Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir dəfə qız, bir dəfə oğlan kimi doğulan Kalliopa – Qismət yazır...



Qismətin “XXI əsrin söhbətləri” silsiləsindən “Midlesex” - çoxcinsiyyətli roman” essesini təqdim edirik.

XX əsrin ikinci yarısından etibarən geniş vüsət alan feminist nəzəriyyələrin təsiri nəticəsində tibdə, psixologiyada, sosiologiyada, fəlsəfədə, eləcə də ədəbiyyatşünaslıqda cinsi identiklik məsələləri yenidən dəyərləndirilməyə başlandı. Belə ki, əvvəllər ingilis dilindəki “gender” və “sex” sözlərinin hər ikisi başqa dillərə “cinsiyyət” kimi tərcümə olunurdusa, XX əsrdə bəzi nəzəriyyəçilər “sex” sözünü “cinsiyyət”, “gender” sözünü “ictimai cinsiyyət” kimi ayırmağa başladılar. “Sex” sözü bioloji cinsiyyəti, “gender” sözü isə daha çox ictimai, kulturoloji mənada təsbit edilən, yəni cəmiyyətdən cəmiyyətə dəyişən cinsiyyət anlayışının ifadəsi üçün istifadə olunmağa başlandı.

Avstriyalı feminist nəzəriyyəçi Elizabet Qrosun fikrincə, cinsiyyət sözü bioloji mənada cinsi fərqliliyə işarə vurur və cinsi instinkt, istək, zövq kimi aktların cəmidir. Bu kontekstdən baxanda, “ictimai cinsiyyət” birləşməsi lazımsızdır, çünki bu birləşmə ilə ifadə edilən hər şey elə cinsiyyət anlayışının içində var.

Amerikalı nəzəriyyəçi Enn Fausto-Sterlinq də “cinsiyyət” və “ictimai cinsiyyət” ayrımının artıq köhnəldiyini, bu gün hər iki anlayışın içə-içə keçdiyini, onları ayırmağın əhəmiyyətsiz olduğunu vurğulayır.

Məşhur feminist nəzəriyyəçi Cudit Batlerdə bu iki anlayış arasındakı fərqin itməyindən bəhs edir. Alimin fikrincə, cinsiyyət anlayışı problemlidir, çünki doğuşdan gələn cinsi orqanları əsas götürərək insanı ancaq kişiyə və qadına ayıranda ictimai təsirlər gözardı edilir. Əksinə, insanın əmələ gətirən ictimai, sosial təsirlər qabardılanda isə bioloji cinsiyyətin əhəmiyyəti azalır. Cinsiyyət anlayışını təkcə cinsi orqanlara, yaxud ictimai komponentlərə görə qiymətləndirmək problemlidir. Bunun əvəzinə, bioloji və ictimai cinsiyyət arasındakı ayrımlar aradan qaldırılsa, məlum olacaq ki, kişi-qadın ayrımı da daxil olmaqla, cinsiyyət anlayışı, əslində, hər cür təsnifatdan uzaqdır və dəyişkən təbiətlidir.

Cinsiyyətlə bağlı tarixi araşdırmalar aparan Visna-Hanks 2011-ci ildə yazdığı “Tarixdə Gender” (“Gender in History) adlı araşdırmasında “cinsiyyət” və “ictimai cinsiyyət” ayrımını əhəmiyyətsiz hesab edən alimlərin niyə belə düşündüklərini dörd başlıq altında ümumiləşdirib:

  1. Əvvəla problemə bioloji rakursdan baxanda, bütün fərdlərin qadın və ya kişi cinsiyyət orqanıyla doğulmadığı və “bioloji işarələrin qeyri-müəyyənliyi” məlum olur;
  1. Antropoloji rakursdan baxanda bəzi cəmiyyətlərdə “cinsiyyət nəsil artırmağa görə müəyyənləşir, buna əsasən uşaqlar və qocalar, qadınlardan və kişilərdən fərqli sinif sayılır”; beləcə, nəsilartırma qabiliyyəti olmayan uşaqlar və qocalar üçün bu iki anlayış bulanıqlaşır;

  1. Transseksuallar “cinsiyyət” və “ictimai cinsiyyət” ayrımındakı şübhəli zonada qərar tutublar. Visna-Hanksın fikrincə, “cinsiyyəti nə olur-olsun, hər hansı insan başqa insana cazibədar gələ bilər və bu da “cinsiyyət-ictimai cinsiyyət” ayrımında qarışıqlığa səbəb olur, yəni qadın-kişi ikiliyindən kənardakı cinsi kimliklər də nəzərə alınmalıdır. 

