Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bəlkə kiminsə yazığı gəlib bizə dəstək olar...”



Elcan Rəsulov: “Teatrdakılar hələ böyüsünlər, teatrlara yerləşməsinlər və birdən hansısa partlasın ki, yerboşalsın”

 

Cenub.az xəbər verir ki, AYNA-nın müsahibi “Baba”, “Yaşka” kimi obrazları ilə tanınan aktyor Elcan Rəsulovdur. O, yaradıcılığından və qarşıdakı planlarından danışıb:

 

- Elcan bəy, bir müddət öncə Estrada Teatrının yenidən bərpa olunması ilə bağlı xəbər yaymışdınız. Amma sonradan heç bir xəbər çıxmadı. Nə baş verdi?

 

- Estrada Teatrı Bakı Şəhər Mədəniyyət İdarəsinin tabeliyində idi. Mədəniyyət Nazirliyi 20-25 ştatdan ibarət bir yer ayırmışdı. Sonradan Bakı Şəhər Mədəniyyət İdarəsindən bildirdilər ki, Mədəniyyət Nazirliyi ştat üçün pul ayırmır. Teatr özü-özünü saxlamalıdır. Bir sözlə, özümüz-özümüzü idarə etməli idik. Biz də özümüz-özümüzü idarə edə bilmədik. Biz haradan qazana bilərdik ki, teatrı saxlayaq? Teatrda işləyən akyorlar da 150-170 manat maaş alırdılar. Hətta mən ştatda da deyildim. Teatrın rəhbərliyi mənim maaşımı öz cibindən verirdi. Çünki ştatda yer yox idi. Ona görə də teatr dağıldı. Bir neçə il sonra Bakı Şəhər Mədəniyyət İdarəsinin müdiri dəyişdi. Onlar yenidən teatrı bərpa etmək istədilər. Çox sevindim. Hətta aktyorlar 180 manat maaşa işləməyə də razı idilər. Amma sonradan idarədən bildirdilər ki, “yenə alınmadı”.

 

Bizim yaş qrupunun aktyorları kinolara, kinoteatrlara tamaşaçı cəlb edənlərdir. Bizə imkan yaratsaydılar, teatrlara da tamaşaçı cəlb edə bilərdik. Sadəcə bizə bir azca dəstək olmaq lazım idi. Yəqin Mədəniyyət Nazirliyi belə xırda işlərə baş qoşmaq istəmir. Daha böyük işlər görməklə məşğuldurlar. Əgər özüm-özümü idarə edəcəmsə, niyə kiminsə tabeliyində olmalıyam? Gedib özəl teatr yaradaram. Hamı da bilər ki, pulum yoxdur. Bəlkə onda kiminsə yazığı gələr və bizə dəstək olar.

 

- Bu gün müğənnilərin əksəriyyəti həm aparıcılıq edir, həm filmə çəkilir, həm də mahnı oxuyur. Eyni şeyi aktyorlara, aparıcılara da şamil etmək olar. Bunu necə qarşılayırsınız? Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olmazmı?

 

- Əslində hərə öz işi ilə məşğuldur. İncəsənət ilə məşğuldurlar. Sadəcə onlar özlərini bir neçə yerə parçalayırlar. Sonra həmin yöndən onlara müraciət olunanda xətirlərinə dəyir ki, “mənə niyə belə müraciət etdilər”. Mən estrada aktyorluğu fakültəsini bitirmişəm. Mənə bu gün gözəl müğənni deyərək müraciət etsələr, xətrimə dəyər. Bəli, mən oxuyuram. Hətta çox oxuyanlardan daha yaxşı oxuyuram, çox meyxana deyənlərdən daha yaxşı meyxana deyirəm. Amma mənim sənətim aktyorluqdur. Nə müğənniyəm, nə də meyxanaçı. İstəsəydim, özümü meyxanaçı kimi 3-4 ayın içində tanıdardım və yaxşı pul qazanardım. Amma ona iş kimi yox, hobbi kimi yanaşmışam. Mən aktyoram və bu işlə konkret məşğul oluram.

