--35 yaşı tamam olandan 2 gün sonra xəyanət nəticəsində dünyasını dəyişən Həzi...
--Həzinin son qərargahı və Baqramyanın...
--Aslanovçular düşmənin 30 əks hücumunu dəf edib, bir briqada piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarmışlar.
-- H. Aslanovun briqadası Rostov, Taqanroq şəhərlərinin
azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir.
--47 ildən sonra necə oldu ki, Həzi Aslanovun aldığı
2-ci Sovet İttifaqı Qəhrəmanı adı işıq üzü gördü?
--3 yaşında atasını itirən, lakin minlərlə insanın mənəvi atasına, qəhrəmanlıq simvoluna çevrilən Həzi
Adı hərb tariximizə parlaq hərflərlə daxil olmuş sərkərdələrdən biri Həzi Aslanovdur. Əslən Lənkəran rayonunun Gərmətük qəsəbəsindən olan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olmuşdur. İbtidai təhsilini Lənkəran şəhər 1 saylı tam orta məktəbində almış, bir müddət kərpic zavodunda fəhlə işləmişdir. 1924-cü ildə komsomol göndərişi ilə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinə göndərilmiş, 1929-cu ildə isə oranı bitirib Leninqrad (indiki Sankt-Peterburq) Süvari Məktəbinə daxil olmuşdur. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasına vzvod komandiri təyin edilmlşdir.
Həzi Aslanov Böyük Vətən (Sovet-alman) müharibəsinin ilk günlərindən müharibədə iştirak etmiş, 1941-ci ilin dekabrında Moskva ətrafında gedən döyüşlərdə böyük şücaət göstərdiyinə görə podpolkovnik (polkovnik-leytenant) rütbəsi almış və eyni zamanda “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir. 1942-ci ildə Stalinqrad uğrunda gedən döyüşlərdə Həzi Aslanovun rəhbərlik etdiyi 55-ci əlahiddə tank briqadası feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi igidlik göstərmişdir.
Aslanovçular düşmənin 30 əks hücumunu dəf edib, bir briqada piyada qoşunu, 30 tankı,
50 avtomobili sıradan çıxarmışlar.
Stalinqrad uğrunda gedən döyüşlərdə göstərdiyi rəşadətinə görə Həzi Aslanova 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı, rəhbərlik etdiyi briqadaya isə qvardiya adı verilmişdir. Polkovnik Həzi Aslanov öz hərbi biliyini artırmağa daim səy göstərirdi. O, 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-dək Lenin ordenli Zirehli Tank Qoşunları Hərbi Akademiyasının akademik kurslarının dinləyicisi olmuşdur. H.Aslanov burada bir illik təhsil proqramını 3 aya mənimsəmişdir. Kursu bitirdikdən sonta 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də ona tank qoşunları qvardiya general-mayoru adı verilmişdir.
H. Aslanovun briqadası Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və
Kursk vuruşmasında fəal iştirak etmişdir.
1944-cü ilin iyununda Belorus və Baltikyanı respublikaların azad edilməsində xüsusilə fərqlənmişdir. 35-ci qvardiya tank briqadası “Baqration” adı altında keçirilən əməliyyat zamanı Berezina çayını keçib Pleşeni şəhərini azad etdi. Düşməni 508 yaşayış məntəqəsindən qovdu. General Həzi Aslanov döyüş əməliyyatına müvəffəqiyyətlə rəhbərlik etdiyinə və “Baqration” əməliyyatı gedişində şəxsi qəhrəmanlıq göstərdiyinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına təqdim edilmişdir.
1945-ci ilin əvvəlində İ.Stalinin göstərişi ilə bütün müttəfiq respublikalarda müdafiə nazirliyi təşkil olunurdu. Azərbaycanda bu məsələ ilə əlaqədar Mərkəzi Komitə bürosunda Mircəfər Bağırov nazirin kim olmasını müzakirəyə qoyur. Çox götür-qoydan sonra M.Bağırov özü Həzi Aslanovun namizədliyini verir. Büro üzvü T.Quliyevin “Axı, o cəbhədədir, onu buraxmazlar” sualına M.Bağırov cavab verir ki, “Siz bu məsələni mənə həvalə edin”. O, birbaşa Stalinə zəng edir. Stalin öz razılığını verir və Həzi Aslanovun Azərbaycan Respublikasının müdafiə naziri təyin edilməsinə etiraz etmir.
Həzinin son qərargahı və Baqramyanın...
Həzi Aslanovun komandanlıq etdiyi 35-ci tank briqadası isə daxil olduğu korpusla birlikdə 1944-cü il iyunun 15-də Baş Qərargahın direktivi əsasında İ.D.Çernyaxovskinin komandan olduğu 3-cü Belorus cəbhəsinin sərəncamından 1-ci Pribaltika cəbhəsinin sərəncamına verilmişdir. Burada isə komandan İ.X.Baqramyan idi. Artıq 4 ay idi ki, Aslanov Baqramyanın tabeçiliyində xidmət edirdi. O, xırda yara almışdı, yaxınlıqdakı hərbi xəstəxanada yatırdı. 1945-ci il yanvarın 23-də İ.Baqramyan H.Aslanovu xəstəxanadan yanına çağırıb deyir: “Səni təbrik edirəm! Böyük vəzifəyə gedirsən. Sabah Azərbaycana, Mərkəzi Komitənin sərəncamına keçirsən, bir də təbrik edirəm.” Sonra əlavə edir: “Biz bu gün-sabah böyük hücum əməliyyatına başlamalıyıq. Yaxşı olardı ki, sən özün gedib hücum sahəsini təyin edəydin.”