  1. Tarix boyu qadına fərqli baxışlar da sözügedən məsələni problematikləşdirir. Visna-Hanks yazır: “Məsələn, əgər bir qadın, eynilə XIX əsrin Amerikasında olduğu kimi, yuvasına gözətçilik edib qadın olursa, belə çıxır ki, tarlada kişilərlə işləyən zənci qadınlar qadın deyil? Əgər qadınlar kişilərdən daha aşağı və sentimental varlıqlardırsa, İngiltərə kraliçası Birinci Elizabet kimi ağıllı qadınları hara yazaq?” 

Problemin bu cür qoyuluşu onu göstərir ki, məsələ təkcə qadın-kişi ayırımında yox, qadınla qadın arasındakı fərqlərdən də gedir. Bununla bağlı ən məşhur misal 1800-cü illərdə Amerikada köləlik etmiş Sojornur Trasın “Məgər mən qadın deyiləm?” (Aint I A Woman?) adlı təsirli nitqidir: burda o, bir tərəfdən tarlada bir kişinin görə bildiyi işləri görsə də, onlarla bərabər olmamağından, digər tərəfdən isə qadın olsa da, kişilərin nəvazişindən məhrum qalmağından bəhs edir.

Tarixi prosesdə həmcins münasibətləri ifadə etmək üçün xeyli söz ortaya atılıb, amma bu sözlərdən ən geniş yayılanı, işləklik qazananı Karl-Maria Benkertin XIX əsrdə istifadə etdiyi “homoseksual”sözü olub. Sonralar “homoseksual” sözünün neqativ çalarda işlədilməsinə görə, kişinin kişiylə münasibəti üçün “gey”, qadının qadınla münasibəti üçün “lezbiyen” sözləri istifadə olunmağa başlanır, ancaq bu ifadələrin də əhatə dairəsi məhdud hesab edildiyi üçün, XX əsrdə “queer” (“kuir” kimi oxunur) sözü dövriyyəyə buraxıldı. Mənası “qəribə” olan bu söz əvvəllər neqativ mənada istifadə edilsə də, 1980-ci illərdən öz məhdud mənasını aşaraq “gey, lezbiyen, biseksual, transseksual” fərdlərin hamısını bir çətir altında toplayan bir anlayışa çevrilib. Məsələn, İv Sedqvikin fikrincə, “queer” sözü dar mənada həmcins münasibətlərə işarə vursa da, geniş mənada “irq, şəcərə və post-müstəmləkə dövründə millətçilik” kimi sahələri yada saldığı üçün qiymətlidir.

Cudit Batler isə məsələyə başqa cür yanaşır. Alim yazır ki, qadın-kişi ikililiyindən sonra homoseksual-heteroseksual ayrımını kəskinləşdirmək üçün dildəki ayırıcı diskurslardan xilas olmaq lazımdır, “queen, butch, femme, girls” kimi sözlər və parodik mənada istifadə edilən “dyke, queer, fag” kimi sözlər cinsiyyət kateqoriyalarını və homoseksual kimliyi aşağılamaq üçün qurulmuş təsnifat mexanizmlərini yenidən aktivləşdirir. [1]

Müxtəlif əsrlərdə, bir-birindən fərqli cəmiyyətlərdə cinsi kimlik anlayışının necə olduğunu, xüsusilə, Antik Romadakı cinsi mədəniyyəti araşdıran Kreq Vilyamsyazır ki, heteroseksual, homoseksual, ya da biseksual kimi ayrımlara ehtiyac hiss etməyən Roma mədəniyyətində “cinsi aktları və subyektləri təkcə qadın, yaxud kişi kontekstindən dəyərləndirmək və hökm vermək yox idi.” Alim yazır ki, romalıların leksikonunda bu gün istifadə etdiyimiz mənada “heteroseksual, homoseksual və biseksual” sözlərinin latın qarşılıqları yox idi. Vilyams demək istəyir ki, mədəni komponent kimi “dil insan təcrübəsində və əməllərində önəmli yerə sahibdir.”

Eva Kantarella yazır ki, bir kişinin başqa kişiylə cinsi münasibəti VI əsrə qədər Romada qanuni idi, ilk dəfə imperator Yustinian “eyni cinsdən olan münasibətləri cinayət” hesab edib. Antik Yunanıstanda da Romada olduğu kimi, bu cür həmcins münasibətlər xoş qarşılanmırdı, amma qanunən yalnız “bir oğlanın özündən cavan bir oğlanla münabisəti cinayət” sayılırdı.

