Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mediamız üçün davam edir 37 - AXI NİYƏ?!



Əli Həsənov getdi, amma mətbuatın “dişini sındırmaqda” pərgar olanlar yenə də iş başındadırlar

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

Azərbaycan xalqı 20 yanvar faciəsinin 30-cu il dönümünü qeyd etdi. Yığıldıq, Şəhidlər Xiyabanına getdik, göz yaşı tökdük, içimizdə bir qürur hissi baş qaldırdı həmin gün. Hamımız, xüsusən də orta təbəqənin nümayəndələri o günləri, sanki dünən olmuş bir hadisə kimi xatırlayır.

Amma düz 30 il keçib... Gəlin, görək bu 30 ildə 20 yanvar faciəsini dünyada tanıda bilmişikmi? Məncə, bu sahədə heç bir uğura imza ata bilməmişik və nəticədə haqlı olduğumuz halda haqsız duruma düşürülmüşük. Və bunun da günahı təkcə ədalətsiz dünyada deyil. Günahkar özümüzük. Axı niyə belə hesab edirəm? Konkret misalda izah edim.

 

20 yanvar faciəsinin 30 illiyi günü Rusiyanın nüfuzlu “Arqumentı i faktı” qəzeti “Qara yanvar”: Bakıda qanlı “maydanın” tarixcəsi” başlığı ilə böyük bir məqalə dərc etdi. Müəllif faciənin özündən daha çox həmin günə aparan hadisələri xatırlayır, o günləri yaşamış erməni qaçqınlarını danışdırır, bir az da obyektiv görünsün deyə, bir-iki azərbaycanlının da fikirlərini alır. Amma yazının ümumi tonu elə ilk cümlələrdən bəllidir: vəhşi və barbar azərbaycanlılar yazıq erməniləri öldürdülər, yandırdılar, zorladılar, şəhərdən ermənilərlə birgə ruslar, yəhudilər və digər millətlər də qaçdı. Və sonda Sovet qoşunları məcbur olub, Bakıya girdi və “azğın vəhşiləri” qanla susdurdu.

 

Məqaləni sona qədər oxuyandan sonra bir daha əvvəlinə döndüm və bir daha ünvana göz gəzdirdim: bu dəqiq erməni yox, Rusiya mətbuatıdır? Gördüm, yox, elə erməniləri çox sevən və ermənilərlə dolu olan Rusiya mətbuatıdır. Bəs böyük qonşumuzun mətbuat orqanlarında ermənipərəst yazıların bolluğunun günahkarı təkcə onlardırmı? Məncə, yox. Əsl günahkarlar biz azərbaycanlılar, daha doğrusu, dövlətin ideoloji və mətbuat siyasətini illərdir ki, bu vəziyyətə salan insanlardır.

 

İllərdir medianı bütün ciddi jurnalistlərin ya ironiya, ya da əsəblə qarşıladığı absurd tezislərlə idarə edənlər heç bir tənqidi qəbul etmirdilər. Bizim – media işçilərinin fikrini belə, soruşan yox idi: “Yazın ki, belədir – vəssalam!” Hansı qəzet və ya sayt bunların dediyini etmirdisə, ya reklam bazarından çıxarılır, ya əməkdaşları başqa bir bəhanə ilə hüquq-mühafizə orqanlarına çağırılır, ya da ölkədən kənarda fəaliyyət göstərməyə vadar edilirdi. Dövlətçilik sözünün mahiyyətini belə, anlamayan bu insanlar, “bu, dövlətçiliyimizə ziddir!” cümləsi ilə onların tezislərinə baş əyməyənləri vətən xaini çıxarırdılar.

 

Dişə dəyəsi bir media orqanı qalmadı ki, çətin anlarda bu rus siması altında gizlənən ermənilərə layiqli cavab versin. Məsələn, Qafqazda ABŞ Dövlət Departamentinin yeganə abunə olduğu bir qəzet – “Zerkalo” vardı. Orada yazılan yazıları Vladimir Kazimirovdan tutmuş, Rusiyanın qubernatorlarına qədər bütün insanlar oxuyur və münasibət bildirirdilər. Dövlət marağı, Qarabağ, Xocalı, 20 yanvar faciəsi ilə bağlı bütün yazılar ümumi boz kütlə mətbuatından fərqli olaraq, bəytərifi üslubunda, ağlaşma formasında olmurdu o qəzetdə. Hətta Azərbaycanı sevməyən mətbuat orqanları da o qəzetin əməkdaşlarından ekspert kimi hansısa məsələdə rəy alırdılar. Müstəqilliyini saxlamış bir qəzet idi. Elə ona görə də başına hər cür oyun gətirildi və sonda bütün anti-Azərbaycan qüvvələrini sevindirəcək hadisə baş verdi – bağlandı.

O zaman mətbuatı idarə edən məmurlar sevindilər: Gördünüz, bizim sözümüzü eşitməyən, bizə tabe olmayan Elçin Şıxlını da cəzalandırdıq! Amma o bədbəxt intriqantlar anlamadılar ki, onlar Elçin Şıxlını yox, Azərbaycanı cəzalandırdılar. Onlar Elçin Şıxlını yox, Azərbaycan mətbuatını məhv etdilər. Onlar Elçin Şıxlıya yox, Azərbaycan maraqlarına hərtərəfli zərbə vurdular. Anlamadılar. Anlaya da bilməzdilər. Çünki, onları Azərbaycanın maraqları, söz azadlığı yox, mediaya ayrılmış milyonları necə silmək, yalnız onlar deyənin yazılması  maraqlandırırdı. Onlar deyən isə həqiqətdən çooox uzaq idi.

