Ölkədə doğan və doğulanın hüquqları beləmi qorunur?
Gülnar (ad şərtidir) Sumqayıt sakinidir, hazırda 9 uşaq (6 oğlan, 3 qız) anasıdır. Böyük övladı 12 yaşında, kiçik övladı isə 7 aylıqdır. Dediyinə görə, uşaqlarını həyat yoldaşının istəyinə görə dünyaya gətirib: “Ərim hamilə olduğumu biləndə hər dəfə əngəl olurdu ki, aborta getməyim. Üç uşaqdan sonra özüm abortu istəyirdim, çünki nə evimiz, nə şəraitimiz vardı. Əslində abort üçün də həkimə ödəyəcək pulum yox idi. Uşaqlardan biri 6 aylıq dünyaya gəlib (həkimər “sağ qalmayacaq” demişdilər) amma yaşayır. Tibbi müayinələrdən, tibbi xidmətlərdən hər zaman yararlana bilməmişəm, maddi cəhətdən çox sıxıntılarımız olub”.
Gülnarın sözlərinə görə, 9-cu uşağı istəməyib, amma ultrasəs müayinə həkiminin səhv diaqnozu ucbatından hamiləlik 4-cü ayda aşkarlanıb, onda da artıq gec olub: “Bu günə qədər poliklinik xidmətlərdən yalnız pul ödəməklə yararlanmışam, halbuki hər tərəfdə “tibbi xidmət pulsuzdur” yazılıb. Təəssüf ki, hazırda evimiz yoxdur, uşaqlara 9 aylıq məhkəmə çəkişməsindən sonra sosial müavinət ala bilmişik. Bir neçə il əvvəl həyat yoldaşımla ailə münaqişələrimiz başlayıb, bununla əlaqədar “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həlli” İctimai Birliyinə müraciət etmişəm, hüquqi, mənəvi dəstək almışam, hazırda boşanma ilə əlaqədar məhkəmə prosesimiz davam edir. Uşaq bağçasında nəzarətçi işləyirəm, uşaqların 4-ü həmin bağçaya gedir. 4 uşağı qarşıdan gələn məktəb mövsümündə necə yola salacağımı heç bilmirəm”.
Xəstə ana, körpəsi başqa evdə böyüyən qadın
Zərifə (ad şərtidir) Sumqayıt sakini, QİÇS (AİDS) xəstəsi, 3 uşaq anasıdır. İİV virusuna harada yoluxduğunu bilmir, dediyinə görə, həyat yoldaşı sağlamdır. Görünür, virusa səriştəsiz tibbi xidmətdən istifadə edəndə yoluxub. QİÇS-lə Mübarizə Mərkəzindən dərmanlarını pulsuz ala bilir, özü 3-cü uşağı istəməsə də, ərinin təkidi ilə hamiləliyini sona çatdırıb, amma əri ailəsinə baxmır. QİÇS-lə Mübarizə Mərkəzinin müalicə proqramı sayəsində körpəsi sağlam doğulub, həm imkansızlıqdan, həm də ağır səhətti ilə əlaqədar (böyrək və ürək prpblemləri var) körpəsinə baxa bilmədiyi üçün onu övladı olmayan qardaşına verib: “Mənim şəraitim, sağlamlığım yerində olsaydı, lazımi maddi yardım alsaydım, bu gün 6 aylıq körpəmi özüm böyüdərdim”.
Zərifənin danışdığı ən dəhşətli məqam isə odur ki, xəstəxanaya gedəndə bir qrup həkim onun QİÇS xəstəsi olduğunu bilən kimi ondan qaçır. Görünür, “savadlı” həkimlərə QİÇS və İİV-ə yoluxma yollarını öyrətmək lazımdır.
Reproduktiv hüquqlardan bixəbər olmaq kimlərəsə sərf edir?!