Platonun dialoqlar şəklində yazılmış “Simpozium” adlı əsəri qərb mədəniyyətində romantik və cinsi kontekstlərdəki sevgi anlayışının təməl mətnlərdən sayılır. Bu dialoqlardan birində məşhur komediyalar müəllifi Aristofan bir vaxtlar qadın və kişi cinsindən əlavə “androgynos” adlı üçüncü cinsin varlığından bəhs edir. Aristofanın fikrincə, üçüncü cinsin nümayəndələri iki insan bədənindən ibarət varlıqlar idi; fəqət onlar Zevsi əsəbləşdirdiyi üçün tanrılar tanrısı onları iki yerə ayırıb və hər birini digər yarısını axtarmağa məhkum edib:

“Hər birimiz insanı bütövləşdirən hissələrik; bir dil balığı kimi bir bütövün yarısına bənzəyirik, onun üçün də digər hissəmizi axtarırıq. Bu “androgynos” dediyimiz qarışıq varlığın bir parçası olan kişilər qadınlara meyllidir, (...) bir dişidən kəsilən qadınlarsa kişilərə üz verməz, daha çox qadınlarla maraqlanarlar. Kişidən kəsilən kişilər isə onlar da kişi yarılarını axtarırlar (...) Halbuki, xeyli adam bunu ədəbsizlik sayır. Səhvdir! Çünki onlar bu işi ədəbsiz olduqları üçün etmirlər, özlərinə oxşayanı axtarırlar.”

Raca Halvaninin fikrincə, Aristofan “androgynos” adlı üçüncü cinsdən bəhs edərkən qadınların qadınlara, kişilərin də kişilərə düşkün ola biləcəyini desə də, fikrində tutduğu bugünkü mənada “homoseksuallıq” deyil, çünki bu termin XIX əsrdə meydana çıxıb. Aristofan sadəcə eynicinslilərin münasibətlərini ümumi bir başlıq altında toplayır, amma izah vermir.

Amerikada üçüncü cins olaraq bilinən ən geniş yayılmış seqment avropalıların “berdaches” dedikləri və homoseksual olduqları düşünülən insanlardır. Bu insanlar “geyim tərzi, çalışdıqları iş və cinsi meyllərindən çox, dini rollarıyla digər kişilərdən ayrılır” və Visna-Hanksın fikrincə, onlar “cüt ruha sahibdirlər”, belə ki, onlar qadın və kişi xüsusiyyətlərini bir yerdə daşıyırlar, eyni zamanda, “həyata keçirdikləri xüsusi ayinlərdə qadın, kişi, insan və ilahi dünya arasında vasitə olmağa” iddialıdırlar.

Jeffrey Eugenides üçün şəkil nəticəsi

Cefri Yevgenidis

Qərb cəmiyyətində heteroseksual münasibətlər əsas yeri tutsa da, hər hansı cinsiyyətin sabit, tək və konkret olmadığını vurğulamaq üçün apardığı araşdırmada Marqaret Mid mədəniyyətin ictimai rollara təsirindən geniş söhbət açır. Müəllif “Cinsiyyət və temperament”(Sex and temperament) adlı antropoloji araşdırmasında Yeni Qvineyada üç ayrı qəbiləni analiz edərkən görüb ki, bəzi cəmiyyətlər öz ictimai cinsiyyətlərini özləri formalaşdırır. Arapeş qəbiləsində qadınlar və kişilər sentimental, şəfqətli və küsəyən fərdlər kimi yetişdirilir. Munduqomarda isə həm qadınlar, həm kişilər kobud, cəsur və qəddardır. Tçambulidə qadınlarla kişilərin rolları dəyişib, qadınlar evin dolanışığını təmin edir, kişilər isə bəzənir. Mid yazır ki, kişilərə aid edilən ürəkli, cəsur, sərt, döyüşçü və qadınlara aid edilən həssas, yuvanın qoruyucusu, şəfqətli kimi xüsusiyyətlər anadangəlmə deyil, əksinə, bu xüsusiyyətlər müstəqil şəkildə, mədəniyyət yoluyla nəsildən-nəslə ötürülür. Beləliklə, müəllif iddia edir ki, bizi mədəniyyət formalaşdırır, yəni kişiylə qadın arasında anadangəlmə, yaradılışdan gələn fərq yoxdur.

