Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlının belə qədim bir yaşayış məskəni olub- Avaraq



Sıldırım qayalar və təpələr içərisində indi uçaq bir kənd sayılan  Avaraq vaxtı ilə orta əsirlər aid şəhər yeri sayılırdı   

 

Respublikamızın tarixi abidələrindən biri Avaraq yaşayış yeridir.  Avaraq yaşayış yeri Yardımlı rayonu ərazisində, Viləşçay hövzəsinin yuxarı axınında mövcud olmuşdur. Avaraq ilk orta əsrlərə aid şəhər yeri hesab olunur. Xarabalıqları aşkar edilən Avaraq ərazisi indiki Ostayır və Yardımlı şəhərinin Daşkənd məhəlləsi arasında, Azərbaycan-İran sərhədi yaxınlığında sıldırım qayalar və təpələr üstündəki böyük hamar və nisbətən düzənlik və meşəlik sahədə yerləşir. Avaraq ərazisinin yaxınlığında Cüzünqala adlanan müdafiə qalasının mövcudluğu bu ərazidə orta əsr şəhərinin olmasını sübut edir. 

   Avaraq ərazisində 2-3 hektarlıq ərazini əhatə edən qəbiristanlıq da mövcuddur. Mirnağı Nəzərli yazır: “Həndəsi ornamentlərlə və naxışlarla haşiyələnmiş qəbirüstü abidələrdən məlum olur ki ilk orta əsrlərdə, sonrakı tarixi dövrlərdə bu ərazi şəhər səviyyəsinə çata biləcək iri yaşayış məntəqəsinin mövcudluğunu göstərir. Daşdan yonulmuş qoçşəkilli başdaşıları, bir neçə insan, yaxud döyüşçü, həmçinin at fiqurlu heykəllərin mövcudluğu, saxsı məmulatlar, həmçinin qiymətli daş kitabələrin aşkar edilməsi orta əsr şəhərinin mövcud olmasını bir daha sübut edir. Avaraq yaşayış məntəqəsində dəfn etmə adəti küp, daş qutu və torpaq qəbirlərdə xarakterik olmuşdur.  Qəbir abidələrində nizə və ox ucluqlarına da rast gəlinmişdir” (Yardımlı rayonunun qədim və orta əsrlər tarixi. B., 2012, səh. 26-28).

   1958-ci ildə epiqrafist alim Məşədixanım Nemətova Avaraq ərazisində aşkar olunmuş iki daş kitabənin üzərində ərəbcə nəsx xətti ilə həkk olunmuş yazıları oxuyub tərcümə etmişdir. Birinin üstündə həkk olunmuş kitabənin sonluğu belə oxunur: “Mübarək Cəmalüdaxir ayı, 2-ci gün, 748-ci il tarixdə (miladi 1348) ...” Alimin qeyd etdiyinə görə, bu lövhədə digər böyük bir kitabənin davamıolduğu və onun da hələlik əldə edilməməsi epiqrafik abidənin kimə məxsusluğunu müəyyənləşdirməkdə çətinlik yaradır (Mehdi Həsənov. Qədim şəhər yeri – Avaraq...”. “Yardımlının səsi” qəzeti, 26.12.2014).

   Avaraq qəbiristanlığının yaxınlığındakı Girdə Ləzir adlı meşəlik sahədə qala yerinə,  saxsıdan hazırlanmış su borusuna, şəhərin ilk giriş qapısının – daş darvazanın qalıqlarına rast gəlinir. Bu gün həmin qülləli qalaçalar, su borularının əksəriyyəti, daş darvaza və digər maddi-mədəniyyət nümunələri torpağın altında itib-batmışdır (M.Nəzərli. Adı qeyd olunan kitab. Səh.25).

   Bu ərazidə iri təsərrüfat küplərinin mövcudluğu yerli əhalinin, xüsusilə taxılçılıq ilə məşğul olduğunu göstərir. 

   Yardımlının mədəniyyət abidələri sırasında Avaraq şəhər yeri XIV – XVII əsrlərə aid edilir. 1963-cü ildə Bakı-Moskva topoqrafçılarının birgə nəşr etdikləri “Azərbaycan SSR-in atlası” kitabının “Qədim və orta əsrlərə aid Azərbaycanın əsas tarixi memarlıq abidələri” xəritəsində Avaraq şəhər yeri öz tarixi adı ilə Avaraq şəhərciyi kimi qeyd edilmiş və onun XIV – XV əsrlərə aid olduğu göstərilmişdir (səh. 206-207). 1979-cu ildə nəşr edilmiş “Azərbaycan SSR-in atlasının “Turist xəritəsi2ndə Avaraq şəhər yerinin  son dövrlərə: XVIII-XIX əsrlərə aid olduğu qeyd edilmişdir (Mehdi Həsənov. Adı qeyd olunan məqalə).

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Avaraq yaşayış yeri 1184 invertar sayı ilə XIV – XVII əsrlərə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır. 

 

                                                                                      İldırım ŞÜKÜRZADƏ

                         Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,

                          tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10