Real həyat hekayələri ilə tanış olduğumuz xanımlar Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) nə tövsiyələrindən xəbərdardırlar, nə də onları bununla bağlı məlumatlandıra olub. Və onların bir çox reproduktiv hüquqları tapdanıb. Əslində bir insanın reproduktiv sağlamlıq hüquqları onun ana bətninə düşdüyü andan etibarən dünyaya gəlişi, yaşaması, son mənzilə yola salınmasına qədər onu müşayiət edir.
Bu dəmdə ÜST-nin “məsləhətxanasına” baxaq. Reproduktiv sağlamlığın 5 əsas aspekti var:
- Hamiləlik, doğuş, doğuşdan sonrakı qulluğun və yeni doğulmuşlara qulluğun yaxşılaşdırılması;
- Ailə planlaşdırılması, o cümlədən sonsuzluqla bağlı yüksək keyfiyyətli xidmətlərin göstərilməsi;
- Təhlükəli abortun ləğv edilməsi;
- Cinsi yolla yayılan infeksiyalar (QİÇS, İİV) xəstəliyi, reproduktiv traktın infeksiyaları, uşaqlıq boynu xərçəngi və digər ginekoloji xəstəliklərə qarşı mübarizə;
- Seksual sağlamlığın möhkəmləndirilməsi.
1994-cü ildə keçirilən Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda “İnsan hüquqlarını əsas tutan yanaşma” qəbul edilib. Bu yanaşma demoqrafik siyasət, cinsi və reproduktiv sağlamlıq və hüquqlar arasında əlaqələrə dair yeni qlobal razılaşmanı əks etdirir: “Qadınların hüquqları tanınarsa və insanların cinsi və reproduktiv sağlamlıq ehtiyacları ödənilərsə, heç bir müdaxilə və nəzarət olmadan seçim və imkan azadlığı vasitəsilə əhalinin stabil inkişafına nail olmaq olar”.
Reproduktiv (o cümlədən, ailə planlaşdırılması və seksual sağlamlıq) hüquqlara görə, sağlamlıq və hüquqlar ayrılmazdır və bütün şəxslər öz həyatlarına dair sərbəst qərar vermək hüququna və qabiliyyətinə malikdirlər. Bu yanaşmanın əsas elementlərinə aşağıdakılar daxildir:
- Gender haqları və bərabərliyi;
- Seksual və reproduktiv hüquqlar;
- Pasiyentin maraqlarını əsas tutan seksual və reproduktiv sağlamlıq xidmətləri;
- Reproduktiv sağlamlıq və ailə planlaşdırılması;
- Uşaqların sayı, doğuşlar arasında interval və doğuşların dəqiq vaxtının təyin olunmasında “sərbəst və məsuliyyətlə” qərar qəbul etmək və bunu etmək üçün lazımi məlumat, təhsil imkanları və vasitələrlə təmin olunmaq hüququ;
- Reproduksiya ilə əlaqədar qərarları ayrı-seçkilik, kənardan müdaxilə və təzyiqlər olmadan qəbul etmək hüququ.
Seksual hüquqlar bütün insanlara aşağıdakı hüquqları şamil edir:
- Seksual məsələlərin bütün aspektlərində, həmçinin cinsi və reproduktiv sağlamlıqlarının qorunması və dəstəklənməsində sərbəst və məsuliyyətlə qərar qəbul etmək;
- Seksual həyatlarında və bununla bağlı qərarlarında ayrı-seçkilikdən, müdaxilədən və təzyiqlərdən azad olmaq;
- Seksual münasibətlərdə bərabərlik, tam razılaşma, qarşılıqlı anlaşma və hörmət və bölüşdürülmüş məsuliyyət gözləmək və tələb etmək;
- Sonsuzluğun qarşısının alınması, abort fəsadlarının müalicəsi, cinsi və qadınlara qarşı tətbiq olunan zorakılıq formalarının qarşısının alınması və zorakılıq qurbanlarının müalicəsi üçün proqramlar, qeyd olunan xidmətlərlə bağlı məsləhətlər və maarifləndirmə.