- Özəl teatr yaratmaq fikriniz var?

 

- Əslində belə bir fikrim var. Amma gərək yaxşı maddi durumum olsun ki, 1-2 il işçi heyətinə maaş vermək, kirayə, dekorları hazırlamaq üçün pulum olsun ki, işə başlayım. Başqalarının pulu olan kimi gedib obyekt açıqlar: altı avtoyuma, üstü çayxana. Mənim maddi imkanım yaxşı olsa, həm altlı, həm də üstlü teatr açacam. Mənim işim budur, ondan başqa işlə məşğul ola bilmərəm.

 

- Amma kino aktyoru kimi daha çox uğur əldə etmisiniz…

 

- Nə edim? Bu gün dolanmaq üçün təkliflər gəlir, mənə uyğun olanlarla razılaşıram. Teatrdan amma təklif gəlsə də, geri çevirərəm. Mən bir müddət Akademik Musiqili Teatrda işləmişəm də. Teatr hələlik məni qəbul edə bilməz. Çünki orda işləyənlərin çoxu məndən yaşca böyükdür. Gərək onlar böyüsünlər, çox böyüsünlər və teatrlara yerləşməsinlər. Birdən hansısa partlasın ki, yer boşalsın. Bəlkə onda teatr bizi qəbul edə bilsin.

 

- Niyə bugünkü teatrları bəyənmirsiniz?

 

- Bu gün mən bir fikir bildirsəm, teatrın 225 nəfərlik işçi heyəti durub mənə deyər ki, sən kimsən bizim haqqımızda fikir bildirirsən. Biz bu boyda akademik, ənənəvi teatrın səhnəsində illərdir külüng vururuq. Onların danışıqları, pafosları daha güclüdür. Mənim səsimi batırarlar. Çünki onlar səhnədə danışanda ən sonda əyləşən tamaşaçı belə, onları eşitməlidir deyə məcbur belə danışırlar. Amma mən ən sonda əyləşən tamaşaçının məni eşitməsi üçün başqa texnikadan istifadə edirəm. Adam gərək iş göstərsin, sonra danışsın. Biz teatrı düzəldək, bir neçə tamaşada oynayaq. Qoy o peşəkar dediklərimiz gəlib baxsınlar və müqayisə etsinlər. Bəlkə heç tamaşaçı bizi bəyənməyəcək. İşlə göstərmək lazımdır, sözdə yox.

 

- Oynadığınız hər bir obraz sevilir. Bunun sirri nədədir?

 

- Bəli. Bu gün obrazlarım sevilirsə, bu, mənim uğurumdur. Mən ildə 1 filmə çəkilirəm. Amma çalışıram, tutarlı film olsun. Rejissorların çoxu dostumdur. Amma mən hər filmə çəkilmirəm. Mənim öz qoyduğum qanunlar var. Bir dəfə bir filmdən dəvət gəldi. Çəkilmək üçün 45 min manat pul istədim. Mənə dedilər: “gəl”. Getdim. Amma ssenarini bəyənmədim, zəif idi. Dedim bu ssenariyə dəyişiklik edilməlidir. Ssenarist dostum idi. Onunla danışdım. O razılaşmadı. Dedi ki, “mən pulumu alıb, ssenarini yazmışam, düzəliş etməyəcəm”. Etiraf edirəm ki, pula etiyacım var idi. Amma çəkilmədim. Sonradan heç o film də çəkilmədi. “Youtube” üçün veriliş hazırlayıram. Mənə deyirlər ki, “bəlkə veriliinş baxımlı olması üçün bir qız da çəkəsən, yoxsa çox baxan olmayacaq”. Qız daha çox tamaşaçı cəlb edir. Vaynerlər qızların sayəsində baxış saylarını artırıblar. Axırda dedim ki, mənim çəkdiyim verilişə qıza görə baxacaqlarsa, heç baxmasınlar. Qız istedadlı olaraq çəkilə bilər. Amma belə açıq-saçıq geyiminə görə çəkmərəm. Allah məni o günə qoymasın.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10