Burada şiə və sünni məscidləri bir-birindən 100 metr aralı məsafədə yerləşir
Astara rayonunun yaşayış məntəqələrindən biri Pensər kəndidir. Rayonun şimalında, Bakı-Astara şose yolunun üstündə yerləşən Pensər kəndi nəinki Astaranın, həmçinin Talış bölgəsinin qədim və iri yaşayış məntəqələrindən sayılır. 5 mindən çox əhalinin yaşadığı Pensər kəndinin əsas özəl cəhətlərindən biri onun əsl tolerantlıq nümunəsi olmasıdır. Kəndin əhalisi etnik cəhətdən talış olan sünni və şiələrdən ibarətdir. Burada sünni və şiələr mehriban bir ailə kimi yaşayırlar. Kənddə həm sünnilərin və həm də şiələrin ayrıca məscidi vardır.
Sünni məscidi “Hacı Teymur”, şiə məscidi isə “Hacı Cahanbaxış” adlanır. Hər iki məscid kəndin mərkəzində, yolun üstündə yerləşir və məscidlər arasında təqribən 100 metr məsafə vardır. Bu məscidlərdə birgə dini tədbirlər keçirilir, vəhdət namazı qılınır.
Məscid kənd sakini xeyriyyəçi Hacı Teymur Mürsəl oğlunun şəxsi vəsaiti hesabına 1895-1896-cı illərdə usta Əbdülkərim tərəfindən tikilmişdir. Məscid sonradan onun şərəfinə “Hacı Teymur” adlandırılmışdır.
Qırmızı kərpicdən inşa edilmiş məscid 1,5 metr hündürlükdə olan səki üzərində yerləşir. Uzunluğu 23 metr, eni isə 10 metrdir. Fasadında iki qapı və iki iri pəncərə vardır. Fasadın sol tərəfində yuxarıda düzbucaqlı şəklində kiçik pəncərə də yerləşdirilmişdir. Qapıların qarşısında artırmalar tikilmişdir. Artırmaların sütunları qırmızı kərpicdəndir. Sağ fasadda iki iri pəncərə vardır. Sol fasadda isə dörd pəncərə yerləşdirilmişdir. Bu pəncərələr alt-alta olmaqla, ikisi yuxarıda, ikisi isə aşağıdadır. Qapılar və sol fasaddakı pəncərələr tağlı, fasad və sağ fasaddakı pəncərələr isə romb şəkillidir.
Məscidin interyerində tavana dayaq məqsədilə dörd sütun yerləşdirilmişdir. İnteryerə ağ bətkeş vurulmuşdur. Bu tikilinin mehrabı, minbəri və minarəsi vardır. Mehrab divarın içindədir. Minbər üç pilləlidir. Minarə məscidin sol tərəfində yerləşir və hündürlüyü 16 metrdir.
Məsciddə qadınların ibadət etməsi üçün “Şəbistan” vardır. “Şəbistan” sol tərəfdə, interyerin ikinci yarusunda yerləşir.
Məscid sovet dövründə
Sovet dövründə digər məscidlər kimi “Hacı Teymur” məscidi də dindarların üzünə bağlanmış, o əvvəl kənddəki təsərrüfatın anbarı, 1984-cü ildən isə klub kimi fəaliyyət göstərmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra, 1994-cü ildə yenidən qapılarını dindarların üzünə açmışdır.
Məscidin döşəməsi torpaqdan olub, üzərinə beton üzlük çəkilmişdir. Qapı-pəncərələri, dayaq sütunları, tavanı, daş örtüyünün konstruksiyası ağac materialından, dam örtüyü kirəmitdəndir. Məscidin xaricdən fasadına ağ bətkeş vurulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən “Hacı Teymur” məscidi 4123 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.
Məscidin həyətində köhnə qəbiristanlıqdakı iki qəbir kimindir?
Hal-hazırda Hacı Teymur məscidində iki qəbir vardır.
Qəbirlərdən biri Hacı Osman Teymur oğlunun qəbridir. O, Türkiyədə ali təhsil aldıqdan sonra doğma kəndinə qayıtmış, burada xeyriyyəçilik və maarifçiliklə məşğul olmuşdur. Hacı Osman 1913-cü ildə Pensər kəndində rus-tatar (Azərbaycan) məktəbi açmışdır.