Ailə planlaşdırılması - reprodukiv sağlamlıq məsələlərinin ən vacibidir. Bizim cəmiyyətdə yeni ailə quran kimi cütlüklərdən uşaq gözlənilməsi, 3 ay ərzində xəbər çıxmadısa, həkim axtarılması, kimlərinsə tez nənə, baba olsun deyə yeni ailəni valideyn olmağa təşviq etməsi, hamiləlik baş vermirsə, daha çox qadının təqsirləndirilməsi kimi mənzərələr hamıya tanışdır. Reproduktiv hüquqları bilməyən insanlar da bir-birilərinin hüquqlarını istədiyi kimi çeynəməkdə davam edir.
Halbuki ailə planlaşdırılması çox ciddi addımları, yol göstərən mayak rolunu oynaya bilər. Ölkədə bu sahədə vəziyyət bərbaddır. Nəticədə istənilməyən, kiminsə xatirinə doğulan körpələr də gələcəyin başqa dərdlərini gətirməkdədir.
Ailə planlaşdırılması – istənilən vaxt və istənilən sayda uşaq sahibi olmaq və bunun üçün qadının həyatının ən münasib vaxtının seçilməsi deməkdir. Doğuşlararası fasilənin gözlənilməsi (ÜST tərəfindən doğuşlar arasında 3 ildən az olmayaraq fasilə verilməsi məsləhət görülür) körpə və uşaq ölümü səviyyəsini azaltmağa imkan verir. Doğuşdan sonra 2 il fasilə gözləmədən doğulan uşaqların ölüm ehtimalı, 2 il fasilədən sonra doğulan uşaqlara nisbətən 2 dəfə çox olur. Əgər qadın axırıncı doğuşdan 2 il keçməmiş hamilə qalarsa, belə hallarda hamiləlik özbaşına abort, ölü doğuş və ya az çəkili körpənin doğulması ilə nəticələnə bilər.
ÜST-nin məlumatına görə, yeniyetmələrdə ana ölümünün ən aşağı göstəriciləri 20-29 yaşlı qadınlar arasında olur. Yaşın 16-dan az olması hamiləlik dövründə yüksək qan təzyiqinin və sağlam olmayan körpənin doğulması riskini artırır. 30-40 yaşlı qadınlarda, yəni ananın yaşı artdıqca ölü doğuşların, abort fəsadlarının, körpə və uşaqların ölüm riski artır. 35 yaşdan yuxarı qadınların uşaqlarında ürək qüsurları, qurdağızlıq, dovşandodaqlıq, Daun sindromu kimi anadangəlmə və doğuş qüsurları daha çox rast gəlir.
Kontraseptiv vasitələr (hamiləlikdən qorunma yolları), həmçinin Ailə Planlaşdırılması üsulları adlandırılır. Və bu gün ölkədə bu vasitələri istəyən, arzulayan insanlar hələ də stereotiplərlə qarşılaşırlar. Arzuolunmaz hamiləlik, infeksion, dəri-zöhrəvi xəstəliklərdən qorunmaq yaxşıdır, yoxsa həkimə müraciət üçün, dava-dərman üçün pullar xərcləmək? Görəsən, biz həmişə yollarımızı niyə əyirik???
Beynəlxalq Ailə Planlaşdırılması Federasiyasının 1995-ci ildə qəbul etdiyi "Nəsil artırma və cinsi haqlar" haqqında bildirişə görə, bütün qadınların nəsilartırma zamanı sağlamlığının qorunması üçün hər bir lazımi vasitədən istifadə etmək hüququ var. Eləcə də, bildirişə görə. qadınların ailə planlaşdırılması haqqında gərəkli bilgi ilə təmin olunması da zəruridir. Təəssüf ki, bizim qadınlar ailə planlaşdırılması haqqında bilikləri, məsləhətləri elə ailə içində, ailə üzvləri ilə birgə verirlər. Belə mərkəzlərin sayının çox az olması, belə bir mədəniyyətin formalaşmaması da əsas problemdir.
