsə, bu müəllim və valideynin problemidir. Hər bir uşağı tərbiyə edən qurumlar var və onlar da Ailə İnstitutu və məktəbdir. Necə olur ki, uşaq tərbiyəli olanda valideyn deyir mənim tərbiyəmin, müəllim isə deyir ki, mənim təhsilimin nəticəsidir. Amma uşaq pis olanda valideyn boynundan atır və müəllim də deyir ki, oxumağa savadı çatmır. Bunlar isə tamamilə yalnış fikirlərdir. 


Uşaqların döyülməsi heç bir çərçivəyə sığımır. Müəllim uşağı döyürsə, bu onun psixoloji probleminin olmasından xəbər verir. Döyülmə isə uşaqda problemlər yaradır. Aqressiv olur, təhsilə, həmin fənnə onda nifrət yaranır, onlara qadağan olunmuş çərçivələri sındırmağa çalışırlar. Bunlar isə siqaret çəkmək, dərsdən qaçmaq, internet klublarda vaxt keçirmək və s. problemlərdir”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10