 

“Zerkalo” təkcə bir misaldır. Axtarsaq, onlara tabe olan hər sahədə, məsələn, QHT sahəsində də belə misallar tapmaq olar. Amma...

 

Məhv etdilər və başladılar öz ağıllarına uyğun “dövlətçiliyi müdafiə etməyə”. Başa düşmədilər ki, nə qədər ki, başımıza gələn faciələri yalnız ildönümündə xatırlayacağıq, nə qədər ki, hansısa faciəyə həsr edilən tədbirlər yalnız öz müəssisələrimizdə, öz səfirliklərimizin binasında keçiriləcək, bizim haqlı olduğumuzu heç kim qəbul etməyəcək. Nə qədər ki, başqa ölkənin ölkəmizə gələn jurnalistlərində ancaq provokasiya axtaracağıq, nə qədər ki, Rusiya və Qərb mediasında işləyən azərbaycanlıları nəinki dəstəkləmək, onlara “agent və dövlətə qarşı gedən” damğası vuracağıq, nə qədər ki, “Rusiya, İran, Gürcüstan və sair qonşularımız haqda tənqidi yazı yazmayın” tezislərini alacağıq, nə qədər ki, ələ baxan, dişsiz, fağır gününə salınmış medianı bu vəziyyətdən çıxarmayacağıq, dövlət maraqlarımız da dişsiz, zəif, fağır görünəcək XXI əsrin çağırışları və hücumları qarşısında.

 

İndi deyəcəksiniz ki, “bildik də, Əli Həsənov getdi, şöbəsi ləğv edildi, və hamı başladı deməyə ki, media ağ günə çıxacaq”. Bəli, Əli Həsənov getdi, amma şöbəsinin, medianı öz ağlına uyğun idarə etməkdə, sındırmaqda pərgar, trollar qrupunun rəhbərləri olmuş təmsilçiləri hələ də müxtəlif, yeni yaranmış şöbələrdə işləyir və nə qədər gülməli də olsa, tezislər göndərməkdə davam edirlər. Məsələn: “Yağış yağdı, fəsadlar törətdi” yazmaq olmaz, yazın ki, dövlət strukturları səylə çalışdı və uğurla problemi həll etdi”.

Bütün dünya Azərbaycan sərhədçisinə qarşı gürcü QHT-lərinin etdiyi əməldən yazdı, amma biz yazmadıq. “Yalnız rəsmi xəbər verin, gürcülərlə münasibəti korlamaq olmaz”, - dedilər bu “zəka” sahibləri. Özləri də anlamadılar ki, hamı, elə gürcü mətbuatının özü də bizə güldü – hərbçimizi əsir götürmək bizə bir dövlət olaraq hörmətsizliyin, saymazyanalığın nümunəsi idi. Hansı ki, biz bunu yazmalı və qarşı tərəfi bizə hörmət etməyə məcbur etməliydik.

 

Əli Həsənov getdi, amma ondan asılı olan Mətbuat Şurası, KİVDF və sair qurumlar yenə öz ampulasındadır. Görünən odur ki, hələ də mediada gözlənilən islahatlar-filan aparılmır. Həmin tezislər, həmin absurd ideyalar, həmin idarəçilik. Əslində Azərbaycan mediasında aparılacaq ən böyük islahat onun idarə edilməməsi ola bilər. Buraxın bizi, vallah, özümüz özümüzü idarə edəcəyik, özümüz özümüzü dolandıracağıq və lazım olanda mütləq şəkildə dövlətin yanında və marağının müdafiəsində olacağıq. Nə qədər ki, bu, baş verməyib rus, gürcü, erməni, fars mətbuatı bizi yıxıb sürüyəcək, heç bir faciəmizdə haqlı olduğumuzu təbliğ etməyəcək və edilən ittihamlara isə yalnız XİN sözçüsü Leyla Abdullayeva cavab verəcək...

 

Bəs onda bu qədər saytları neynirik ki? Yalnız copy-paste etmək və şou-biznes nümayəndələrinin gic-gic açıqlamalarını vermək üçünmü çalışır bu qədər jurnalist ordusu? İdarəedilməz sosial şəbəkələrin hakim olduğu bir dövrdə medianı belə idarə etmək yanlışdır. Media özü təşəbbüsü ələ almalı və keyfiyyətsiz, söyüşlü tənqidin kimlərinsə inhisarından qoparılıb, normal mətbuat tənqidinə çevrilməsinə nail olmalıdır. Yeganə yol budur. Yoxsa hansısa şöbənin adını dəyişməklə, amma medianı köhnə təfəkkür və metodlarla idarə etməklə problem həll olunmayacaq. Bunu hamı anlamalı və ölkənin imic və maraqlarını dişsiz vəziyyətdən qurtarmağa, ağıllı təbliğata nail olunmalıdır.

 

P.S. 20 yanvarla bağlı Rusiya və erməni mətbuatında yazılanlara bizim mediada ən tutarlı cavab kimi Qorbaçovun köməkçisinin müsahibəsini misal gətirmək olar. Amma niyəsə bu müsahibə tirajlanıb başqa ölkələrdə, xüsusən elə Rusiyanın özündə yayılmadı. Buna çalışan da olmadı sanki. Daim rəqabət xəstəliyinə tutulan saytlarımız da bu məsələdə yenə öz maraqlarını üstün tutdu - vermədilər müsahibəni. APA-nı təbliğ etməmək üçün. Görəsən, niyə həmin gün saytlara tezis gəlmədi ki, bu müsahibəni mütləq verin?






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10