Qanunun qəbulu niyə ləngiyir: Qəsd yoxsa, laqeydlik?
Dünyanın çox ölkəsində reproduktiv sağlamlıq, eləcə də bunu ehtiva edən hüquqlar ya ayrıca, ya da hansısa qanun külliyatında öz əksini tapır. Tək qanun bəs etmir, qanunla yanaşı icra mexanizmləri də olmalıdır ki, hər hansı mübahisəli məqamlarda vətəndaşın hüquqları normal qaydada qorunsun. Reproduktiv sağlamlıq həm də əhalinin keyfiyyətli say artımı ilə birbaşa bağlıdır. Hansı ki, tez-tez qonşu Rusiya, Türkiyə kimi ölkələrin rəhbərləri öz çıxışlarında bunu dilə gətirirlər.
Məsələnin maraqlı tərəfi odur ki, gecikən və zəruri hesab olunan qanunun adı belə, dəqiqləşdirilməyib. “Reproduktiv sağlamlıq hüquqları haqqında” Qanun, “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” Qanun, “Reproduktiv sağlamlıq və cinsi tərbiyə haqqında” Qanun, “Reproduktiv sağlamlığın qorunması haqqında” Qanun layihəsi adları ilə ortalıqdadır.
Qanun layihəsinin müzakirəsində millət vəkillərinin fikirlərinin haçalanması məsələnin vacib tərəflərini kölgədə qoyur. Bir qrup millət vəkili qanunda qadın hüquqlarını önə çəkir, selektiv abortları, cins seçimi kimi məsələləri qabardır, bir qisim surroqat (daşıyıcı) ana məsələsinin Azərbaycan üçün yolverilməz olduğunu deyir. Bir qrup deputat isə reproduktiv hüquqlar haqqında məlumatsızlığı mənasız hesab edir, deyir ki, “əhalinin sağlamlığının qorunması haqqında qanun” var. Halbuki, həmin qanunda yalnız 5-ci fəsildə bu məsələ ötəri xatırlanır.
Qanun layihəsində narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal (süni) mayalanma üçün donorluğun tətbiqidir. Buna da Qafqaz Müsəlmanları İdarəsinin etiraz etdiyi deyilir. Bundan əlavə, Səhiyyə Nazirliyi ekstrokorporal (süni) mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirilməsi səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini istəyir. Maliyyə Nazirliyi isə aztəminatlı, sonsuz ailələrə ekstrokorporal mayalanmanın bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) həyata keçirilməsi üçün şans verilməsinə iradını bildirib və bunun icbari tibbi sığorta hesabına həyata keçirilməsini təklif edir.
Hüquqşünas Nicat Gözəlovun fikrincə, reprodiktiv sağlamlıq hüquqları haqqında qanun layihəsi 15 ildən çoxdur ki, Milli Məclisin gündəliyində qalıb: “Müzakirələr və hansısa məsələlər, qanun layihəsi ilə bağlı səs-soraq yoxdur. Dövlətin və vətəndaşın xeyrinə olan bu qanun çox vacib məsələləri ailə planlaşdırması, əhalinin nəsilvermə qabiliyyətini təyin və təsir edən, xüsusən qadın və uşaqların sağlamlığını qoruyan, ölkənin demoqrafik vəziyyətini müəyyən edən məqamları əhatə edir. Hər bir istiqamət də özlüyündə başqa xırda məsələləri birləşdirir. Misal üçün, qanunsuz abortların aparılması ilə bağlı Cinayət Məcəlləsində qismən məqamlar var, amma bu, tam deyil. Yaxud, süni mayalanma məsələsi Ailə Məcəlləsi ilə təmzimlənir, hətta həllini tapıb, amma bəzi qurumlar süni mayalanmaya sövq, kütləvi axın həyata keçirir”.
