Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İki slavyan dövlətinin dostluğu düşmənçiliyə çevrilir – ƏLAHƏZRƏT PUL



Rusiya Belarusa satılan neftin qiymətini qaldırır, Minsk isə Moskva üçün nəzərdə tutulan imtiyazları ləğv edir

 

“Bu gün Minsk ilə Moskva arasında siyasi problem deyil, Belarus ilə Rusiyanın neft ixrac edən şirkətləri arasında uzlaşmanın olmaması problemi yaşanır. Bu sahədəki münasibətlər 2011-ci il müqavilələri ilə tənzimlənir. Həmin müqavilələrə əsasən, məhsulların qiymətində Rusiya şirkətlərinə xüsusi imtiyazlar nəzərdə tutulub”.

 

Bunu şərhində belaruslu politoloq Aleksandr Şpakovski deyib. Onun sözlərinə görə, Rusiya Federasiyasının neft sənayesində vergi dəyişiklikləri edilməsi nəticəsində, Belarusa satılan xam neftin qiyməti hər il artır və əslində dünya səviyyəsinə çatdırılıb: “Belə şəraitdə Rusiya şirkətlərinə Belarus tərəfdən müstəsna bonuslar ödəməyin mənası yoxdur. Bundan əlavə, Belarus üçün neft qiymətlərinin artması fonunda, bir tədarükçüdən asılı olmamaq üçün idxalın şaxələndirilməsi məsələsini qaldırmaq məntiqli görünür”.

 

Şpakovski hesab edir ki, Rusiya Qazaxıstandan Belarusa neft nəqlini məhdudlaşdırsa, bu, Moskvanın Minsk və Nur-Sultan ilə ikitərəfli münasibətlərinə mənfi təsir göstərməyəcək, Avrasiya İqtisadi Birliyinə olan inamı sarsıdacaq: “Bu qurumla əməkdaşlığın və inteqrasiyanın inkişafına inanan ölkələr də ehtiyatlı davranacaq”.

Azərbaycandan mümkün tədarüklərə gəldikdə, politoloqun fikrincə, Azərbaycan neftinin Ukrayna limanları vasitəsilə Belarusa nəqli neft ehtiyaclarının şaxələndirilməsi variantlarından biri hesab olunur: “Minsk ilə Bakı arasında heç bir ziddiyyət yoxdur, yerdə qalan məsələləri bazar müəyyən edəcək”.

 

Azərbaycan neftinin Belarusa nəqli məsələsinə Neft Araşdırmalar Mərkəzinin (NAM) rəhbəri İlham Şaban da münasibət bildirib: “Hazırda SOCAR Belarus tərəfdən bu barədə rəsmi müraciətin olmadığını bəyan edir. Neftin qiymətinə gəldikdə isə qeyd edim ki, müstəqillik əldə olunandan bu yana Azərbaycan öz neftini dünya bazar dəyərindən 1 dollar da aşağı satmayıb. Buna görə də Belarusa ucuz neft nəqlini gözləməyə dəyməz. Azərbaycan bu cür siyasi oyunlar oynamır”.

 

Rusiya ilə Belarus arasındakı gərginliyi şərh edən ekspert bildirib ki, Rusiya öz müttəfiqlərini tədricən bazar qiymətlərinə keçməyə öyrətməyə çalışır: “Problem də buradan qaynaqlanır. Belarus Norveçdən 80 min barel neft aldı. Və nə baş verdi? Norveç öz neftini bazar dəyərindən aşağımı satdıı? Mən belə düşünmürəm. Rusiyanın Qazaxıstan neftinin tranzit yolu ilə öz ərazisindən Belarusa satışına icazə verməməsinə gəlincə, bu, Rusiyanın daxili işidir, buna heç kim müdaxilə edə bilməz”.

 

“Rusiya müttəfiq dövlətlərini yenidən istiqamətləndirməyə və iqtisadi reallıqlarla ayaqlaşmağı öyrətməyə çalışır. Rusiya Belarusa “Urals” markalı neftini dünya qiymətlərindən 20% aşağı satdı və fərqi emal edilmiş neftin yenidən satılması ilə qazandı. İndi bu mexanizm artıq Rusiya üçün faydalı deyil. Və ölkələr arasındakı razılaşmalara görə, Rusiya beş il ərzində hər il qiymətləri qaldırmalı və qlobal qiymətlərə çatdırmalı idi”.

 

Şaban, həmçinin Ermənistanı Rusiya qazından çox asılı olan bir ölkə olaraq nümunə göstərib: “Keçən il bütün dünyada qaz qiymətləri aşağı düşəndə Rusiya Ermənistana qiymətləri 15% qaldırdı. Belə bir şəraitdə Ermənistan nə edə bilərdi? İran qazı ilə əvəz etmək? Yaxşı deyək ki, İran bu gün Ermənistana 300 milyon kubmetr qaz nəql edir, İrəvan üçün faydalı olsaydı, İran bir milyard kubmetr qaz nəql edərdi. Üstəlik, qeyd etmək lazımdır ki, bu əməliyyat barter yolu ilə edilir, qaz müqabilində İran elektrik enerjisi əldə edir. Buna görə İran qazının Rusiya qazından daha ucuz və daha sərfəli olduğunu söyləmək yanlışdır”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10