Bu məqamda bu “anadangəlmə” və “sonradan yaranma” məsələlərinə aydınlıq gətirmək lazımdır. Cinsi kimliyin doğuşdan gəldiyinə inananlar essentialistlər (fitrətçilər), mədəniyyətin təsiri ilə yarandığına inananlar isə sosial konstruktivistlərdir. Mənbəyini Platondan götürən klassik essentializmə görə, “fiziki dünya sabit və dəyişməz faktlar” toplusudur; çağdaş sosial elmlərdə istifadə edilən essentializm termini isə “təbii, məcburi, universal və bioloji” reallıqları ifadə edir. Essential düşüncəyə görə, cinsi kimliyin formalaşmasında cəmiyyətin və mədəniyyətin rolu yoxdur, yəni hər kəsin cinsi kimliyini onun cinsiyyət orqanları müəyyənləşdirir. Məsələn, onların fikrincə, homoseksuallıq obyektiv, içdən gələn, hormonal, genetik bir şeydir, bunun cəmiyyətlə, mədəniyyətlə heç bir əlaqəsi yoxdur.

Sosial konstruktivistlərin fikrincə, “reallıq ictimai komponentlərlə formalaşır.” Bu düşüncə essentializmi inkar edir və cinsiyyətin anadangəlmə yox, əksinə ictimai qaydalara görə formalaşdığını iddia edir. Məsələn, ingilis həkim, yazıçı və filosof Hevlok Ellis (1859-1959) cinsiyyətin bioloji olmadığını irəli sürüb. Ellisin fikrincə, necə ki, rəng korluğu, yaxud rəngli eşitmə sadəcə adi anomaliyadırsa, homoseksuallar da zərərli deyillər.

Berger və Lukmana görə isə insan qidalanma və cinsəllik kimi ibtidai ehtiyaclarını ödəmək üçün əvvəlcə sadəcə bioloji instinktlə hərəkət edir, amma o, sosial fərd olduğu üçün ictimai komponentləri nəzərə almalıdır. Bioloji instinktlərlə başlayan ehtiyacı ödəmək istəyi daha sonra insan iradəsindən kənardakı ictimai təsirlərə məruz qalır. Beləcə, əvvəldə ibtidai olan bioloji instinktlər insanın sosiallaşması nəticəsində ictimai ünsürlərlə təmasa keçərək formalaşmağa başlayır.

Psixoanaliz nəzəriyyəsinin qurucusu Ziqmund Freydin fikrincə, insan biseksual meyllərlə doğulur və cinsi orientasiyası uşaq yaşlarda formalaşır. Freydə görə, 3-5 yaş arasındakı “fallik dövr” deyilən ərəfədə oğlan uşağı anasına meylli olduğu üçün atasını rəqib kimi görməyə başlayır və bu dövr uğurlu şəkildə başa vurulmayanda, oğlan uşağı özünü anasıyla identifikasiya edərək, dişi instinktlər göstərməyə başlayır. Oxşar şəkildə, qız uşağı anasını rəqib olaraq görərək özünü atasıyla identifikasiya edə bilər. Freyd “Edip kompleksi” və “Elektra kompleksi” adı verdiyi bu meyilləri “cinsi sapıqlıq” kimi qiymətləndirir, heteroseksuallığı isə “normal və yetkin” kimi qəbul edir.

Freyddən fərqli olaraq fransız mütəfəkkiri Mişel Fuko cinsiyyətin anadangəlmə xüsusiyyətlərə bağlı olmadan inkişaf etdiyini, diskurslarla formalaşan ictimai bir alət olduğunu deyirdi.

Konstruktivist nəzəriyyələrə görə, universallıq və sabitlik yoxdur, bunun üçün də ictimai qaydalara əsasən dəyişən dini, mədəni, milli, hətta cinsi kimliklər xəyali, yaradılmış və fasiləsiz şəkildə formasını dəyişdirən kimliklərdir.

Postmodernist dünyagörüşünün geniş vüsət almasıyla binar (ikili) ziddiyyətlər dekonstruksiya olunmağa başlandı və bunun nəticəsində ortaya çıxan şübhəçilik “kuir” nəzəriyyəsinə təsir edərək qadın-kişi ikiliyini yenidən dəyərləndirməyə gətirib çıxardı. Amanda Gablenin fikrincə, qadın-kişi, homoseksual-heteroseksual kimi “normal” anlayışları sual altına qoymaq postmodernist ədəbiyyatın xarakterik özəlliyidir.

***

Əslən yunan olan çağdaş Amerika romançısı Cefri Yevgenidisin 2002-ci ildə çapdan çıxan, nüfuzlu “Pulitser”mükafatını qazanmış, indidən XXI əsrin ən yaxşı romanlarından sayılan “Midlseks” (Middlesex) adlı əsəri iki qitəyə yayılmış bir ailənin üç nəslindən bəhs edir. Roman, əslində, bir genin hekayəsidir; tarixin müxtəlif dövrlərində, müxtəlif qitələrdə, müxtəlif fərdlərin bədənlərində gəzdikdən sonra Kalliopa Yelena Stefanidisin bədənində qohum evliliyi ucbatından üzə çıxan bir genin hekayəsi. Kalliopa həm kişi, həm qadın cinsi orqanıyla dünyaya gəlir. Yevgenidisin əsas sualı budur: “Bizi biz edən nədir? Genlərimiz, yoxsa seçimlərimiz?” Müəllif qəhrəmanın kimlik axtarışını eləcə fərdi bir axtarış şəklində təqdim etmir, əksinə, ictimai məsələnin təzahürü kimi ifadə edir. Yazıçı əvvəlcə Stefanidislər ailəsinin yaşadığı Osmanlı imperiyasının Bursasını və ailənin Qurtuluş Savaşının axırlarında Bursadan İzmirə qaçmaqlarını təsvir edir. Stefanidislər ailəsini fabrik dumanlarının müşayiəti ilə İzmirdən Amerikanın Detroit şəhərinə aparan gəmidə baş verənlər romanın mərkəzindəki deformasiyaya uğramış gen əhvalatının başlanğıcıdır.

“Midlseks” adı çoxsaylı mənalara açıq olsa da, romanda mühacirlərə yer verən küçənin adıdır. Roman bu küçədə 80 il boyunca baş verənlərlə bağlıdır. Əsəri müxtəlif aspektlərdən təhlil etmək üçün kifayət qədər zəngin material versə də, fikrimizcə romanın ana məsələsi kimlik problemidir; buna görə də bu fəsildə biz romanda cinsi kimlik məsələsinin necə qoyulduğunu təhlil etməyə çalışacağıq.

Romanda Stefanidis ailəsi uşaqlarının həqiqi cinsiyyətindən xəbərsizdir, buna görə Kalliopa qız uşağı kimi yetişdirilir. Amma bədəni qadın bədəni kimi inkişaf etmir, beləcə, məlum olur ki, o, hermafroditdir. Patoloji bir örnək kimi uzun müddət analiz edilən Kalliopa axırda buna dözməyərək xəstəxanadan qaçır və həyatını kişi kimi davam etdirməyi seçir. Kalliopa cinsiyyətinə görə ailəsindən ögey münasibət görmür, amma özünü rahat, xoşbəxt də hiss etmir. Türkiyədən köç edən nənəsiylə babasının, əslində, bacı-qardaş olduğunu öyrənən Kalliopa bir müddət Xarici İşlər Nazirliyində işləməyə başlayır və xeyli ölkələri gəzmək imkanı əldə edir. Utandığı cinsi kimliyini qadınlardan gizlədir və hər iki ildən bir təyinatla başqa ölkəyə köçür. Onu olduğu kimi qəbul edən Jüli adlı bir qadınla tanış olandan sonra artıq cinsi kimliyini gizlətmək ehtiyacı hiss etmir.

Əsər dörd bölmədən ibarətdir, müəllif bu bölmələri kitab adlandırır; hər bölmə öz daxilində hissələrə bölünür.

Roman qəribə bir cümləylə başlayır: “Mən iki dəfə doğulmuşam: Birinci dəfə 1960-cı ilin yanvarında, Detroit üçün inanılmaz dərəcədə dumansız bir gündə qız kimi, daha sonra isə 1974-cü ilin avqust ayında Miçiqan-Petoskidəki bir təcili yardım klinikasında, amma bu dəfə yeniyetməlik çağındakı bir dəliqanlı kimi.”

(Yevgenidis, “Midlseks”, səh 9)

Elə birinci cümlədəcə müəllif bir personaja (Kalliopa) iki cinsiyyət (əvvəl qadın, sonra kişi), iki fərqli doğum tarixi (zaman –1960, yanvar; 1974, avqust ) və iki fərqli doğum yeri (məkan – Detroit, Miçiqan-Petoski) bəxş edir.