“Bu gün vətəndaşın reproduktiv sağlamlığı hər addımbaşı pozulur, bunun üçün pərakənda müdafiələr olur. Qanun olanda cəza mexanizmləri də konkretləşir. Qanunla bağlı nə vaxtsa bəlkə açıq müzakirələri eşitmişik? Əslində bu qanunun qəbulu icbari tibbi sığorta xidmətlərinin siyahısının artırılması məsələsinə də təsirini etməlidir. Hamı bilməlidir ki, reproduktiv sağlamlıq əslində ölkə rəhbərindən tutmuş, sıravi vətəndaşa aid olan məsələdir, əgər qanun olsa, ölkə rəhbəri sözsüz ora imza atar, təəssüf ki, qanunvericilik orqanı işləmir. Misal üçün, Rusiyada dövlət başçısı səviyyəsində ailələrə, demoqrafik məsələlərə küllü miqdarda pullar ayrılır, qurulan ailələrə, doğulan uşaqlara dəstək verilir. Bizdə maddi problem ucbatından saysız ailələr qurulmur, ya da dağılır. Bütün ölkələrdə bu vacib mövzu daim nəzarətdədir, 50 ildən sonrakı probemləri görə bilir, proqnozlar müəyyən olunur, ona uyğun proqramlar həyata keçirirlər. İctimai nəzarət, ictimai qınaq olmalıdır, ən çox da qadınların problemləri dinlənilməlidir. Media, xüsusən TV-lərdə maarifləndirici verilişlərlə yüzlərlə insanın gözünü açmaq olar, amma hələlik bu məsələlər heçə alınır”.
Qanun işləsə, sonsuzluq səbəbiylə boşanmaların qarşısı alınar
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elgün Səfərovun dediyinə görə, hər vətəndaşın yaşından, cinsindən asılı olmayaraq reproduktiv sağlamlıq hüquqları təmin olunmalıdır: “Bu sahədə demək olmaz ki, sistem yoxdur. Müvafiq dövlət proqramı, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun, əsaslar yaradılıb. Lazımi qanun təmin edilməyənə qədər, vacib məsələlərin həllindən danışmaq olmaz. Təəssüf ki, bu sahədə milli qanunvericilikdə boşluqlar var. BMT-nin müvafiq komitələri tövsiyələr etsə də, qanunlar arasında əlaqə, tənzimlənmə hələ də yoxdur. Hamı bilməlidir ki, reproduktiv hüquqlar insan hüquqlarının bir hissəsidir. Dünya ölkələrinin 70-80%-də bu məsələ ya ayrıca qanun şəkilində, ya da başqa qanunlarda yer alıb. Burada terminologiya ilə yanaşı təsnifat, vəzifələr öz əksini tapmalıdır”.
“Biz danışanda tək qadınlarların deyil, həm də kişilərin reproduktiv sağlamlığını nəzərdə tutmalıyıq. Axı gender bərabərliyinin təminatı ilə bağlı qanunvericilik də var. Orada da icra mexanizmdə problemlər mövcuddur, hələ də təkmilləşməyə ehtiyac var. Amma yenə də məhkəmə, hüquq çərçivəsində bacarılan qədər bu məsələlər qorunur. Bir çox məsələlərin kompleks həlli üçün qanunun qəbulu şərtdir. Surroqat ana, süni mayalanma Nazirlər Kabinetinin müvafiq qərarında termin kimi var. Amma bu, tərif kimi yox, tənzimlənmə məsələsi əksini tapmalıdır. İllərdir, bu qanun layihəsi parlamentdədir. Gender hüquqlarının təminatı haqqında qanun var, bu, ən azı məhkəmə hüququnda istifadə olunur, baxmayarq ki, tam qane etmir”, - Komitə rəsmisi bildirib.
