Alış-veriş zamanı ödənilən məbləğin ƏDV-sinin bir hissəsinin müştəriyə qaytarılması prosesinə bu lin yazında başlanılacağı deyilsə də, 2020-ci ilin yazına qədər təxirə salındı.
Bununla bağlı danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu çox mürəkkəb prosessdir, buna görə də məsələ ilə bağlı dərin hazırlıqlar görmək lazımdır:
“İlk növbədə onu qeyd edim ki, ƏDV ödəniş edənə tamamilə qaytarılmır, onun bir hissəsi qaytarılır. Bu da alverin və ya satışın stimullaşdırılması üçün nəzərədə tutulub. Bunun üçün xeyli işlər görülməlidir. ƏDV-dən müəyyən faizin ödənilməsi üçün xüsusi qəbzlər çap olunmalıdır. Alıcının və ya ödəyicinin həmin qəbzlə ödədiyi məbləği təsdiqləyib, yenidən özünə qaytarılması üçün xüsusi qəbzlər olmalıdır. Bunun üçün də özəl xəzinə qurğuları istifadəyə verilməlidir. Bu məsələnin tətbiqi ölkədə ticarət dövriyyəsinin yüksəlməsini stimullaşdıran amillərdən biridir. ƏDV-dən məbləğin qaytarılması ilə bağlı qanun qəbul olunub. Amma bu istiqamətdə işlər görülmür. Bəlkə də heç 2020-ci il üçün də təsdiqi mümkün olmayacaq”.
Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru Ülvi Mansurov isə qeyd edib ki, hələ ki, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilməyib.
Nazirlik rəsmisi xatırladıb ki, bu məsələ çoxdan vergi qanunvericiliyində öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb.
Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır:
“Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra ƏDV-nin geri qaytarılmasına başlanılacaq. Növbəti il ərzində III mərhələ də yekunlaşacaq".
Sabrina Eldarqızı
Yenisabah.az