O, 65 yaşında bunların hansını daha üstün sayır?
Xodaşirin Cəbiyev Masallı rayonunda obrazlı desək “türfə əlamətləri” ilə seçilən, özünəməxsusluğu ilə fərqlənən bir insandır.
Yaşlı və orta nəsil üçün Xodaşirin Cəbiyev yaddaşlarda 595 saylı Mərkəzi aptekin müdiri, işinin ustası olan əczaçı, mehriban və gülərüz bir insan kimi qalıb.
Lakin Xodaşirin Cəbiyevlə yaxından tanış olanlar onun bu və digər sahələrdə də məharətə malik olduğunun şahidi olur. Belə ki, onun şairliyi, nasirliyi, tədqiqatçılığı, ssenaristliyi, müğənniliyi, musiqi biliciliyi, jurnalistliyi, poliqlotluğu... digər keyfiyyətlərinin də olduğu aşkarlanır.
Onun ömür yolunda uğurlar da az olmayıb, ağır-acılar da. Çox cavan, ziyalı bir oğul itirib, haqsızlıqlarla, biganəliklərlə üzləşib.
Qəribəlikləri də yox deyil, bəzən adamdan aylarla küsür, lakin bilmirsən niyə küsüb.
Xodaşirin müxtəlif sahələrlə, eləcə də ömür yolu ilə bağlı kitabların, bir sıra yaradıcılıq təşkilatlarının da üzvüdür.
Xodaşirin çoxsaylı keyfiyyətlərinin içərisində görəsən ən çox hansına üstünlük verir? Bu keyfiyyətlərin hansı onun üçün “şah”, hansı “vəzir vəkildir”? Özü bu suala belə cavab verir, onlarla vərdişim, xobbim olsa da, mənə ən doğma olan ilk peşə ixtisasım provizorluqdur.
Bu günlərdə rayon Mərkəzi Kitabxanasında onun 65 yaşına həsr olunmuş tədbirdə bu suala çoxları cavab axtardı. Rayondakı ağsaqqallar, ziyalılar, veteranlar və digər ictimai təşkilatların rəhbərləri həmin tədbirdə ona ürək sözlərin söylədi. Məruzəçi isə Əlzaman Baxış idi.
İnanırıq ki, Xodaşirin müəllim 65 yaşdan sonra da əvvəlki coşqunluqla, əzmkarlıqla çalışacaq, hədəflərini daha aydın müəyyənləşdirəcək.
Cenub.az