Səfərov əlavə edib ki, reproduktiv sağlamlğın bir tərəfi də uşaqların bioloji məlumatlanması, cinsi tərbiyə məsələsi olmalıdır: “Cinsi həyat, bioloji struktur orta məktəblərdə, təhsildə əksini tapmalıdır. Çünki bu məsələlərin öyrədilməməsi insan alveri, intihar, müxtəlif zorakılıq hallarının artmasına gətirib çıxarır. Reproduktiv hüquq tək sağlamlıq deyil, həm də tibbi, iqtisadi, sosial, təhlükəsizlik, təhsil məsələləri deməkdir. Beynəlxalq praktika nəzərə alınmalıdır. Ailə və Mülki məcələlərə əlavə edilməklə, müddəlarda da dəyişiklik ola bilər, şərt deyil ayrıca qanun olsun. Bu məsələyə, təxminən 15 dövlət qurumu cəlb olmalıdır. Bir vacib məsələ də gündəmdə olmalıdır ki, il ərzində boşanmaların sayı 14700-14800 arsında dəyişirsə, onların, təxminən 800-1000-ə qədəri məhz sonsuzluq ucbatından baş verir. Və qanun qəbul olunsa, işləsə, biz tədbirlərlə çox ailənin dağılmasının qarşısını ala bilərik. Ölkədə hər il 3-5 min az uşaq doğulur. Nikahların da sayı aşağı düşür. İcbari tibbi müayinələrə təşviq, nəzarət, sayı daha da artırlmalıdır”.
Qanun və cəza mexanizmi feodal düşüncəni də dəf edə bilər
Ölkədə qanunvericilik orqanı hər hansı qanun layihəsini müzakirə və dinləməyə çıxaranda çox halda bundan xəbərimiz olmur, yaxud bir cümləlik xəbəri yayılır. Bu halda parlamentin özünün qəbul etdiyi “İctimai iştirakçılıq haqqında” Qanunun (2013) müddəaları kobud şəkildə pozulur. Hər bir vətəndaşın hər məsələdə mövqeyi nəzərə alınmalı, ona söz haqqı verilməlidir. Yaxşı olardı ki, söhbəti gedən qanun layihəsi fəaliyyəti olmayan, saxta, naşı ekspertlərin, terminologiyanı belə, bilməyənlərin öhdəsinə verilməsin, belə olarsa, qanundan natamamlıqdan başqa heç nə gözləmək olmaz.
Həkim Vaqif Qarayevin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı üçün reproduktiv sağlamlıq fiziki, intektual, sosial rifah məsələsini özündə cəmləşdirir: “Hər üçü bir-birini tamamlayr. Reproduktiv sağlamlıq vəziyyəti hər ölkə üçün öz istiqamətlərini təyin edir. Bir çox ciddi məqamları misal gətirə bilərəm. Fiziki sağlamlıq dedikdə, bizdə qadınlar daha çox sonsuzluqla bağlı hədəfə alınır. Statistika isə göstərir ki, son illər problem kişilərdə daha çoxdur. Ailə planlaşdırılması bərbad vəziyyətdədir. Evlilik, 3 ay sonra uşaqla bağlı təzyiqlər sanki mütləqdir. Nəslin davamı sağlam olsun deyə, tibbi müayinədən vaxtaşırı keçmək lazmdır. Evlilikdən qabaq icbari müayinə zamanı reproduktiv sağlamlıq baxımdan da gələcək ailə çekap olmalıdır. Bu məsələdə valideynlər maddi cəhətdən müayinə xərclərinin coxluğundan razı olmayacaq deyə, dövlət müəyyən güzəştlər etməlidir”.
