Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu, İranla sonuncu müharibə olacaq”



Tofiq Abbasov: “ABŞ rejimlə xalqı bir sıraya qoyub, eyni kalonda birləşdirməklə böyük səhvə yol verdi”

 

İranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra iki ölkə arasında davam edən gərginlik, yanvarın 8-də Ukrayna təyyarəsinin İranda vurulması ilə daha da şiddətləndi. İranın təyyarə qəzasının məsuliyyətini öz üzərinə götürməsi isə gərginliyin tətiyini birbaşa İrana tərəf çevirdi. Hətta proses o həddə çatdı ki, İranda xalq küçələrə çıxıb rejimin və Ali dini rəhbər Xameninin istefanı tələb etməyə başladı.

 

Hadisələrin bundan sonrakı gedşatını politoloq Tofiq Abbasov şərh edib:

- Tofiq müəllim, Ukrayna təyyarəsininvurulması İranda əhalinin sərt etirazınasəbəb oldu. Artıq əhali Ali dini rəhbərƏli Xameneyinin istefası tələbi iləetirazlara başlayıb. Bundan sonrakı gözləntiləriniz nədən ibarətdir?

 

- Qərb insitutlarının strateji priotetləri heç vaxt dəyişmir. Birləşmiş Ştatların əsas qayəsi ondan ibarətdir ki, İranda rejimi dəyişsin. Ancaq bu hədəfə çatmaq ABŞ üçün çox çətindir. Çünki amerikalılar bir əlləri ilə hansısa konfiqurasiyasnı qururlar, müəyyən məqamdan sonra da həmin konfiqurasiyaları digər əlləri ilə məhv edirlər. Bu hadisələrin fonunda biz bu yanaşmanın yenə də şahidi olduq. Əlbəttə ki, İranda proseslər çox təzadlı bir hal alıb. Ən başlıca problem isə ondan ibarətdir ki, iranlıların diliylə desək, ABŞ İranı iqtisadi tənəzzülə məruz qoyub. Əslində isə, bu metodika tək İrana qarşı tətbiq edilmir. Venesuela və Kuba da zaman-zaman bu siyasətin qurbanı olub. Yəni amerikalılar hər zaman öz düşmənlərini dəf etməyə çalışırlar.

 

Təbii ki, son zamanlar İranda baş verən proseslərdə Qərb insitutlarının da böyük rolu var idi və bu proseslərə edilən müdaxilələr, istifadə edilən texnologiyalar özünü göstərirdi. Təsadüfi deyildi ki, İranda benzinin qiyməti qalxanda, bu, körfəz dövlətlərinin bəzilərinə bu təsir etməmişdi. Amma İran sisteminin fərqli olması, sosial müavinətlərin insanların həyatında böyük rol oynaması proseslərə birbaşa təsir göstərməyə başlamışdı. ABŞ da bu hadisələrdən kifayət qədər istifadə etməyi bacardı. Bu da insanların rifahına öz mənfi təsirini göstərməyə başladı. Yəni ABŞ son vaxtlar bu metodikadan uğurla istifadə edir. Bu metodikanın əsas nəticəsi isə Qasım Süleymaninin öldürülməsi oldu. Lakin ABŞ rejimlə xalqı bir sıraya qoyub, eyni kalonda birləşdirməklə böyük səhvə yol verdi.

 

- Ukraynaya məxsus təyyarə İran tərəfindən vurulmasına baxmayaraq, rəsmi Tehran bu dəfə də ABŞ-ı ittiham etdi, əsas günahı Vaşinqtonda gördü. Bunu necə qiymətləndirirsiniz?

 

- Qərb mütəxəssislərinin özləri də bildirirlər ki, bölgədə gərginlik olmasaydı, bu insident baş verməzdi. Digər tərəfdən isə ABŞ-ın İranın daxilində istifadə etdiyi inqilabi texnologiyalar İraqdakı qeyri-sabitliklə üst-üstə düşür. İraqda da bəzi Qərb ölkələrinin səfirlikləri bu proseslərə rəhbərlik edirdi. Həmin səfirliklərin tərkibində İraqda şiə hərakatının qarşısını almaq üçün təşkilatlar yaradılmışdı. Onların müxtəlif funksiyaları var idi. İlk növbədə onlar İranın baş konsulluqlarına hücum etmişdilər. Hücumu reallaşdıran etirazçılar bildirmişdilər ki, “biz İranın ölkəmizin daxili işlərinə qarşımasını istəmirik”. Lakin İranla yanaşı, İraqın daxilində koalisiya ökələri də fəaliyyət göstərirdi. Ortaya da belə sual çıxırdı ki, əgər etirazçılar İrana qarşı çıxış edib, onların getməsini istəyirlərsə, digər dövlətlərə qarşı niyə bu tələbdə bulunmurlar? Şübhəsiz ki, burda da Qərb insitutlarının və xüsusi xidmət orqanlarının rolu var idi. Ən əsası isə İranın diplomatik nümayəndəliklərinə hücumlar olanda, heç bir ölkə bu hücumları qınamadı.