Müəllifin baş personaja seçdiyi Kalliopa adı yunan mifologiyasındakı məşhur 7 muzadan birinin – epik poeziya ilahəsinin adıdır. Müəllif öz personajının dilindən yazır ki, həyatının qadın olaraq keçdiyi ilk 14 ildə onu Kalli kimi çağırıblar, kişi kimi yaşamağa başladığı dövrdə isə ona Kal deməyə başlayıblar. Roman 41 yaşlı Kalliopanın kişi cinsini seçdiyi dövrdən nəql edilir deyə, müəllif ona Kal deyir, biz də bundan sonra həmin qısaltmaya sadiq qalacağıq. Yevgedinis cinsi kimliyin tərsinə çevrilməsini rəqəmlərin simvolikası ilə də ifadə edir: 41 tərsinə çevrilmiş 14-dür.

Kalın haqqında danışdığı birinci doğuluş real, fiziki mənada dünyaya gəlməkdir, ancaq o dünyaya qadın cinsində gəlmir, sadəcə ailəsi onu qadın kimi görür və o, elə bu cür də böyüyür. Kal bədənində başqa bir cinsi kimliyin mövcud olduğunu anlayanda məcazi, metaforik mənada ikinci dəfə dünyaya gəlir. Personajın qadın-kişi cinsi bölgüsünə uymamağı, yəni ona başqaları tərəfindən cinsi rol verilməsinə etiraz etməsi sosial konstruktivist yanaşmaya uyğun gəlir: cinsi kimlik metamorfozaya açıq olan və fərdi iradəylə formalaşdırıla bilən məsələdir.

Romanın təhkiyəçisi Kal genetik bir kombinasiya nəticəsində hermafrodit kimi dünyaya gəlib. Hermafrodit – yunan mifologiyasında Hermes ilə Afroditanın ikicinsiyyətli uşaqlarının adıdır. Yevgenidis roman boyu öz yunan köklərinə işarələr etdiyi üçün çağdaş dövrdə məşhur olan “intersex” termini əvəzinə, ənənəvi “hermafrodit” sözündən istifadə edir. Müəllif bu haqda Ofrah Uinfreyə verdiyi müsahibədə deyib ki, yaşayan insanlar üçün gündəlik həyatda “intersex” sözündən istifadə edir, amma yunan mifologiyası ilə intertekstual əlaqə qurulan bədii mətndə digər sözü seçib.

Romanın əvvəlində Kal özündən “elmi mətnlər şəbəkəsində istehsal edilən bir tekst” kimi danışır. Bu, insanı müxtəlif ideoloji platformaların, dünyagörüşlərinin formalaşdırılması fikrinə işarədir. Kal müxtəlif müayinələrdən keçdikdən sonra ikicinsiyyətli olduğu üçün anormal, xəstə, patoloji nümunə hesab edilərək gözləri qara bantla örtülmüş fotosuyla tibbi ədəbiyyata salınır. Təhkiyəçi deyir, fotomun nümunə kimi göstərildiyi “Genetika və irsiyyət” kitabını günümüzdə tapmaq çətindir. Bu istehza ilə müəllif həmin kitabdakı cinsiyyət modellərinin köhnəldiyini, bu gün artıq keçərsiz olduğunu eyhamlaşdırır. Çünki bu günün nəzəriyyələri cinsiyyəti genetika ilə bağlarından çox, ictimai faktorlar və fərdi azadlıqlar kontekstində izah edirlər.

Başqa bir pasajda Kalı müayinə edən həkim “hypospadais” sözündən istifadə edir. Personaj bu sözün mənasını öyrənmək üçün Nyu-York Xalq Kitabxanasına gedərək “Uebster” lüğətinə baxır və lüğət onu “xədim”,“hermafrodit” sözlərinə yönləndirir, sondakı qeyddə isə yazılıb: “Oxşar mənalar üçün “Əcinnə”, “Əcaib” kimi sözlərə baxın.” Müəllif bununla fərqli mətnlər vasitəsilə ikili cinsiyyətə sahib olanların necə ənənəvi dünyagörüşünün içinə həbs olunduğunu, özgələşdirildiyini, önhökmlərlə, stereotiplərlə damğalandığını göstərir.

Terminologiya altında gizlədilən “cinsi diskriminasiya”dan fərqli olaraq, Kal öz cinsi kimliyini ifadə edərkən yunan mifologiyasındakı Tiresini xatırlayır: “Tiresi kimi mən də bir vaxtlar, bir şey idim, daha sonra başqa şey...” 

Tiresi yunan mifologiyasındakı maraqlı personajlardan biridir; belə ki, Tiresi iki ilanı cütləşərkən görür və çomaqla onları bir-birindən ayırır, buna görə tanrılar onu cəza kimi qadına çevirirlər. İllər sonra yenidən cütləşən ilanlara qarşı eyni hərəkəti təkrarlayır, tanrılar bu dəfə cəza olaraq onu kişiyə döndərirlər. Hera və Zevs ondan soruşurlar ki, kişi daha çox həzz alır, yoxsa qadın? Hera kişilərin, Zevs qadınların daha çox həzz aldığını iddia edərək mərcə girirlər. Tiresi cavab verir ki, Zevs haqlıdır, kişi bir dəfə həzz alanda, qadın doqquz mislini alır. Hera qadınların sirrini açdığı üçün ona qəzəblənib gözlərini kor edir, Zevs bu cəzanı dəyişdirməsə də, Tiresiyə bir hədiyyə bəxş edir: kahinlik, öncəgörlük qabiliyyəti.

İtaliyalı feminist nəzəriyyəçi Rosi Braidottinin “Köçəri mövzular: Çağdaş feminist nəzəriyyədə təcəssüm və seksual fərqlər” adlı əsərində yazır ki, bədən nə bioloji, nə də ictimai şəkildə dərk edilməlidir, bunun əvəzinə fiziki, simvolik və ictimai olanın kəsişdiyi yerdə başa düşülməlidir. Braidotti kimi düşünən nəzəriyyəçilər deyirlər ki, bu cür yanaşma fərqli cinsi kimlikləri anlamaq üçün vacibdir.

Kal uşaqlığının bir hissəsini Detroitdə keçirsə də, irqçilik ucbatından ailəsi ilə birlikdə Midlseksə köçürlər. “Middlesex” sözü ingiliscə “orta cins” deməkdir. Romanda bu söz həm personajın cinsi kimlik axtarışlarına işarədir, həm də real bir yerin adıdır. Təsadüfi deyil ki, Kal ailəsi ilə birgə ora köçəndən sonra cinsi meylləri formalaşmağa başlayır. Yeddi yaşı olanda Klementina Stark adlı səkkiz yaşlı uşaqlıq dostunun təkidi ilə bir-birlərini cinsi olaraq kəşf etməyə girişirlər və bu təcrübə Kalın sonralar ortaya çıxacaq kişi cinsiyyətinin ilk işarələridir. Kalın cinsi fərqliliyi get-gedə daha da aydınlaşır; belə ki, on iki yaşı olanda məktəbin yaz düşərgəsində qızların bədənlərində dəyişmələr başlasa da, onun bədənində heç nə baş vermir. Artıq Yeni il tədbirlərində ona Məryəm yox, pəri rolu verirlər. Bir gün başını qaldırıb çölə baxır ki, bahar gəlib, ağaclar çiçəkləyib, yarpaqlar yaşıllaşıb, qızlarla oğlanlar əl-ələ gəzişir, bəziləri öpüşür və Kalliopa özünü tənha hiss etməyə başlayır. Təbiətə üz tutub “Məni unutma” – deyir - “Gözləyirəm, burdayam.”

Kalın yaşı artdıqca, yaşıdları gözünün önündə başqalaşdıqca cinsəlliklə bağlı mövzulara maraq göstərir. ABŞ Bölgə Hakiminin “Detroitdə zənci məktəblərinə göndəriləcək kifayət qədər ağdərili şagird yoxdursa, onları başqa yerdən tapmaq”la bağlı verdiyi qərara əsasən, Kal istəməsə də, “Baker&Inglis” adlı qız məktəbinə göndərilir. Bu məktəbdə müəllifin adını açıqlamadığı, eləcə “Obscure object”(Qeyri-müəyyən nəsnə) deyə xitab etdiyi bir qızla dost olur. Müəllif “Obscure object” ləqəbiylə Luis Bunyuelin 1977-ci ildə çəkdiyi “Arzunun qeyri-müəyyən nəsnəsi” (That Obscure Object of Desire) adlı filmə işarə edir. Bunyuelin son ekran işi olan bu film Matiu adlı orta yaşlı bir fransızla və onu cinsi istəkləriylə təhrik edən Konçita adlı ispan bir qızdan bəhs edir. Kalın da dostuna bəslədiyi sevgiylə qısqanclıq arasında yırğalanır deyə, sözügedən filmin adına eyham vuraraq ona belə bir ləqəb qoşur. Kal yaz tətilində vaxtını “Nəsnə” ilə keçirir, ondan xoşu gəlir, amma “Nəsnə”nin sekslə qafiyələnən Reks adlı bir sevgilisi olduğunu biləndə qısqanmağa başlayır və əvvəllər “yox” cavabı verdiyi Ceromun flirt təklifini qəbul edir. Tətil günlərinin birində cavanlar meşədə bir sığınacağa gedirlər və alkoqolun, nəşənin təsiriylə bir-birlərinin bədənini kəşf etmək qərarına gəlirlər. Kalın fikri Reksin və “Nəsnə”nin yanındadır, ekstaz halında özünü Reksin bədəninə keçmiş hiss edir: “Birdən Reksin bədəninə girməyə başladım, bunu bacarmalıydım. Qədim dövr tanrısı kimi onun bədəninə girdim və artıq Nəsnəni öpən Reks yox, mən idim.” 