“Ailə planlaşdırılması proqramı işləmədiyindən, feodal düşüncə, hətta təhsilli valideynlər doğulanların cins məsələsini problemə çevirirlər. Selektiv abortlar inzibati cəzalarla həllini tapa bilməz, doğum evlərində rəsmi nəzarət mümkün deyil, kimlərsə gizli də olsa, bunu edəcək. Qadınların sağlamlığı üçün ciddi maarifləndirmə aparılmalıdır, reproduktiv sağlamlıq demokrafik fəlakətə gətrib çxlara bilir. Erkən nikahlar tək qadın deyil, həm də doğulan körpənin sağlamlığına pis təsir edir. Erkən nikahlardan sağlam uşaqlar doğulmur. Dövlət erkən nikahdan olan uşaqlara qəti sənəd verməməlidir. Bu yolla bəlkə də erkən nikahı azaltmaq olar. Kontraseptivlər təbliğ olunmalıdır. Həkim kimi bir proqramda iştirak edirdim, təəssüfləndirici hal odur ki, hələ də elə bilirlər ki, bu, əxlaqsızlığın təbliğidir. Cinsi yolla keçən və müalicəyə çətin tabe olan infeksion xəstəliklər, sistemsiz, təsadüfi cinsi əlaqələr artıb. Bizdə genetik müayinə çox dardır, yayılmayıb. Dövlət genetik müayinə ilə bağlı ciddi proqram yaratmalıdır. Cütlüklər ən azı genetik müayinə yolu ilə gələcəkdə doğulacaq körpənin hansısa xəstəliklə qarşı- qarşıya gələcəyini bilib tibbi yollara baş vura bilərlər”, - Qarayev vurğulayıb.
Pediatr Aytən İsmayılzadə isə uşaq və ana sağlamlığı tərəfindən fikirlərini açıqlayıb: “Bizdə məxmərək (rubella) virusuna qarşı 1-6 yaş arasında peyvənd edilir. Təəssüf ki, bu virus hamilləlikdə yoluxarsa, aborta göstərişdir, çünki doğulan uşaqda karlıq, korluq kimi fəsadlar ola bilər. Bu yaxında Ərəbistan vətəndaşının bir peyvənd sənədi çıxdı qarşıma. Orada yazılmışdı ki, 7-11 yaşlı qızlarda bu virusun aşkarı və ya peyvəndə göstəriş olmalıdır. Ola bilər, orda erkən nikahlar olur deyə, erkən yaş nəzərdə tutulur. Amma yenə də gərəklidir. Bizdə də ən azı 17-18 yaşında bu müayinə mütləqdir, ehtiyac varsa, peyvənd olmalıdır, qadın sığortalanmalıdır”.
“Papiloma virusu da onkoloji xəstəlik törədən virusdur, bu da peyvənd yolu ilə həllini tapa bilər. Uşaqlıq borusunda xəstəlik törədir, doğuş zamanı yoluxan uşaqda qırtlaq xərcəngi yarana bilər. Bu səbəbdən qeysəriyyə göstərişdir. Bundan başqa, uşaqlarımızın erkən exokardioqramması mütləqdir. Bəzən anaların ürək qüsurlarından ya hamiləlik başa vurulmur, ya da ana doğuş zamanı ölür. Təcrübəm göstərir ki, bəzən bu ölümlər gizli olur. Ürək qüsurları oğlan uşaqlarında idmanla məşğul olanda, qız uşaqlarında isə hamiləlik müddətində ortaya çıxır. Bu səbəbdən bu vacib məsələ nəzərə alınmalıdır”, - ekspert bildirib.
