İndiyədək bir nəfər deməyib ki, bizi niyə belə təhqir edirsiniz...
Bu qənaətə mən gəlməmişəm. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının hələ 2007-ci ildə səhnələşdirdiyi “Mən dəyərəm min cavana” tamaşasına baxan hər kəsdə bu sual yaranır. Tamaşa nəyi təsdiq, nəyi təbliğ edir?
Bu günlərdə həmkarımla “Muskomediya”ya böyük həvəslə tamaşaya baxmağa getdim. Biz teatra getməyi mədəni istirahət kimi bilirdik, hər halda indi bu istirahət kimlər üçünsə işgəncəyə də çevrilə bilir. Necə ki, teatra baxdıqca adamda maraqdan çox ikrah hissi, ardınca “belə tamaşalarla hara gedirik” düşüncəsi yaranır.
Şəxsən o tamaşadan sonra bütün sahələrdə olduğu kimi teatrın da dirçəlməsinə ümidlərim teatr binasının həndəvərində öldü.
“Mən dəyərəm min cavana” sözləri bizə nəhəng “O olmasın, bu olsun”dan tanışdır və hər zaman bu məşhur fikri Məşədi İbad obrazının özündən razılıq təsəllisi kimi qəbul etmişik. Görünür, bu tamaşanı səhnəyə qoyanlar, guya improvizə etmək istəyiblər, amma vəziyyəti müasirləşdirmək istədikləri halda tərbiyəsizliyə, əxlaqsızlığın təbliğinə yol veriblər və hətta dozanı qaçırıblar.
Tamaşada hadisələr Elmi Tədqiqat İnstitutunda baş verir. İnstitutun rəhbəri İbad müəllim (aktyor İlham Namiq Kamal) arvadbaz kişidir, qadın işçilərə üstünlük verir, işə götürdüyü qadınların çoxu ilə eşq macəraları yaşayıb. Hətta özünün bir neçə dəfə dilə gətirdiyi kimi: “Mənim əlimdən çox qadın keçib, alim, elmlər namizədi olub”.
Ölkədə elmi namizədliyin, professorluğun, hansısa sahə üzrə doktorluğun pulla, tanışlıqla alındığı faktlarını gözəl bilirik - bu, öz yerində. Əslində elmi tədqiqat institutlarının yarıtmaz işlərini, domino oynamaqla vaxt keçirən, elmi əsaslardan çox qeybətlə məşğul olan, fərziyyələr irəli sürən alimlərini də çox görmüşük. Elm indi də tamaşada vurğulandığı kimi elə biveclərin əlindədir. Təriflə, riyakarlıqla üstə çıxan tiplərin populyasiyasının şahidiyik. Amma bütün bunları tamaşaçıya xatırladan səhnə işində əxlaqsızlığın hər forması sadalanan çərçivədən çıxıb, artıq fərdlərin anormal, nalayiq həyat tərzləri kimi vurğulanıb.
İllərdir, Elmi Tədqiqat İnstitutunda xadimə kimi işləyən Güldəstənin - aktrisa Ülviyyə Əliyevanın (əvvəllər bu rolu Xalq artisti Afaq Bəşirqızı oynayıb) dilindən bütün çirkinliklər deyilir. İnstitutun elmi işçiləri elmdən başqa bütün gün boş-boş məsələlərdən danışırlar. Elmi işçi Sevdanın (aktrisa Nahidə Orucova) öz həmkarının ərinə gözü düşməsi, iki qadının kişi üstündə mübahisələri, hətta saçyolduya çıxmaları, bir-birinə çirkin cümlələr işlətmələri nəhəng teatr tarixi olan səhnəmiz üçün təhqirdir.
Bütün dram əsərlərində, səhnələşdirilən tamaşalarda buna bənzər məqamlar ola bilər və ya qəbulediləndir. Hər halda teatr da cəmiyyətin aynasıdır. Amma “Mən dəyərəm min cavana” başdan-ayağa Azərbaycan qadını, kişisi, alimi haqqında bərbad, rüsvayçı fikir formalaşdırır. Tamaşada 4 kişi obrazından biri də sağlam xarakter sahibi deyil. Qadınlar pulgir, kişilər yüngül həyat düşkünü kimi göstərilib. Ara-sıra aktyorların musiqi ifaları da, sanki zorla tamaşaya sırınıb, adı olsun ki, musiqili komediyadır. Komediyadan çox uzaqda qalan, tərbiyədən kənar dialoqlarla zəngin tamaşaya baxanların çoxunda bu fikirlərin formalaşdığına əminəm. Baxmayaraq ki, teatr tənqidçiləri ağzına su alıb oturub, gülənlə gülür, ağlayanla ağlayırlar.
Məsələnin başqa bir tərəfi də var. Bu tamaşa illərdir oynanılır, necə olub ki, bu tamaşaya gələn bir alim, elm adamı səsini çıxartmayıb, deməyib ki, ay balam, bizi niyə belə təhqir edirsiniz? Belə çıxır ki, ziyalı dediklərimiz də səhnədəkiləri həzm ediblər. “Mən dəyərəm min cavana” tamaşası uğursuz, yersiz, itirilmiş vaxtdan başqa bir şey deyil.
Üstəlik tamaşada uşaq izləyicilərin çoxluq təşkil etməsi də təəssüf doğurdu. Azyaşlı uşaqları belə zərərli tamaşaya sürümək sadəcə valideyn məsuliyyətsizliyidir, axı bu uşaqlar məktəbdə elm öyrənirlər, sonra səhnədə baş verən pozğunluqları görüb nə tərbiyə alacaqlar? Əlbəttə, arzulayardım ki, tamaşadakı açıq-saçıq geyimlər, yüngül qadın obrazları qız uşaqları üçün nümunə olmaz.
Teatr direktoru Əliqismət müəllimin rüsvayçı tamaşa sevincindən dolayı dövlət binasında qonaqlıq verməsinə şərhi isə sizə saxlayıram. Bizim teatr rəhbərləri də başqa məmurlar kimi dövlət malını öz malı kimi idarə etməyi xoşlayırlar, bu, bir sindromdur, peyvəndi də yoxdur. İndi anladım ki, nə üçün onun tapşırığı ilə zalda foto çəkmək istəyən media addımbaşı əngəllənir, izn verilmirdi. Nə üçün? Baxan bu komediyadan kənar səhnələri söyəcəkmi deyə?
Qeyd edim ki, hələ də çəkinmədən göstərilən tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, liberetto müəllifi Tamara Vəliyevadır. Musiqisi isə Xalq artisti Faiq Sücəddinova məxsusdur.
ayna.az