Hazırda Pensər kənd 2 saylı tam orta məktəb-lisey kimi fəaliyyət göstərən bu məktəb Astara rayonunda ilk dünyəvi məktəb hesab olunur.
Hacı Osman 1920-ci ildə Rusiyanın XI Qırmızı Ordusu tərəfindən gülllənmiş və atasının tikdirdiyi məscidin həyətində dəfn edilmişdir.
Digər qəbir isə yerli sakinlərin hörmətlə “Camal Paşa” adlandırdıqları türk zabiti Yusif Camal bəyin qəbridir. 1918-1919-cu illərdə respublikamızın digər bölgələrində olduğu kimi Lənkəran qəzasında da denikinçi ermənipərəst Şevkunov və polkovnik Avetisovun quldur dəstələri tərəfindən soyqırımı həyata keçirilmişdir. 1919-cu ilin yayında Camal Paşanın rəhbərliyi altında Osmanlı qoşunu əhalinin köməyinə gələrək onları qırğından, talanlardan xilas etmişdir. Yusif Camal bəy denikinçi və erməni quldur dəstələri ilə döyüşdə həlak olmuş və burada dəfn edilmişdir.
Məscid XIX əsrin sonlarında, 1892-ci ildə kənd sakini xeyriyyəçi Hacı Cahanbaxışın vəsaiti hesabına tikilmiş və sonradan onun şərəfinə “Hacı Cahanbaxış” adlandırılmışdır. Qırmızı kərpicdən hörülmüş məscid hündürlüyü 80 sm olan səki üzərində yerləşir. Uzunluğu 20 metr, eni 9 metrdir. Fasadda iki qapı və üç pəncərə vardır. İki böyük pəncərə fasadın ortasında, kiçik olan digər pəncərə isə fasadın sağ tərəfində, yuxarıda yerləşir. Sağ fasadda bir qapı və yuxarısında düzbucaqlı formada kiçik pəncərə vardır. Sol fasadda isə iki iri pəncərə yerləşdirilmişdir. Qapı və pəncərələr tağlıdır. Fasaddakı qapıların qarşısında pilləkənlər üstündə artırmalar vardır. Artırmaların dayaq sütunları qırmızı kərpicdəndir. İnteryerdə dayaq məqsədilə dörd sütun yerləşdirilmişdir. İnteryerə ağ bətkeş vurulmuşdur. Məsciddə qadınların ibadət etməsi üçün “Şəbistan” vardır. “Şəbistan” məscidin sağ tərəfində, interyerin ikinci yarusunda yerləşir. Məscidin mehrabı, minbəri və günbəzi vardır. Mehrab divarın içindədir. Minbər iki pilləlidir. Günbəz güldəstə şəkilli olub, dördguşəlidir. Sovet dövründə digər məscidlər kimi “Hacı Cahanbaxış” məscidi də bağlanmış, ondan ilk əvvəl kənddəki təsərrüfatın anbarı, 1984-cü ildən isə kitabxana kimi istifadə edilmişdir. 1994-cü ildə təmir olunmaqla yenidən qapılarını dindarların üzünə açmışdır.
Məscidin döşəməsi torpaqdan olub, üzərinə beton üzlük çəkilmişdir. Qapı-pəncərələr, tavanı, dayaq sütunlar, dam örtüyünün konstruksiyası ağac materialından, dam örtüyü kirəmitdən, artırmaların üstü isə qırmızı rəngli metal kürədəndir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən “Hacı Cahanbaxış” məscidi 4122 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran r. Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi
P.S. “Hacı Teymur” məscidi haqqında müəyyən məlumatların əldə edilməsində mənə yardımçı olmuş məscidin imamı İntizar Mürsəlova dərin təşəkkürümü bildirirəm. Yüksək intellekt sahibi olan İntizar Mürsəlov eyni zamanda gözəl tədqiqatçıdır. Astara, Pensərlə bağlı geniş bilgiyə malikdir.