 

Bunlardan başqa, Britaniya səfirinin Tehranda nümayişlərin başladığı yerin yaxınlığında olması İranın haqlı olduğunu təsdiqləyirdi. Bu baxımdan da ABŞ çalışır ki, təyyarənin vurulmasından da istifadə edib insanları etiraz etmək üçün qızışdırsın. Etirazçıların əsas tələbləri rejimin dəyişməsi və Xameneyinin istefasıdır. Yəni yeni bir şüar yoxdur. Düşünürəm ki, İranın küçə yürüşlərini dağıtmaq kimi bir təcrübəsi var. Ona görə də bu etirazların uğurlu olacağına inanmıram. İstənilən halda təyyarənin vurulması bağışlanmaz səhv idi. Lakin Qərb mütəxəssisləri belə iddia edirlər ki, ABŞ Süleymaniyə qarşı sui-qəsd etməsəydi, təyyarə hadisəsi də olmazdı.

- Qasım Süleymani öldürüləndən sonra İran xalqı Amerikaya qarşı səfərbərlik elan etmişdi. Lakin təyyarə qəzasından sonra xalq küçələrə çıxıb Süleymaninin şəkillərini cıraraq Xameneyinin və rejimin istefasını tələb etdi. Bu proses rejimin dəyişməsinə gətirib çıxara bilər?

 

- Əlbəttə ki, bu hadisələr ciddi hadisələrdir. Məsələni qəlizləşdirən isə hər iki tərəfin qaydasız döyüş taktikasından istifadə etməsidir. Təbii ki, oyun varsa, oyunun qaydaları da olmalıdır. Süleymaninin öldürülməsi Amerikanın böyük səhvi idi. Birincisi, Süleymani ölkənin ikinci nüfuzlu adamı idi və terrora qarşı uğurlu mübarizə aparırdı. Hətta, Mosulun mühasirəsində ABŞ-ın hərbi rəhbərləri ilə Süleymaninin rəhbərlik etdiyi dəstələr həmahəng çıxış etmişdilər. Onlar bir dəfə İraqda, bir dəfə Suriyada müttəfiq olmuş, iki dəfə isə Əfqanıstanda “Taliban”a qarşı uğurlu kampaniya aparmışdılar. Yəni onların arasında bir müttəfiqlik var idi. Belə olduğu halda Süleymanini qətlə yetirmək, sonra da onu terrorçu adlandırmaq ABŞ siyasətinin zəifliyini əks etdirdi.

 

Digər tərəfdən, ABŞ qaydanı pozub bu işə rəvac verdisə, İran bundan məharətlə istifadə etdi. Düşünürəm ki, İranla ABŞ arasında yaşanan gərginlik hələ uzun müddət davam edəcək. Çünki hər iki ölkə bir-birindən qeyri-məqbul işlər tələb edir. Belə ki, ABŞ İranda rejimin dəyişməsini tələb edir. Lakin sonra HAMAS xəttinə baş çəkir. İran tərəfi deyir ki, siz HAMAS-a bizimlə eyni mövqedən yanaşırsınızsa, deməli bizi qəbul edirsiniz. Əgər bizi qəbul edirsinizsə, deməli bizə qarşı heç bir şərt irəli sürə bilməzsiniz. Düşünürəm ki, bu hadisələr ABŞ ideologiyasında boşluqların olduğunu göstərdi. Lakin İranın da davranışında böyük axsamalar olduğu üzə çıxdı. Əlbəttə ki, bölgədə sabitliyin bərqərar olması üçün İran da yaxın qonşularının tələblərinə cavab verməlidir.

 

- Bu qarşıdurma hara qədər davam edəcək və nə ilə nəticələnəcək? 

 

- ABŞ-ın əsas hədəfi Çin və Rusiyadır. Vaşinqton gözəl başa düşür ki, İran məsləsini həll etməlidir. Çünki Uzaq Şərq istiqamətində, Avrasiyanın cənubunda açılan tranzit imkanlarının qarşısını alan, orada Amerikanın imkanlarına maneələr yaradan İran və Rusiya idi. Bu baxımdan da ABŞ İranda rejimi dəyişməyə və özünün qüvvələrini hakimiyyətə gətiməyə çalışır. Ki, Uzaq Şərq istiqamətində rahat hərəkət etsin.

 

Lakin bütün bu proseslərin fonunda müharibə olmayacaq. Olsa belə, bu, İranda və ya Farz körfəzində olmayacaq. Çünki Farz körfəzində müharibə olsa, bu, sonuncu müharibə olacaq. Tramp da bunu yaxşı bildiyi üçün çox da dərinə getmir. İstənilən halda İran geri çəkilməyəcək, lakin müharibə də olmayacaq. Çəkişmə isə hara qədər davam edəcək, hansı formaları alacaq, əlbəttə ki, bunu gedişat göstərəcək.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10