Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Axşam tərəfi Xankəndini döyüşsüz tutduq, daha sonra Şuşa istiqamətində irəlilədik..."



BİR DƏFƏ BELƏ OLUB. BİR DƏ OLACAQ! MÜTLƏQ!

Polkovnik İsrafil bəy Yadigarovun xatirələrindən 


Axşama doğru, artıq Əsgəran qalası ələ keçiriləndən sonra hərbi birləşmənin rəisi general Səlimov döyüşçülərin yanına gəldi. O, əsgər və zabitlərə hərbi nazirin təşəkkürünü çatdırdı, ordunu qələbə münasibəti ilə təbrik etdi. Qarabağa göndərilmiş dəstənin qərargah rəisi polkovnik Zeynalzadə ikilikdə söhbət zamanı hərbi nazirin Bakıya geri dönəndə vidalaşarkən gözləri yaşarmış halda dediyi sözləri çatdırdı: "Çox şadam ki, həyatımın son illərini doğma xalqıma xidmətə həsr edə bildim. Gənc ordumuz ümidlərimi doğrultdu. Qarşıya qoyulan vəzifənin öhdəsindən şərəflə gəldi. Zabitlərə təşəkkürümü çatdırın, əsgərlərə isə ürəkdən "Sağ ol!" deyin."

Sübh açılana qədər əlimizdə olan mövqelərdə qaldıq. Hava işıqlaşan kimi əsgərlərimiz düşməni təqib etməyə başladı. Əsgəran altında pulemyotlarını və demək olar ki, hərbi karvanını tamamilə itirən üsyançılar Keşişkəndə doğru geri çəkilirdilər. Dəstəmiz axşam tərəfi Xankəndini döyüşsüz tutdu, daha sonra Şuşa istiqamətində irəliləməyə başladı. Yolda ermənilərin geri çəkilən hissələri ilə iki döyüşümüz oldu. Bunlardan biri Daşkənd (erməni mənbələrində bu kənd Daşeşen adlanır -V.Q.), digəri isə Şuşikənd altında baş verdi. Nəhayət, dəstə Keşişkəndin həndəvərinə çatdı. Ətrafda gördüyümüz mənzərə üsyançı ermənilərin ciddi müqavimət göstərməyə hazırlaşdıqlarından xəbər verirdi.
Keşişkəndin yerləşdiyi ərazinin girintili-çıxıntılı olması düşmənə belə əlverişli imkan yaratmışdı. Kənd hər tərəfdən dərin yarğanlar və sal qayalarla əhatə olunmuşdu. Bu təbii maneələr nəticəsində ora yalnız piyadaların və yük heyvanlarının keçə bildiyi bir neçə cığırla yaxınlaşmaq mümkün idi. Kəndin girişində əlverişli mövqe tutan on nəfər silahlı adam bütöv batalyonun hücumunun qarşısını ala bilərdi.
Əsgər və zabitlərimizin öhdəsinə düşən vəzifə asan deyildi. Komandanlıq əlavə qüvvələrin gəlib çatması məqsədi ilə hücumu dayandırmaq qərarına gəldi. Hərbi güclərimiz Şuşa şəhərində və Daşkənd adlanan kənddə yerləşmişdi. Tezliklə gözlənilən qüvvələr - 1-ci Cavanşir piyada alayı və 2-ci Qarabağ süvari alayı özlərini yetirdilər.
Aprelin 12-də (1920-ci il) Keşişkənd üzərinə hücuma keçmək qərara alındı. 1-ci Tatar süvari alayı, Quba alayının bir batalyonu, dağ-süvari artilleriya divizionu əvvəlcədən kəndin ətrafını dolanıb lazımi mövqelər tapmaq üçün göndərilmişdi. Gündüz saat 11-də artilleriya hazırlığı aparıldı. Ardınca isə 5-ci Bakı və 1-ci Cavanşir süvari alayları hücuma atıldılar. Qanlı savaş başlandı. Nəticədə üsyançılar darmadağın edildilər və Keşişkənd bizim nəzarətimizə keçdi.
Döyüş tapşırığı yerinə yetirilmişdi. Dəstə komandiri bu barədə hərbi nazirə teleqrafla məlumat göndərdi (hərbi nazir general S.Mehmandarov həmin vaxt xəstə idi, onun vəzifəsini müavini, general Ə.Şıxlinski icra edirdi – müəllifin qeydi).
Üsyançılar tərəfdən artıq heç bir təhlükə gözlənilməsə də general Şıxlinskinin cavab teleqramında hərbi birləşməyə xüsusi sərəncam verilənə qədər Qarabağda qalmaq əmr olunurdu. Bu sərəncam hadisələrin sonrakı gedişində və Azərbaycanın taleyində mühüm rol oynadı.

Vilayət Quliyev, 
Keçmiş xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10