Kal ruhunun bədənindən çıxaraq havada süzüldüyünü və növbəli şəkildə Reksin bədəninə girərək bir yanda Nəsnə ilə, o biri yanda isə Ceromla sevişdiyini deyir. Bu fantaziya Kalın cinsi sintezə olan arzusunun təzahürüdür. Bu səhnəylə bağlı Cefri Yevgenidis bir müsahibəsində deyib ki, burda söhbət qrup seksdən getmir, açar söz ekstazdır. Ekstazyunanca “ekstasis” sözündəndir. Mənası “yer dəyişdirmə, fərdin öz hissi qəliblərindən sıyrılması”dır.

Kalın Nəsnəyə meyli olduğunu öyrənən Cerom onların lesbiyenlikdə ittiham edir və dava-dalaş salır. Kal bu davadan qaçanda avtomobil qəzasına düşür və xəstəxanada onun cinsiyyətində “qarışıqlıq” olduğu meydana çıxır. Kal qəfildən özünü Nyu-Yorkda Piter Lusiadlı həkimin “Seksual pozuntular və Cinsi Kimlik” klinikasında tapır. Kal oradan xilas olmaq üçün qız olmasıyla bağlı inandırıcı cavablar verir, əsl cinsi kimliyi isə kişidir. Nyu-Yorkda qadın paltarlarını atıb özünə maskulin paltarlar alır, saçlarını oğlan kimi kəsdirir və bundan sonra kişi cinsiyyətində yaşamağa qərar verir. Bu yerdə Cudit Batlerin “Cinsiyyət bəlası: Feminizm və Kimliyin alt-üst edilməsi” əsərində yazdığı kimi, cinsiyyətin performativ və təkrarlanan aktlardan ibarət olması tezisi özünü göstərir. Kal yavaş-yavaş kişi davranmağı yamsılayır, bir növ performans göstərir, təkrar edə-edə kişi kimi yeriməyi öyrənir. 

İllər keçsə belə, Kal cavanlığındakı kimi cinsi kimliyini gizlətmək ehtiyacı hiss edir. Mədəniyyət attaşesi kimi Amerika Xarici İşlər Nazirliyində işləyir və heç bir şəhərdə iki ildən artıq qalmır. Yaşadığı şəhərlərdə qadınlarla münasibət qurmaqdan çəkinir. Başına gələnləri yazmağa başladığı “Midlseks” adlı romanı yazdığı ərəfədə, Berlində Jüli Kikuçi adlı Asiya-Amerikan bir qadınla tanış olur və ona bağlanır. Jüli onun əksidir: bioloji olaraq qadın olsa da, kişi kimi görünür. Bir-birlərini ilk dəfə stansiyada qatarın “sərnişin dəyişdirmək” üçün dayandığı an görürlər. İngilis dilində “To conduct an exchange of bodies” ifadəsi sərnişin dəyişdirmək mənasını versə də, məcazi mənası da var: Personajların cinsi metamorfozasını eyhamlaşdırmaq üçün, romanda bir-birlərini ilk dəfə gördükləri yer belə bir anda, belə bir cümləylə ifadə edilib. Müəllif sanki bununla demək istəyir ki, genlərimiz sonu olmayan bir qatar səyahətinə çıxıb, hər dayanacaqda düşüb-minənlər olur və bu zaman biz başqalarına, başqaları ilə bizə məruz qalır.

[1] “Queen” və “girls” sözləri qadınvari homoseksual kişilər, “butch” kişivari qadın, yaxud sərt lezbiyen, “femme” yumuşaq lezbiyen, “dyke” homoseksual qadın və “fag” homoseksual kişiləri aşağılamaq üçün istifadə edilir.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10