Döyüş getməyən ərazidə Həzi Aslanova necə atəş açıldı və o, 23 saat sağ qalsa da..
Və elə hər şey də buradan başlanır. 1945-ci il yanvarın 24-də Latviyanın Mitava (indiki Yelqava) şəhəri yaxınlığında döyüş getməyən yerdə əfsanəvi sərkərdənin içində olduğu maşın altı lüləli minaatandan atəşə tutulur. Həzi Aslanov ağır yaralanır. Briqadanın baş həkimi Beqiaşvilinin jurnalist Musa Bağırova dediklərindən: “Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi.Mən fikirləşmədən Həzinin yanında uzanıb, öz qanımdan 500 qram köçürtdürdüm. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün təyyarə gəldi. Həzinin xahişi ilə mən özüm onu Moskvaya müşayiət etməli idi. Amma məni zorla onun yanından ayırıb başqa işə göndərdilər. Bu, əlbəttə, qəsdən belə edildi. O ki, qaldı Aslanova, ölməməli idi. Yaralanandan sonra düz 23 saat sağ qaldı. Bu müddət ərzində onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı (Bir daha Həzi Aslanovun müəmmalı ölümü haqqında. “Aşkarlıq” qəzeti, 06.01.2009).
Şahidlərin sözlərinə görə qəhrəmanın müəmmalı ölümündə Sovet Hərb rəhbərliyində təmsil olunmuş mənfur erməni İ.X.Baqramyanın əli olmuşdur. Çünki, generalın maşınına atəşin açıldığı minaatanı almanlardan bizim döyüşçülər qənimət götürübmüşlər. O silah bizim öz ərazimizdə idi, ondan ancaq bizim tərəfdən atəş açıla bilərdi.
H.Aslanov 03 fevral 1945-ci il tarixində Bakıda Şəhidlər Xiyabanında dəfn edilmiş və burada abidəsi ucaldılmışdır. Qəhrəmanın adı əbədiləşdirilmiş, Azərbaycan, Rusiya (Moskva, Volqaqrad), Belorus və Baltikyanı respublikalarda neçə-neçə küçə, məktəb, müəssisə, yaşayış məntəqəsi, Bakıda Zabitlər evi və metro stansiyalarından biri onun adını daşıyır. Stalinqraddakı (indiki Volqaqrad) “Mamayev kurqanı” ansamblında qəhrəmanlıq simvolu kimi tanınan 32 mərmər xatirə pilləsində biri Həzi Aslanovun şərəfinə qoyulmuşdur. Böyük Vətən müharibəsində (Sovet-alman) müharibəsində Qələbənin 50 illiyi şərəfinə Moskvada yaradılmış “Ehtiram dağı”ndakı xatirə ansamblında adı qızıl hərflərlə yazılmışdır. 1969-cu il mayın 9-da Lənkəranda qəhrəmanın ev-muzeyi yaradılmış, 1983-cü il mayın 8-də şəhərin mərkəzində tank üstündə əzəmətli abidəsi ucaldılmışdır (heykəltaraş Cabbar Qarayağdıdır). H.Aslanov haqqında neçə-neçə bədii, sənədli və publisist əsərlər yazılmış, filmlər çəkilmişdir.
47 ildən sonra necə oldu ki, Həzi Aslanovun aldığı 2-ci Sovet İttifaqı
Qəhrəmanı adı işıq üzü gördü?
Həzi Aslanov “Baqration” əməliyyatında göstərdiyi şücaətə görə İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına təqdim olunsa da, ermənilərin xəyanəti nəticəsində bu təqdimat sahibinə çatmamışdır. Yalnız 47 ildən sonra haqq-ədalət bərpa olunmuş, SSRİ Prezidenti Mixail Qorbaçovun 21 iyun 1991-ci il tarixli fərmanı ilə general-mayor Həzi Aslanov ölümündən sonra Lenin ordeni və İkinci “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir. Bu işdə tanınmış jurnalist, qəhrəmanın həyatından bəhs edən “Generalın yolu” kitabının müəllifi Musa Bağirovun böyük xidməti olmuşdur.Beləliklə, Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş ilk və yeganə azərbaycanlı olmaqla yanaşı həmçinin, iki dəfə bu fəxri adı almış 17 tankçıdan biri olmuşdur.
Cəmi 35 il ömür sürmüş iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanovun keçdiyi şərəfli döyüş yolu qəhrəmanlıq simvolu kimi hər birimizə örnəkdir.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi