Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dayanın, əl saxlayın – AXI NİYƏ?!



Bəlkə bir az reytinq arxasınca qaçmaqdan yorulaq...

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

Oxucuların diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Cəmi bir həftədən sonra xalqımız tarixinə qara, lakin şanlı hərflərlə yazılmış “20 Yanvar” faciəsinin 30 illiyini qeyd edəcək. Əslində bu gün təkcə şəhidlərimizə göz yaşı axıtmaqla və ya vətənpərvər sözlərlə onlarla qürur duyduğumuzu söyləməklə kifayətlənməməliyik. Bu gün 30 ilə geri dönüb, bir toplum olaraq yaşadıqlarımızı qiymətləndirməli, mənfi və müsbətlərimizi saf-çürük etməliyik. Və hər bir azərbaycanlı onların yolunda şəhid olanların ruhu qarşısında özü-özünə “bu müddətdə biz millət ola bilmişikmi, olmamışıqsa, bunun səbəbi nədir” sualına səmimi cavab axtarmalıdır.

Mənim fikrim belədir ki, bu müddətdə biz tam olaraq millət kimi formalaşa bilməmişik: davalarımız da olub, yaxşı günlərimiz də, amma millətdən daha çox topluma bənzəyirik bu gün. Axı niyə ola bilməmişik?! Bunun cavabını hərə özü tapmalı, hər bir sahənin adamı öz sahəsində bu yola əngəl olan səbəbləri araşdırmalıdır.

 

Məsələn, media adamı olaraq, mən hesab edirəm ki, ölkədə medianın vəziyyəti də bizim bir millət kimi formalaşmağımız üçün özümüzlə qürur duymağımıza ciddi əngəl olub. Toplum özü haqqında yaxşı misallar görməli, özü ilə qürur duymalıdır ki, bir millət olmağı ilə fəxr etsin. Bizim media isə elə gündədir ki, reytinq və baxış dalınca qaçmaq məcburiyyətində qaldığımız üçün, əsasən neqativləri, problemləri qabartmağa çalışırıq. Neqativ faktlar, başqalarının pis əməlləri və ya bədbəxtçiliyi reytinq gətirir axı.

 

Mətbuatımızda yaxşı xəbərlər çatışmır. Veriləndə də oxunmur. Səhv başa düşmə, əziz oxucu. Yaxşı xəbər deyəndə təkcə AZƏRTAC-da ölkənin iqtisadi uğurları barədə yazılanları demirəm, amma elə onların da içində doğrudan uğur sayılacaq xəbərlər az deyil. İndi mediamız şou-biznes, avtoqəzalar, bıçaqlanmalar və zorlamalardan ibarətdir. Başqa dişə dəyəsi bir araşdırma, bir maraqlı həyat hekayəsi demək olar ki, yoxdur. Belə olan halda topluma nə yedirtdiyimiz barədə fikirləşməliyik. Toplum nə ilə isə qürur duymalıdır, sadə qəhramanla fəxr etməlidir, “vor zakonlarla” yox.

 

İndi deyəcəksiniz ki, dediklərimin əksəriyyəti sadəcə quru, heç bir məna kəsb etməyən sözlərdir. Gəlin, qardaş Türkiyə ilə müqayisə edək. Onların mətbuatı həm texniki imkan baxımından, həm reklam bazarına görə, həm də oxucu sayına görə bizdən 100 addım qabaqdadır. Onlar da kriminal xəbərlər, ölüm halları, zorlamalar və sair verir. Onlar da yaxşı izləmə sayı və reklam qazanmaq istəyir, amma onlar hər gün böyük bir ölkənin neqativ xəbərləri arasında elə müsbət personajlar tapırlar ki, bu xəbərləri oxuyan hər bir oxucu Türk millətinə və dövlətinə aid olduğu üçün qürur duyur.

 

İstanbulda tıxac zamanı bir qadın maşını ilə digər maşına yol vermir. Tıxac bitənə yaxın o biri maşındakı iki qardaş düşür, qadının maşınına yaxınlaşır, onu təhqir edir, əl-qol atır, maşının şüşəsini belə, təpikləyirlər. Qadının hamilə olması belə, onları bu kişiyə yaraşmayan hərəkətdən daşındırmır. Bu xəbərin neqativ hissəsi. İndi isə ardına baxın: Pendik məhəlləsində bu qardaşların bir neçə paxlava dükanları vardı. Qadınla dava xəbəri yayılan kimi insanlar məhkəmənin, polisin-filanın qərarını gözləmədən, qardaşlara dərs vermək qərarına gəlirlər. Heç kim onların üstünə hücum çəkmir. Xeyr! Sadəcə, insanlar sözü bir yerə qoyub, qardaşların dükanından alver eləmirlər. Və sosial şəbəkə vasitəsi ilə tanışlarını və dostlarını da bu aksiyaya qoşurlar. Bir aydan sonra qardaşlar müştəri olmaması səbəbindən ziyan edir, dükanlarını bağlayırlar. Bu, artıq toplumdan millətə çevrilmiş Türkiyə vətəndaşlarının qurur doğuran addımıdır!

Tekirdağda lokanta işlədən kiçik sahibkar Əfqan Kılıc iki dükanına belə bir elan vurur: “Bu soyuq qış günlərində yemək almağa imkanı olmayan bütün tələbələrə gündə 3 dəfə pulsuz yemək verilir”. Nəzərə alsaq ki, 10 ildir, Əfqan bəy imkansız qazi və şəhid ailələrinə də pulsuz yemək verir, bu addımın onun gəlirlərinə nə qədər ziyan vurmasını fikirləşər yəqin bizim adamlar. Amma Əfqan Kılıc “Mən veridkcə, Allah da mənə verir”, “Özüm də çətinliklə oxumuşam, aclığın nə olduğunu bilirəm” deyir. İndi sizə sual edirəm: aranızda belələrini çoxmu tanıyırsız? Bir millət üçün xırda bir iş adamının bu addımı qürurverici deyilmi?

 

Və sonuncu misal: Namazdan sonra Bursanın Orhan məscidinin imamı qadınlar mərtəbəsində yerdən bir balaca kağız və iki lirə pul tapır. Kağızda yazılmışdı: “Namaz qılan vaxt telefonumu məscidin elektrik enerjisindən istifadə edərək, dolmağa qoydum, 10-15 dəqiqədən sonra çıxardım. Odur ki, pulunu verirəm. Haqqınız halal edin”.

 

Yazını bu pulu tapan imam Ahmet Çiftlinin sözləri ilə bitirirəm: “Qadın dindarımızın bu addımı məni bir türk imamı olaraq çox duyğulandırdı. Əslində bizim millət budur!”

 

Çəkdiyim hər üç misal Türkiyə mediasında geniş yayımlandı. Və millət millət olduğu üçün fəxr elədi. Bəlkə biz də bir az reytinq arxasınca qaçmaqdan kənarlaşıb, belə misallar tapaq? Tək mediada deyil, hərə öz sahəsində qürur duyulacaq işlər görməyə çalışsın. Axı 30 il əvvəl 20 yanvar günü küçəyə çıxanlar, SSRİ şinelindən çıxmış toplumun məhz millət olması arzusu ilə Sovet tanklarının altında can vermişdilər. Ən azı o dünyada onların yanına üzüqara getməmək üçün bəlkə bir cəhd edək, MİLLƏT?! Axı, niyə də YOX?!


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10