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-nin rəhbəri Zenfira Mustafayevanın sözlərinə görə, təşkilata müraciət edən qadınlar arasında reproduktiv sağlamlıqla bağlı da dəstək istəyənlər olur: “Biz pulsuz hüquqi yardımlar edirik, çox halda qanunvericilikdəki boşluqlar problemlərin həllində əngəllər yaradır. Qadınlarımız hamiləliklə bağlı çoxsaylı problemlər yaşayırlar. Ailədə məişət zorakılığı nəticəsində reproduktiv hüquqları pozulan saysız qadınlar var. Bir xanım vardı, özü hamiləlik arzulamasa da, əri tərəfindən cinsi zorakılıqla hamilə qalıb, uşaq dünyaya gətirdiyini deyirdi. Yaxud bəzi qadınlar qız övladları olduğundan davamlı aborta gedib oğlan doğmağa məcbur edilirlər. Selektiv abortlarla mübarizə vacib məsələdir. Dəfələrlə müşahidə və şəxsi araşdırmalarım olub. Ultrasəs müayinəsi kabinetində növbədə dayanan qadınlarla söhbət etmişəm. Bilinir ki, çoxu azruolunmaz hamiləliklə həkimə müraciət edir, abort qiymətləri (80-100 manat) baha olduğundan gözləyirlər, bir də ayılırlar ki, artıq doğuma getmək lazımdır. Kontraseptivlərdən istifadə mədəniyyəti yoxdur! Qadınlar ərlərinə bunu təklif edəndə hələ də döyülüb, təhqir edilirlər. Qadınların məsləhətxana, poliklinika müarciətlərinin az olması pulla bağlıdır. Tibbi xidmətlərin əlçatan olması çox vacibdir. Müvafiq qanun qəbul ediləndə bu məsələlər mütləq həllini tapmalıdır”.
İndi “Haqqına sahib çıx” deməsək, sonra gec olacaq!
Mövcud vəziyyət ortadadır, görüb susanlar çox, çarə axtaranlar isə azdır. Amma hər halda nələrisə dəyişmək üçün cəhdlər göstərən insanlarımız var.
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti artıq bir müddətdir, reproduktiv hüquqlar uğrunda mübarizəni başladıb. Kampaniyada məqsəd hazırkı acınacaqlı durumu xatırlatmaq, problemləri aşkarlamaq, səhiyyə sahəsində olan özbaşnalıq, səhlənkarlıq hallarını tənqid etmək, insanlar arasında maarifləndirmə aparmaqdır. Kampaniya çərçivəsində işçi qrupu da yaradılıb. Hüquqşünas, tibb mütəxəsisi, media, iqtisadi, sosial məsələlər üzrə ekspertlərdən ibarət işçi qrupunun kifayət qədər tutarlı analizləri, faktları var.
Cəmiyyətin rəhbəri Şəhla İsmayılın firincə, “Haqqqına sahib çıx” kampaniyası hər kəsin səsi olmalıdır: “Biz bütünlükdə hər kəsin mənafeyini müdafiə etməyi hədəfləmişik. Reproduktiv sağlamlıq hüquqları tək doğum, doğulmaq, nəsilartırma demək deyil. Bu, bütünlükdə sosial, tibbi, iqtisadi, psixiloji məsələri özündə birləşdirən hüquqlardır. Kampaniyanı əks etdirən www.cyr.az saytı da yaradılıb, həmin saytda reproduktiv sağlamlıqla bağlı sorğu və hekayələri yerləşdirmək üçün xüsusi bölüm var. İnsanlar çəkinmədən, lap anonim şəkildə problemlərini, qarşılaşdıqları neqativ halları bölüşə bilərlər. İndiyədək qarşılaşıdğımız ən böyük problemlər selektiv abortlardır, qadınların ailə qurduqdan sonra doğum haqlarının pozulması, cins seçimi, tibb müəsisələrində göstərilən etinasız, hətta insanlıqdan kənar vəziyyətlərdir”.
Şəhla İsmayıl qadınları #LeylaÜçünDanış aksiyası adı altında öz hüquqlarını müdafiə etməyə səsləyir. Leyla sinvolik bir addır, söhbət burda haqqı, hüquqları pozulmuş leylalardan gedir. Axı susmaqla problem həll olunmaz!
Səhv, yanlış olsanız da, danışın! Danışaq! Üz-üzə, göz-gözə danışaq!
ayna.az